Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda qadınların iştirakı

 

Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə şəxsiyyət, fərd, cəmiyyət və dövlət arasında bərabərlik, hüquq, azadlıq və vəzifələr inkişaf edir. Bu prosesdə qadınların özünəməxsus yeri və rolu vardır. Qadınların maraqları nəzərə alınmasa, dəyişiklikdə, qərar qəbul etmə sahəsində, cəmiyyətdə və ailədə onlara kişilərlə bərabər hüquqlar və imkanlar verilmədikcə, qadın probleminə ədalətlə yanaşılmadıqda vətəndaş cəmiyyəti quruculuğunun tam reallaşmasından söhbət gedə bilməz.

Öz təşəbbüskarlığı, ləyaqəti, dəyanəti, sosial əlaqələri və bacarıqları ilə qadınlar ailədə cəmiyyətdəki maneələri dəf edərək, ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edir, demokratik quruculuq prosesinə öz töhfələrini verirlər.

Avropa Şurası siyasətdə və dövlət fəaliyyətində qərar qəbul edilməsi sahəsində kişilərin üstünlük təşkil etdiyini, ali siyasi idarəetməyə kişilərin təyin edildiyini, siyasi mədəniyyətin də kişilərə məxsus olduğunu, bu sahədə qadınlara mane olan səbəbləri də göstərir:

- Əksər qadınların cəmiyyətdəki vəziyyətinin onların siyasətdə və dövlət fəaliyyətində iştirakına mane olması bir faktdır (ailə, məktəb və media kimi cəmiyyəti təşkil edən müxtəlif ünsürlərin ötürdükləri modellər və dəyərlər);

- Mədəni və ideoloji amillər (gender ideologiyasına aparan qadın və kişilərin rolları haqqında ənənəvi təsəvvürlər, şəxsiyyətə münasibətdə cəmiyyətin şərtləşdirilmiş gözləmə vəziyyəti və özünə münasibətdə şəxsiyyətin gözlənilməsi);

- İctimai həyatın təşkil olunması ilə əlaqədar amillər (qadınların fəaliyyəti üçün az yer ayrılan, əməyin ictimai bölgüsü, əmək bazarının strukturu, ailənin aztəminatlı olması və onun cəmiyyətin həyatında iştirak tələblərinə cavab verməməsi).

Göründüyü kimi, qadınların dövlət idarəçiliyində iştirakına mane olan siyasi, mədəni, sosial, ideoloji və maddi amillər mövcuddur.

Bütün beynəlxalq və milli sənədlərdə qadın və kişilərin bərabər seçmə və seçilmə hüququ qeyd olunsa da, gerçəklikdə bərabər hüquqluluq həyata keçmir.

Dünyada baş verən demokratik proseslər, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu qadınların statusunun dəyişməsinə səbəb olur, onların siyasi və dövlət əhəmiyyətli qərar qəbuletmə prosesində fəal iştirakına imkan yaradır. Demokratik, hüquqi dövlətlərdə şüurlu idarəetmə, dövlətin fəaliyyətinə konstitusiyaxalq nəzarətinin gücləndirilməsi, şəffaflığın reallaşması, hökumətlərin xalq qarşısında hesabat verməsi qadınlar və kişilər arasında hakimiyyətin bərabər bölünməsinə təsir edir. Lakin bu sahədə problemlər hələ də qalmaqdadır: “Hazırda demokratik dövlət xalqı hakimiyyətin mənbəyi elan etsə də, gizli səsvermə prinsipinə, qanunun aliliyinə və insan hüquqlarının müdafiəsinə riayət edərək, müntəzəm ümumi seçkilərin keçirilməsini təmin etsə də, həqiqi demokratiyanın daimi qoruyucusu kimi qəbul edilə bilməz”.

Bir sözlə, demokratiyanın tam reallaşması, hüquqi dövlət quruculuğunun gerçəkləşməməsi qadınların dövlət idarəçiliyinə cəlb edilməsində problemlər yaradır.

Qadınların siyasətdə iştirakına münasibət birmənalı olmamışdır. Bəziləri, hətta qadının siyasətdə iştirakını “dünya üçün təhlükə” hesab etmişlər.

