Müstəqil dövlətin vətəndaşı olmaq gerçəkliyi!

 

Azərbaycan - qayalarda bitən bir çiçək,

Azərbaycan-çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı vəsf eyləyərək,

Azərbaycan dünyasından baxır dünyaya.

 

Azərbaycan! Yaranışından qənirsiz dünyam mənim. Sən ulularımızın ulu məskəni, tarixi şəxsiyyətlərin, mərd oğulların vətəni... Azərbaycan - bu addakı möhtəşəmlik, doğmalıq və gizli bir əsrarəngizlik...  Səni sevdiyim üçün belə hissləri keçirirəm... Yox! Bunu təkcə mən demirəm, bu torpağa təşrif buyurub, sənin gözəlliyinə valeh olan, tarixinə bələd olub, mədəniyyətinlə mənəvi qida tapan, musiqinlə səni dərk edənlər bunu dilə gətirir... Əvvələr mənə elə gəlirdi ki, məndən çox vətənimə bağlı və onu sevən biri olmaz... Amma yaş artıqca və prosesləri izlədikcə, anladım Azərbaycanı o dahi şəxs qədər sevən ikinci bir insan tapılmaz... Məhz Azərbaycanı yaşadan, onu canı-qanından artıq sevən, ömrünü onun inkişafına sərf edən  Ulu Öndər! Bu gün hər kəs Azərbaycan deyəndə - Heydər Əliyev deyironun nurlu dühasının qarşısında baş əyir! Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın yüksək inkişafı, xalqın xoşbəxtliyi və əhalinin sosial rifahının təmin olunması istiqamətində gərgin əzmkarlıqla çalışaraq mənalı ömür yolu keçən dahi şəxsiyyətdir. Azərbaycanda siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə əldə olunmuş uğurlar Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin əsas mahiyyətini təşkil edir. İstər 1969-1982-ci illərdəki dövrlərdə, istərsə də 1993-cü ildən sonrakı dövrlərdə Ulu Öndər bütün həyatını və fəaliyyətini Azərbaycanın zəngin inkişafına həsr edib.

Azadlıq, müstəqillik hər bir millətin ən müqəddəs nemətidir. Bu neməti əldə etmək nə qədər çətindirsə, onu əldə saxlamaq, qorumaq ikiqat ağır məsuliyyətdir.  Bir əsrdə  iki dəfə öz azadlığına qovuşan Azərbaycan 1918-ci ildə əldə etdiyi istiqlalı cəmisi 23 ay əlində saxlaya bildi. 1920 -ci il aprel ayının 28-də Azərbaycanı işğal edən XI “Qızıl Ordu” ölkənin müstəqilliyinə de-fakto son verdi və müstəqil cümhuriyyətin  yerində Kremldən asılı sosialist dövləti qurdu. Beləliklə, dünya Azərbaycanın azadlıq hayqırtısına, müstəqillik arzusuna, istiqlal mübarizəsinə yalnız 70 ildən sonra, əsrin sonlarında şahid oldu.

