Hüquqi dövlət və vətəndaş cəmiyyətinin Konstitusiya əsasları

 

Latın sözü olan “konstutio” sözündən götürülən “quruluş” “təsisat” mənası verən konstitusiya dövlətin əsas qanunudur. Konstitusiyada dövlətin siyasi quruluşu, dövlət orqanları sistemi, onların funksiyaları, vətəndaşların əsas hüquq və vəzifələri təsbit olunmuşdur. Konstitusiya əsasında ölkənin digər qanun və hüquqi aktları qəbul edilir.

20 il ərzində Azərbaycan xalqı hüquqi dövlət quruculuğu sahəsində xeyli uğurlar əldə edib. Ulu Öndər Heydər Əliyev hələ 1995-ci il noyabrın 24-də Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında demişdir: “Ötən illər ərzində Azərbaycan xalqının, Azərbaycan Respublikasının həyatında ağır, çətin ictimai-siyasi proseslər gedib və nəhayət, respublikamızın dövlət müstəqilliyi möhkəmlənib dönməz olubdur, ictimai-siyasi vəziyyət sabitləşibdir və müstəqil Azərbaycan Respublikası özünün ali qanununu - Konstitusiyasını qəbul etməyə imkan əldə edib, ilk parlamentini - Milli Məclisini seçibdir.

Bunlar böyük nailiyyətdir, tarixi nailiyyətdir. Bunlar onu sübut edir ki, artıq Azərbaycan xalqı müstəqillik yolu ilə cəsarətlə, əzmlə, uğurla irəliləyir və dövlət hakimiyyətinin bütünlüklə təşkilini təmin etmək üçün lazımi sənədlər qəbul edir. Azərbaycan Respublikasının, müstəqil Azərbaycanın ilk konstitusiyası  qəbul olunubdur. Bu konstitusiya  xalqımızın keçdiyi tarixi yolun məntiqi nəticəsidir. Xalqımızın böyük tarixi var. XX əsrdə tariximiz xüsusən böyük bir yol keçibdir və keçdiyimiz yolda bizim konstitusiya təcrübəmiz də var. Azərbaycanın indi qəbul olunmuş konstitusiyası onun dördüncü konstitusiyasıdır. 1921-ci ildə birinci konstitusiya, 1937-ci ildə ikinci konstitusiya, 1978-ci ildə üçüncü konstitusiya  qəbul edilib və nəhayət, bu il, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum nəticəsində dördüncü konstitusiya qəbul olunubdur. Ancaq bu konstitusiya  keçmiş konstitusiyalardan tamamilə fərqli konstitusiyadır, yeni konstitusiyadır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır, Azərbaycanın hər bir vətəndaşının doğma konstitusiyasıdır.

Tədqiqatçı R.Quliyev özünün “Azərbaycan Respublikasında hüquqi dövlətin təşəkkülünun sosial-fəlsəfi problemləri əsərində göstərilir ki, Konstitusiyanın müasir anlayışını dərk etmək üçün qısa şəkildə konstitusionalizmin inkişaf prosesini nəzərdən keçirək. Belə ki, konstitusiya prosesinin genezisi dövlətlərin ictimai-siyasi inkişaf tarixi ilə bağlıdır. Bu inkişaf prosesini isə dörd əsas mərhələyə ayırmaq olar: Birinci mərhələ, XVIII əsrin axırlarından (Avropada burjua inqilabları zamanından) başlayaraq Birinci Dünya müharibəsinin axırlarına kimi davam etdi. Avropanın qabaqcıl ölkələrindən və Şimali Amerikadan konstitusionalizm ideologiyasına təkan verildikdən sonra, faktiki olaraq, ilk yazılı konstitusiya 1787-ci ildə Amerika Birləşmiş Ştatlarında qəbul edildi. Fransada isə İnsan Hüquq və Azadlıqlar Bəyannaməsi (1789-cu il), Avropada ilk olmaqla 1791-ci ildə Fransa Konstitusiyasının yaranmasına səbəb oldu. Bu mərhələdə Latın Amerikasında ilk Konstitusiya Aktı 1811-ci ildə Venesuelada qəbul edildi.

İngiltərədə burjua inqilabı Böyük Britaniyanın dominionlarında da konstitusiyaların yaranmasına təkan verdi (Kanadada - 1867-ci, Avstraliyada - 1900-cü illərdə). Bu mərhələnin axırlarında Şərqdə (Yaponiyada - 1889-cu, Çində - 1912-ci, İranda - 1906-cı illərdə) və bir neçə Afrika ölkəsində (CAR - 1909-cu, Liberiyada 1847-ci illərdə) konstitusiyalar qəbul edildi.

