Hüquqi
dövlət, insan haqları və BMT-nin nəzarətedici funksiyası
İnsan hüquq və azadlıqları təkcə
ölkədaxili problem olmaqdan
çıxdığından və beynəlxalq problemə
çevrildiyindən, onun qorunması beynəlxalq
təşkilatların və milli hüquqi dövlətlərin birgə işinə
çevrilir.
İnsan
hüquqlarının müdafiəsi sahəsində dövlətlərin
öz öhdəliklərini yerinə
yetirmək üçün beynəlxalq nəzarət
sistemi yaradılmışdır. Beynəlxalq
nəzarətin funksiyaları getdikcə genişlənir, bu nəzarətin bəzi forma
və metodları dövlətlərin daxili
təcrübəsindən istifadə edilərək tətbiq olunur. Beynəlxalq nəzarətin formaları insan hüquqlarının pozulmasının
xarakterindən asılı olub, BMT-nin nizamnaməsi, qərar və qətnamələrilə
müəyyənləşir. Bu nəzarət
universal və regional xarakter kəsb edir.
1946-cı ildə BMT-də İnsan Hüquqları üzrə Komissiya yaradıldı. Komissiyaya
əvvəlcə 18, sonra 53 dövlət daxil edildi. BMT-nin
insan hüquqları üzrə
Komissiyası toplantı keçirir və
müxtəlif səpkili məruzələr və tövsiyələr
hazırlayır. Buraya
aşağıdakılar daxildir:
1. İnsan
hüquqları üzrə beynəlxalq Bill;
2. Vətəndaş
azadlıqları, qadınların vəziyyəti, informasiya azadlığı və s. haqqında beynəlxalq bəyannamələr
və konvensiyalar;
3. Milli
azlıqların hüquqlarının müdafiəsi;
4. İrqi, cinsi əlamətlərə, dil
və dinə görə ayrı-seçkiliyin aradan qaldırılması;
5. İnsan hüquq və azadlıqlarına aid bütün məsələlər.
İnsan
Hüquqları üzrə Komissiyanın funksiyaları olduqca müxtəlif və geniş
şaxəlidir. Bu funksiyalar
insan hüquqları sahəsində
problemlərin meydana gəlməsilə əlaqədar
dövlətlərarası münasibətlərin
inkişafı ilə bağlı olaraq
getdikcə də genişlənir.
Komissiya
insan hüquqlarının kütləvi halda pozulması, təcavüz aktları
zamanı işğal olunmuş
ərazilərdə dinc əhali ilə
amansız rəftar, aparteid irqi ayrı-seçkiliklə əlaqədar hüquq pozuntularını öyrənən xüsusi orqanlar tərtib edir. İnsan
Hüquqları üzrə Komissiyada CAR, İsrail, Ermənistanla əlaqədar hüquq
pozuntuları öyrənilmiş, qərar və qətnamələr
verilmişdir. BMT Komissiyasının Çili, İraq, Salvador, Haiti və s. ölkələr üzrə məruzəçiləri
çıxış etmiş, insan hüquqlarının vəziyyətinə
nəzarət etmişlər.
Komissiya
insan hüquqlarının
pozulmasının qurbanlarının xüsusi
kateqoriyalarının müdafiəsi üçün
xüsusi məruzəçilər təyin
etmişdir. 1986-cı ildə dözümsüzlüyün bütün
formalarının ləğv edilməsi, dini
və etiqad ayrı-seçkiliyinin aradan qaldırılması haqqında Bəyannaməni həyata keçirmək məsələsi
üzrə xüsusi məruzəçi
təsisatı yaradılmışdır. 1990-cı ildə uşaq alveri, uşaq fahişəliyi və uşaq
pornoqrafiyası və s. məsələlər
üzrə xüsusi məruzəçi
təyin edildi.
BMT Komissiyada
məruzəçilərin sayı il-ildən artır. Problemlər yarandıqca, onların sayı da çoxalır.
