Hüquqi
dövlətin hakimiyyət bölgüsü
prinsipi
Hakimiyyətin bölgüsü
ideyası öz ilkin
köklərini antik dövrün
fəlsəfəsində tapmışdır. Hələ Aristotel hakimiyyət bölgüsü
prinsipinə toxunaraq, siyasi
quruluşda üç
hissəni: qanunvericilik, inzibati
və məhkəmə hakimiyyətini fərqləndirir. Aristotel belə hesab edirdi ki, “demokratiyada
bütün vətəndaşlar dövlətin
bütün işlərində
istisnasız olaraq iştirak
edirlər. Vətəndaş hərbi xidmətdə olur və Allaha qulluq edir”. Aristotelin
düzgün siyasi quruluş forması hesab etdiyi politiya qədim
dünyanın hüquqi dövlət
forması idi. Politiya-respublika
əksəriyyətin hakimiyyətidir. Onun
fikrincə, “respublika cəmiyyəti təbiətən
hərbçi olan, qanuna
əsaslanan, hakimiyyətə tabe olan, ləyaqətli, hökumət vəzifələrini
yerinə yetirməyə qabil insanlardan ibarətdir. O, əksəriyyəti azlıqdan yaxşı hesab edirdi. Böyük
mütəfəkkir demokratiyanı iki yerə
bölürdü: “qanuna
əsaslanan demokratiya və kütlənin
ali hakimiyyətinə əsaslanan demokratiya”.
Aristotel hüquqi dövlətin əsas əlaməti olan qanunun
şahlığını, Allahın və ağılın
hökmranlığını istəyirdi, qanuna
tarazlaşmış ağıl kimi
baxırdı, hüquq və dövlətin
daxili əlaqəsinin zəruriliyini
göstərirdi. Qədim yunan filosofu qeyd edirdi
ki, ədalətin meyarı olan hüquq siyasi həyatın nizamlayıcı
normasıdır.
XVIII əsrdə Avropa maarifçilərinin əsərlərində,
eləcə də, 1789-cu ildə Fransa Milli Məclisi tərəfindən qəbul olunmuş “İnsan hüquq və azadlıqları”nın Bəyannaməsində
öz əksini tapmışdır. Ş.Monteskyö demokratik
idarəetmə və həqiqi azadlığın bərqərar
olması üçün hakimiyyət bölgüsünün zəruriliyini irəli
sürürdü: “Siyasi
azadlıq yalnız o yerdə aşkar edilə bilər ki,
orada hakimiyyətdən sui-istifadə
halları baş verməsin... Qanunverici və icra hakimiyyətləri
eyni bir orqanda birləşdikdə, azadlıqdan
söhbət gedə bilməz... Digər tərəfdən, məhkəmə
hakimiyyəti qanunverici və icra hakimiyyətlərində ayrı
olmadıqda azadlıq qeyri-mümkündür”.
Hakimiyyət bölgüsü
prinsipinin əleyhinə çıxaraq Russo “ali hakimiyyət”
ideyasını irəli sürmüşdür.
Hüquqi dövlət hakimiyyət bölgüsü
sayəsində formalaşmış daimi normalar və qaydalar kompleksi ilə məhdudlaşdırılır,
hakimiyyətin qanunverici, icra
və məhkəmə hakimiyyətlərinə bölünməsi
və hər üç təsisat öz funksiyalarını həyata keçirməklə
bir-birini qoruyub
saxlayır, təkmilləşdirir, demokratiyanın
pozulmasının və hakimiyyətdən sui-istifadənin
qarşısını alır. Ədalətli və azad seçki vasitəsilə
vətəndaşlar hər üç
hakimiyyət qoluna nəzarət etmək hüququ əldə edirlər. Hər üç hakimiyyət təsisatı və vətəndaşlar
birlikdə qanuna tabe olur, ölkədə qanunun
aliliyi gerçəkləşir. Bununla da hüquqi dövlət insan azadlıq və hüquqlarını təmin
etmək və qorumaqla yanaşı,
dövlət hakimiyyətini də möhkəmləndirir, qanunun köməyilə vətəndaş cəmiyyətinin
təsisatlarının, prinsip və dəyərlərinin
səmərəli fəaliyyəti üçün
şərait də yaradır.
Bəziləri dövlət
hakimiyyətinin bölgüsünü cəmiyyətdəki
mövcud maraqlar plüralizmi ilə əlaqələndirirlər.
