Görkəmli
tarixçi alim, hərbi
xadim, şair, tərcüməçi
“Xalqımızın dünya elminə bəxş
etdiyi töhfələrlə fəxr etməyə haqqı
var. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın,
Mirzə Fətəli Axundovun, Abasqulu Ağa Bakıxanovun və
digər mütəfəkkirlərimizin adları dünya elminə
yaxşı tanışdır”.
Heydər Əliyev
Azərbaycan ədəbiyyatının böyük
mütəfəkkirləri olan simalar siyasi və mədəni
mühitdə böyük rol oynayaraq ictimai fikir tarixində
özünəməxsus qüvvəyə malik
olduqlarını göstərə bilmişlər. Azərbaycan
ziyalılar nəslinin yetişməsində və onların
böyük əməllərinin aşkarlanmasında
yaşadıqları mühitin rolu danılmazdır. Zaman
çərçivəsində, həyatın diqtəsi,
tarixi zərurət məhz həmin şəxsləri
böyük yaradıcı kimi tariximizin müəyyən hissəsində
əbədiləşdirmişdir. Onlar elmi, zəkası,
yenilikçi meyilləri ilə Azərbaycanın dünyaya
qapı açmasında müstəsna xidmətə malik
olmuşlar. Belə simalardan olan Abasqulu Ağa Bakıxanov
öz nəslinin tanınmış nümayəndəsindən,
dünyanın klassik sənətkarına çevrildi. Ulu
Öndər Heydər Əliyevin dediyi kimi, “Xalqımızın
dünya elminə bəxş etdiyi töhfələrlə fəxr
etməyə haqqı var. Nəsirəddin Tusinin, Əbülhəsən
Bəhmənyarın, Mirzə Fətəli Axunduovun, Abasqulu
Ağa Bakıxanovun və digər mütəfəkkirlərimizin
adları dünya elminə yaxşı tanışdır”.
Ulu Öndərin ifadə etdiyi fikirlər bu günlərdə
“Mütərcim” nəşriyyatında çapdan
çıxmış “Qüdsi əbədiyyəti”
kitabının ilk səhifəsinə daxil edilmişdir.
Abasqulu Ağa Bakıxanov haqqında dərc edilən bu nəşr
böyük bir simanın həyat və fəaliyyətinin,
yaradıcılıq yolunun müəyyən
cığırlarını, onun şəxsiyyət olaraq
böyük fikrə və amala malik olmasını
işıqlandırır. Qeyd edim ki, kitab əməkdar
jurnalist İttifaq Mirzəbəylinin tərtibatı ilə
işıq üzü görmüşdür. Bu nəşr əsəri
XIX əsrdə yaşayıb-yaratmış ilk görkəmli
Azərbaycan maarifçisi, alim, yazıçı, şair tərcüməçi,
general Abasqulu Ağa Bakıxanov haqqında qələmə
alınmış çoxsaylı elmi-bədii, publisist məqalələrdən,
çıxış və nitqlərdən, tarixi sənədlərdən
ibarətdir. Kitab təkcə Bakıxanov irsinin pərəstişkarları
üçün deyil, eyni zamanda, oxucular üçün dəyərli
bir nümunədir. Qeyd edim ki, Bakıxanov nəslinin
davamçısı Bakı Musiqi Akademiyasının
professoru, akademik, xalq artisti, Bakıxanov adına
mükafatın laureatı Tofiq Bakıxanov bunun “Qudsi əbədiyyəti”
nəşrinə qədər olan kitablardan fərqləndiyini
qeyd edir. Belə ki, 60 illik pedaqoji və bədii
yaradıcılığa malik olan Tofiq Bakıxanov bu nəşrdə
soyadını daşıdığı nəslin nümayəndələri
haqqında bir alimin, yazıçının və jurnalistin
deyil, böyük bir yaradıcı insanlar qrupunun zəhməti
olduğunu qələmə alır. Kitabda Bakıxanovun
ensiklopedik biliyə malik Şərq və Avropa elmlərini mənimsəmiş,
eyni zamanda, Şərq poeziyasına dərindən bələd
olan bir ziyalı kimi keyfiyyətləri diqqətə
çatdırılır. “Qüdsi mövzusu publisistikada”,
“Müasirləri Bakıxanov haqqında”, “Bakıxanovlar səcərəsi
haqqında”, “Böyük mütəfəkkirin həyatının
xüsusi məqamları” və s. fəsillərində bu
böyük ziyalı haqqında Azərbaycan üçün
qürur gətirə biləcək fikirlərə rast gəlinir.