BMT-nin nəzarətçi
orqanları insan haqları sahəsində dövlətlərin bütün
qarşılıqlı münasibətləri
sistemində öz fəaliyyətini daha da gücləndirir. Təəssüf ki, BMT-nin nəzarətedici funksiyasının
təkmilləşməyə ciddi ehtiyacı vardır. Belə ki, BMT-nin insan hüquqları üzrə nəzarətedici
orqanlarının fəaliyyətində
paralelizm özünü
göstərir. BMT-nin qərar və qətnamələri
yerinə yetirilmir, məcburi tədbirlər görülmür, böhranlı
və münaqişəli
vəziyyətlərə müdaxilə
edilmir. Buna misal olaraq BMT-nin Ermənistan qoşunlarının işğal
olunmuş Azərbaycan
torpaqlarından qeyd-şərtsiz
çıxarılması haqqında
dörd qətnaməsinin
təsirsiz qalmasını
göstərmək olar.
BMT-nin nəzarətedici
orqanlarının yenidən
qurulması, “böhranlı
və münaqişəli
şəraitdə tez,
səmərəli və
qəti hərəkətlərin
edilməsi zərurəti
meydana çıxır.
1990-cı ildə bu məsələ ilə əlaqədar olaraq Vyana şəhərində
BMT-nin Baş Assambleyası İnsan Hüquqlarına dair Ümumdünya Konfransının
keçirilməsi haqqında
qərar qəbul etdi. Bunun məqsədlərindən
biri BMT-nin təsir mexanizminin fəaliyyət metodlarının
səmərəliliyini artırmaq
və s. BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı
vəzifəsini təsis
etmək idi.
1993-cü il dekabrın 20-də İnsan
Hüquqları üzrə
Ali Komissar vəzifəsi
təsis edildi. Təəssüf ki, Baş Assambleya BMT-nin insan hüquqları sahəsində bütün
fəaliyyətini əlaqələndirən
Ali Komissara geniş səlahiyyətlər vermədi.
BMT-nin insan
hüquq və azadlıqlarının kütləvi
və kobud pozulmasının qarşısını
ciddi surətdə almalıdır, çünki
bu cür pozuntular sülhə, beynəlxalq təhlükəsizliyə
təhlükə yaradır,
beynəlxalq cinayət
əməlinə çevrilir. Bunun üçün BMT-nin Təhlükəsizlik Şurasının qərarı
əsasında zəruri
hallarda silahlı qüvvə tətbiq etmək səlahiyyətindən
istifadə etməlidir.
V.A.Kartaşkin “İnsan hüquqları beynəlxalq
və dövlətdaxili
hüquqda” kitabında
humanitar müdaxilə
anlayışının mahiyyətini
göstərmişdir.
Beynəlxalq hüquq elmində və beynəlxalq təcrübədə
insanın hüquq və azadlıqlarının
cinayətkarcasına pozulması
hallarının aradan
qaldırılması üçün
müəyyən şərtlər
gözlənilməklə digər
dövlətlər tərəfindən
məcburiyyət tədbirlərinin
tətbiqi, başqa sözlə, humanitar müdaxiləyə yol verilməsi zərurəti
aşağıdakı hallarda
mümkündür:
1. İnsan hüquqlarının
kobud şəkildə
pozulmasının qarşısı
alınmaz olduqda, yaxud artıq baş verdikdə;
2. Mümkün olan
başqa dinc vasitələr səmərəsiz
olduqda;
3. İnsan hüquqlarının
kobud şəkildə
pozulmasına son qoyulmasına
dair dövlətə
ultimatum verilmiş olduqda;
4. Vaxt icazə verirsə, humanitar müdaxilə gedişində
əldə olunacaq məqsədlər barəsində
BMT-nin Təhlükəsizlik
Şurasına məlumat
verilməlidir;
5. Humanitar müdaxilə
BMT-nin Təhlükəsizlik
Şurasının fəaliyyətsizliyi
hallarında tətbiq
oluna bilər;
6. Mümkün olan
hallarda dövlətin
özündən onun
ərazisinə humanitar
müdaxilə missiyasını
həyata keçirən
qoşun növünün
yeridilməsinə dəvət
alınmalıdır;
7. Humanitar müdaxilə
ancaq insan hüquqlarının kobud
və kütləvi pozulmasının qarşısını
almaq məqsədini güdməlidir, dövlətin
digər maraqlarına
xidmət etməməlidir;
8. Gücün tətbiqi
dövlətin siyasi statusunun, yaxud da sosial-iqtisadi quruluşunun dəyişdirilməsi,
hökumətin devrilməsi
məqsədini güdməlidir;
9. Humanitar müdaxilənin
gedişində ordunun
məhdud kontingentindən
istifadə edilməli,
bu kontingent ancaq məqsədin əldə edilməsi miqyasında tətbiq olunmalıdır;
10. Hərbi qüvvələr
ancaq məhdud zamanda tətbiq edilməli, müdaxilə
məqsədləri əldə
edilən kimi, ölkəni tərk etməlidir.
