Müstəqilliyin
20 yaşını qeyd edən Müasir Azərbaycan
Ana Vətənimiz Azərbaycan
bu il dövlət müstəqilliyinin əldə
olunmasının 20 - ci ildönümünü qeyd edir. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 21.01.2011-ci il tarixli Sərəncamı
ilə müstəqilliyimizin bərpasının 20 illiyi
dövlət səviyyəsində müxtəlif tədbirlərlə
təntənəli şəkildə qeyd olunacaq. Azərbaycanın
çətin sınaq dövrü yaşayaraq
xalqımızın qanı və canı, minlərlə
şəhidləri bahasına əldə etdiyi, özünə
ən böyük sərvət və nemət
saydığı müstəqilliyinin yaranma tarixinə və
sonrakı qazandığı uğurlara qısaca nəzər
yetirək:
1991-ci il avqustun 30-da Azərbaycan
Ali sovetində İstiqlaliyyət haqda bəyannamə qəbul
olundu. 1991-ci il oktyabrın 18-də isə qəbul olunmuş
“Azərbaycan Respublikasının Müstəqilliyi haqqında
Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin
varisi olduğunu bəyan edən Azərbaycan, öz dövlət
müstəqilliyini və suverenliyini beynəlxalq aləmə
bildirib. Bu andan ölkəmiz
istiqlal bir ölkədir. Həmin gün tariximizə dövlət
müstəqilliyinin bərpası günü kimi daxil olub. Azərbaycan
Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət
atributları kimi qəbul edildi. Azərbaycan Demokratik
Respublikasının süqutundan 71 il sonra dövlətimiz
Sovet hakimiyyətindən qurtularaq öz müstəqilliyinə
qovuşdu. Azərbaycan Respublikasının Prezidentinin 15
Oktyabr 1994-cü il tarixili fərmanı ilə isə 18 Oktyabr
hər il Müstəqillik günü kimi hər il qeyd edilir.
Həmin vaxtlarda Azərbaycanın
müstəqilliyini qorumaq, əvvəlki 1991-1992 ci illərdəki
iqtidarın yarıtmaz idarəçiliyi nəticəsində
dağılmış infrastrukturumuzu və
iqtisadiyyatımızı, eyni zamanda mənəvi və maddi cəhətdən
sarsılmış insanlarımızın normal həyat səviyyəsini
bərpa etmək nə qədər məsuliyyətli, çətin
və ağır bir yük idi. Hər bir insanın həyatında
çətin anlar olduğu kimi, dövlətlərin və
xalqların da tarixində ağır günlər olur. Bu
yükü çiyninə götürmək və
işıqlı gələcəyə aparmaq
üçün Allah bu xalqlara böyük şəxsiyyətlər
qismət edir. Ölkəmiz,
insanlarımız çox çətin günlər
yaşayarkən Heydər Əliyev xalqın müdrik tələbi
ilə 1993-cü ildə yenidən hakimiyyətə
qayıtdı. Ölkəmiz başının
üstünü almış qara buludlardan, təhlükələrdən
xilas oldu. Nailiyyətlərimizin təməl daşı məhz
bu vaxtdan qoyuldu. Heydər Əliyev müstəqil Azərbaycanı
siyasi fırtınaların cəngindən alıb, onun strateji
mövqelərini bərpa etdi. Ona sabit ölkə imici
qazandırdı.
O andan başlayan böyük
uğurlardan biri də ölkədə yaranmış mürəkkəb
ictimai-siyasi şəraitdə xalqımızı birləşdirmək
və müstəqilliyimizi möhkəmləndirmək,
demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların
firəvan həyatının təmin edilməsi məqsədilə
H.Əliyevin Yeni Azərbaycan Partiyasını yaratmağı
və 1992-ci ildə partiyanın rəsmi fəaliyyətə
başlaması oldu. Bu hadisə Azərbaycan cəmiyyətində
böyük sevinclə, maraqla qarşılandı.
