Lal həsrətin qoynunda doğulan poeziya

 

Onun ilk şeirləri ilə tanışlığım 2006-cı ildə nəşr olunan, Şərur ədəbi birliyinin 35 illiyinə həsr olunan “Yaşadığın yaşa dəyər” almanaxı vasitəsi ilə oldu. Naxçıvanda “Məktəb” nəşriyyatının direktoru işləyirdim və almanaxın yığılması, redaktəsi və çapı tərəfimdən həyata keçirilirdi.

Bir zamanlar “Şərur qönçələri” ədəbi dərnəyi kimi fəaliyyət göstərən, bu gün isə “Şərur”  ədəbi birliyi  kimi işini davam etdirən rayon yazarlar birliyinin üzvlərindən biri olmuş Sona Vəliyevanın bu almanaxdakı şeirlərini oxuyarkən qəlbimdə xoş və duyğular yarandı. Bu almanaxda onun “Dünya gözlərimdə çəhrayı rəngdə”, “Kimsə yoxdur ağı desin bu kəndə”, “Gəl sənə bir həzin nəğmə oxuyum” və “Yaman uzandı bu yaz yağışı” adlı şeirləri çap olunmuşdur.

 Misralardakı fikir aydınlığı, söz tutumu belə deməyə əsas verirdi ki, poeziya aləminə yeni bir səs, yeni bir nəfəs gəlib:

 

Tanrı göndəribdir dərman, dad kimi,

Gəl məni qınama belə yad kimi,

“Min bir gecə”dəki Şəhrizad kimi,

Gəl, sənə sübhədək şeir oxuyum.

           “Gəl, sənə bir həzin şeir oxuyum”

 

Həzin nəğmənin sehrində yol gedən, yazıb-yaradan Sona Vəliyevanın bu günlərdə bir kitabını mənə verərək - Sona xanım bu kitabı sizə göndərib,-dedilər. Yenicə işıq üzü görən “Arazbarı” adlı şeirlər toplusu idi. Xəyal məni keçmişə apardı...

Şərur rayonunun dağlar qoynuna sığınan kiçik kəndində, bir zamanlar palçıq suvaqlı, kiçik bir sinif otağında digər şagirdlərim kimi əlindən tutaraq hərf yazdırdığım kiçik bir qızcığaz da var idi. Aylar və illər keçdikcə məntiqi düşüncəsi və iti yaddaşı ilə hamıdan seçilərdi. Böyüdükcə dilli-dilavər, oxumaq həvəskarı, güclü yaddaşı olan bu kiçik qız, bu gün filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin baş rəhbəri olan Sona Vəliyeva idi. Onun “Arazbarı” şeirlər kitabını vərəqlədikcə sevindim, oxuduqca duyğulandım. Çünki hər misrasında, hər bəndində ötən günlərin həsrət acısı, nisgili kövrəltdi məni:

 

 Bir nağıllı dünyam gen düşdü məndən,

 Qayası çəhrayı, daşı xınalı. 

     (“Dünya gözlərimdə çəhrayı rəngdə”)

 

Bu, bir nağıl deyildi. Bir zamanlar Sonanın bəxtəvər analı günlərinin, uşaqlıq çağlarının yaşantıları idi bu misralar. Çəhrayı qayaların ətəyindəki xınalı daşları tüpürcəklə isladıb, daşla sürtərək balaca barmaqlarına xına qoyan kiçicik qızların bu günkü davamçıları yenə də o xınalardan barmaqlarına yaxırlar, o daşlara sığal çəkirlər. Bu, bir silinməz, pozulmaz həyat həqiqətidir, həyat davamıdır.

Kitabı əvvəldən-axıra diqqətlə oxudum və düşüncələrimi yazmaq, oxucularla paylaşmaq  qərarına gəldim.

