Azərbaycanın
inkişaf strategiyasının müəyyən olunmasında
neft faktoru mühüm rol oynadı
Müsahibə
- Rövnəq müəllim,
ilk olaraq istəyirik ki, Ümummilli Liderimiz Heydər Əliyev
tərəfindən əsası qoyulmuş neft
strategiyasının dövlətimiz və xalqımız
üçün əhəmiyyəti barədə fikirlərinizi
bildirəsiniz. Neft təbii sərvət kimi Azərbaycanın
həyatında hansı rola malikdir?
- Azərbaycan həmişə
neftin, qazın hasilatı, emalı və nəqli sahələrində
çoxsaylı ideyaların generatoru olmuş, Bakı
neftçiləri tarix boyunca misilsiz fədakarlıqlar göstərərək,
ən mütərəqqi yenilikləri istehsalatda tətbiq
etmişlər. Neftin sənaye üsulu ilə
hasil edilməsinin, emalının, tankerlərlə, dəmir
yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin,
sahildə, açıq dənizdə, Xəzərin dərinsulu
hissələrində neft yataqlarının kəşf
olunmasının və istismar edilməsinin əsası məhz
Azərbaycanda qoyulmuşdur. Paradoks ondadır ki,
xalqımız XX əsrin sonlarına qədər öz təbii
sərvətlərinin sahibi olmamış, neftin və
qazın gətirdiyi mənfəətdən tam şəkildə
faydalana bilməmişdir. Dünya neft sənayesi tarixinə bu
qədər yeniliklər yazmış Azərbaycanın
adı beynəlxalq ictimai dairələrdə 1994-cü ildən,
nüfuzlu xarici neft şirkətləri ilə “Əsrin
müqaviləsi”nin imzalanmasından sonra daha geniş əks-səda
doğurmuşdur. Azərbaycanın müasir yüksəliş
dövrü də elə o vaxt- xalqımızın
Ümummilli lideri Heydər Əliyev tərəfindən
işlənib hazırlanmış yeni neft
strategiyasının uğurları ilə
başlanmışdır. Məhz həmin
strateji kursun həyata keçilməsi nəticəsində Azərbaycan
nefti tarixdə ilk dəfə mənsub olduğu xalqa xidmət
etməyə başladı. Gənc, müstəqil Azərbaycan
dövləti ölkənin təbii sərvətləri
üzərində sərəncam vermək, bunlardan sərbəst
surətdə istifadə etmək haqda qərarlar
çıxarmaq, həmin qərarları gerçəkləşdirmək
iqtidarına malik olduğunu dünyaya bəyan etdi.
Azərbaycanın dünya
birliyində mövqeyinin yüksəlməsi artıq hamı
tərəfindən etiraf olunan həqiqətdir. Respublikanın sosial-iqtisadi inkişafı getdikcə
sürətlənir, ölkədə quruculuq işləri
daha böyük miqyas alır, şəhər, kənd və
qəsəbələrin siması tamamilə dəyişir,
xalqımızın maddi rifah halı durmadan yüksəlir.
Çiçəklənən respublikamız Cənubi Qafqaz
dövlətləri arasında liderdir. Əlbəttə
ki, bütün bu uğurların təməli Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən
işlənib hazırlanan və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilən yeni neft strategiyası ilə
qoyulmuşdur.
Ötən əsrin
sonlarında dövlət müstəqilliyini bərpa etmiş
Azərbaycanın inkişaf strategiyasının müəyyən
olunmasında neft faktoru mühüm rol oynadı.
Respublikamızın dünya iqtisadiyyatına
inteqrasiyasının və milli inkişaf modelinin əsas baza
sütunlarından birinə çevrilən neft strategiyası
Azərbaycanın
davamlı uğurlarına yol açmış oldu.
- “Əsrin müqaviləsi”
dünya neft tarixində hansı strateji əhəmiyyətə
malikdir və bu sazişin imzalanması Azərbaycanın
iqtisadi həyatında nə kimi yeniliklərə səbəb
oldu?
