Hüquqi
dövlətdə milli azlıqların hüquqları
Hüquqi dövlətin - plüralist, tolerant, həqiqi
demokratiyanın bərqərar olması üçün milli
azlıqların mədəni, etnik, dini özünəməxsusluğunun
qorunub saxlanması, onların hüquqlarının müdafiə
olunması bəşəriyyətdə sabitlik, demokratik təhlükəsizlik,
sülh və əmin-amanlıq üçün olduqca zəruridir.
Milli azlıqlar dövlətin əhalisindən sayca az
olan etnik qruplardır. Milli azlıqların hüquqları,
dilləri, dinləri, mədəni və etnik özünəməxsusluqları
və onların müdafiəsi beynəlxalq aktlarda - Avropa
Şurasının Nizamnaməsində (London, 5 may 1949-cu il),
Avropa Sosial Xartiyasında (18 oktyabr 1965-ci il), “Bölgə dilləri
və azlıqların dilləri haqqında Avropa
Xartiyasında” (Strasburq, 5 oktyabr 1992-ci il), Milli
Azlıqların Müdafiəsi Haqqında Çərçivə
Konvensiyasında (Strasburq, 1 fevral 1995-ci il), ATƏT-in İnsan
Meyarı Konfransına dair Kopenhagen Müşavirəsinin sənədində
(ATƏT-in 35 iştirakçı dövləti tərəfindən
1990-cı il iyunun 29-da qəbul edilmişdir), Yeni Avropa
üçün Paris Xartiyasında ATƏT-in İnsan
Meyarı Konfransına dair Moskva müşavirəsinin sənədində
(1991-ci il oktyabrın 3-də qəbul edilmişdir), ATƏT-in
Helsinki Zirvə görüşü sənədində
(1992-ci il 9-10 iyul) İctimai-Siyasi Həyatda Milli
azlıqların səmərəli iştirakı haqqında
Leynd Tövsiyəsində, Milli Azlıqların təhsil
hüquqları üzrə Haaqa Tövsiyələrində,
Milli Azlıqların Dil hüquqları Haqqında Oslo
Tövsiyələrində, Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsində, İnsan
Hüquqlarının Ümumi Bəyannaməsində (1948-ci
il 10 dekabr), İnsan Hüquqlarının və Əsas
azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyada
(Roma, 4 noyabr, 1950-ci il), BMT-nin “İrqi Ayrıseçkiliyin
bütün formalarının ləğv edilməsi
haqqında Beynəlxalq Konvensiyasında (1969-cu il 4 yanvar),
BMT-nin “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq
Paktında (1976-cı il 23 mart), BMT-nin “Yetkinlik yaşına
çatmayanlar barəsində ədalət məhkəməsinin
icrasına aid minimal standart qaydalarında (“Pekin qaydaları” 10
dekabr 1985-ci il), “Uşaq Hüquqları haqqında Konvensiyada”
(2 sentyabr 1990-cı il), BMT-nin “Bütün müasir zəhmətkeşlərin
və onların ailə üzvlərinin hüquqlarının
sorunması” haqqında Beynəlxalq Konvensiyada (18 dekabr
1990-cı il), BMT-nin “Milli, yaxud etnik, din, dil azlıqlarına mənsub
olan şəxslərin Hüquqları Haqqında Konvensiyada
(18 dekabr 1992-ci il), Beynəlxalq Cinayət Məhkəməsinin
Roma Statusunda, “Azlıqlara mənsub şəxslərin
hüquqlarını təmin etmək haqqında Konvensiya”da
(Minsk, 21 oktyabr 1994-cü il) öz əksini
tapmışdır.
Milli azlıqların hüquqları 1990-cı il iyunun
29-da qəbul edilmiş ATƏT-in İnsan Meyarı
Konfransına dair Kopenhagen Müşavirəsinin sənədində
belə müəyyənləşdirilmişdir: “Milli
azlıqlara mənsub şəxslərin öz etnik mədəniyyət,
dil, yaxud din özünəməxsusluğunu azad surətdə
ifadə etmək, qoruyub saxlamaq və inkişaf etdirmək,
öz iradəsinin əksinə olaraq, heç bir assimilyasiya təşəbbüsünə
məruz qalmadan bütün cəhətləriylə öz mədəniyyətini
azad surətdə dəstəkləmək və onu inkişaf
etdirmək hüquqları var. Xüsusilə, onlar
aşağıdakı hüquqlara malikdirlər:
- şəxsi və ictimai həyatda öz ana dilindən
azad surətdə istifadə etmək;
- milli dövlət qanunvericiliyinə uyğun olaraq
könüllü maliyyə yardımını və digər
yardımları, eləcə də, dövlət dəstəyi
axtara biləcək xüsusi təhsil, mədəniyyət və
dini müəssisələrini, təşkilat və ya assosiasiyalarını
yaratmaq və dəstəkləmək;
- öz dininə etiqad etmək, o cümlədən,
dini materialı əldə etmək, ona sahib olmaq, ondan istifadə
etmək və öz ana dilindəki təhsil sahəsində
dini fəaliyyəti həyata keçirmək;
- öz ölkəsinin hüdudları daxilində
öz aralarında, eləcə də, digər dövlətlərin
ümumi etnik və ya milli mənşəyi, mədəni
mirası və ya dini etiqadı olan vətəndaşları
ilə maneəsiz əlaqələr qurmaq və əlaqələri
davam etdirmək;
- öz ana dilində məlumatı yaymaq, ondan istifadə
yoluna malik olmaq və məlumat mübadiləsi etmək;
- öz ölkəsinin hüdudları daxilində təşkilatlar,
yaxud assosiasiyalar yaratmaq və dəstəkləmək, beynəlxalq
qeyri-hökumət təşkilatlarının fəaliyyətində
iştirak etmək.