Qərbi Avropada qadınlar uzun əsrlər boyu hüquqsuz yaşamışlar. Yalnız XIX əsrdə qadınlara kişilərlə bərabər səsvermə hüquqlarının verilməsi prosesi başlandı. Yeni Zelandiyadaha sonra Avstraliya qadınlara vətəndaş statusu verən, 1893-cü ildən isə, onların seçicilik hüquqlarını tanıyan ilk dövlətlərdən oldu. İnkişaf etmiş ölkələrdə qadınların seçkilərdə iştirak hüququnun qüvvəyə minməsi XX əsrin əvvəllərinə təsadüf edir. Qadınlar Finlandiya və Norveçdə 1906-1907-ci ildə, Danimarkada 1915-ci ildə Almaniya, İsveçBöyük Britaniyada 1918-ci ildə, ABŞ-da 1920-ci ildə, Fransaİtaliyada 1945-ci ildə, İsveçrədə 1971-ci ildə səsvermə hüququ qazanmışlar. Azərbaycanda ilk dəfə qadınların səsvermə hüquqları barədə məsələnin 1907-ci ildə Çar Rusiyası Dumasında Azərbaycanın nümayəndəsi Xasməmmədov qaldırmış və Dumanın müsəlman fraksiyasında gərgin müzakirələrdən sonra məsələnin müsbət həll olunmasına nail olmuşdur. 1918-ci ildə I Azərbaycan Respublikası qadınların səsvermə hüququnu tanımışdır. Lakin qadınların nə vaxtdan seçki hüququnu əldə etməsindən asılı olmayaraq, ölkələrin siyasətində qadın liderliyi və qadın-kişi bərabərhüquqluğu problemi həll edilməmişdir. Qadınlar seçicilərin yarısını təşkil etdiklərinə baxmayaraq, onların payına parlamentdə hesabla 10%, milli dövlət idarəetmədə 6% yer düşür.

Dünyada ilk dəfə İsveçdə hər iki cinsin nümayəndələrinə qarşı tamamilə bərabər münasibət formalaşdı. ABŞ-da və Qərbi Avropada bir çox təşkilatlar ictimai fikrin təzyiqi altında “bərabər imkanlar siyasəti” adlanan siyasət həyata keçirirlər. Ancaq aydın olur ki, siyasət reallıqda həyata keçirilərkən yerində kişi personalı tərəfindən müqavimətlə qarşılanır. Qadının rəhbərliyi yolunda ciddi rolu cinslərin sosiallaşması ilə bağlı maneə əsas rol oynayır. İnsanların əksəriyyəti qadının aşağı siyasi statusa malik olmasında sosial haqsızlıq görmürlər. Qadın liderlərin keyfiyyətlər sırasına görə kişi həmkarlarından fərqlənmədiklərinə baxmayaraq, onların liderlik rolu üçün yararsızlığı haqqında təsəvvürlər mövcuddur. Dünyanın müxtəlif ölkələrində qadınların sosiallaşması ciddi şəkildə baş vermiş və hazırda da baş verir ki, onların öz karyerasını və siyasi cəhətlərin gücləndirən xüsusi ambisiyalar inkişaf etmir. Qadınlar üçün liderlik məktəbi QHT-dir. QHT-yə üzvlükdə opponentlər tərəfindən bu cür qarşıdurma mövcud deyil, ona görə də QHT siyasi fəaliyyətlə məşğul olmur. Qərar qəbul edilməsində kişilərin üstünlüyü ona gətirib çıxarır ki, qadın maraqları nəzərə alınmır. Bu, onların onsuz da, bərabərsizliyə malik mövqelərini zəiflədir və mövcud gender rolların aradan götürülməsinin qarşısını alır. Qadınların qərar qəbuletmə sahələrinin bütün səviyyələrində irəli çəkilməsi zəruridir.

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, qadınlar siyasət və idarəetmə sahəsində lider ola bilərlər. Ancaq bunun üçün o növbədə öz hüquqlarını bilməli və onlardan öz fəaliyyətlərində düzgün istifadə etməlidirlər.

