Hüquqi
dövlətdə Konstitusiya Məhkəməsinin
mahiyyəti və səlahiyyətləri
Konstitusiya Məhkəməsi insanların hüquq və
azadlıqlarının müdafiəsini, ölkədə
Konstitusiya nəzarətini həyata keçirir. Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinə
görə, Konstitusiya Məhkəməsinə nisbətən
geniş səlahiyyət verilmişdir.
Bu orqan Azərbaycan Respublikası qanunlarının, Azərbaycan
Respublikası Prezidentinin fərman
və sərəncamlarının, Azərbaycan Respublikası
Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarının,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının Azərbaycan Respublikası
Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına
uyğunluğu ilə yanaşı, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına,
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının
Azərbaycan Respublikası Konstitusiyasına və
qanunlarına, habelə, bələdiyyə aktlarının Azərbaycan
Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına,
Naxçıvan Muxtar Respublikasında bu respublikanın ali
qanunvericilik və icra hakimiyyətlərinin normativ
aktlarına, habelə Azərbaycan Respublikasının qüvvəyə
minməmiş dövlətlərarası və hökumətlərarası
müqavilələrinin, müvafiq olaraq, Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına,
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının,
qanunlarının, Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının, qanunlarının, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin qərarlarının,
Nazirlər Kabinetinin qərarlarının Azərbaycan
Respublikası Konstitusiyasına, Naxçıvan Muxtar
Respublikası qanunlarının, Nazirlər Kabinetinin qərarlarının
Azərbaycan Respublikası qanunlarına, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan
Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarına uyğunluğu məsələlərini
həll edir. Konstitusiya Məhkəməsi, həmçinin,
siyasi partiyaların və digər ictimai birliklərin ləğv
edilməsi, hakimiyyətin üç qolu (qanunvericilik, icra və
məhkəmə) arasında səlahiyyətlər
bölgüsü ilə bağlı olan mübahisələri
də həll edir.
Konstitusiyaya görə Konstitusiya Məhkəməsi
referendumlarda, prezident və parlament seçkilərində
meydana çıxan mübahisələrdə hakim rolunda
çıxış etməlidir. Respublikamızın
Konstitusiya layihəsinin tərtibində geniş istifadə
etdiyimiz Fransa təcrübəsində bu səlahiyyət
Konstitusiya Məhkəməsinə (Konstitusiya Şurasına)
aid edilir. Doğrudan da, prezident
və parlament seçkiləri, referendumlar ölkənin
həyatında, necə deyərlər, taleyüklü məsələlərdir.
Konstitusiya Məhkəməsinin formalaşması
qaydası da, sözsüz, xüsusi diqtət tələb edən
bir problemdir. Bu, məhkəmənin təşkili
qaydasından müəyyən dərəcədə onun
sonrakı fəaliyyəti birbaşa asılı olur. Söhbət
Konstitusiya Məhkəməsinin, müstəqilliyinin təminatından
gedir.
Beynəlxalq təcrübə göstərir ki,
Konstitusiya Məhkəməsi seçkilər yolu ilə təşkil
olunmur. Bütün ölkələrdə konstitusiya məhkəmələri
təyinetmə qaydasında formalaşdırılır.
Almaniyanın Federal Konstitusiya Məhkəməsi
parlament qaydasında təşkil edilir. Belə ki, bu
orqanın 16 üzvündən yarısını
torpaqların nümayəndəlik orqanı olan bundesrat,
yarısını isə bundestaq seçir.
Qarşılıqlı formada isə hakimiyyətin hər üç qolunun
maraqları nəzərə alınır. Məsələn,
İtaliya Konstitusiyasının 135/1 maddəsinə
görə, Konstitusiya Məhkəməsi
üçdə biri respublika
prezidenti, üçdə biri
parlament və qalan
üçdə biri ümumi
və inzibati ali hakimlər
tərəfindən seçilən 15 hakimdən ibarətdir. İspaniyada da, mahiyyət
etibarilə, eyni qaydadır. Burada fərq ondan ibarətdir
ki, Konstitusiya Məhkəməsi
üzvləri parlament, hökumət və
məhkəmə hakimiyyəti şurasının təqdimatı
ilə kral tərəfindən təyin olunur. Avstriyada isə Konstitusiya Məhkəməsinin üzvlərini
hökumətin və parlamentin təqdimatı
üzrə prezident təyin edir. Göründüyü
kimi, bu ölkələrdə
konstitusiya məhkəmələrinin təşkili
qaydası dövlətin əsas hakimiyyət qollarını əks
etdirir.
Fransanın
1958-ci il Konstitusiyasına əsasən, təsis
edilmiş Konstitusiya
Şurası (əslində, Konstitusiya Məhkəməsidir)
iki kateqoriyalı şəxslərdən
ibarətdir: 9 ilə təyin olunan 9
üzvündən üçünü prezident, üçünü
Senatın sədri və üçünü
Milli Məclisin sədri təyin edir. Konstitusiya
Şurasının bu üzvləri, bir qayda olaraq,
yaşlı, tanınmış hüquqşünaslardan
və keçmiş siyasi
xadimlərdən ibarət olurlar. Bundan əlavə, Konstitusiya
Şurasının keçmiş
prezidentlərindən ibarət olan ömürlük üzvləri də
vardır. Vaxtilə Oriol və Koti Konstitusiya
Şurasında fəaliyyət göstərirdilər. De Qoll bu
imkandan istifadə etmədi. Jiskar dEsten həmin
şuranın ömürlük üzvüdür. Şuranın 9
üzvündən birini prezident
onun sədri təyin edir.