Ötən əsrin son onilliyi... Bu dörd söz zaman nöqteyi-nəzərindən damlanın mində biri olsa da, özündə böyük prosesləri, hadisələri birləşdirməyi bacardı. Həmin onilliyin başlanğıc nöqtəsində isə Azərbaycan xalqının taleyüklü məsələləri dayandırıldı. 1990-cı ilin gəlişindən 20 gün keçməmiş rus qoşunları Azərbaycanın üzərinə hücuma keçdi. Qanlı olaylar bir-birini əvəz etdi... Belə çətin günlərdə Azərbaycanın səsini boğmaq istədilər... Belə çətin gündə  Moskıvanın mərkəzində yalnız bir ad vardı ki, qan gölünə çevrilən Azərbaycanın haqq səsini dünyaya ucaldırdı. Bu, Heydər Əliyev idi. Bəli, artıq baş verənləri ciddi qəbul olunmasına səbəb vardı. Çünki bu böyük insanı dünya yaxşı tanıyırdı. O soyuq günlərdə tökülən qanın ardından əldə olunan müstəqillik odu bu torpağı, vətəni istitməyə başladı. Azərbaycan müstəqillik əldə etdi və istiqlalını dünyaya bəyan etdi. Dünya bizi tanıdı. Lakin... Səriştəsiz, heç bir siyasi biliyə, təcrübəyə malik olmayan siyasətçilər dövlət postlarını tutdular. Bu dəfə yaranan təhlükə daha qorxulu idi: Azərbaycanın yenidən bölünməsinə bir addım qalmışdı... Bu təhlükənin qarşısını almaq üçünsə xalqın liderə ehtiyacı vardı... Xalq bu zaman böyük şəxsiyyət Heydər Əliyevdən imdad diləyirdi... Ziyalılar, xalqın aydınları dəfələrlə Naxçıvana gələrək Ulu Öndərdən Bakıya gəlməyi xahiş etdilər, Azərbaycanı bürüyən bu odun yalnız Ümummilli Lider tərəfindən  söndürülə biləcəyini bildirdilər. Xalqın tələbi ilə 1993-cü ilin yayında dağılmaq üzrə olan  xalqı iki cəbhəyə bölünüb üz-üzə dayanan, can üstündə olan Azərbaycan, bir an çevrilib qətiyyətli addımlarla gələn Heydər Əliyev ucaldığını gördü, artıq xilas olduğunu anladı. Heydər Əliyevin xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri də, məhz kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu situasiyada Azərbaycan dövlətçiliyini xilas etməsi idi. Böyük Öndər Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətin qorunması isə azadlıq, müstəqillik deməkdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin azadlıq qarantı oldu. Azərbaycan dövlətçiliyi Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bütün imtahanlardan üzüağ çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi verdi və millətin özünə inam hissini qaytardı. Heydər Əliyev gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlama sadiq olduğunu subut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Bu gün müasir Azərbaycan, məhz bu böyük şəxsiyyətin yaratdığı ən möhtəşəm əsərdir. Müasir Azərbaycana dünya can atır, onunla hesablaşır, ən böyük lahiyələrin iştirakçısı, ən böyük uğurların təminatçısına çevrilir. Qlobal enerji lahiyələrinin mərkəzinə çevrilən  Azərbaycana inam günü-gündən artır. Bu fikir vaxtı ilə “Əsrin müqaviləsi”nin gerçəkliyə çevrilməsinə şübhə ilə yanaşan daxilixarici qüvvələr tərəfindən də etiraf olunur   ki, enerji lahiyələrinin mərkəzinə çevrilən Azərbaycan, təbii ki, bununla əsl söz sahibi olduğunu təsdiqləyir. Bu uğurlar Prezident cənab İlham Əliyevin  hər zaman bildirdiyi kimi, Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təntənəsidir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ  neft-qaz lahiyələri reallığa çevrildi. Xaricidaxili siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionun ən aparıcı dövlətinə çevrilməklə, onun beynəlxalq mövqeyini möhkəmləndirdi. Respublikamızın mühüm geostateji mövqeyinə və təbii sərvətlərinə, ilk növbədə, zəngin neft-qaz ehtiyatlarına görə bir sıra dövlətlərin maraq dairəsində olsa da, dövlət başçısı İlham Əliyevin yeritdiyi müstəqil siyasət nəticəsində dünyada söz sahibi olan ölkələr sırasında Azərbaycanın da adı var. Beynəlxalq ekspertlərin Azərbaycan, onun Prezidenti haqqında söylədikləri fikirlərə diqqət yetirək. Azərbaycanda  həyata keçirilən siyasətin alternativsizliyini qeyd edən Qərb və Avropa təmsilçiləri ölkəmizi “çiçəklənən respublika” adlandırırlar. Bəli, dünyada təsdiqini tapmış həqiqətdir ki, Azərbaycanda Heydər Əliyevin zamanında olduğu kimi, yenə də güclü, ölkənin uğurla irəli aparmağa qadir olan  siyasi rəhbəri var.

Cənab İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığının birinci ayında işğalçı Ermənistana bəyan etdi ki, biz torpaqlarımızın düşmən tapdağı altında qalmasına yol verməyəcəyik. “Dağlıq Qarabağa heç bir zaman müstəqillik verilməyəcək və biz suverenliyimizlə bağlı heç bir zaman, heç bir güzəştə getməyəcəyik”. Bu kəskin bəyanat işğalçı dövləti və onun mövqeyini müdafiə edən xarici qüvvələri ciddi düşünməyə vadar etdi.  Azərbayacan regionun ən qüdrətli hərbi qüvvəsi, ən mükəmməl silah-sursatı ilə təmin olunmuşdur. Bu üstünlük Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi güclü iqtisadi-hərbi siyasətin nəticəsidir. “Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın  bu günü və gələcəyi haqqında düşünməlisən”. Ulu Öndərin bu tezisi bu gün hər bir azərbaycanlının həyat amalına çevrilib.

Ulu Öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq Prezident İlham Əliyev bildirir: “Gənc respublikamızın inkişafı yolunda əsas maneə olan Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimayyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadaki proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativadekvat addımlar atmalıdırlar”.

Azərbaycan öz Prezidentinin rəhbərliyi altında 2010-cu ili böyük uğurlarla başa vurdu. İqtisadiyyatın dinamik inkişafı, xalqın həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin beynəlxalq nüfuzunun artması, milli-mənəvi və demokratik dəyərlərimizə ehtiramın güclənməsi, xarici diplomatiyamızın uğurları, qeyri-neft sektorunun yeni inkişaf mərhələsinə qaldırılması, regionlarda yeni sənaye müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin istifadəyə verilməsi, böyük həcmdə tikinti-quruculuq işlərinin görülməsi, idmançılarımızın beynəlxalq yarışlardan medallarla qayıtması, sadalamağa ehtiyac duymadığımız digər çoxsaylı işlərin görülməsi 2010-cu ildə qazanılmış nailiyyətlərin heçtam siyahısı deyil. Bu nailiyyətlər Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğısının parlaq nəticəsidir.

Bu il Azərbaycan xalqı cənab  İlham Əliyevin Sərəncamı ilə çox möhtəşəm bir tarixi və yüksək nailiyyətini, yəni müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcək. Həmin tarix Azərbaycan xalqının yaddaşından silinməz izlər buraxacaq. Nə xoşbəxt bizlərə ki, bu qürur və fəxarət hissini keçirmək, azad, müstəqil və sivil bir dövlətin vətəndaşı olmaq gerçəkliyi nəsib olub. Bu gün hər kəsin dilində Ulu Öndərin qızıl hərflərlə yazılan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM! “ kəlamı səslənir.

 

Azərbaycan - mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər!!!

 

 

Həsənov Valid İlham oğlu

 

Səs.- 2011.- 14 sentyabr.- S.8.