Azərbaycanın xoşbəxt
gələcəyi üçün böyük ümidlərlə,
arzularla yaşayan Ulu öndər Heydər Əliyev qısa
vaxtda böyük uzaqgörənliklə dünyanın enerji
tələbatının günbəgün
artdığını görür, neft diplomatiyası
dövrünün başlandığını və bu
diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi
dividendi yaxşı duyaraq Yeni neft strategiyasını
hazırladı. Bunun uğurlu nəticəsi olaraq 1994-cü
ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə
ölkəmizin inkişafının əsası qoyuldu. Xəzər
dənizində yeni yataqlar aşkar olunmaqla və yeni
infrastruktur yaradılmaqla neft-qaz hasilatı
artırıldı. Azərbaycan Xəzər dənizinin nəhəng
enerji potensialını ilk mənimsəyən və regionun
inkişafında keyfiyyətcə yeni iqtisadi modeli
formalaşdıran, Avropa və Asiya arasında siyasi və
ticarət əlaqələrinin genişləndirilməsində,
Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə,
dünyanın neft mərkəzlərindən birinə
çevrildi. Dünya ictimaiyyətinin böyük
marağına səbəb olan və əfsanə hesab edilən
nəhəng neft-qaz boru kəmərləri tikildi və
istismara verildi.Ölkəmiz neft-qaz ixrac edən ölkələr
sırasına qatıldı. Azərbaycan əzmkarlıq
nümayiş etdirərək enerji təhlükəsizliyi
baxımından etibarlı tərəfdaş və sabit
ölkə kimi özünü dünya birliyinə təqdim
edə bildi. Ölkəmizə böyük həcmdə
investisiya axını başladı. Qısa müddətdə
müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni
sahələrdə böyük nailiyyətlər qazanmağa
başladı.
Bu 20 ildə Azərbaycanda demək
olar ki, hər gün müsbət dəyişiklik nəzərə
çarpıb. Sovet dövründən qalan parklar və
xiyabanlar, mədəniyyət mərkəzləri, təhsil
müəssisələri və səhiyyə obyektləri, qaz
və su kanalizasiya, nəqliyyat infrstrukturu insanların istifadəsi
üçün yararsız halda idi. Əmək haqqları və
pensiyalar, insanların sosial təminatı yetərli səviyyədə
deyildi.1993-ci ildən sonra isə ölkəmizdə iqtisadi
durum get-gedə daha yaxşılaşdı, bütün bu
çatışmamazlıqlar yavaş-yavaş həllini
tapmağa, istehsalat və sənaye müəssisələri
yenidən qurulmağa başladı.
Müstəqil Azərbaycanın
həyatında başqa bir əlamətdar hadisə isə
1994-cü ilin əvvəlində milli valyutamız manatdan
ölkədə yeganə ödəniş vasitəsi kimi
istifadə olunması olmuşdur.
Bu gün ölkəmizdəki məktəblərin
yeni müasir tələblərə
uyğunlaşdırılması, kompüterləşdirilməsi
istiqamətində layihələr həyata keçirilir.
Dövlətimiz gənclərimizi dünyanın ən
nüfuzlu ali məktəblərində təhsil alması
üçün xaricə göndərir. Bununla yanaşı
gənclərin idmanla məşğul olması
üçün hər şərait var. Bu sahəyə
xüsusi qayğı göstərilir və Azərbaycanın
hər yerində idman kompleksləri tikilib gənclərin
istifadəsinə verilib. Bunun nəticəsi olaraq cəmiyyətimizdə
sağlam gənclər yetişir, ölkədaxili və beynəlxalq
yarışlarda idmançılarımız böyük nəticələr
əldə edir və bayrağımızı yüksəklərə
qaldırır.Bu da Azərbaycanın 20 ildə keçdiyi
inkişaf yolunun gözəl nəticələridir.
12 dekabr 2003-cü ildə Azərbaycan
xalqı ağır itki ilə üzləşdi. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev 83
yaşında dünyasını dəyişdi. Azərbaycan
xalqı öz dövlətçiliyini Heydər Əliyev
ideyalarının sadiq davamçısı olan İlham Əliyevə
həvalə etdi. 2003-cü il 15 oktyabrda 76% səs
çoxluğu ilə Azərbaycanın Prezidenti seçilən
İlham Əliyev 2003-cü il oktyabrın 31-də vəzifəsinin
icrasına başladı.Azərbaycan yenidən etibarlı əllərdə
idi. Heydər Əliyevin başladığı siyasi kurs
İlham Əliyev tərəfindən yenidən uğurla icra
olunmağa başladı. İham Əliyev Azərbaycanı
inkişaf etmiş ölkəyə çevirməyi
qarşısına məqsəd qoydu.