- Məlum
olduğu kimi ölkəmizdə son illərdə əldə
etdiyi uğurların əsası Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev tərəfindən
işlənib hazırlanan və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilən yeni neft strategiyası ilə
qoyulmuşdur.
Bu strategiya müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın
güclü və qüdrətli bir dövlətə
çevrilməsinə yönəlmiş müdrik
siyasi-iqtisadi konsepsiya, uzaqgörənliklə
hazırlanmış dəqiq fəaliyyət planıdır. Azərbaycanın o zamankı məhdud maliyyə
imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin,
bu əvəzsiz təbii sərvətin Qərb bazarlarına
çıxarılmasının qeyri-mümkünlüyünü
nəzərə alan Ulu öndərimiz Heydər Əliyev məsələnin
həll yolunu Qərb şirkətləri
ilə milli maraqlara söykənən əməkdaşlığın
qurulmasında görmüş və bütün geostrateji
çətinliklərə rəğmən, qısa bir
müddətdə bu möhtəşəm konsepsiyanı
gerçəkləşdirməyə nail olmuşdu.
1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11
transmilli neft şirkəti ilə çağdaş
tariximizdə “Əsrin müqaviləsi” kimi məşhur olan
qlobal neft müqaviləsinin təntənəli şəkildə
imzalanması ilə Xəzər dənizi hövzəsində
və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın
bünövrəsi qoyuldu. Xəzərin Azərbaycan
sektorunda yerləşən “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə mənimsənilməsini nəzərdə tutan bu
sazişin reallaşması təkcə respublikamız
üçün deyil, Qərbin bir sıra aparıcı
dövlətləri, habelə Cənubi
Qafqaz və Orta Asiya regionu ölkələri üçün
strateji əhəmiyyət daşıyırdı. Saziş
regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi
üçün müsbət təmayül yaratdı, Xəzərdə
maraqları təmin olunmuş bir çox aparıcı Qərb
dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa
marağını artırdı, beynəlxalq maliyyə
qurumları ilə münasibətlərdə keyfiyyətcə
tamamilə yeni bir mərhələ başlandı. 1994-2010-cu
illər ərzində Azərbaycanın neft-qaz sektoruna 40 milyard
ABŞ dollarına yaxın sərmayə yatırıldı,
bir çox yataq və perspektiv strukturlar üzrə irimiqyaslı
layihələrin həyata keçirilməsinə
imkanlar açıldı. Ötən dövrdə Azərbaycan
Prezidentinin verdiyi səlahiyyətlər çərçivəsində
ARDNŞ və xarici neft şirkətləri arasında 33
Hasilatın Pay Bölgüsü Sazişi imzalanmış və
20 ölkəni təmsil edən 53 enerji şirkəti quruda və
Xəzərin Azərbaycan sektorunda yerləşən
yataqlar üzrə aparılan neft-qaz əməliyyatlarına cəlb
olunmuşdur. Bu proses davamlı xarakter daşıyır.
- Ümumiyyətlə, Azərbaycanın
təsdiq olunmuş və proqnozlaşdırılan karbohidrogen
ehtiyatları nə qədərdir?
- Aparılan hesablamalara görə,
Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları
şərti yanacaqla 4,2 mlrd. ton, proqnoz karbohidrogen resursları
isə 10 mlrd. ton həcmindədir. Bu gün
respublikamızın quru və dəniz əraziləri üzrə
qazmaya hazırlanmış fondda 40-dan çox struktur
mövcuddur. Beynəlxalq şirkətlər bu gün də həmin
strukturlara böyük maraq göstərirlər. Xarici sərmayələrin
qorunmasında ölkəmizin nümayiş etdirdiyi
öncül təcrübə, habelə qazanılan nailiyyətlər
onları buna təşviq edir.
