Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi
artır
Son illər Azərbaycanın
regional inkişafinın əsas prioritetlərindən
biri də məhz ölkənin qeyri-neft sektoruna diqqətin
xeyli artırılmasından ibarətdir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyevin müvafiq
fərmanları ilə qəbul olunmuş
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafına dair dövlət
proqramlarında ölkənin ayrı-ayrı regionlarında qeyri-neft sektorunun
inkişafı ilə bağlı tədbirlərə geniş yer ayrılıb.
Birinci regional inkişaf proqramı çərçivəsində
nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə
yetirilməsi Azərbaycanın davamlı və tarazlı
inkişafının xeyli sürətlənməsinə səbəb
olub. Belə ki, proqramın icrası ölkədə
işgüzarlığa və təşəbbüskarlığa
geniş meydan açmış, regionlarda yeni iş yerlərinin
yaradılmasına əlverişli imkan yaradıb.
Ölkəmizin neft-qaz
ehtiyatlarından əldə olunan gəlirlərin
qeyri-neft sahələrinin inkişafına
yönəldilməsi artıq öz
müsbət nəticələrini verməkdədir. Təkcə
onu demək kifayətdir ki,
2011-ci ilin birinci yarısında
Azərbaycanda qeyri-neft sektorunun
artım səviyyəsi 7,2 faizə çatıb.
Bu amili Prezident İlham Əliyev belə ifadə edir: “Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru artmışdır. Artım 7,2 faiz təşkil etmişdir.
Bu, əslində, son
illər ərzində apardığımız islahatların
nəticəsidir. Çünki əsas məqsədimiz
qeyri-neft sektorunun
inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin
təmin edilməsidir.
7,2 faiz səviyyəsində
artan qeyri-neft sektorunun göstəriciləri bizi
çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan
iqtisadiyyatının enerji amilindən
asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır”.
Ölkə Prezidenti İlham Əliyevin
təqribən 2 il yarım bundan əvvəl qəbul etdiyi
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”da qeyri-neft sektorunun inkişaf etdirilməsi
baxımından xüsusi əhəmiyyət
kəsb edir.
Belə ki, adıçəkilən sənəddə
xüsusi olaraq qeyd olunur ki,
müvafiq iqtisadi
mexanizmlərin tətbiqi Azərbaycanda qeyri-neft
sektorunun inkişafına yönəlmiş
tədbirlərin kompleks şəkildə
həyata keçirilməsinə və ixracyönümlü
məhsulların istehsalının sürətləndirilməsinə
səbəb olacaq.
Proqramda
qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə Azərbaycanın
ixrac potensialının inkişaf
etdirilməsinə, yerli məhsulların xarici bazarlara
çıxarılmasına və bunun üçün əlverişli şəraitin
yaradılmasına, eləcə də, ölkə
iqtisadiyyatının dünya
iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin
etmək
üçün tədbirlərin həyata
keçirilməsinə diqqətin daha da artırılması nəzərdə tutulur.
“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasına başlanıldığı
ötən iki il
yarım ərzində ölkədə qeyri-neft
sektorunun inkişafının dəstəklənməsi
istiqamətində mühüm tədbirlər
həyata keçirilib. Belə ki, cari
ilin ilk
yarısında hesabat dövründə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına qeyri-neft sektorunun
inkişafı ilə bağlı 823 sahibkarlıq subyektinin investisiya layihələrinin
maliyyələşdirilməsinə 71 milyon
939 min 500 manat məbləğində
güzəştli kredit ayrılıb.
Həmin layihələr hesabına isə 3495 yeni
iş yerinin
yaradılması nəzərdə tutulur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkənin
ayrı-ayrı regionlarında yeni istehsal və emal müəssisələrinin
yaradılmasına hər cür dəstək
verəcəyini dəfələrlə bəyan edib. Məhz bunun nəticəsidir
ki, son illər yerlərdə
yaradılan yeni tipli
müəssisələrin sayı xeyli
artıb.