7 fəsildən ibarət olan kitabda bir-birindən fərqli
olan məqalələrin fövqündə Abasqulu Ağa
Bakıxanov yaradıcılığına və şəxsiyyətinə
yaşanma tərzi də müxtəlif formadadır. Hər
bir qələm sahibi, ziyalı Azərbaycan ictimai fikir tarixində
rola malik olan bu simanın məhz işıqlı əməllərini,
azərbaycançılıq mövqeyini, onun məfkurəsini
məhz faktlar əsasında göstərərək, həqiqətən
də, yüksək rütbələrə malik olduğunu təsdiqləyir.
Bakıxanovun əxlaq nəzəriyyəsindəki iradə
möhkəmliyi, təbiətdə baş verən
qanunauyğunluqlara münasibəti ifadə olunmaqla
yanaşı, onun ictimai bir xadim kimi də tutduğu vəzifə
diqqətə çatdırılır. Belə ki, 52 il
ömür yaşayan Abasqulu Ağa Bakıxanov rus ordusunda
polkovnik rütbəsinə qədər ucaldığı, bəzi
mənbələrdə isə general olması göstərilir.
Bu, Azərbaycan ziyalısının yaşadığı
zamanda öz ölkəsindən kənarda belə mövqe və
nüfuza malik olduğunu göstərir. O, tariximizdə hərbçi,
diplomat kimi deyil, elm və mədəniyyət elçisi kimi də
adını əbədiləşdirmişdir. Siyasət aləmində
uğurlara imza atan ziyalı fəlsəfə, tarix, nücum,
coğrafiya və s. elmlərə də dərindən bələd
idi. Kitabda qələmə alınan məqalələrdə
göstərilir ki, bu nəsil Azərbaycan xalqına 20-dən
çox hərbçi verib. Bu nəsil repressiya illərində
təqiblərə məruz qalıb. Bakıxanov nəslinin
nümayəndələrinin bəziləri bu zaman məsafəsində
familiyalarını dəyişsələr də, əksəriyyəti
bu soyadın daşıyıcısı olmuşlar.
Dünyanın böyük ziyalıları belə
Abasqulu Ağa Bakıxanova gözəl münasibət bəsləyiblər.
Onun yaradıcılığını daim diqqətdə
saxlayıb, fəaliyyəti üzərində tədqiqatlar
aparmışlar. Məşhur alman şairi və tərcüməçisi
Fridrix Bodenştedt Bakıxanovla Mirzə Şəfi Vazehin
“Divani-hikmət” məclisində yaxından tanış
olmuş və ona valeh olmuşdur. O öz
heyranlığını belə qələmə alır:
“Onlardan öz ləyaqətinə və biliyinə görə
ən görkəmlisi Abasqulu xan idi. O öz xalqının
üləmaları arasında Qərbin əxlaqını, adətlərini
və şəraitini bilməsi ilə seçilirdi. Abasqulu
xan belə hərtərəfli inkişaf etmiş şəxsiyyətlərdəndir
ki, onlar hər yerdə özlərinə hörmət
doğura bilirlər”. Bu, Qərb dünyasının Azərbaycan
ziyalısı haqqında söylədiyi təvazökar
görüşlərin ifadəsidir.
İttifat Mirzəbəyli kitaba daxil etdiyi
yazıların seçimində diqqətli olaraq təkrar
fikirlərin yer almasına yol verməmişdir. Belə ki,
“Abasqulu Ağa Bakıxanovun yaradıcılığı Azərbaycan
musiqisində”, “General
Bakıxanov qardaşları”, “Görkəmli sənətkar”,
“Bakıxanovun elmi irsi”, “Qüdsiyyət” və digər
başlıqlı yazılarda Abasqulu Ağa Bakıxanovun hərtərəfli
olaraq fəaliyyət dairəsi tədqiqatlar əsasında
özünü büruzə verir. Onun Azərbaycan ədəbiyyatına
bəxş etdiyi əsərlərə yanaşma tərzi də
fərqli olduğundan, ölkənin ictimai-siyasi həyatını
əks etdirən nümunələrindəki əsas ideya, məzmun
da müxtəlif prizmalardan təhlil edilir. Qeyd edək ki,
akademik Ziya Bünyadov yazır ki, görkəmli tarixçi,
filoloq, şair, filosof və ensiklopedik alim Abasqulu Ağa
Bakıxanov Azərbaycan
tarixşünaslığının banisidir.
İttifaq Mirzəbəylinin “Qüdsi əbədiyyəti”
kitabı ictimai məzmun kəsb edən bir nümunə olaraq
Azərbaycan tarixinin, elminin inkişafında rola malik klassik sənətkarımızın
həyat və fəaliyyətinin tədqiqində əhəmiyyət
kəsb edir.
Zümrüd
Səs.- 2011.- 29 sentyabr.- S. 12