Naxçıvan
günü-gündən gözəlləşir və
abadlaşır
Dövlət müstəqilliyinin bərpa edildiyi
vaxtdan keçən dövr ərzində Azərbaycan
Respublikasının iqtisadi-siyasi və sosial həyatında
mühüm dəyişikliklər baş verməkdədir. Ümummilli
Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti
İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
davam etdirilməsi nəticəsində qazanılmış
uğurların miqyası və əhatə dairəsi xeyli
genişlənibdir. Dövlət başçısının
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında” 24
noyabr 2003-cü il tarixdə imzaladığı Fərmanla
müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas
istiqamətləri üzrə həyata keçirilən tədbirlər
bu sahədə əldə edilmiş nailiyyətləri daha da
möhkəmləndiribdir.
Digər tərəfdən,
iqtisadiyyatın bütün sahələrində
inkişafa istiqamətlənmiş tədbirlərin
ayrı-ayrı dövlət proqramları, o
cümlədən, 2004-2008-ci illəri əhatə edən 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” ümumiqtisadi
inkişafın
mərkəzlə yanaşı, regionlara doğru istiqamətlənməsində
müstəsna əhəmiyyət kəsb edibdir.
Qeyd olunan ümumi inkişaf fonunda
Naxçıvan Muxtar Respublikasının
iqtisadiyyatı və sosial həyatı
özünəməxsusluğu ilə fərqlənir.
İşğalçı Ermənistan Respublikasının Azərbaycan
torpaqlarına hərbi təcavüzü nəticəsində
ölkənin əsas hissəsindən ayrı düşərək
iqtisadi və nəqliyyat əlaqələri
baxımından blokada şəraitində
yaşamağa məhkum olunmuş
muxtar respublika mövcud çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən
genişmiqyaslı quruculuq prosesində fəal
iştirak edir.
Çoxsahəli
strukturların inkişaf strategiyası
Azərbaycan
Respublikasının iqtisadi-coğrafi
regionlaşdırılmasında Naxçıvan Muxtar Respublikasının ərazisi
bütövlükdə ölkədaxili iqtisadi
rayonlardan biri kimi qeyd olunubdur.
Lakin o özünün
çoxsahəli strukturu ilə fərqlənir.
Bu, muxtar
respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən
təcrid edilmiş coğrafi
məkanda yerləşməsi və bununla
əlaqədar burada yerli
tələbatı müvafiq istehsal sahələri yaratmaq
hesabına təmin etmək zərurəti ilə izah olunur. Naxçıvan
MR inkişafda olan
çoxsahəli sənaye və aqrar-sənaye
respublikasıdır. Sənayedə yerli kənd
təsərrüfatı məhsullarının emalı və
faydalı qazıntı hasilatı xüsusi
yer tutur. Muxtar respublikada elektronika, metal emalı, tikinti materialları və yüngül
sənaye fəaliyyət göstərir. Kənd təsərrüfatı,
əsasən, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik
və bağçılıq sahəsində
ixtisaslaşıbdır. Muxtar respublikada iqtisadi islahatlar ardıcıl həyata keçirilir, torpaq
islahatı başa
çatdırılıb, azad
sahibkarlığın, xüsusi
mülkiyyətin və kiçik biznesin inkişafı üçün
geniş imkanlar
yaradılıb. “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının
icrasını təmin etmək, Naxçıvan Muxtar Respublikasında təbii sərvətlərdən
və yerli şəraitdən səmərəli
istifadə etməklə kənd təsərrüfatı
məhsullarının istehsalını artırmaq, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin
inkişafını təmin etmək, məşğulluğun
səviyyəsini yüksəltmək və əhalinin güzəranını
daha da
yaxşılaşdırmaq məqsədilə
9 iyun 2005-ci il tarixdə
Naxçıvan MR Ali Məclisi Sədrinin
Sərəncamı ilə “Naxçıvan Muxtar
Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”,
2009-cu il aprelin 14-də
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”ı təsdiq edilibdir.
Qeyd edək ki, ikinci Dövlət Proqramında
Naxçıvan Muxtar Respublikasının
da inkişafı ilə bağlı mühüm tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulubdur.
