Bir şəklin tarixçəsi
Bu günlərdə ANS
telekanalında mərhum sənətkarımız, Azərbaycan
Respublikasının əməkdar artisti Hamlet Xanızadə
haqqında hazırlanmış verilişə baxarkən, bu
böyük sənətkarla bağlı bəzi maraqlı,
tarixi görüşləri, məqamları xatırladım.
Təqdim olunan bu şəkil 10 mart 1985-ci ildə
Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyində çəkilmişdir.
Şəkildə Naxçıvanda Azərbaycan Teatr Günləri
ilə əlaqədar keçirilən tədbirdə
iştirak etmək üçün gəlmiş
qonaqlardır. Şəkildə soldan: 1. Hüseyn Cavidin
ev-muzeyinin direktoru Bəhruz Axundov, 2. Əməkdar artist Hamlet
Xanızadə, 3. Xalq yazıçısı Anar, 4. Xalq
artisti Fərhad Bədəlbəyli, 5. Muzeyin əməkdaşı
Qiymət Tağıyeva, 6. (Təəssüf ki, adını
unutmuşam), 7. Xalq artisti Ramiz Məlikov.
Muzeydə olduqları 1 saat ərzində H.Cavidlə,
Cavid sənətiylə bağlı maraqlı söhbətlər
oldu. Hamlet Xanızadə ilə etdiyimiz təxminən 10-15 dəqiqəlik
söhbətimizdə onun Cavid sənətinə necə
vurğun olduğunu hiss etdim. O, 1983-cü ildə Azərbaycan
Televiziyasında rejissor Ramiz Həsənoğlunun quruluş
verdiyi “Topal Teymur” film-tamaşasındakı çəkiliş
məqamlarından söhbət açdı,
özünün yaratdığı Əmir Teymur obrazı
haqqında xeyli danışdı. Mən ona təklif etdim ki,
istəsəniz mən sizi obrazını
yaratdığınız Əmir Teymurun ayaq basdığı
yerlərə, Əlincə qalasına apara bilərəm.
Hamlet Xanızadə cavab verdi ki, vaxtımız çox məhduddur,
bir də Naxçıvana gəlsəm, Əlincəyə gedərik.
Nəhayət, 1986-cı il iyun ayının 1-dən
24-dək Məşədi Əzizbəyov adına Azərbaycan
Dövlət Akademik Dram Teatrının Naxçıvanda
qastrol səfəri başlandı. Tərtib olunmuş proqramda
əsasən bir çox tamaşalarla yanaşı,
böyük Cavidin “İblis” tamaşası da var idi. Qastrol səfərinin
açılışı da məhz “İblis” tamaşası
ilə oldu. Mədəniyyət sarayı (indi Ulu Öndər
Heydər Əliyevin adını daşıyır) həmin
gün elə bil bayram libası geyinmişdi. Salon
ağzınacan dolu idi.
Həmin gün Hamlet Xanızadə İblisi çox
coşqunluqla, xüsusi məharətlə ifa edirdi. Bu da səbəbsiz
deyildi. Ona görə ki, tamaşa böyük Cavidin vətənində,
Naxçıvanda göstərilirdi.
14 iyun 1986-cı ildə Cavidin ev-muzeyində teatrın
yaradıcı kollektivi ilə görüş keçirdik.
Çox maraqlı tədbir oldu, bütün yaradıcı
heyət iştirak edirdi. Hamlet həmin gün nə səbəbə
görəsə gəlməmişdi. Sonra məlum oldu ki,
arada onun iştirak etdiyi tamaşalar olmadığından, o,
bir neçə günlüyə Bakıya qayıdıb. Tədbirdə
teatrın truppa müdiri Qürbət Qürbətov mənə
bir neçə foto şəkil təqdim etdi. Bu şəkilləri
Qürbət müəllim şəxsən özü Azərbaycan
Dövlət Dram Teatrı 1962-ci ilin iyul ayında
Naxçıvanda qastrol səfərində olarkən lentə
almışdır. Fotoşəkillər Cavid əfəndinin
“Səyavuş” tamaşasından idi. Mən həmin vaxt
böyük sənətkarımız Hökumə Qurbanova, Həsənağa
Salayev, Əli Qurbanovun ifa etdikləri “Səyavuş”
tamaşasına baxmışdım. Qürbət müəllim
şəkilləri təqdim edəndə, bildirdi ki,
Naxçıvanda bir neçə lent çəkib, onları
muzeyin foto-laboratoriyasında aşkarlamaq üçün yenə
muzeyə gələcək.
