Arazbarı

 

Mənim dərdlərimə qoşulub yenə,

Dünyanın minlərlə durna qatarı.

 

Hər bir fərdin baxış tərzinin müxtəlifliyi, yaradıcılıq təxəyyülünün şaxəliliyi, eləcə də, onun qələminin kağız üzərinə köçürdüyü fikirlər bu və ya digər reallıqların orijinal bir şəkildə təqdiminə səbəb olur. Yaradıcılıq qüvvəsinin potensialını sırf bir istiqamətə - sevgi ilə yoğrulmuş fikir dünyasına sərf edən sənətkarlar həyat hadisələrinin ümumi rəngində, ahəngində özünəməxsus nümunələrin müəllifinə çevrilirlər. Poeziya aləmində müxtəlif səpkidə və məzmunda yazıb-yaradan yaradıcı şəxslər bir amal, məqsəd yolunda daim çalışır və həyatın ümumi axarında idealcasına qəbul etdikləri lövhələrin bədiiləşmiş obrazında təqdim edirlər. Çağdaş poeziyamızda özünəməxsus üslubda yaradıcılıq yolunda olan, sözdən ehtiyatla istifadə edib və öz məqsədlərini nəzmə çəkdiyi misralara həkk edən, sevilən və seçilən şairlərdən olan filologiya elmlər namizədi, jurnalist-alim Sona Vəliyeva ovqatlı şeirləri ilə oxucuların qəlb evinə körpü sala bilmişdir. Onun poeziyası çoxlarının diqqətində olan nümunədir. Bu poeziyada fikrin ifadə tərzinin yeni bir formasına təsadüf edirik. Vətən, Azərbaycan, torpaq, ana, sevgi, övlad məhəbbəti və insani hisslərin müxtəlif formada təzahürü ana xətt olaraq onun poeziyasında davam edir. Qeyd olunan məhfumlar Azərbaycan klassik və çağdaş poeziyası üçün ənənəvi olan mövzulardır. Bu baxımdan Sona xanımın fikirlərinin ifadəsindəki novatorluq onun poeziyasını oxunaqlı və cəlbedici etmişdir. Artıq imzasını Azərbaycan poeziyasına həkk edən Sona xanım “Çəhrayi rəngli dünyam” şeirlər kitabı ilə özünəməxsusluğunu təsdiqləmiş söz sahibidir. Eyni zamanda, o, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir. Onun “Azərbaycançılıq, milli ideologiya və ədəbi estetik təlim kimi”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” elmi-publisist əsərləri işıq üzü görmüşdür.

Şair ədəbi tənqid və digər bədii yaradıcılıq sahəsində, mütəmadi olaraq, məqalələrini oxucuların ixtiyarına verir.  Bu günlərdə isə şairənin “Arazbarı” kitabı “Qanun” nəşriyyatında çapdan çıxmışdır. Bu nəşr şairənin yaradıcılıq duyğularını nəzm şəklində bölüşdüyü sayca ikinci nümunədir. Kitabda Sona xanımın vətənə olan sevgisi, vətəndaşlıq mövqeyi, Azərbaycançılıq meyilləri qabarıq bir şəkildə öz ifadəsini tapıb. Kitaba ön söz yazan xalq şairi Sabir Rüstəmxanlı “Ana ruhunun işığında” məqaləsində Sona xanımın şeirlərini səciyyələndirərək, onu müxtəlif aspektdən işıqlandırıb ifadə etdiyi misralardakı məna və dərinliklərinə varır. Bu axtarışda şeirlərinin ifadə etdiyi dəyərləri üzə çıxarıb: “Bu kitabda analarımızda, bacılarımızda gördüyümüz bir Azərbaycan qadınının, Azərbaycan anasının parlaq obrazı var”. Bu obraz çox qapalı məqamları bizlərə təqdim edir. Sabir Rüstəmxanlı qeyd edir ki, “Şuşaya bayraq taxan” qardaş axtaran müəllif şəhid balalarını görəndə içi göynəyir. Bu göynərti ilə yaşasa da mübarizə aparmaq, düşmənə qalibiyyətini elan etmək onun daxili dünyasının tələbatıdır. 

