Dövlət
müstəqilliyimiz 20 yaşında
Budur, artıq ölkəmiz
müstəqilliyin əldə edilməsinin 20-ci
ildönümünü qeyd
edir. Müstəqillik yolumuz heç də asan və hamar
olmamışdır. Bu yolda itkilərimiz,
ağrılarımız, acılarımız kifayət qədər
olub. Azərbaycanı müstəqil dövlət
quruculuğuna aparan yol, əslində, 1969-cu ildən-
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra başlamışdır. Tarixdən bəllidir ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan
Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya
aktını qəbul etdi. Adıçəkilən aktın
lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi. 1991-ci il
dekabrın 29-da isə ümumxalq referendumunda məsələ
müzakirəyə çıxarıldı və əhalinin
95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə,
suverenliyinə və istiqlaliyyətinə səs verdi.
Konstitusiya aktına əsasən ölkəmiz öz rəsmi
müstəqilliyini elan etdi və nəhayət, Azərbaycan
Demokratik Respublikasının süqutundan 71 il sonra dövlətimiz
öz müstəqilliyinə qovuşdu.
Beləliklə, Azərbaycan xalqı XX yüzillikdə
ikinci dəfə müstəqillik bayrağını
qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki
ikinci parlaq qələbəsi idi.
Azərbaycanın müstəqillik əldə etməsi
dünya ölkələri tərəfindən də
tanındı. Dövlətimizin müstəqilliyini
ilk olaraq Türkiyə
Respublikası tanıdı. Daha sonra Rumıniya, Pakistan,
İsveçrə, İran, ABŞ, Rusiya və başqa
dövlətlər də tanıdı. Bu
da danılmazdır ki, 1993-cü ilin əvvəllərində
Azərbaycanın dövlət müstəqilliyini
dünyanın 116 dövləti tanıyırdı. 70 xarici dövlət ilə Azərbaycan
arasında diplomatik əlaqələr
yaradılmışdı. Dünyanın bir
çox ölkələrində Azərbaycanın
səfirlikləri açılmağa başladı.
Müstəqilliyinə hələ
yeni qədəm qoymuş
Azərbaycan 14 beynəlxalq təşkilata üzv
qəbul edildi. O, 1991-ci ilin dekabrında İslam
Konfransı Təşkilatına, 1992-ci ilin
fevralında Türkiyə, İran və Pakistan dövlətlərinin daxil
olduğu İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv oldu. 1992-ci il martın 2-də
Azərbaycan Respublikası Birləşmiş Millətlər
Təşkilatına üzv qəbul olundu.
Müstəqilliyin ilk illərində Azərbaycanda daxili siyasi vəziyyət xeyli gərgin idi. Ölkə
parçalanmaq təhlükəsi ilə
üzləşmiş, vətəndaş
qarşıdurması baş vermişdi. Torpaqlarımız sürətlə
erməni qəsbkarları tərəfindən işğal
olunurdu. Belə vəziyyətdə
Azərbaycanda müdrik, idarəetmədə
zəngin təcrübəsi olan, xalqa dayaq ola
biləcək bir şəxsiyyətə ehtiyac yaranmışdı. Azərbaycan nəinki
müstəqilliyini qoruyub saxlamaq,
hətta varlığını belə itirmək təhlükəsi
ilə üzləşmişdi.
Belə bir vaxtda xalq bir
xilaskar kimi bütün ümidini müdrik şəxsiyyət Heydər Əliyevə
bağlamışdı.
Xalqın təkidli
tələbini və xahişini qəbul
edən Ulu Öndər ömrünün
qalan hissəsini Azərbaycanın müstəqilliyinin
qorunmasına, beynəlxalq aləmdə tanınmasına,
insanların xoşbəxt və firavan
yaşamalarına həsr etməyə razılıq verdi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial, iqtisadi, elmi-mədəni
həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara uyğun
müstəqil dövlət quruculuğu prosesi başlamışdı. Heydər Əliyevin
həyata keçirdiyi təxirəsalınmaz
tədbirlərinin nəticəsi kimi, Milli Ordunun
formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa
qadir nizami silahlı
qüvvələrin yaradılması, digər tərəfdən,
atəşkəsə nail olmaq
üçün bütün
siyasi və diplomatik
vasitələr işə salınmışdı. Bunun da nəticəsində
1994 -cü ilin may ayında atəşkəsə
nail olunmuşdu.