Təəssüflər olsun
ki, uğurlarımız ilə
yanaşı Dağlıq Qarabağ kimi bir problemimiz də
var. 1 milyondan artıq vətəndaşımız
qaçqınlıq həyatı
yaşayır.Torpaqlarımızın 20%-i düşmən
tapdağı altındadır.Artıq uzun illərdir ki, bu
problem öz həllini tapmayıb.1994-cü ildə atəşkəsə
nail olunduqdan sonra Azərbaycan çox böyük inkişaf
yolu keçib. Xalqımız inanır ki, yaxın zamanlarda bu
problem də öz həllini tapacaq. Dövlətimiz beynəlxalq
hüquqa söykənərək və humanizm nümayiş
etdirərək hələki sülh variantının üzərində
dayanıb.Prezidentimiz “Bizim də səbrimiz tükənməz
deyil” fikrini bəyan edərək, sülh yolu ilə
mümkün olmasa, hərb yolu ilə torpaqlarımızın
alınacağını bildirib.Buna isə ordumuzun gücü
imkan verir.Ali Baş Komandanımızın döyüş əmrini
gözləyən ordumuz və xalqımız
torpaqlarımızın bütövlüyü naminə
canından da keçməyə hazırdır.Yeri gəlmişkən
bildirim ki, Azərbaycan Milli Ordusu Cənubi Qafqazda ən
güclü, peşəkar hazırlıqlı, NATO
standartlarına uyğun ordudur və işğal altında
olan torpaqlarımızı hər zaman azad etməyə
qadirdir. Azərbaycanın hərbi büdcəsi ildən ilə
artır. 2011-ci ilin dövlət büdcəsində bu məbləğin
2,4 milyard manat olması və qarşıda bu məbləğin
Ermənistanın dövlət büdcəsindən artiq
olacağı nəzərdə tutulmuşdur. Ermənistanın
qeyri-konstruktiv mövqeyinə cavab olaraq ölkəmiz hərbi
qüdrətini artırmaq istiqamətində növbəti
addımlarını atır.Bu məqsədlə
yaranmış Müdafiə Sənayesi Nazirliyi ən
müasir texnologiyalar tətbiq etməklə, Azərbaycan
Silahlı Qüvvələrinin tələbatına uyğun
silah və sursatlar istehsal edir, eyni zamanda silah ixracı
potensialını gücləndirir. Bunu da müsəqilliyimizin
uğuru kimi göstərmək lazımdır.
Qeyd edim ki, 2008-ci ildə
dünyada hökm sürən qlobal maliyyə böhranına
baxmayaraq, aparılan uğurlu iqtisadi siyasətin nəticəsi
olaraq Azərbaycan bu sınaqdan üzü ağ
çıxdı və dinamik inkişafını davam etdirə
bildi.Bu da tarixə düşən uğurlu bir izdir.
2009-2013-cü illər
üçün nəzərdə tutulmuş “Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası ölkə iqtisadiyyatının inkişafında
mühüm əhəmiyyət kəsb edərək,
makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin
genişlənməsində, yeni müəssisələrin və
iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin
səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq
həddinin aşağı düşməsində və əhalinin
rifah halının yaxşılaşdırılmasında
müstəsna rol oynamaqdadır. Ölkəmizin paytaxtı, eləcə
də regionlarımız tanınmaz dərəcədə dəyişib
və müasirləşib.
Azərbaycan tarixində ən dəyərli
amillərdən biri də müstəqilliyimizin ilk illərində
Heydər Əliyev Fondunun yaradılması oldu.Fond
yarandığı vaxtdan Azərbaycanın müxtəlif sahələrini
əhatə edən genişmiqyaslı layihələr həyata
keçirir.Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
uğurlu fəaliyyəti
dövlətimizə və onun siyasətinə böyük
töhvələr verir.