Milli-dövlət maraqlarının
formalaşması və reallaşması üçün
bir-birindən asılı olmadan paralel fəaliyyət göstərən təsisatların
zəruriliyi mütləqdir. Ş.Əliyev demokratik
cəmiyyətdə hakimiyyət bölgüsünü
hakimiyyətin vahid mərkəzdən həyata
keçməsinin mümkün olmaması
ilə izah edir. O, cəmiyyətdə
sosial qrup və təbəqələrin
müxtəlif dövlət strukturları vasitəsilə
razılaşdırıla və həyata keçirilə bilən
ümumi və spesifik
xüsusiyyətlərdən də bəhs edərək
yazır: “Hakimiyyət bölgüsü prinsipi konstitusion mənada
özündə aşağıdakıları əks etdirir: 1) ayrı-ayrı dövlət
orqanlarının bir-birindən nisbi
asılı olmaması; 2) hər bir
dövlət orqanının ona müəyyən
fəaliyyət sahəsi ayırmaq, bir orqana digər orqan
qarşısında durmaq imkanının
verilməsi yolu
ilə hakimiyyətinin məhdudlaşdırılması”.
Fəlsəfi ədəbiyyatda bu prinsipə müxtəlif cür
yanaşılır. Hətta bəziləri hakimiyyətin
bölünməsi əvəzinə müstəqil dövlət
hakimiyyəti orqanları arasında funksiyaların
bölgüsündən danışmağı daha düzgün hesab edirlər. Hakimiyyətin
bölünməsindən gedir və
hakimiyyətin bölünməsi təlimi cəmiyyətdəki
ədalətsizliklərin, özbaşınalıqların,
hakimiyyətdən sui-istifadə hallarının
qarşısının alınması, kütləvi, hüquqi, demokratik hakimiyyətin
təşkili məqsədilə işlənib
hazırlanmışdır. Hakimiyyətin bölgüsü hakimiyyətin müxtəlif qolları arasında
ədalətin bərpasını təmin etmək məqsədilə
irəli sürülmüş, qanunsuzluğun qarşısının
alınmasını, qanunun aliliyini təmin edir. Bu isə məhz
hakimiyyətin bölünməsini həm üfüqi
(qanunvericilik, icra, məhkəmə
hakimiyyətlərinin bölünməsi və
qarşılıqlı nəzarətin təmin edilməsi), həm
də şaquli (təşkilati, hüquqi və iqtisadi
baxımdan və yerli hakimiyyət
orqanlarının səlahiyyətlərinin bölünməsi, axırıncıların
müstəqilliyinin təmin edilməsi) istiqamətlərdə
həyata keçirilməsini təmin edir.
Hakimiyyətin bütövlüyü
və hakimiyyət bölgüsü
haqqında problem öz
aktuallığını qorumuşdur.
Hakimiyyət bölgüsü hüquqi dövlətin əsas prinsipial şərtlərindən biri olmaqla, hər cür siyasi və qeyri-siyasi hakimiyyətin əsas fəaliyyət
mexanizmidir. Təbii hüquq
nəzəriyyələrinin meydana
çıxması ilə əlaqədar olaraq
hakimiyyətlərin bölünməsi ideyası da xeyli inkişaf
etdirilmiş, mükəmməl hüquqi-siyasi təlim kimi
formalaşmışdır. Politoloqlar idarəetmə və tabeçilik
münasibətlərini nizamlamağa xidmət
edən könüllülük əsasında
müəyyən edilmiş hüquqi normaların hamılıqla
tanınmasına əsaslanan ən inkişaf
etmiş forması konstitusiyalı dövləti dövlət idarəçiliyinin ən
demokratik forması hesab
edirlər.
Müasir elmi nəzəriyyələrdə
və praktikada
hakimiyyət bölgüsünün
ən müxtəlif formalarına təsadüf edilir. Bir sıra ölkələri
konstitusiya doktrinası dördüncü
hakimiyyətin mövcud olmasından
çıxış edir: dördüncü
hakimiyyət seçki hakimiyyəti elan edilir. Bəzən ictimai rəyi formalaşdıran mətbuatı
da “dördüncü
hakimiyyət” adlandırırlar. Lakin onu qeyd etmək
lazımdır ki, mətbuat dövlətin
idarə olunmasında iştirak etmir.
Nadir hallarda olsa da,
qanunvericilikdə beşinci hakimiyyət -
dövlət nəzarət hakimiyyəti haqqında da danışılır. Bəzən də
elə hallar olur ki, yalnız iki hakimiyyət
orqanı olur: qanunverici
və icraedici. Məhkəmə hakimiyyəti
isə müstəqil olmur. Bunu onunla əsaslandırırlar
ki, məhkəmələr qanunverici hakimiyyət tərəfindən qəbul
edilən qanunlar əsasında fəaliyyət
göstərir. Ona görə də məhkəmə
orqanları-icraedici hakimiyyətə daxildir.