İkinci mərhələ, iki dünya müharibələri arasındakı müddəti əhatə edir. Bu mərhələnin bir xüsusiyyəti ondan ibarətdir ki, ölkələr iki düşərgəyə bölündü. Rusiyada sosialist inqilabı qalib gəldi və sosialist dövləti yaradıldı. Digər tərəfdən dünyada böyük dinamika ilə konstitusion hüquqi yaradıcılıq prosesi müşahidə olunurdu. Avropada Rusiya və Avstriya-Macarıstan imperiyalarının dağılması, Asiyada koloniya sisteminin böhranı nəticəsində yeni dövlətlər yarandı. Onlarca ölkədə yeni konstitusiyalar qəbul edildi.

Konstitusionalizmin inkişaf prosesinin ikinci mərhələsinin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, ilk dəfə konstitusiyaların tənzimedici obyekti sosial-iqtisadi məsələlərə aid edildi. Konstitusiya səviyyəsində dövlətin sosial funksiyası aşkarlandı. Konstitusion insan hüquqları sırasına sosial-iqtisadi hüquqlar da əlavə edildi. Bu tendensiyanı, daha aydın Meksikanın - 1917-ci, Almaniyanın -1919-cu, Çexoslovakiyanın - 1920-ci, İspaniyanın - 1931-ci, İrlandiyanın - 1937-ci il konstitusiyalarında görmək olar.

O zaman SSRİ-də prinsipcə yeni konstitusion model yaradıldı. 1924-cü və 1936-cı il SSRİ konstitusiyaları (bir il sonra ittifaqın respublikalarında da konstitusiyalar qəbul edilirdi) liberal konstitusionalizm ideologiyasını monizm prinsipi ilə əvəz etdi. Bu dəyişiklik sosialist konstitusiyalarına tam formallıq verdi.

Üçüncü mərhələ, 1945-ci ildən 80-ci illərə qədər davam etdi. Bu mərhələdə konstitusionalizm prosesi, demək olar ki, bütün dünyanı əhatə etdi. 130-dan yuxarı ölkə kolonial sistemin ləğv edilməsi nəticəsində müstəqillik əldə etdikdən sonra konstitusionalizm ideologiyasını qəbul etdi. Azad olan ölkələrdə konstitusiyaların qəbul edilməsi əksər halda simvolik xarakter daşıyırdı. Yeni müstəqillik əldə edən ölkələr beynəlxalq münasibətlərdə bərabər hüquqlu subyektlərə çevrildilər.

Sosialist konstitusiyaları sıralarına Bolqarıstan, Macarıstan, Vyetnam, Çin, Kuba və digər dövlətlərin konstitusiyaları daxil oldu. Demək lazımdır ki, sosialist konstitusiyaları konstitusionalizmin liberal ideyalarına böyük zərbə vurdu. Sosialist konstitusiyalarındakı, fərdin tam dövlətə tabeçilik prinsipi konstitusionalizm ideologiyasının əksinə idi. Hal-hazırda konstitusiyanın inkişaf prosesi bunu bir daha sübut edir.

XX əsrin 90-cı illərində başlanan dördüncü müasir mərhələ totalitar sistemin dağılması ilə bağlıdır. Sosialist rejimin dağılması ilə əlaqədar 100-dən çox ölkədə konstitusiyalar qəbul edildi. Bu mərhələnin əsas istiqaməti konstitusionalizm ideologiyasının bərpa olunması idi. Yeni yaranan konstitusiyalarda (o cümlədən, Azərbaycan Konstitusiyasında) konstitusionalizmin ilkin ideyaları insan hüquq və azadlıqlarının prioritetliyi; siyasi plüralizm; hakimiyyət bölgüsü; konstitusion nəzarət institutları və s. öz əksini tapdı.

Hazırda dünyada 200-dən çox dövlətdə və 300-dən çox federasiya subyektində konstitusiyalar mövcuddur. 2004-cü ildə, hətta Avropa Birliyinin Konstitusiyası qəbul edildi (Konstitusiya Avropa Birliyinin 25 üzvü tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minməli idi. Lakin bu günədək üzv-dövlətlərin hamısı konstitusiyanı ratifikasiya etməyib).