Son 20 ildə ölkəmiz
demokratik inkişaf baxımından da böyük yol
keçib. Növbəti irəliyə atılmış
addımların biri də Ulu öndər Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə
Konstitusiyamızın hazırlanması və 1995-ci ildə qəbul
olunması oldu. Burada ana dilimiz,
xalqımızın, dövlətimizin adını
daşıyan Azərbaycan adı burada əbədiləşdirildi.
Azərbaycanda insan hüquq və azadlıqlarının
qorunması, təmin olunması və demokratik prinsiplərin bərqərar
olmasında yeni mərhələ açıldı. 1998-ci ildə
Şərqdə ilk dəfə olaraq Azərbaycanda
ölüm hökmü ləğv olundu. Bu gün Azərbaycan
vətəndaşının hər bir hüququ Konstitusiya ilə
qorunur. Ölkəmizdə azad söz, vicdan azadlığı,
seçki hüququ mövcuddur. İnsanların ictimai-siyasi
prosesdə fəal iştirakı üçün münbit zəmin
yaradılıb. Bu da Azərbaycanda sivil siyasi münasibətlərin
inkişafına öz töhfəsini verir. Məhz
bütün bu uğurlar xalqın öz liderinə
inamını daha da artırdı və bunun nəticəsi
olaraq, xalqın mütləq əksəriyyətinin
etibarını qazanan və ölkədə demokratik islahatlar
aparılmasında, hüquqi dövlət quruculuğunda, Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsində
uğurlu xidmətlər göstərən İlham Əliyev
növbəti dəfə 2008-ci ildə Azərbaycan
Respublikasının prezidenti seçildi. Hal-hazırda bu ali vəzifəni
şərəf və ləyaqətlə icra edir.
Azərbaycanın müstəqillik
və inkişaf yolu həddindən artıq keşməkeşlidir.Bu
ötən 20 ilə nəzər salanda görürük ki,
dövlətin xalqla sıx birliyi və xalqın hakimiyyətə,onun
siyasətinə böyük inamı nəticəsində Azərbaycan
müstəqilliyini göz bəbəyi kimi qorudu və
böyük nailiyyətlər əldə etdi. Müstəqil
dövlətimizin qədrini bilmək, onu qorumaq,
inkişafına əlimizdən gələn köməyi
göstərmək isə hər birimizin müqəddəs
borcudur.
Pezident İlham Əliyev
Dünya Azərbaycanlılarının III Qurultayında
çıxışı zamanı, bu gün Azərbaycanın
dinamik inkişaf edən, öz ehtiyaclarını özü
ödəyən müasir bir ölkə olduğunu və Azərbaycan
iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 75
faizini təşkil etdiyini deyib. Bu doğrudan da böyük
göstəricidir. Bu gün müasir Azərbaycan bu möhkəm
təməl üzərində uğurla inkişaf edir. Azərbaycan
bu gün Heydər Əliyev yolu və ilə gedir, bu siyasəti
və ənənəni yaşadır və sadiq qalır.
Ötən 20 il ərzində
böyük inkişaf yolu keçən Azərbaycan gələcəkdə
daha güclü və qüdrətli dövlətə
çevriləcək. Çünki hazırda həyata
keçirilən siyasət bu fikri əminliklə söyləməyə
əsas verir. Bütün bunların sayəsində
respubilikamızda həyat dəyişir, insanların rifah halı
yaxşılaşır, yeni-yeni sosial layihələr həyata
keçirilir, paytaxda, bölgələrdə
genişmiqyaslı tikinti-abadlıq işləri
aparılır. Yeni tikilən göydələnlər, nəhəng
körpülər, rahat yollar müstəqil Azərbaycanın
getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.
İnsanlarımız müstəqil Azərbaycanın vətəndaşı
olmaqdan qürur duyur, fəxarət hissi keçirir və bunun
xoşbəxtliyini yaşayır. Mən sevinirəm. Ona
görə ki, dünyanın ən qabaqcıl qanunları ilə
səsləşən ədalətli qanunlarım,
güclü dövlətim, müstəqilliyimizin və sabitliyimizin
təminatçısı olan prezidentim var.Yaşasın
müstəqil Azərbaycan!
Mehman Əliyev
Səs.- 2011.- 20 sentyabr.- S. 10.