Bundan
başqa, 1994-cü ilin
sentyabr
ayında dünyanın nüfuzlu neft şirkətlərinin
daxil olduğu konsorsiumla imzalanmış “Əsrin müqaviləsi”
Azərbaycana iri həcmli kapital
qoyuluşuna və respublikamızın bir müstəqil dövlət kimi
digər qlobal beynəlxalq iqtisadi
layihələrdə iştirakına yol açdı.
Xalqın yüksək mütəşəkkilliyi
şəraitində, 1995-ci il noyabr ayının 12-də müstəqil Azərbaycan
Respublikasında ilk parlament
seçkiləri keçirildi. Elə həmin
gün referendum yolu ilə müstəqil dövlətimizin ilk konstitusiyası qəbul olundu.
Konstitusiyaya əsasən Azərbaycan
Respublikasının dövlət dili kimi Azərbaycan dili təsbit
olundu. Bununla da təkcə ölkəmizin və dilimizin deyil, həm də
Azərbaycançılığın əsası qoyuldu. Xalqımızın milli
sərvəti olan ana dilimizin inkişafına daim
qayğı göstərilməsi Ümummilli
Lider Heydər Əliyevin böyük
tarixi xidmətlərindən
sayılır.
İnsan
hüquqları və azadlıqları, dövlətin və hər
bir vətəndaşın hüquq və vəzifələri
Azərbaycan Konstitusiyasında öz əksini
tapmışdı. Belə ki, dövlət
insanlara bərabərlik hüququ,
azadlıq, təhlükəsiz yaşamaq,
mülkiyyət, əmək, mənzil toxunulmazlığı,
istirahət,
təhsil və digər hüquqlar verir.
Heydər Əliyev
siyasəti sayəsində müstəqil Azərbaycan
Respublikası özünə layiqli yer tutdu, diplomatiya
sahəsində bir-birinin ardınca
möhtəşəm qələbələr əldə etdi, inkişaf etmiş ölkələrlə dostluq və əməkdaşlıq münasibətləri
quruldu. Qısa müddət ərzində
Azərbaycan 150-dən artıq ölkə ilə diplomatik əlaqələr yaratdı.
Əslində, tarixi
baxımdan 20 il o qədər
də böyük dövr
deyildir. Lakin biz ötən illərə nəzər salsaq, aydın olar ki, Azərbaycan qısa bir
zamanda çox böyük nailiyyətlər əldə edib. Məhz Heydər Əliyevin
siyasəti sayəsində bu gün dünyanın inkişaf
etmiş qüdrətli dövlətləri
Azərbaycanla hərtərəfli əməkdaşlığa
böyük maraq
göstərirlər. Əsası Ümummilli
Lider Heydər Əliyev tərəfindən
qoyulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən reallaşması və bu kəmərlər vasitəsilə Azərbaycanın
təbii sərvətlərinin heç bir dövlətin vasitəçiliyi olmadan Avropaya və dünya bazarına çıxarılması
Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini
daha da möhkəmləndirdi,
nüfuzunu yüksəkliklərə
qaldırdı.
Bu gün Azərbaycan Cənubi Qafqazın ən
sürətlə inkişaf edən
ölkəsidir. Cənubi Qafqaz dövlətlərinin
ümumi iqtisadiyyatının 75%-i Azərbaycanın
payına düşür. Avropa
Birliyi Azərbaycanı enerji
təhlükəsizliyi sahəsində strateji
tərəfdaş kimi tanıyır və
Azərbaycan Avropanın neft və qazla təminatında
böyük rol
oynayır.