Keçmiş SSRİ-yə
daxil olan ölkələrin
əksəriyyətində konstitusiya məhkəməsinin
təşkilində parlament qaydasına üstünlük verilir. Ukraynada, Belarusda,
Qazaxıstanda konstitusiya məhkəmələrinin
üzvləri qanunvericilik hakimiyyəti tərəfindən
seçilir. Latviya və
Gürcüstanda isə parlament
sədri, prezident və ali
məhkəmənin sədri hər biri üç namizəd irəli sürür.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin II hissəsinə əsasən,
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin 9 üzvünü Azərbaycan Respublikası Prezidentinin təqdimatı
ilə Milli Məclis təyin edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə
əsasən, Azərbaycan Respublikasının Konstitusiya
məhkəməsi yalnız altı subyektin
- Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Prokurorluğunun,
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sorğusu əsasında məsələləri
həll edir. Konstitusiyanın bu göstərişinin məntiqinə görə,
vətəndaşların nə fərdi, nə də kollektiv müraciətləri əsasında Konstitusiya Məhkəməsi bu
müraciətlərin predmeti olan məsələlərə baxa bilər. Bu
baxımdan, “Konstitusiya Məhkəməsi
haqqında” qanunun 4-cü maddəsində
təsbit olunan müddəa: “Konstitusiya Məhkəməsi öz fəaliyyətində insan
hüquqlarını və azadlıqlarını müdafiə
etməlidir. Şəxsin hüquqları və
azadlıqları qüvvədə olan normativ aktlarla pozulduqda, o, müvafiq məhkəmələrin vasitəsilə
Azərbaycan Respublikası Ali Məhkəməsinə
müraciət edərək, məsələnin Konstitusiya Məhkəməsinə sorğu verilməsi yolu ilə
göndərilməsini xahiş edə bilər”
- vətəndaşların hüquq və
azadlıqlarının qorunmasına təminat verir.
Konstitusiyada
və qanunlara nəzarəti həyata
keçirən hakimlərin müstəqilliyinə iki üsulla nail olmaq mümkündür:
hakimlərin ömürlük təyin
edilməsi (və ya seçilməsi) və
ya hakimlərin müəyyən müddətə
təkrar seçilməmək şərtilə təyin edilməsi
(və
ya
seçilməsi) yolu ilə.
Qanunun 3-cü maddəsində
göstərilir ki, “bu
hüquqi nəzarətin məqsədi “Azərbaycan
Respublikası Konstitusiyasının aliliyini
təmin etməkdir”. Konstitusiya Məhkəməsi
hüququ hər üç
hakimiyyət qollarının mümkün
olan qəsdlərindən qoyulur.
Məhkəmə sisteminin orqanları (o cümlədən, Ali Məhkəmə)
hüququ qeyri-qanuni hərəkətlərdən
və hərəkətsizlikdən müdafiə edir. Konstitusiya Məhkəməsi
isə hüququ qanunvericilik,
icra hakimiyyətinin, Ali
Məhkəmənin hüquqa zidd aktlarından qoruyur.
Dünya ölkələrində
Konstitusiya Məhkəməsi təyinetmə
qaydasında formalaşdırılır. Bu
təyinetmə iki formada
- parlament qaydası və
qarışıq qaydada aparılır.
Qarışıq qaydada hakimiyyətin hər
üç qolunda
maraqları nəzər alınır. Azərbaycanda Konstitusiya Məhkəməsini Prezidentin
təqdimatı ilə Milli Məclis təyin
edir. Konstitusiya Məhkəməsi
altı subyektin - Prezident,
Milli Məclis, Nazirlər Kabineti,
Ali Məhkəmə və Respublika Prokurorluğu və
Naxçıvan MR Ali Məclisinin sorğusu əsasında məsələləri
həll edir. Konstitusiya Məhkəməsi insan
hüquqları və azadlıqlarını müdafiə etməlidir.
İnsan hüquqları və
azadlıqları pozulduqda, o,
müvafiq məhkəmələrin vasitəsilə
Ali Məhkəməyə müraciət
edərək, məsələnin Konstitusiya
Məhkəməsinə sorğu verilməsi
yolu ilə göndərilməsini xahiş edə bilər. Azərbaycan
Konstitusiyasında bu məsələyə
geniş yer verilib:
Hər kəs
onun hüquq və
azadlıqlarını pozan qanunvericilik və icra
hakimiyyəti orqanlarının normativ
aktlarından, bələdiyyə və məhkəmə
aktlarından qanunla və müəyyən
edilmiş qaydada Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi
ilə şikayət verə bilər.
Nəzərə
yetirək ki, Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr
insan hüquq və
azadlıqlarının həyata keçirilməsi məsələsi
ilə bağlı Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının şərh edilməsi
haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət
edə bilərlər.
Vahid
Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.-
25 sentyabr.- S. 10.