Şeirlərdəki doğma kənd istəyi, anasız dünyanın kədəri, səssiz, küysüz lal həsrət kitabın əvvəlindən sonunadək oxucunu müşayiət edir. Bakının səsli-küylü, haylı-haraylı aləmi içərisində bu həsrətin, bu nisgilin itib-batmaması adama təəccüblü gəlir:

 

Kimsəsiz gözəldir, yoxdur baxanı,

Sökülüb barısı, uçub eyvanı!...

Köçüb əzizləri, gedib yaxını,

Kimsə yoxdur ağı desin bu kəndə.

      (Kimsə yoxdur ağı desin bu kəndə)

  

İlahi, həsrətin doğurduğu ürək göynədən haraya bax... Doğulub böyüdüyü kəndin boşalmasını qəlbini yandıran yanğı ilə verir. Bu yanğını kənardan görən, duyan yoxdur. Dünya da, dünyada yaşayanlar da öz işindədir.

Kim nə bilir lal həsrətin ağuşunda nələr çəkir Sona Vəliyeva ürəyi:

 

Gözüm zilləndi bir nöqtəyə,

Kirpiyimdən asıldı dəcəl uşaqlığım.

Qızıma bənzər, pırtlaşıqsaçlı

qız mənəm deyəsən.

İlişib qalmışam tut budağında,

gözüm bulaq kimi dolub..

...Ata yurdum.

Doyunca qalacağam deyə,

gəlirəm, qala bilmirəm.

Səsləyir arxadan öz evim, ocağım.

           

 (“Ata evim”)

 

Ata ocağının həsrətini çəkən şair qəlbində iki “mən”in mübarizəsi gedir. Biri kəndə- ata ocağına səsləyir, digəri geri- körpələrini böyütdüyü öz evinə, isti ocağına.

Kəndə səsləyən - keçmişinə, soykökünə, uşaqlıq dünyasına bağlayan çığırtısız, bağırtısız lal həsrət, geriyə səsləyən - qurduğu isti yuvada böyütdüyü övladları və doğmalığı canına, qanına hopduğu doğma od-ocağı, ev eşiyi.

Sona Vəliyevanın yaradıcılığında yurd, vətən və torpaq mövzusu öz sevgisində qapanıb qalmır, bəşəriləşir, qəlbində bütün  bağlı qapıların açılması istəyi yaranır:

       

Açılar bir nurlu, bir aydın səhər,

Bir atlı oğlan qismətə çıxar.

Sınar bəxtimizin tilsimi, sehri,

Açılar qapılar, açılar yollar.

        (“Açaq qapıları”)

 

Onun da yaradıcılığında Qarabağ mövzusu ayrıca bir xətt kimi keçir. Bu xətt ilğım kimi ötəri deyil. Şair qəlbini daim nigaran saxlayan bir hissdir. Nigarançılıq içində bir istək də var:

 

Əl uzatdım qılınca, əlim qoldan kəsildi,

Yol başladım Şuşaya, yolum yoldan kəsildi.

Hanı atlı oğlan, səbrim kəsik-kəsikdi, 

Möhlət ver bizə, Allah, dünyanı tanımağa.

             (“Bir az möhlət ver, Allah”)

 

Müəllif, Qarabağ dərdini, qaçqın taleyini “Bir havasız hava çalın” şeirində orijinal dillə ifadə edir. “Bir məclisdə hərə bir hava çaldırıb oynayırdı, mənim də içimdən bu keçdi”-deyən şair yazır:

...Kimin havası çalındı,

 Kimin havası alındı,

 Torpaq getdi, el talandı,

 Dözüm, oynayım, oynayım.

 

...”Köçəri” çal, köçən mənəm,

Yurd yerindən pərən-pərən.

Çal, gora gedən qız mənəm,

Özüm oynayım, oynayım.

 

Oynamaq, şənlənmək, sevinmək əlamətidir. Müəllif ədəbi priyomla el dərdini, torpaq dərdini, yurd dərdini qoyur ortaya.