Kitaba daxil olan “Vətən deyib yola varan”, “Ruhum yollar ayrıcında”, “Ay Qaragiləm”, “Mən Tanrının yol adamı” başlıqlı bölmələrində şairənin iç dünyasının rəng və çalarları məxsusi bir şəkildə nəzmə çəkilmişdir. Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsini dinləyən müəllif “Yol başlayıb gedən karvan” şeirində çox böyük həssaslıqla qələmə aldığı misralarda həyatın, təbiətin bir lövhəsi ilə oxucunu üz-üzə qoyur. Bu, onun özünəməxsus sənətkarlıq xüsusiyyətini səciyyələndirən bir cəhətdir. Həyat fəlsəfəsi, ölüm və zaman anlayışları bədiləşdirilmiş bir şəkildə şair qəlbinin diqtəsi tək kağız üzərinə hopur:

 

Vətəndə vətənə varaq,

Yolu yarı, yolda qoyaq.

Haqqa üz tutub danmayaq,

Çıxaq döyüşdən qəhrəman,

Yol başlayır gedən karvan.

 

Sona xanım vətən sevgisinin ən ali sevgi kimi içində yaşadıb təzadlı dünyanın təlatümünü, onun burulğanını həyat hadisələrinin axarında özünü büruzə verdiyini göstərərək, real dünyanın insana gətirdiyi yükün çəkisini zəif çiynində gəzdirir.

 

Dünya bir pəncərədi, Allah, izin ver mənə,

Görüm nəyim qalıbdı, divarın o üzündə,

Keçim uzaq yolları gecə-gündüz bilmədən,

Görüm nəyi qalıbdır ömrün ömür olmağa,

Bir az da möhlət ver, Allah, dünyanı tanımağa.

 

Şairənin “Əshabi-Kəhf” dastanı da öz məzmunu etibarı ilə seçilən bir nümunədir. Daş tarixə, daş dastana üz tutan şairə yerindəcə daş olub qaldığını ifadə edir. Sükut əlifbası ilə daş tarixi yaradanların fikirlərinin elə sükut içində ifadə etməsini xitab edən Sona xanım yerin, göyün, elin ağladığı, acı göz yaşları axıtdığı bir zamanda daş olmaq əlacdırmı deyərək, dərd ilə yüklənmiş iç dünyasının simlərinin titrək ifadəsini şeir dili ilə oxucusuna təqdim edir. Dərdin dözülməz, çəkilməz olduğunu ifadə edərkən daş ərənə, daş pirə ona əlac etməyi, çarə göndərməyə xitab edir.

“Əsir torpaq”, “Ağlama şəhid balası” və s. şeirlərində Sona xanımın vətən sevgisi, torpaq həsrəti özünü poetik boyaların vəhdətində göstərir. Kitaba daxil olan şeirlər sırasında şairənin iç dünyasının məxsusi hisslərinin qabarıq şəkildə ifadəsinə də rast gəlirik. Sona xanım gizli dünyasının giley və güzarını, arzu və istəklərini, sevgi və məhəbbətinin timsalında araya gəlmiş tale yükünü müxtəlif formada ifadəsi tək kağız üzərinə köçürmüşdür. Belə ki, şairənin “Adi qayğılardan bezmişəm daha”, “Dünya gözlərimdə çəhrayı rəngdə”, “Kimsə yoxdur ağı desin bu kəndə”, “Bu nə yolçuluqdur, ilahi”, “Kəsilən məktublar”, “Dərd” və s. şeirləri şair hisslərinin emosional bir şəklinin ifadəsidir. “Bir ana köçünə çatmamışam mən” şeirində müəllifin hər misrasında sanki onun yaşantılarının izinə düşürük:

 

Yuxuda hər gecə yol başlayıram,

Ana itkisinə inamım olmaz.

Darvaza önündə haray çəkirəm,

Eyhey, bu evin ərköyün uşağı gəlib.

Ana balasını qapıda qoymaz.

 

Sona xanımın şeir dünyasının çələngində onun daxili dünyasının cizgiləri ilə tanış oluruq. Bu cizgilər şair qəlbinin daxili dünyasından zahiri görkəminin yaranmasına səbəb olub. Bu iz saldığı çığırlarla istər-istəməz isti qəlbli, kövrək, qəlbində dünya boyda bir yük gəzdirən bir şairlə - Sona Vəliyeva ilə tanış oluruq.

Yeni kitabları ilə poeziyasevərlərinə isti nəfəs, kövrək notlar gətirən Sona xanıma sənət yolunda uğurların daimi onu müşayiət etməsini arzulayırıq.

 

 

Zümrüd

 

Səs.- 2011.- 14 sentyabr.- S. 6.