Hüquqi dövlətdə insan hüquqlarının
müdafiəsi əsas
beynəlxalq-hüquqi aktlar
- İnsan Hüquqları
Haqqında Ümumi Bəyannamə (1948), BMT-nin
Baş Məclisi tərəfindən 1966-cı ildə
qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrin
və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza
növlərinə qarşı
Konvensiya (1984), Hüquq
qaydasının saxlanması
üzrə vəzifəli
şəxslərin davranış
Məcəlləsi (1979) və
digər sənədlər
öz əksini tapmışdır.
Azərbaycanın müxtəlif vaxtlarda
qoşulduğu beynəlxalq-hüquqi
aktların əsas müddəaları Azərbaycan
Respublikasının 1995-ci il Konstitusiyasında təsbit olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının ikinci
bölməsinin “Əsas
insan və vətəndaş hüquqları
və azadlıqları
adlanan üçüncü
fəsil implementasiya prosesi - beynəlxalq hüquq normalarının
dövlətdaxili hüquq
normalarına daxil edilməsi” əsasında
şəxsiyyətin əsas
hüquqlarının məzmununu
açır.
Öz növbəsində, Azərbaycan Respublikası
Konstitusiyasının şəxsiyyət
hüquq və azadlıqlarına aid bütün
müddəaları Azərbaycan
Respublikası Cinayət-Prosessual
Məcəlləsinin “Cinayət
mühakimə icraatının
vəzifələri, əsas
prinsipləri və şərtləri” adlı
üçüncü fəslində
bu və ya digər dərəcədə
öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, cinayət mühakimə icraatı zamanı toxunulan şəxsiyyət
hüquqlarına dair beynəlxalq normaların hamısı Azərbaycanın
cinayət-prosessual qanunvericiliyində
tam şəkildə təsbit
olunmayıbdır.
Azərbaycan Respublikası Konstitusiyasının
25-ci maddəsi (“Bərabərlik
hüququ”) aşağıdakı
müddəalardan ibarətdir:
a) hamı qanun və məhkəmə
qarşısında bərabərdir;
b) kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır;
c) dövlət milliyyətindən, dinindən,
dilindən, cinsindən,
mənşəyindən, əmlak
vəziyyətindən, qulluq
mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına
və digər ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə təminat
verir. İnsan və vətəndaş
hüquqlarını və
azadlıqlarını irqi,
milli, dini, dili, cinsi, mənşəyi,
əqidəsi, siyasi və sosial mənsubiyyətə görə
məhdudlaşdırmaq qadağandır.
İnsan
hüquqları haqqında beynəlxalq müqavilələri təfsir
edərkən təfsirin digər üsulları ilə
müqayisədə teleoloji təfsir ön plana çəkilir,
yəni müqavilənin obyekt və məqsədinə
- insan hüquqlarının səmərəli
müdafiəsinə həlledici əhəmiyyət verir, başqa sözlə,
insan hüquqlarının səmərəli
müdafiəsi həmin hüquqlara
dövlət tərəfindən əməl
olunub-olunmamasını müəyyənləşdirməyin
başlıca meyarı kimi
çıxış edir. Belə demək
olar ki, insan hüquqları sahəsində beynəlxalq
sazişlərin təfsirinin əsasında səmərəlilik
prinsipi dayanır.
İnsan hüquqlarının
müdafiəsinə BMT ciddi nəzarət
edir. BMT-nin üzvü kimi
Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində BMT qarşısındakı
öhdəlikləri yerinə yetirir və
bərabərlik və azadlıq hüququnu
həyata keçirən hüquqi dövlət
quruculuğu yolu ilə
inamla irəliləyir.
Vahid
Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2011.- 28 oktyabr.- S. 10.