Deyirlər ki, şairlər ilahi bir sevgi, bir eşq yaşayır. Bu sevgi onun təkcə sevgilisinə, yarına, yarısına olan sevgi deyil. Dünyaya, insanlara, bir sözlə, insanlığa olan sevgisidir. Müəllif də bu şeirində öz qınına çəkilib, özü üçün yaşayanlara, özgə dərdini duymayanlara acıyır. Özgə dərdini fikirləşməyib, dar çərçivədəki həyatını fikirləşənləri tənqid edir.

Şifahi xalq ədəbiyyatımızın mühüm janrlarından olan nağıl və əfsanələrlə bu günümüzə gəlib çatan bir çox mətləblər hələ də həyatımızda özünü göstərməkdədir. Bəzən dünyasını dəyişməkdə olan insanın ölümü çətin gerçəkləşərkən el arasında deyilir ki, övladından (oğlundan və ya qızından) nigarandır. Bir nəfər əlindən tutub övladının adından “gəlmişəm” desə, canını tez tapşırar. Bu cür düşüncə, bu günkü həyatımızda hələ də mövcuddur. Sona Vəliyeva bu düşüncə tərzinə yeni fikir, yeni ruh gətirir:

 

 Bitdi, o nağılım bitdi,

 Mən ölüncə əmanətdi,

 Əlin mənə verdi getdi,

 Balamı əzizləyim.

            (“Anamın əlləri”)

Ana ölüm ayağında övladının əlini tutur. Öz məhəbbətini, sevgisini övladına verir ki, o da öz övladını böyütsün, əzizləsin. Müəllif də burada ana sevgisinin nəsil-nəsil övladlara keçdiyi qənaətini ortaya qoyur.

Müəllif  Durnalar ümid aparır Bağdada” adlı şeirində nənəsinin söylədiyi bir rəvayətin bu günkü həqiqətini qələmə alır. İnsanların ruzusunu, sabaha yaşam inamlarını məhv edən bu günkü “İlanların” Bağdadda, Kərkütdə, Kərbəlada törətdiklərinə sanki etirazın bildirir, üsyan edir:

 

 Ürəyim Bağdad elində,

 taleyiniz, ruziniz

 İlan əlində.

 Dözün, durnalar gəlincə,

 durnalar ümid gətirir uzaqdan,

 dözün,

 başınıza dönüm!

 

O, bu şeirində təkcə Bağdad dərdini qoymur. Ümumilikdə, işğalçılıq siyasətinə qarşı çıxır. Çünki  onun xalqı da zaman-zaman bu dərdi yaşayıb və yaşamaqdadır.

Lirik poeziya da Sona xanımın qələmindən yan keçməyib. Ötən gənclik illərinə qayıdır zaman-zaman. Xatirələr yada düşür, poeziya çələnginə çevrilib kağız üzərinə səpilir sətir-sətir:

   

Köhnə görüş yerimiz,

Tərk edilmiş yurd, ocaq.

Xatirə düymə-düymə,

Hönkürsəm açılacaq.

 

Bu külək nəğməkardır,

Payızlara, qışlara.

Biz sevən tut ağacı,

Yuva olub quşlara.

 

Nə gözümdən çəkildi,

Nə də çıxdı yuxumdan.

Darıxıb geri dönən,

Köynəyi güllü oğlan.

 (“Köhnə görüş yeri”)

 

Müəllif bu fikiri və düşüncələrini “Gəl gedək bu şəhərdən”, “Səndən yaman küsmüşəm” və s. şeirlərində də davam etdirir.