Müstəqil məhkəmə hakimiyyətindən
danışmağın isə mənası yoxdur.
Lakin dövlətin mahiyyətcə
müxtəlif olan bir
neçə hakimiyyəti ola bilməz.
Dövlət suverenliyi və konstitusiya bunu istisna edir. Hakimiyyət
qollarının ayrılmasının zəruriliyi şəraitində
mahiyyətcə müxtəlif hakimiyyətlərin - siyasi və dövlət hakimiyyətinin
bir-birinə qovuşması baş vermişdir. Hakimiyyət
budaqlarının ayrılmasının zəruriliyi şəraitində
dövlət hakimiyyətinin vahidliyi, bəzi
ünsürlərin bir-birinə qovuşmasını,
onların qarşılıqlı təsirini,
qarşılıqlı asılılığını və
qarşılıqlı nüfuz etməsini
doğurur.
Hakimiyyət bölgüsü
konsepsiyası hüquqi dövlətin idarə
olunmasında demokratiyaya xidmət etmək
məqsədi üçün həyata keçirilir. Hakimiyyətin bütövlüyü
prinsipi isə hələ qədim
dövrlərdə Misirdə fironlar tərəfindən
elan olunmuşdu. Orta əsrlərdə isə bu
prinsip mütləq monarxiyalar
şəklində təzahür edirdi. XX əsrdə
hakimiyyətin bütövlüyünə misal
olaraq faşist rejimlərini
göstərmək olar. Digər avtoritar və totalitar
rejimlər hakimiyyətin bütövlüyü
prinsipindən irəli gəlirdi.
Hakimiyyətin bölünməsi
prinsipi ABŞ Konstitusiyasında da öz əksini
tapmışdır. “Konstitusiya,
əslində, ştatlarla federal
hökumət arasında və federal
hökumətin şaxələri arasında səlahiyyət
və imtiyazların bölgüsünü
təsis edir, federal
hökumətin əsas şaxələri olan
icra, qanunvericilik və
məhkəmə hakimiyyəti orqanları əsas quruluşu Konstitusiyada ifadə
olunmuşdur (13, 45). Konstitusiyada
hakimiyyət bölgüsü belə
göstərilib: qanunvericilik hakimiyyəti
Konqres (Senat, Palata); İcra hakimiyyəti
- Prezident (Prezident İcra İdarəsi) Prezident
müavini; Məhkəmə hakimiyyəti
- Ali Məhkəmə (digər məhkəmələr).
Hakimiyyətin bölünməsi
prinsipi xalq suverenliyinin gerçəkləşməsinə
xidmət edir. Bunun üçün ABŞ Konstitusiyasında
“çəkindirmə və qarşısınıalma”
mexanizmindən istifadə edilir. Bu prinsip hakimiyyətin üç qola
bölünməsində və xalq suverenliyinin gerçəkləşməsində
həlledici rol oynayır.
Hakimiyyətin bölünməsi
prinsipi Azərbaycan Respublikası
Konstitusiyasında qanunvericilik yolu ilə təsbit edilmişdir.
Burada göstərilir ki, Azərbaycan Respublikasında
dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipi əsasında təşkil edilir: Qanunvericilik hakimiyyətini
Milli Məclisi; İcra
hakimiyyəti Prezidenti; Məhkəmə
hakimiyyəti məhkəmələr həyata keçirir.
Bu Konstitusiyanın müddəalarına əsasən,
qanunvericilik icra və
məhkəmə hakimiyyətləri qarşılıqlı
fəaliyyət göstərir və səlahiyyətləri
çərçivəsində müstəqildirlər.
Hüquqi dövlət
quruculuğu yoluna qədəm
qoymuş Azərbaycanda qanunların aliliyi hakimiyyətin bölünməsi prinsipinin qeyd-şərtsiz həyata
keçirilməsi yolu ilə təmin edilir. Hüquqi dövlətin
qanunun aliliyinin təmin
edilməsi və hakimiyyət bölgüsü
kimi keyfiyyət əlamətləri
qarşılıqlı əlaqədə olub
bir-birilə sıx bağlıdır.
Müstəqilliyinin 20 illiyi ərəfəsində olan
Azərbaycan Respublikası hakimiyyət bölgüsü
prinsipinin reallaşması sahəsində
xeyli uğurlar əldə
etmişdir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 20 sentyabr.- S. 13.