Xarici tərəfdaşlarla yeni
imzalanan sazişlərdə ARDNŞ-nin həm hüquqi, həm
də iqtisadi statusu xeyli yüksəlmişdir. Bu da təsadüfi
deyil. Dövlət Neft Şirkəti indi artıq dünya
enerji sektorunda özünə layiqli yer tutan çoxsahəli
sənaye kompleksidir. Xarici tərəfdaşlarla aparılan
işgüzar əməkdaşlıq çərçivəsində
qazanılmış qabaqcıl təcrübə, tətbiq
olunan müasir texnologiyalar Şirkətin hərtərəfli
inkişafına zəmin yaratmışdır. Onun
strukturu təkmilləşdirilmiş, beynəlxalq standartlara
uyğunlaşdırılmış, idarəetmə sistemi
optimallaşdırılmış, potensial və aktivləri
müqayisəyəgəlməz dərəcədə
artmış, birgə layihələrdə Azərbaycan
dövlətinin təmsilçisi olaraq rolu daha da yüksəlmişdir.
İndi Şirkət öz daxili imkanları hesabına
quruda və dənizdə bütün növ neft-qaz əməliyyatları
aparmağa qadirdir və bunun üçün güclü
maliyyə resurslarına, müasir maddi-texniki bazaya, zəngin təcrübəyə,
elmin ən yeni nailiyyətləri ilə silahlanmış kadr
potensialına malikdir.
Ölkəmizdə
neftin hasilatı sahəsində ilbəil rekord göstəricilər
qazanılır ki, bu nailiyyətlərdə də şirkət
mühüm rol oynayır. “Əsrin müqaviləsi” çərçivəsində
ilk neftin hasil olunduğu 1997-ci ildən sonrakı dövrdə
ölkə üzrə neft hasilatı sürətli templərlə
inkişaf etmiş,
təxminən 5,6 dəfə artaraq, 9 milyon tondan 2010-cu ildə
50,7 milyon tona çatdırılmışdır. Ötən
il hasil edilmiş neftin 8,4 milyon tonu Dövlət Neft Şirkətinin
payına düşmüşdür. Cari ilin
yanvar-avqust aylarında isə ölkədə neft hasilatı
31,7 milyon ton təşkil etmişdir ki, bunun da 5,6 milyon tonu
ARDNŞ tərəfindən
çıxarılmışdır. Şirkətin əməkçiləri
işlənmədə olan yataqlarda istismarın intensivləşdirilməsi,
yeni quyuların qazılması, lazımi təmir-bərpa işləri
aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi
istiqamətində mövcud imkanları səfərbər edərək,
neft hasilatının sabit saxlanılması üçün səylərini
əsirgəmirlər. Həyata
keçirilmiş tədbirlərin nəticəsidir ki, ötən
il ARDNŞ üzrə (Müştərək Müəssisələr
və Əməliyyat Şirkətləri istisna olmaqla) 136324
metrlik qazma işi görülmüş, bunun da 127858 metri
istismara, 8466 metri kəşfiyyata (o cümlədən, 1785
metr struktur axtarış qazmasına) aid
olmuşdur. 2011-ci il sentyabrın 1-ə olan məlumata əsasən,
ARDNŞ-nin istismar quyu fondu 9333 ədəd təşkil etmişdir
ki, bunların da 6720-si işlək fonddadır. Ötən il
fəaliyyətsiz fonddan 127 quyu istismara qaytarılmış, nəticədə
əlavə olaraq 35 min 730 ton neft hasil edilmişdir. Bu ilin yanvar-avqust aylarında isə 208 quyu fəaliyyətsiz
fonddan işlək quyu fonduna daxil edilmiş, bu quyulardan əlavə
42 min ton neft alınmışdır. 2010-cu il ərzində
“Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində
4644 geoloji və texniki tədbir həyata keçirilmiş, nəticədə
əlavə olaraq 240 min 635 ton neft hasil edilmişdir. 2011-ci
ilin 8 ayında aparılmış 3400 texniki-geoloji tədbir isə
160 min ton əlavə neft hasilatına zəmin
yaratmışdır.
