Şöhrətim
Bakım
Söz və sənət xalqın mənəvi sərvəti
olduğundan ondan istifadə böyük məsuliyyət tələb
edir. Ta qədimdən bu günə qədər insan iradəsinin
gücü, mənəvi düşüncələri, azərbaycançılıq
meyilləri, ictimai-siyasi proseslərə olan münasibəti,
bəşər tarixinin anlamı məhz söz ilə ifadədə
öz əksini tapmışdır.
Bu baxımdan söz bütövlükdə bizim
varlığımızı, cəmiyyətdə təsdiqimizi
reallaşdıran bir amildir.
Sözdən istifadə edən, cəmiyyətlə
insan anlayışları arasında olan münasibətləri bir
axara salıb böyük
fikirlərin vəhdətində mövcud
prosesləri göstərən qələm sahibləri hər
zaman seçilən və daim
izlənilən simalar olmuş
və bu hal müasir dövrümüzdə bu gün də mövcuddur. Azərbaycan
poeziyasında öz sözünün
dəyəri, ifadə etdiyi fikirlərin yükü, görüşləri ilə
tanınan Əvəz Süleymanoğlu da bir şair
olaraq söz
girdabında düşüncələrini nəzmə çəkib,
insan ruhunu
oxşayıb oxucuları ilə özü
arasında bir münsibət qurmağa nail olmuşdur. Məhz bunun nəticəsidir ki, onun bu günə qədər
oxuculara təqdim etdiyi
kitabları daim izlənilir və poeziya aləmindəki fikir
yükü insan
düşüncəsinə nüfuz etmək
qüdrətindədir. Onun bu günlərdə çapdan
çıxan “Şöhrətim Bakım” kitabı da bu günə qədər
olan yaradıcılığının
davamıdır. Yeni nəşrdə şairin vətənə, torpağa
olan ülvi hissləri
həssas bir formada öz əksini tapıb. Kitaba şairin
bu silsilədən olan
“Ölkəm”, “Mənim bayrağım”, “Cənnətə çevrilsin qoy Azərbaycan”,
“Xəzər”, “Şuşam”, “Əsgər”,
“Lənkəran” və bu kimi
başlıqlar altında qələmə aldığı
şeirlərində Azərbaycanın bədiiləşmiş
bir lövhəsi göz
önündə canlanır. Böyük
bir məmləkətin tarixi,
bugünü və gələcəyi və
coğrafi mövqeyi göz önündə real
boyalarla təsvir edilir.
Burada şairin
axtarışları və illərlə olan
təcrübəsi poeziyasının əsas ideyasının
çılpaqlığı ilə təsviri yaranır. “Mənim bayrağım” adlı şeirində şair üçrəngli müqəddəs
simvola çevrilən Azərbaycan
bayrağının dəyər və mahiyyəti, onun dünya ölkələrində
dalğalanması və yüksəlməsi onun
vətənpərvərlik hissləri ilə coşğun
və inandırıcı bir tərzdə
ifadəsinə gətirib çıxarır:
Müstəqillik verdi bizə hürriyyət,
Xalqına gətirdi hörmət,
ləyaqət.
Bu oldu millətə bir rəmzi-qeyrət.
Daim bərq vuracaq mənim bayrağım,
Gələcək hər yandan səsim-sorağım
- deyən şair
xalqımızın öz tutduğu
yolundan, mövqeyindən heç
zaman dönməyəcəyini,
bayrağımızın daim zirvədə
duracağını, müstəqil ölkənin inkişaf yolunda olacağını və bu kimi amillərin
qarşısında Azərbaycan bayrağının bütün bayraqlardan
yüksəkdə dalğalanacağına
əminliyini ifadə edir.
Şan-şöhrəti dünyanı dolaşan
Azərbaycanın real təcəssümü
şairin diqqətindən kənarda
qalmamış və Azərbaycanda gedən abadlıq-quruculuq
işləri, xalqın firəvan həyatının təsviri
poetik şəkildə
yaradıcılıq təxəyyülünün məhsulu
kimi meydana
çıxır. Şair “Şöhrətim
Bakım” kitabında Azərbaycan torpaqlarının işğal olunduğu zamanda bir vətəndaş
qüruru ilə bu məsələyə
münasibətini konkret və faktlar əsasında bildirir.