Milli azlıqlara mənsub şəxslər öz
hüquqlarını həyata keçirməkdə və
onlardan istifadə etməkdə fərdi qaydada, eləcə də,
öz qrupunun digər üzvləri ilə birlikdə həyata
keçirə bilərlər. Belə hüquqlardan istənilən
birinin həyata keçirilməsi və ya keçirilməməsi
milli azlıqlara mənsub şəxslər üçün
heç bir mənfi nəficələr doğura bilməz”.
Demokratik, hüquqi dövlətlərdə
bütün xalqlar, hüquqca bərabərdirlər. Dünyada 3 minə yaxın millət və
formalaşmaqda olan potensial millət, 10 min etnik qrup
mövcuddur.
Hüquqi dövlət quruculuğu yolu ilə
gedən Azərbaycan Respublikasında bütün xalqlar və
milli azlıqlar qardaşlıq və dostluq ailəsində
yaşayırlar. Əsrlər boyu Azərbaycanda mehriban, dinc
yanaşı yanaşma şəraitində yaşayan xalqlar
ölkəmiz müstəqilliyi bərpa etdikdən sonra daha
geniş hüquqlar və azadlıqlar əldə etdi,
bütün çətinlikləri və maneələri azərbaycanlılarla
birgə dəf edərək bugünkü
inkişafımıza öz töhfələrini verdilər.
Müstəqilliyin bərpasının ilk illərində
1992-ci ildə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan
Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və
etnik qrupların hüquq və azadlıqlarının
qorunması, dil və mədəniyyətlərin
inkişafı üçün dövlət yardımı
haqqında” Fərman verdi. Fərmanda
deyilir: “Azərbaycan Respublikasının ərazisində
yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların
nümayəndələrinin Azərbaycan Respublikasının
Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi,
sosial, mədəni hüquqlarını və
azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə
yaxından kömək göstərmək məqsədi ilə
nazirlik və idarələrin fəaliyyət çərçivəsində
milli münasibətlərlə bağlı məsələlərə,
bu fərmandan irəli gələn vəzifələrə hərtərəfli
baxılsın.
Fərmanda daha sonra deyilir: “Milli azlıq, azsaylı xalq və
etnik qrupların nümayəndələrinin peşə
hazırlığına uyğun olaraq və heç bir
ayrı-seçkiliyə məruz qalmadan bərabər
hüquqlara malik olmasını nəzərə alaraq, həmin
hüquqların həyata keçirilməsi üçün
hərtərəfli şərait yaradılsın, onların
pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin,
yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə
və şikayətlərin baxılmasına və vətəndaşların
qəbulunda həmin məsələlərin həllinə
diqqət artırılsın”. Fərmanda Azərbaycan
Respublikasının Prezident Aparatına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinə, Azərbaycan
Respublikasının nazirliklərinə və idarələrinə,
yerli icra hakimiyyəti başçılarına
aşağıdakı istiqamətlərdə dövlət yardımının
və hökumət siyasətinin həyata keçirilməsi
bir vəzifə kimi tapşırılır;
- milli azlıq, azsaylı xalq və
etnik qrupların mədəni, dil və dini
özgünlüyünün qorunub saxlanılması və
inkişaf etdirilməsi;
- milli ənənə və adətlərə
əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi,
ibadət yerlərinin qorunub saxlanılması və onlardan
istifadə edilməsi;
- milli sənətkarlığın,
peşəkarlıq və özfəaliyyət
yaradıcılığı və xalq sənətlərinin
sərbəst inkişaf etdirilməsi;
- bütün millətlərin tarix və
mədəniyyət abidələrinin qorunması;
- əhali üçün əhəmiyyətli
olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin
mühafizə olunub saxlanılması.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
ikinci gəlişilə hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu milli azlıqların hüquqlarının
müdafiəsi sahəsində yeni dönüş baş verdi. Hələ milli
Konstitusiyamızın layihəsini hazırlayan komissiyanın
iclasındakı çıxışında Konstitusiyanın
Azərbaycanda bütün xalqlar, azsaylı etnik qruplar
üçün də demokratik şərait
yaradacağını qətiyyətlə bəyan etdi.
Ulu Öndər Azərbaycan Respublikasının insan
hüquq və azlıqlarının, eləcə də, milli
azlıqların hüquqlarının müdafiəsinə
dair beynəlxalq konvensiyalara qoşulmasına dair fərmanlar verdi.