- Ölkəmizdə neft və
qaz hasilatını artırmaq üçün yeni
platformaların inşası həyata keçirilirmi?
- Neft və qaz hasilatında
davamlı artıma nail olmaq üçün yeni
platformaların inşası xüsusi önəm
daşıyır. Son illər Şirkətimizdə
böyük kapital xərci hesabına yeni özüllər
tikmədən mövcud özüllərdən yüksək
hasilatlı quyular qazılmasına üstünlük verilir,
yataqların səmərəli işlənilməsi və
hasilatın optimallaşdırılması üçün
mövcud platformalarda yenidənqurma işləri
aparılır. Hazırda “Bulla Dəniz” yatağında 29, “8
Mart” yatağında 730, “Ələt-dəniz” yatağında
63 nömrəli platformalar daha artıq quyuların
qazılması məqsədi ilə genişləndirilir. Zəruri
hallarda yeni platformaların tikintisi də diqqətdən
yayınmır. Ötən il “Neft Daşları”
yatağında 12 quyuluq 2521 nömrəli platforma tikilib
istismara verilmişdir. Bu il isə həmin yataqda 12 quyuluq 2585
nömrəli platformanın təhvil verilməsi nəzərdə
tutulub. Hazırda “Günəşli” yatağı
üçün 7, “Neft Daşları” yatağı
üçün 753 və 755, “Palçıq Pilpiləsi”
yatağı üçün 1351 nömrəli
platformaların tikintisi uğurla davam etdirilir.
- Rövnəq müəllim,
hazırda Azərbaycan nə qədər ölkəyə xam
neft və neft məhsulları ixrac edir? İxracın həyata
keçirilməsində neft kəmərlərinin
potensialını necə dəyərləndirirsiniz?
- Ölkəmizdə
hasil olunan karbohidrogenlərin qəbulu, saxlanılması və
dünya bazarlarına çıxarılması yeni neft
strategiyasının ən mühüm tərkib hissələrindən
biri olaraq daim diqqət mərkəzindədir. Ötən
müddətdə bu istiqamətində böyük uğurlar
qazanılmışdır. Şaxələndirilmiş ixrac neft və qaz kəmərləri
sisteminin qurulması respublikamızın enerji müstəqilliyini
təmin etmiş, Avropa və digər uzaq regionların
yüksək keyfiyyətli karbohidrogen resursları ilə təminatı
üçün yeni perspektivlər açmış, Xəzəryanı
ölkələrdə hasil olunan enerji
daşıyıcılarının nəql edilməsi
baxımından sabit tranzit dəhlizi kimi Azərbaycana real
imkanlar yaratmışdır.
Hazırda
ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, Hindistan,
İsrail, Cənubi Koreya, Braziliya, İndoneziya, Çili,
İspaniya da daxil olmaqla dünyanın 33 ölkəsinə Azərbaycandan
xam neft və neft məhsulları ixrac edilir. İlkin neftin
dünya bazarına çıxarılması
üçün 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə
isə Bakı-Supsa neft boru kəmərləri istifadəyə
verilmişdir. Hər birinin ötürücülük
gücü ildə 6 mln. ton təşkil edən həmin kəmərlər
bu gün də Azərbaycan neftinin müxtəlif istiqamətlər
üzrə nəql edilməsində mühüm rol
oynayır. Lakin Azərbaycanın neft nəqli sisteminin
başlıca arteriyası, əlbəttə ki,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir. Haqlı
olaraq, xalqımızın Ümummilli lideri Heydər Əliyevin
qalibiyyətli neft strategiyasının şah əsəri
sayılan bu misilsiz layihə məhz Ulu öndərin gərgin
səyləri nəticəsində 2006-cı ildə gerçəkləşmişdir.