Azərbaycan Respublikasında qadın hüquqlarını qoruyan gözəl qanunlar mövcuddur və qanunların nəzarət və icra edən qurumlar da mövcuddur. Qadın özü də müqəddəs varlıqdır və kişi qadını həmişə qorumalı və onunla hesablaşmalıdır. Ailə iki insanın bir yerdə qəbul etdikləri yükdüronu qurmaq, yaratmaqyaşatmaq həm qadının, həm də kişinin Allah və cəmiyyət qarşısında borcudur. Bu məqsədə çatmaq üçün ailənin qarşısına maneələr çıxa bilər, lakin heç bir maneə birləşdirilmiş güc qarşısında çözülməz qala bilməz. Azərbaycan qadınlarının güclü potensialı olduğunu əsrlər boyu bütün dünyaya çatdıran minlərlə qadın siyasətçiləri, alimləri, mədəniyyət, incəsənət xadimləri olmuşdur. Müasir dövrdə də Azərbaycan qadınları istənilən sahələrdə çalışaraq öz məharətlərini göstərirlər və göstərəcəklər, ancaq onların ailə tərəfindən dəstəklənməsi və başa düşülməsi respublikamızın hər bölgəsində eyni səviyyədə deyil. Yuxarıda göstərilənləri nəzərə alsaq, kişilər qadınlara daha çox imkan, şərait yaratsalar və qadınların güclərinə inanıb, potensiallarını inkişaf etdirsələr, onlar ailəsinin rifahı üçün, həm də cəmiyyətin inkişafı üçün əvəzsiz töhfələr verməyə qadirdilər. Bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə, bölgədə, kənddə, ailədə tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən söz gedə bilməz.

Beynəlxalq analitiklər isbat ediblər ki, siyasi strukturlarda qadınların təmsil olunma faizi 30%-dən az olmamaq şərti ilə təmin olunarsa, dövlətdə, iqtisadi baxımdan səviyyəsi aşağı insanların vəziyyəti, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilə bilər. Deməli, tərəqqi qadınların əlindədir, onlar istəsələr ailə üçün də, cəmiyyət üçün də faydalı ola bilərlər. Bunun üçün bir qədər səyləri artırmaq tələb olunur!

Məlumdur ki, qərar qəbuletmə səviyyəsindəki müvafiq icra hakimiyyəti orqanları dedikdə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirlikləri, dövlət komitələri və digər mərkəzi icra hakimiyyəti orqanları, habelə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Hələ 2007-ci ildə qərarlar qəbuletmə səviyyəsində Azərbaycanda qadınların sayı 3,4% təşkil edirdi. Belə ki, icra başçısından 1 nəfəri, 24 nazir müavinindən 2-si, 2645 bələdiyyə sədrindən 46 nəfər, respublikanın xarici ölkələrində olan diplomatik nümayəndəliklərindəki diplomatik korpuslarda fəaliyyət göstərən 175 nəfərdən 10 nəfər, 2 vitse-konsuldan 1 nəfəri, 40 səfirdən biri, Xarici İşlər Nazirliyinin mərkəzi aparatında diplomatik vəzifələrdə işləyən 199 nəfərdən 41-i qadındır.

Azərbaycan cəmiyyətinin 50 faizini təşkil edən qadınların dövlət idarəetməsində aşağı səviyyədə təmsil olunduğunu göstərir: “İcra hakimiyyəti başçıları arasında bir nəfər də qadın yoxdur. Nazirlər Kabinetində qadın nazir yoxdur. Yalnız bir Dövlət Komitəsinin sədri (Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin) qadındır ki, o da məhz qadın problemləri ilə məşğul olur. Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında qəbul olunmuş qətnaməni xatırlatmaq istəyirəm. Seçki sistemlərində qadınların rolunun artırılmasına həsr olunmuş sənədin əsas fəlsəfəsi ondan ibarətdir ki, cəmiyyətin        50 faizini təşkil edən qadınların dövlət idarəetməsində aşağı səviyyədə təmsilçiliyi idarəetmənin özünün legitimliyini şübhə altına alır”.

Azərbaycan Respublikası “Qadınların siyasi hüquqları uğrunda Konvensiyaya qoşulmuşdur. Konvensiyada qadınların kişilərlə bərabərhüquqluluq şəraitində dövlət idarəçiliyində təmsilçiliyi konkret ifadə edilmişdir: “Qadınlar kişilərlə bərabər şərtlərlə, hər hansı ayrı-seçkilik olmadan, ictimai-dövlət xidmətində vəzifə tutmaqmilli qanunlarla müəyyən olunmuş ictimai - dövlət funksiyalarını yerinə yetirmək hüququna malikdirlər”.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 25 oktyabr.- S. 13.