Bu gün Azərbaycanda sosialyönümlü
siyasət aparılır. Yeni iş yerləri açılıb, yeni məktəb binaları inşa
olunub, yoxsulluğun səviyyəsi
azalıb. Paytaxtımızda, bölgələrimizdə tikilən
binalar, körpülər, bərpa olunan muzey və salınan
parklar inkişafımızın sübutudur.
Azərbaycanda təhsil sisteminin inkişafı məhz Ümummilli
Lider Heydər Əliyevin adı ilə
sıx bağlıdır. Burada aparıcı amillərdən biri
milli təhsil sahəsində dünya standartlarına uyğun
fundamental islahatların aparılması, təhsilimizin
milli və ümumbəşəri dəyərlər,
demokratik, dünyəvi prinsiplər əsasında
xalqımızın, millətimizin tarixinə, mənəviyyatına,
milli ənənələrinə müvafiq şəkildə qurulmasıdır. İndi cəmiyyət
üçün yüksək intellektual ünsiyyət bacarığı, əməkdaşlıq
qabiliyyəti olan milli
və bəşəri dəyərlərə yiyələnmiş,
yüksək mədəniyyətə malik,
müstəqil fikir söyləməyi bacaran və hüquqlarını dərindən
dərk edən, təhlil və ümumiləşdirmə
aparmağı bacaran, ən əsası
isə torpaqlarımızın bir
qarışını belə düşmənə güzəştə
getməyən vətənpərvər vətəndaşlar
yetişdirilməsi dövlət qarşısında bir məqsəd kimi qoyulmuşdur.Bu sahədə böyük
işlər görmüş
Heydər Əliyev azərbaycanlı gənclərin xaricdə
təhsilinə şərait yaradaraq,
onların təhsil aldıqları ali məktəblərdə
həyat şəraitləri, təhsil prosesləri ilə ciddi şəkildə maraqlanır, hətta həmin
respublika və şəhərlərə
səfər edərkən tələbələrlə
görüşlər təşkil edirdi.
Bu gün də Azərbaycanda gənclərin təhsilə
olan marağı daha güclüdür. Hər bir
azərbaycanlı gənc ya öz vətənində, ya
da xaricdə təhsil almağa
can atır.
Azərbaycanda turizm
sahəsi də çox sürətlə
inkişaf edir. Hər
il yüzlərlə turist
gəzmək üçün Azərbaycana
gəlir. Bu da Azərbaycanın
dünyada turizm
dövləti kimi tanınmasına gətirib
çıxarır.
Bütün bu nailiyyətlərə Azərbaycan çox da uzun
bir vaxtda deyil, müstəqilliyini əldə etdikdən
sonra, yəni 20 il ərzində
nail olub. Qısa bir vaxt ərzində Azərbaycanın
dünyanın qüdrətli dövlətləri
sırasına daxil olması hər birimiz üçün böyük bir fəxrdir.
İndi Azərbaycanın
müstəqilliyinin 20 ili bir
çox ölkələrdə yüksək
səviyyədə qeyd edilir.
Bu gün ölkəmizdə demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Möhkəm və sarsılmaz təməllər
üzərində inkişaf edən Azərbaycanın
hər günü yüksəlişlə,
tərəqqi ilə davam edir. Onun beynəlxalq əlaqələri, dövlətlərarası
münasibətləri ötən hər gün
daha da güclənir,
ölkədə siyasi və iqtisadi islahatlar uğurlu nəticələr
verir, iqtisadi inkişaf sürətinə görə dünyada lider mövqeyinə
çıxan Azərbaycanda əhalinin
güzəranı, yaşayış səviyyəsi
yüksəlir, hər açılan sabah
xalqımızın və dövlətimizin tarixi taleyində
müsbət izlərini qoyur. Bütün bunlar onu göstərir ki, milli sərvətimiz olan
müstəqilliyimiz əbədidir!
Hüseynova Səkinə
Cümşüd qızı
Səs .-
2011.- 27 sentyabr.- S. 7.