BTC əsas ixrac boru kəməri Avrasiya regionunda
ən iri və unikal mühəndis qurğularından olub,
dünyada enerji təhlükəsizliyinin əsas elementlərindən
biridir və Azərbaycan neftinin təhlükəsiz və
fasiləsiz ixracında əvəzedilməz rol oynayır.
Bu gün Ulu öndər Heydər Əliyevin
adını şərəflə daşıyan BTC eyni zamanda
ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi
sistemi baxımından, eləcə də neft ixracı sahəsində
ölkəmizlə uğurlu tərəfdaşlıq edən
dövlətlər, xüsusilə Mərkəzi Asiya dövlətləri
üçün də müstəsna əhəmiyyət kəsb
edir. Hazırda sutkada 40-50 min barel həcmində Türkmənistan
nefti BTC vasitəsilə Azərbaycan ərazisindən tranzitlə
Avropa bazarlarına ötürülür. BTC kəmərinin
illik ötürücülük qabiliyyəti 60 milyon tona
çatdırılmışdır. Bu həcmin
artırılması istiqamətində mütəmadi iş
aparılır. Hazırda BTC sutkada 1,2 milyon barel
neftin Səngəçal terminalından Aralıq dənizi
sahillərinə ixrac edilməsinə imkan yaradır. Ötən
müddət ərzində bu kəmərlə 166 milyon tondan
artıq Azərbaycan nefti, 3 milyon tona yaxın türkmən
nefti nəql olunmuşdur.
- Məlum olduğu kimi
dünyanın bir çox dövlətlərinin təbii qaza
olan tələbatı artmaqdadır. Belə bir şəraitdə
Azərbaycan özünü beynəlxalq birliyə hansı səviyyədə
qaz istehsalçısı və ixracatçısı kimi təqdim
edir?
- Əlbəttə, dünyada təbii
qaza olan ehtiyacın artması bir reallıqdır. Dünyada təbii qaza olan təlabat və
marağın xüsusilə yüksəldiyi son illərdə
Azərbaycan özünü beynəlxalq birliyə etibarlı
qaz istehsalçısı və ixracatçısı kimi təqdim
edə bilmişdir. 2004-2010-cu illərdə ölkə üzrə
qaz hasilatı 5,2 dəfə artırılaraq 5 milyard kubmetrdən
26,3 milyard kubmetrə çatdırılmışdır.
Ötən il ölkə üzrə hasil olunmuş qazın təxminən
7,2 milyard kubmetri ARDNŞ-nin payına
düşmüşdür. Bu il isə ölkədə 27,9
milyard kubmetr qaz hasil olunacağı nəzərdə tutulur
ki, bunun da 7,2 milyard kubmetrinin Dövlət Neft Şirkəti tərəfindən
çıxarılacağı proqnozlaşdırılır. “AÇG” yataqlar blokundan hasil olunan səmt
qazının həcminin artırılması, ARDNŞ-nin “Qaz
proqramı” üzrə görülən kompleks tədbirlər,
habelə 1999-cu ildə kəşf olunan nəhəng “Şahdəniz”
yatağının istismara verilməsi Azərbaycanın enerji
baxımından tam müstəqilliyini təmin etməyə
imkan vermiş, təbii qaz ixrac edən ölkələr
sırasına daxil olmasına zəmin yaratmışdır.
Bir neçə il əvvəl qaz idxal edən Azərbaycan bu
gün artıq özü Gürcüstan, Türkiyə,
Rusiya, İran və Yunanıstana qaz ixrac edir.