Sahibkarlıq
sahəsində muxtar respublikada
yeniliklər
Artıq muxtar
respublikada iqtisadiyyatın
formalaşmasında özəl sektor,
xüsusilə də, kiçik və orta sahibkarlıq mühüm
rol oynayır. Sahibkarlığın
inkişafına əlverişli şəraitin
yaradılması məqsədilə sahibkarlığın hüquqi bazası dünya
təcrübəsinə uyğun olaraq təkmilləşdirilibdir. Sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunmasına, dövlət
orqanları ilə sahibkarlıq strukturları arasında şəffaf
əlaqə mexanizminin qurulmasına,
sahibkarlıq mühitinin
sağlamlaşdırılmasına istiqamətləndirilmiş
bir sıra fərman və sərəncamlar
imzalanıbdır. “Sahibkarlığın
inkişafına mane olan
müdaxilələrin qarşısının alınması
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 28 sentyabr tarixli və müvafiq olaraq Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
2002-ci il 30 sentyabr tarixli fərmanları muxtar
respublikada sahibkarların
hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyətə
malikdir. “Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin
təsdiq edilməsi barədə” ölkə Prezidentinin
2002-ci il 27 avqust tarixli fərmanı və müvafiq
olaraq Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin 3 dekabr 2002-ci il tarixli qərarı ilə sahibkarlara
dövlət maliyyə köməyi inkişaf
etdirilmiş, sahibkarların investisiya layihələrinin güzəştli
şərtlərlə maliyyələşdirilməsi mexanizmləri
təkmilləşdirilmişdir. Sahibkarlıq fəaliyyətini
stimullaşdırmaq və mövcud maneələri
aradan qaldırmaq məqsədilə
dövlət başçısı İlham
Əliyevin 2007-ci il 25 oktyabr
tarixli Sərəncamına əsasən
2008-ci il yanvar
ayının 1-dən etibarən sahibkarlıq subyektlərinin
qeydə alınmasında “bir pəncərə”
sisteminin tətbiq olunmasına
başlanmışdır. Bu sistem qısa müddət ərzində öz bəhrəsini göstərmiş, təkcə
2009-cu il ərzində muxtar
respublika üzrə 50 hüquqi
və 1454 fiziki şəxs qeydiyyata alınıbdır.
Yeni
müəssisələr və yeni texnologiyalar
Bütün
bunlarla yanaşı, bu
gün dövlət tərəfindən
yaradılmış münbit şərait
və bilavasitə rəqabət yönümlü
məhsul istehsalını şərtləndirən yeni texnologiyanın tətbiqi muxtar
respublikada geniş investisiya qoyuluşuna zəmin
yaradıbdır. Sənaye məhsullarının
ixracında emal sənayesi məhsullarının
xüsusi çəkisinin
artırılmasının stimullaşdırılması,
yüksək əmək məhsuldarlığına malik müasir müəssisələr
şəbəkəsinin yaradılması, mövcud
sənaye müəssisələrinin yenidən qurulması, analoji xarici şirkətlərlə iqtisadi əlaqələrin
yeni müstəvidə
formalaşdırılması ilə bağlı əsaslı
tədbirlər aparılmaqdadır. İlkin
mərhələ üzrə bu sektorda özəlləşdirmə prosesinin intensivləşdirilməsi və
satış bazarı olan, yenidən
qurulması iqtisadi cəhətdən məqsədəuyğun
sayılan sənaye müəssisələrinin fəaliyyətinin
bərpası nəticəsində nəzərə çarpacaq irəliləyişlər əldə
olunmuşdur. Artıq
Naxçıvan Muxtar Respublikası sənaye
məhsulu istehsalının artım tempinə görə, sənayenin
ümumi məhsulunun tərkibində
qeyri-dövlət sektorunun xüsusi
çəkisinə və hazır məhsul
qalığının minimum həddə
olmasına görə Azərbaycan Respublikasının 10 iqtisadi rayonu arasında ilk yerdədir.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2011.- 7 sentyabr.- S. 3.