Belə ki, qisasın qiyamətə
heç zaman
qalmayacağını, ər igidlərin öz
torpaqları uğrunda mübarizəyə
qalxacağını və Qarabağda bu gün həyat sürən
erməni daşnaqlarının ədalətsiz mövqeyini, daim torpaq iddiası ilə Azərbaycana
qarşı mübarizədə olmasını onların məxsusi
keyfiyyətləri ilə əlaqəli bir şəkildə diqqətə çəkir.
Əvəz Süleymanoğlu
Şuşanın seyrinə gəlməyini, musiqi
beşiyi olan bu diyarın milli-mənəvi sərvətləri
ilə baş-başa qalmağı arzulayaraq, Cıdır düzünə
qalxıb məhz vətən sevgisi ilə
bu ab-havanı içinə çəkib,
rahat nəfəs almağı ən
müqəddəs bir məqsəd olaraq həyata keçməsini istəyir.
Xarı bülbülünün
ağlar gözünə,
Verirəm ümiddən ərməğan
Şuşam
- deyən şair
hicrana dözə bilməyib bu ağrını daxilində yaşadaraq
daim kədər içərisində həyat
sürdüyünü qeyd
edir.
Kitaba daxil olan
şeirlər sırasında Azərbaycanın
tanınmış simalarına həsr olunmuş
nümunələrə də təsadüf olunur.
Belə ki,
tanınmış tarixçi, akademik Ziya Bünyadovun
faciəli ölümünə ithaf etdiyi “Ziya”, Azərbaycanın
Milli Qəhrəmanı Mübariz
İbrahimova həsr olunan
“Ölməzlik qazanan insan”,
Azərbaycanın Milli Qəhrəmanı,
tanınmış jurnalist Salatın Əsgərovanın
əziz xatirəsinə “Bizim Salatın” və
digər şeirləri məhz xalqın mübarizə əzmini,
onun böyük şəxsiyyətlərini
diqqətə çəkən şeir
parçalarıdır. Onun Mübariz İbrahimova həsr
etdiyi şeiri də
xalqın qəhrəmanlıq tarixinin bir neçə səhifəsini salnaməsini
özündə əks etdirir.
Kitaba daxil olan vətənə
həsr edilən “Bayatılar” bölməsində Əvəz
Süleymanoğlunun vətən sevgisi, vətən məhəbbəti
ülviləşdirilmiş bir şəkildə
rəngarəng misralarda böyük
bir mənzərənin yaranmasına və
vətəndaşlıq mövqeyinin
hansı səpkidə olmasına gətirib
çıxarır. Bu misralarda
nəsihətamiz, dəyər kəsb edən parçalara
təsadüf olunur.
Pislik cavabsız qalmaz,
Verən verdiyin almaz,
Vətənin torpağını,
Yağıda qoymaq olmaz
- deyən şair vətənin
böyüklüyünü nəzmə çəkdiyi
misralarda qısa və yığcam şəkildə qələmə
alır. Xocalının alınması, Şuşanın əldən
getməsi və s. olayların baş verməsi onun qəlbini
oda qalayır. Bəşəri hisslərlə yaşayan
şair dünya xalqlarının yaşantılarına da
biganə qalmır. Bu, Azərbaycan xalqına məxsus olan
humanizm hisslərinin bir nümunəsi tək özünü
göstərir. 2001-ci ildə Vaşinqtonda baş verən
terror hadisəsi şairin qələmində məxsusi bir
şəkildə qiymətini alır. Kim cavab verəcək bu
günahlara - deyə sual edən şair İraqın, Fələstinin
məhv olub getməsini, yaramaz insanların məhz əməllərinin
güdazına gələn varlıqların başına
açılan hadisələrin qarşısının
alınmasına qarşı üsyankar səsini
qaldırır. Qan tökən insanlar, terror aktı ilə
çıxış edənlər Tanrının lənətlədiyi
insanlardır ki, əməllərinə görə cəzalanacaqlar.
Əvəz Süleymanoğlunu narahat edən məsələlər
çoxdur. Müxtəlif mövzulara müraciət edən və
hər bir mövzusunda öz qələminə məxsus olan
xüsusiyyətləri işıqlandıran və
yaradıcılığını səciyyələndirən
cəhətləri ilə oxucularla təmasda olan şair bu və
ya digər poetik nümunələri ilə çağdaş
poeziyamıza fərdi üslub, nəfəs gətirərək,
onun zənginləşməsinə töhfələrini verir.
Zümrüd
Səs.-
2011.- 27 sentyabr.-S. 12.