Xüsusi ilə qeyd etmək
lazımdır ki, “Şahdəniz” hazırda dünyanın dəniz
akvatoriyalarında işlənilən ən iri qaz-kondensat
yataqlarından biridir. Onun sübut olunmuş ehtiyatları 1,2
trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmində
qiymətləndirilir. Ötən il “Şahdəniz”
yatağından təxminən 6,9 milyard kubmetr qaz, 1,9 milyon ton
kondensat hasil olunmuşdur. Yataq istismara veriləndən indiyədək
buradan 27,3 milyard kubmetr qaz, 7,3 milyon ton kondensat
çıxarılmışdır. Hazırda orta gündəlik
hasilatı 18-19 milyon kubmetr qaz və 4 min ton kondensat olan 3 quyu
istismar edilir. Bu gün 15 illiyini təntənə
ilə qeyd etdiyimiz “Şahdəniz” layihəsi üzrə hasil
olunan qazın Gürcüstan və Türkiyəyə ixrac
edilməsi məqsədi ilə Cənubi Qafqaz qaz boru kəməri
tikilib istifadəyə verilmişdir. 2006-cı ildən etibarən
“Şahdəniz” qazı Səngəçal terminalında
ilkin emaldan keçirilərək, ötürücülük
qabiliyyəti ildə 20 mlrd. kubmetr təşkil edən
Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsi ilə nəql
olunur.
Artıq
yatağın işlənilməsinin 2-ci mərhələsinə
hazırlıq başa çatmaq üzrədir. İnkişaf
konsepsiyasına əsasən, bu mərhələdə əlavə
hasilat ildə minimum 16 mlrd. kubmetr səviyyəsinə
çatdırılmalı, bunun üçün 30 hasilat
quyusu istismara verilməli, yeni SDB platforması və
kommunikasiya sistemi tikilməlidir. 2-ci mərhələ
üzrə ilk qazın hasil olunması 2017-ci ilə
proqnozlaşdırılır.
- Rövnəq müəllim,
qaz hasilatı ilə bağlı perspektiv planlar haqqında da məlumat
verməyinizi xahış edirik. Aşkar olunmuş yeni
yataqların işlənməsi baxımından qarşıda
hansı vəzifələr dayanır?
- ARDNŞ son
dövrdə istər xarici tərəfdaşlarla birlikdə,
istərsə də müstəqil olaraq Xəzərin dərinsulu
hissələrində yerləşən mürəkkəb qaz
strukturlarında kəşfiyyat və qazma işlərini
uğurla həyata keçirməyə qadir olduğunu
sübut etmişdir. Uzun fasilədən sonra
“Ümid” perspektivli strukturunda daxili resurslar hesabına
başlanmış kəşfiyyat işləri ötən il
böyük müvəffəqiyyətlə nəticələnmişdir.
Dənizin 58 metr dərinliyində
quraşdırılmış stasionar özüldən
qazılan 8 saylı birinci quyuda güclü qaz axını
alınmış və beləliklə də, Xəzərin
Azərbaycan sektorunda yeni bir qaz-kondensat yatağı kəşf
olunmuşdur. İlkin hesablamalara görə, yatağın
çıxarıla bilən ehtiyatları 200 mlrd. kubmetr qaz,
40 mln. ton kondensat həcmində qiymətləndirilir.
Hazırda yatağın ehtiyatlarının dəqiqləşdirilməsi
məqsədi ilə qazılan ikinci quyuda işlər
uğurla davam etdirilir. Azərbaycanın dövlət
müstəqilliyini bərpa etdikdən sonra kəşf
edilmiş ilk yataq olaraq “Ümid”də alınan nəticələr
həm də Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq
perspektivlərini yüksəltmiş, yeni lay və
yataqların açılması ehtimalını
artırmışdır. Artıq “Babək” strukturunun
ehtiyatları 400 mlrd. kubmetr qaz, 80 mln. ton kondensat həcmində
qiymətləndirilir.