Milli azlıqların hüququnun
qorunması üçün xüsusi təminat tələb
olunur. Azərbaycan
Respublikasında belə təminat dövlət səviyyəsində
verilmişdir. Respublikanın 1995-ci ilin 12 noyabrında qəbul
etdiyi əsas sənəd (Konstitusiya) və digər hüquqi
Aktlar buna misal ola bilər. Konstitusiyanın
5-ci maddəsində göstərilir ki, Azərbaycan
xalqının vəhdəti onun dövlətinin əsasını
təşkil edir. Azərbaycan
Respublikasında yaşayan bütün vətəndaşlar
üçün bu respublika ümumi və ayrılmaz bir vətəndir.
Yenə də həmin sənədin 25-ci və
45-ci maddələrində milli azlıqların
hüquqları nəzərdə tutulur. Məsələn,
45-ci maddədə göstərilir ki, hər bir şəxs
öz ana dilində, istədiyi xarici dillərdə təhsil
almaq və danışmaq hüququna malikdir və heç kim bu hüquqdan mərhum edilə bilməz. Göründüyü kimi, bu sənəddə irəli
sürülən hüquq və azadlıqlar ancaq milli
azlıqlar üçün nəzərdə
tutulmamışdır. Yəni hər bir
şəxs öz dilində yazıb-oxumaqda, danışmaqda,
kütləvi informasiya vasitələri yaratmaqda, qəzet və
jurnal buraxmaqda, tarixi mənbələri öyrənməkdə,
öz milli mənşəyini tədqiq etməkdə, milli-mənəvi
irsini mənimsəməkdə və s. azaddır. Lakin bütün bunlar milli azlıqların
yaşadıqları ölkədə ümumi mənafe və
maraqlarına zidd olmamalı, etnotəəssübkeş millətçiliyə
xidmət etməməlidir. İkinci bir tərəfdən,
onlar ölkədə yaşayan digər millət və
xalqların arasında olan dostluğa və
qardaşlığa xələl gətirməməlidir.
“Azərbaycanda milli azlıqlar: sosial-iqtisadi və siyasi
şərait. Demokratik islahatlar uğrunda” kitabında göstərilir
ki, demokratik-hüquqi dövlət quruculuğu yolu ilə
inamla irəliləyən müstəqil Azərbaycan
Respublikasının Konstitusiyasında bütün vətəndaşların,
o cümlədən, ölkəmizdə milli azlıqların
və azsaylı xalqların hüquq və azadlıqlarına
dövlət təminatı verilir. Həmin Konstitusiya müddəalarına
müvafiq olaraq, Azərbaycanda milli azlıqların
qorunması sahəsində dövlətin siyasi kursu
aşağıdakı istiqamətlərdə aparılır:
- dövlət suverenliyi, milli dövlətçilik
və ərazi bütövlüyü prinsipinə dönmədən
əməl olunması;
- Azərbaycan Respublikasında yaşayan bütün
milli azlıqların hüquq və azadlıqlarının,
insan haqlarının qorunması, onların dil və mədəniyyətinin
inkişafına dövlət yardımının və
qayğısının təmin edilməsi;
- milli azlıqların qorunması sahəsində
Azərbaycan Konstitusiyasının tələblərinə,
eyni zamanda, beynəlxalq saziş və müqavilələrə
uyğun olaraq siyasi kursun ardıcıl həyata keçirilməsi;
- beynəlxalq standartlara uyğun milli
qanunvericilik bazasının yaradılması;
- Azərbaycanın unikal tarixi sərvəti olan etnik rəngarəngliyin
qorunub saxlanması, nümunəvi birgəyaşayış
qaydalarının, tarixi dostluq və qonşuluq ənənələrinin
dirçəldilərək Azərbaycan cəmiyyətinin
prioritet yaşayış prinsiplərinə çevrilməsi;
- Azərbaycançılıq, vətənçilik
ideyalarının cəmiyyətdə tam bərqərar edilməsi
üçün hüquqi-ideoloji, mənəvi-psixoloji
bazanın daha da möhkəmləndirilməsi;
- milli-dini mənsubiyyətindən
asılı olmayaraq, bütün vətəndaşların
hüquq bərabərliyinin təmin edilməsi, diskriminasiyaya,
milli-irqi ayrı-seçkiliyə, dini
dözümsüzlüyə yol verilməməsi.
Azərbaycançılıq ideologiyasının ölkəmizdə
gerçəkləşməsində müstəsna xidməti
olmuş Ulu Öndər Heydər Əliyev Azərbaycanın
ölkəmizdə yaşayan hər bir millətin doğma vətəni
olduğunu göstərməklə, “azərbaycanlı” məfhumun
da onların hamısını birləşdirdiyini xüsusi
diqqətə çatdırırdı: “Azərbaycanlı” məfhumu
çox genişdir. Ərazimizdə yaşayan
azərbaycanlı da, ləzgi də, avar da, kürd də,
talış da udi də, kumıx da, başqaları da -
bütünlükdə hamısı azərbaycanlıdır.
Bu “azərbəycanlı” sözü bizi həmişə
birləşdirir”.
Vahid Ömərov,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2011.- 27oktyabr.-
S. 10.