İyun ayının 21-də Qürbət müəllim
muzeyə gəlmişdi, Hamlet Xanızadə də yanında
idi. Qürbət müəllim foto-laboratoriyada məşğul
olduğu müddətdə Hamletlə, bu böyük sənətkarla
çox maraqlı söhbətlər oldu. Söhbətləri
əsasən, teatrla, Cavidlə, xüsusilə SSRİ xalq
artisti, professor Mehdi Məmmədovla bağlı idi. O, Mehdi Məmmədovun
Cavid yaradıcılığına münasibətindən
çox danışdı. Onun quruluş verdiyi tamaşalardan,
Cavidi, Mirzə Cəlili necə duymağından, tələbkarlığından,
tamaşalara rol seçimindən xeyli söhbət etdi və
söhbət əsnasında mənə dedi ki, keçən
il Naxçıvanda olanda, mənə Əlincə qalasına
getməyi təklif etdiniz, o zaman vaxt az idi. İndi nə vaxt
desəniz gedə bilərik. Həmin günün səhəri
sübh vaxtı getməyi qərara aldıq. Muzeyin
ekspozisiyasına bir daha baxdıqdan sonra Hamlet Xanızadə
muzeyin fəxri rəy kitabına aşağıdakı qiymətli
sözləri yazdı.
“Ulu Cavid qırx bir ildən sonra doğma
torpağınıza qovuşdunuz. Bu, belə də olmalı idi. Çünki bəşəriyyətə sənət aləmində,
ədəbiyyat və
elm aləmində və
nəhayət, siyasi-ictimai
həyatımızda böyük
ürəkli şəxsiyyətlər
bəxş edən Naxçıvan torpağı
deyəndə Cavid, Cavid deyəndə qədim Naxçıvan yada düşür.
Elə buna görə də bu torpaq
sizi doğma ana kimi öz
qoynuna aldı. Mən Sizin qarşınızda baş əyirəm”.
Hamlet Xanızadə
21.06.86-cı il.
Həmin günün səhərisi, 22 iyunda səhər tezdən yaxın dostumun maşını ilə Hamleti “Təbriz” otelindən götürüb
Əlincəyə tərəf
üz tutduq. Xanağa kəndinə yaxınlaşdıq.
Hamlet uzaqdan və
bir neçə yerdən möhtəşəm,
məğrur Əlincə
qalasına baxa-baxa nəsə pıçıldayırdı.
Oralar elə bil onu
ovsunlamışdı. Dinib-danışmırdı. Sanki o dövrə
qayıtmışdı, at kişnəməsini, təbil
səslərini, döyüşçülərin
çığırtısını eşidirdi. Geri qayıdanda da maşında dinib-danışmırdı,
fikrə dalmışdı.
Sonra mənə dedi ki, sabah mən yenə muzeyə gələcəyəm, rəy
kitabındakı yazdığım
yazıya 1-2 söz əlavə etməliyəm.
Lakin
Hamlet müəllim, o, böyük
sənətkar bir daha muzeyə gəlmədi, yazısına
nə əlavə edəcəkdi, mənə
məlum deyildi. Amma o nə yazmışdısa,
nə yaratmışdısa
kifayət idi. Yaratdıqlarına möhürünü vurmuşdu.
Allah bu böyük
sənətkara rəhmət
eləsin, qəbri nurla dolsun.
Bəhruz Axundov,
Hüseyn Cavidin Naxçıvandakı
ev-muzeyinin direktoru,
Naxçıvan Muxtar Respublikasının
əməkdar mədəniyyət işçisi
Səs.- 2011.- 26 oktyabr.- S. 12.