Sona Vəliyevanın şeirlərindəki fikir və düşüncələri təbiidir. Heç bir bəzəyi, qondarma gözəlliyi yoxdur. Həyat həqiqətlərinin bədii həlli olduğu kimidir. Gənclik illərindən üzü bəri yaşam tərzini boyasız, təbii verir. “İlləri əl-ələ verib gəlmişik” şeiri Sona Vəliyevanın və həyat yoldaşının gənclikdən üzü bəri yaşadıqları sevgi dolu yaşam günlərini gözlərim önündə canlandırdı. Biri Moskvada təhsil alırdı, biri Naxçıvanda Musiqi Kollecində dərs deyirdi:

 

 Gənclik illərimiz yollar yorğunu,

Elmin, kitabların axtarışında.

Dünyanın çalışqan tələbəsi sən,

Nigaran qadını mən idim onda.

       

Soyuğu, istisi uzaq ellərin,

Mənim ürəyimi sızladır hər an.

Boğazdan keçməzdi şirin tikəmiz,

Gözlərdik sən yoldan qayıdanacan.

 

Heç bir izaha ehtiyacı olmayan bu misralar öz təbiiliyi və deyim tərzi ilə seçilir.

Ailə həyatının var-dövlətini pulda, malda deyil mənəviyyatda görən müəllif bu günkü ailə həyatının hansı təməl üzərində qurulduğunu, necə ağır imtahanlardan şərəflə keçdiyini oxuyuca çatdırmaq, ağrı-acılarla dolu ailə təməlinin müqəddəsliyini bildirmək istəyir:

 

 Biz varlı deyildik, qibtə yeriydik,

 Dövlət qamarlayıb, pul yığanlara.

Bu evdə heç nəyin olmayan vaxtı,

Sevgi paylayırdıq pay umanlara.

Sən bildin, mən bildim, bir də dörd divar,

Başqası duymasın dərdimiz nədir.

Yarıya böldüyün papirosların,

Kül yeri, köz yeri ürəyimdədir.

      

 İlahi bir eşqə səcdə qılınası deyim tərzidir bu misralar. Həyatdakı yaşamın bir dövrünün ağrı-acılarını əks etdirən bu şeir real həyatı təbii şəkildə, boyasız, bəzəksiz əks etdirdiyi üçün inandırıcıdır və ürəyəyatımdır. Şeir o zaman şeirdir ki, oxucu ürəyinə yol tapa bilsin, dərdini, qəmini əks edə bilsin, daha doğrusu, o şeirdə özünü, həyatının bir parçasını görə bilsin.

 Sona Vəliyevanın payız mövzusuna müraciətində də bir orijinallıq var. Qocalmış, saralmış yarpaq ömründə uzaqlaşan, qocalaşan xatirələrinin xiffətini çəkir. Dövran, zaman uzaqlaşdırsa da, o, uzaqlaşmaq istəmir. Sanki keçmiş günlərin daim təzə-tər xatirələrinin izdihamlı şəhər həyatında itib-batacağından qorxur. Bu xatirələri daim yaşatmaq üçün sakit bir guşə axtarır:

 

Yarpaqlar da saralıb,

Töküləcək qəhərdən.

Yığıb xatirələri

Gəl gedək bu şəhərdən.

- deyə tənhalığa can atır.

 

Tənhalığa can atmaq, onu yaşamaq, keçmişlə bu günün arasında körpü salmaqdır. Bu körpünün üzərində ötən günlərin acılı-şirinli xatirələri də yığılır, bu günkü həyatın həqiqətləri də. Şairin qələminə rəvac verən də elə keçmişlə bu günün vəhdətidir. Bəlkə də keçmişini unutsaydı, bu gününü yaza bilməzdi.

Elə bu həqiqətlər işığında müəllifə bir daha yaradıcılıq uğurları arzulayıram.

 

 

Həsənəli Eyvazlı,

Azərbaycan Yazıçılar və

jurnalistlər birliyinin üzvü,

Naxçıvan MR-in Əməkdar

mədəniyyət işçisi, filologiya üzrə

fəlsəfə doktoru,  şair-dramaturq

 

 

 Səs.- 2011.- 22 oktyabr.- S. 6-7.