R.Dahl konstitusiyaların hər hansı bir ölkədə demokratiyanın yaranmasındakı oynadığı rolu xüsusi qeyd edir: 1. Sabitlik. 2. Əsas insan hüquqları. 3. Mənafelərin tarazlığı. 4. Hesabat vermə. 5. Ədalətli nümayəndəlik. 6. Birliyə əsaslanan konsensus. 7. Səmərəli idarəetmə. 8. Qərarların səriştəliliyi. 9. Şəffaflıq və aydınlıq (anlaşıqlı). 10. Çeviklik. 11. Legitimlik.

Bu şərtlərə əməl edən demokratik ölkələr geniş konstitusiya seçimi imkanına malikdir. Əsas şərtlərə əməl olunmayan ölkələr hansı konstitusiyanın olmasından asılı olmayaraq, demokratiyanı qoruya bilməzlər. Ölkədə həm əlverişli, həm də əlverişsiz şərait yaranarsa, mükəmməl şəkildə tərtib edilmiş Konstitusiya  demokratik institutların möhkəmlənməsinə kömək etməyə qabil olduğu halda, konstitusiyanın hazırlanması zamanı buraxılmış səhvlər demokratik institutların taleyinə dağıdıcı təsir göstərə bilər (38, 152).

Konstitusiyanın cəmiyyətdə müxtəlif funksiyaları olsa da onun əsas funksiyası - hüquqi funksiyadır. Müasir konstitusiyalar birbaşa hüquqi qüvvəyə malikdir. Deməli, dövlətlərin əsas qanunları cəmiyyətə ideoloji təsirləri ilə bərabər hüquq sistemlərin də vacib hüquqi mənbələridir. Ancaq hər bir hüquq normasının qorunması üçün mükəmməl və effektli fəaliyyət göstərən idarəetmə institutları mövcud olmalıdır. Hazırda sabit inkişaf edən demokratik dövlətlərin hakimiyyət quruculuğu tarixi də göstərir ki, ölkələrdə konstitusionalizm təminatının ilkin mərhələsində dövlət hakimiyyətinin möhkəmliyi vacib amildir.

ABŞ Konstitusiyası insan hüquqlarının, qanunun aliliyinin, hüququn hökmranlığının, bir sözlə hüquqi, demokratik dövlətin əsas təminatçısı olub, xalq tərəfindən dərk olunub yekdilliklə müdafiə olunur, xalq hakimiyyətinin əsasını təşkil edən cəmiyyəti birləşdirən qüvvə kimi çıxış edir. ABŞ Ali Məhkəməsinin sədri işləmiş Con Marşal yazırdı ki, ABŞ Konstitusiyası hökumət idarələrinin təkamülünə yol göstərmiş, siyasi sabitliyin, fərdi azadlığın, iqtisadi yüksəlişin və ictimai tərəqqinin əsasını təmin etmişdir (13, 28).

R.Rəcəbli XX əsrin sonlarında müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulu haqda yazır ki, “bu konstitusiya “demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyən bir respublikanın konstitusiyası olmaqla yanaşı, həm də ən demokratik yol ilə qəbul edilmiş konstitusiyadır” (112, 11).

Ulu Öndər Heydər Əliyev  “Azərbaycanda ümumi hüquqi dövlətin əsası olan konstitusiyanı Azərbaycanın bugünü və gələcəyi üçün çox böyük bir sənəd - siyasi-hüquqi sənəd” adlandırırdı. Konstitusiyada hüquqi dövlət quruculuğu, onun formalaşması yolları göstərilmiş, bu prosesdə tarixi, milli ənənələr, dünya təcrübəsi və ümumbəşəri demokratik prinsiplər nəzərə alınmışdır. Konstitusiyanın qəbulunu Azərbaycan xalqının tarixi nailiyyəti hesab edən Heydər Əliyev onun ümumbəşəri və milli dəyərlərə söykəndiyini göstərir.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda mühüm rol oynayan konstitusiya haqqında Ulu Öndər demişdir: “Mən sizi, bütün Azərbaycan xalqını müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunması münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu konstitusiya Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, insanların, vətəndaşların hüquq və azadlıqlarının qorunması, Azərbaycanda demokratik hüquqi dövlətin qurulması və inkişaf etməsi üçün öz xidmətlərini göstərəcəkdir.

Biz yeni bir mərhələdəyik və bundan sonra çox ciddi, cəsarətli addımlar atmağa imkanımız var. Çünki bunun üçün qanuni əsaslar yaranıbdır. Yeni qəbul olunmuş konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır, xalqımız bu konstitusiyanın müddəalarından daim istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs .- 2011.- 27 sentyabr.- S. 9.