Azərbaycanda
qeyri-neft sektorunun
sürətli inkişafına nail olmaq məqsədilə dünya
ölkələri ilə əməkdaşlıq sahəsində
də mühüm tədbirlər
reallaşdırılır. 2011-ci il yanvar ayının 16-dan 18-dək ABŞ-ın
San-Fransisko şəhərində bu ölkənin Özəl Qida
Ticarəti
üçün Milli
Assosiasiyasının təşkilatçılığı
ilə keçirilən qida sərgisində
Azərbaycanın 6 şirkəti (“Azərsun Holdinq”,
“AZNAR” MMC, “M-Pro”MMC, Babək “Sirab” ASC, “Badamlı” MMC və “Hacı Camalxan” KFT) öz məhsullarını
nümayiş etdirib.
Yeri
gəlmişkən, dünyanın 35 ölkəsindən 1300
istehsalçının qatıldığı ənənəvi
qida sərgisində ölkəmizin investisiya və biznes
imkanları barədə, həmçinin, qida
və kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli
məhsullarla bağlı tədbir iştirakçılarına məlumat
verilib, Azərbaycanla əməkdaşlıqda
marağı olan tərəflərin
nümayəndələri ilə danışıqlar
aparılıb.
Bundan əlavə, cari ilin ötən dövrü
ərzində Fransa, İspaniya,
Rumıniya və Yaponiyanın bir sıra
şirkətlərinin nümayəndələri ilə
görüşlər keçirilib və
ölkəmizin investisiya mühiti
ilə bağlı onlara lazımi məlumatlar
verilib. Hesabat
dövründə AZPROMO tərəfindən Azərbaycan,
Yunanıstan, Çexiya, Niderland,
Almaniya, İordaniya, Latviya, Litva, Macarıstan, Serbiya və Belarusdan olan iş adamları
arasında biznes-forumlar keçirilib.
Həmin tədbirlərdə ölkəmizdə mövcud biznes mühiti ixrac və investisiya imkanları, eləcə də, həyata
keçirilən layihələr haqqında məlumatlar verilib.
Cari ilin mart
ayında Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi,
AZPROMO və “Evroconvention Conferences”
təşkilatı tərəfindən “Azərbaycan investisiya sammiti” keçirilib. Azərbaycanla
yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Avstriya, Almaniya, Birləşmiş
Ərəb Əmirlikləri və digər ölkələrdən
olan 170-dən çox
rəsmi şəxs və iş adamı,
həmçinin, 40-a yaxın investorun iştirak etdiyi tədbir də
ölkəmizin qeyri-neft sektorunun
imkanları ilə tanışlıq, eləcə də,
əməkdaşlığın gələcək perspektivlərini
nəzərdən keçirmək baxımından faydalı olub.
Eyni zamanda, bu
ilin iyun ayında Brüssel şəhərində keçirilən
biznes forumu çərçivəsində
“Azərbaycan: biznes və investisiya
mühiti haqqında” ölkə təqdimatı
edilmişdir. Tədbirdə
Azərbaycana biznes maraqlarının
artırılması məqsədilə kənd təsərrüfatı,
qida sənayesi və turizm
sahələrində fəaliyyət göstərən 229 xarici şirkətə müraciət edilib, onlara Azərbaycanda
sözügedən sahələr üzrə investisiya
imkanları barədə məlumatlar verilib.
Bütövlükdə isə 57 xarici və yerli şirkətin
Azərbaycanda tikinti, maliyyə, turizm, ekologiya və
sığorta sektorlarında fəaliyyət göstərən
yerli şirkətlər, biznes
mühiti, investisiya fəaliyyəti
ilə bağlı qanunvericilik, prioritet sektorlar, eləcə
də, lisenziyaların alınması və şirkət
qeydiyyatı haqqında sorğuları
cavablandırılıb və müvafiq
xidmətlər göstərilib.
Göründüyü
kimi, Azərbaycanda mühüm
qeyri-neft sahələri getdikcə xarici şirkətlərin maraq
dairəsinə daxil olur.
Ölkəmizdə yaradılmış əlverişli biznes mühiti isə öz növbəsində onları Azərbaycanda
daha çox iş görməyə sövq
edir. Ölkədə yaradılmış
münbit şəraitin nəticəsidir ki, xarici və daxili investisiyaların həcmi getdikcə
artır. Bu da Azərbaycan
iqtisadiyyatının gələcək inkişafını
indidən qarant altına alıb.
Elçin Bayramlı
Səs.- 2011.- 7 sentyabr.- S. 2.