Neftçilərin peşə
bayramı ərəfəsində ölkəmizin qaz
ehtiyatlarının artırılması baxımından
xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar
hadisə baş vermişdir. ARDNŞ və onun layihə
üzrə tərəfdaşları- Fransanın TOTAL və
GdF şirkətləri tərəfindən “Abşeron”
qaz-kondensat yatağının kəşf edildiyi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarına
məruzə olunmuşdur. Dövlətimizin
başçısı bu hadisəni yüksək qiymətləndirmiş
və yeni yatağın açılması münasibəti
ilə xalqımızı təbrik etmişdir. Cənubi
Xəzər neftli-qazlı hövzəsinin Abşeron
arxipelaqında, Bakı şəhərindən 85-100 kilometr
şərqə doğru açıq dənizdə yerləşən
bu struktur Azərbaycan geofiziklərinin seysmik kəşfiyyat
işləri nəticəsində 1960-cı ildə aşkar edilmiş
və 1993-cü ildə axtarış qazmasına
hazırlanmışdır. 1997-ci ildə bu blokun
“Şevron” və “Total” şirkətləri ilə birgə
işlənilməsinə dair saziş imzalanmışdır.
2000-ci ildə burada bir quyu qazılsa da texniki səbəblərdən
ləğv edilmiş və 2005-ci ildə sazişə xitam
verilmişdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Abşeron” yatağının kəşf
olunması münasibəti ilə açıqlamasında Azərbaycan
geoloqlarının, ARDNŞ mütəxəssislərinin bu
strukturda məhsuldar layların olduğuna həmişə dərin
inam bəslədikləri xüsusi
vurğulanmışdır. Tarix sübut
etdi ki, onların inam və qətiyyəti dəqiq elmi tədqiqatlara,
düzgün təcrübi araşdırmalara əsaslanırdı.
Əldə olunan geoloji-kəşfiyyat məlumatlarının
təkrar qiymətləndirilməsi bir müddət sonra
“Abşeron” layihəsini yenidən diqqət mərkəzinə
gətirdi. 2009-cu il fevralın 27-də
ARDNŞ ilə Fransanın “Total” şirkəti arasında yeni
bir HPBS imzalandı. Bu ilin yanvarında layihə dərinliyi
7200 metr olan quyunun qazmasına başlandı və
sentyabrın əvvəllərində 6558 metr dərinlikdə
Fasilə lay dəstəsi açıldı. Quyuda
aparılmış geofiziki tədqiqat işlərinin nəticəsi
müsbət qiymətləndirilir. Fasilə lay dəstəsi
və Balaxanı dəstəsinin 8-ci horizontu karbohidrogenlərlə
doymuş hesab olunur. Hazırda quyuya qoruyucu kəmərin
buraxılması üçün iş aparılır. Əlbəttə,
bir quyuda alınmış nəticələrə əsasən,
yatağın ehtiyatlarının qiymətləndirilməsi
asan məsələ deyil, amma mütəxəssislərimizin
ilkin hesablamalarına görə “Abşeron” yatağında
350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində
karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.
Ötən
ilin oktyabrında ARDNŞ ilə BP Exploration (Azərbaycan)
şirkəti arasında Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv
strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi
haqqında hasilatın pay bölgüsü sazişi (HPBS)
imzalanmışdır. Hazırda “BP-Azərbaycan”
şirkəti ilə “Kaspian Geofizikal” Müştərək
Müəssisəsi tərəfindən həmin strukturda 3 D
seysmik tədqiqat işlərinin aparılmasına
hazırlıq işləri tamamlanma mərhələsindədir.
Qarşıdakı dövrdə Almaniyanın RWE şirkəti
ilə “Naxçıvan” perspektiv strukturunda kəşfiyyat
işlərinə başlanılması da nəzərdə
tutulur. Bu strukturda 300 mlrd. kubmetr qaz, 40 milyon ton kondensat
ehtiyatı olması gözlənilir. “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunun dərinlikdə yerləşən qaz
ehtiyatlarının işlənilməsi məsələsi də
baxılma mərhələsindədir. İlkin qiymətləndirmələrə
əsasən, burada da qaz ehtiyatları 300 mlrd. kubmetr
civarındadır.
Ümumiyyətlə,
həyata keçirilən layihə və proqramlar üzrə
görülən işlər, eləcə də perspektiv
strukturların potensialı nikbin proqnozlar üçün əsas
verir. 2015-ci ildə ölkə üzrə neft
hasilatının 50-55 mln. tona, qaz hasilatının isə 30
mlrd. kubmetrə çatdırılacağı nəzərdə
tutulur.
Deməli, region və Avropa Birliyi ölkələrinin
enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın
rolu qarşıdakı illərdə daha da artacaqdır.
2020-ci ilədək Avropanın enerji istehlakının 70%-nin,
2030-cu ilədək isə 85%-dək hissəsinin idxal
hesabına təmin ediləcəyi barədə ekspert rəyləri
fonunda bu, xüsusən böyük əhəmiyyət kəsb
edir. Ölkənin təsdiq edilmiş qaz ehtiyatlarının həcmini
bu gün 2,5 trilyon kubmetrdən artıq qiymətləndirmək
mümkündür.
- Bəs Avropaya qaz nəqlini nəzərdə
tutan beynəlxalq layihələrin perspektivini necə
görürsünüz? Bu layihələrdə Azərbaycan
yeri və rolu nədən ibarətdir?
- Azərbaycan
qazı Avropa Birliyi ölkələri tərəfindən təklif
edilən NABUCCO, Türkiyə-Yunanıstan-İtaliya
(İTGİ), Transadriatik qaz kəməri (TAP), “Bəyaz
axın” kimi iritutumlu qaz kəmərləri layihələrinin
əsas mənbələrindən hesab olunur. Hazırda Azərbaycan
qazının uzunmüddətli sazişlər əsasında
Avropa Birliyi ölkələrinə tədarük olunması
istiqamətində əlverişli variantlar
araşdırılır. Azərbaycan Avropa
Birliyi və digər regionlarla yeni, birbaşa enerji və nəqliyyat
əlaqələri yaradan müasir İpək Yolunu - Cənub
Enerji Dəhlizi strategiyasını dəstəkləyir və
bu strategiya çərçivəsində yeni qaz təchizatı
dəhlizinin açılmasını Avropa qaz bazarının
sabitliyinə təsir edə biləcək mühüm
amil kimi qiymətləndirir.
Azərbaycan, Gürcüstan və
Rumıniya arasında AGRİ (Azerbaijan-Georgia-Romania
Interconnector) layihəsi üzrə “Qaz tədarükü sahəsində
əməkdaşlıq haqqında” Memorandumun imzalanması
Avropa ölkələrinə qaz tədarükü sahəsində
yeni imkanlar açılmasından xəbər verir. AGRİ layihəsi gələcəkdə Azərbaycan
təbii qazının boru xətləri vasitəsi ilə
Gürcüstanın Qara dəniz sahillərinə nəql
olunmasını, Kulevidə xüsusi terminalda mayeləşdirilərək
(LNG), tankerlərlə Rumıniyanın Konstansa
limanındakı terminala çatdırılmasını,
sonra isə yenidən təbii qaz şəklində
Rumıniyanın və digər Avropa ölkələrinin qaz
infrastrukturu şəbəkəsinə ötürülməsini
nəzərdə tutur. Artıq həm AGRİ, həm də
sıxılmış qazın Gürcüstandan
Bolqarıstana daşınması layihələri üzrə
ilkin işlərə başlanılmışdır. Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini
Avropa və digər ölkələrin artan qaz tələbatının
təminatına yönəltməyə, bu məqsədlə
müxtəlif nəqliyyat seçimlərinin
diversifikasiyasına tərəfdardır.
İstehsalçı ilə son istehlakçılar
arasında birbaşa əlaqənin yaradılması,
tranzit azadlığı, habelə təbii qazın nəqli
zamanı şəffaf xərclərə əsaslanan sabit
tranzit rejimlərindən istifadə olunması, diskriminasiyaya
yol verilməməsi beynəlxalq hüquqa əsaslanan
başlıca prinsiplərdir. Biz istər istehsalçı,
istərsə də tranzit ölkə kimi bu prinsiplərə
sadiqik və qarşı tərəflərdən də bunu
gözləyirik.
Səs.- 2011.- 20 sentyabr.- S. 8-9.