“Müstəqil
Azərbaycan -20”`
Dünən “Səs” qəzeti redaksiyasında Azərbaycan
dövlət müstəqilliyinin 20 illiyinə həsr
olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada millət vəkilləri Adil Əliyev
və Fazil Mustafa, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Hikmət Babaoğlu, tarix üzrə fəlsəfə doktoru
Nazir Əsədov, Vəhdət Partiyasının sədri
Tahir Kərimli, siyasi elmlər doktoru
Cümşüd Nuriyev, Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin
direktor müavini, dosent Elman Nəsirov iştirak edirdilər. Dəyirmi masanı giriş
sözü ilə “Səs” qəzetinin baş redaktoru Bəhruz
Quliyev açaraq, “Səs” qəzetinin hər zaman cəmiyyətin
həyatında baş verən ən aktual məsələlər,
proseslərlə bağlı mütəmadi olaraq dəyirmi
masalar təşkil etdiyini bildirdi. B.Quliyev vurğuladı
kı, bu cür tədbirlər artıq ənənə halını
alıb.
“Bu gün ən aktual
mövzulardan biri olaraq dövlət müstəqilliyinin 20
illiyi ərəfəsindəyik” -deyən B.Quliyev Azərbaycan
Prezidenti İlham Əliyevin
müstəqilliyimizin 20 illiyi ilə bağlı
imzaladığı Sərəncamı xatırladaraq ölkənin
hər yerində müxtəlif
qurumlar, ictimai-siyasi təşkilatlar tərəfindən bu əlamətdar
hadisə ilə bağlı tədbirlər keçirildiyini
diqqətə çatdırdı: “Bildiyimiz kimi, 18 oktyabr
1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin
tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul olunub.
Məlum olduğu kimi, XX yüzilliyin sonlarında Sovetlər
Birliyinin süquta uğraması ilə yaranan əlverişli
tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində
Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə
müstəqillik bayrağını qaldırdı. Bu,
xalqımızın siyasi tarixində bir əsrdə
yaşadığı ikinci parlaq qələbə idi. Azərbaycan
Respublikası Ali Sovetinin xalqın təkidli tələbi ilə
çağırılmış növbədənkənar
sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa
etmək haqqında bəyannamə qəbul edildi. 1991-ci il
oktyabrın 18-dən Azərbaycan istiqlalına qovuşmuş,
suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. Belə
bir əlamətdar hadisə Azərbaycan tarixinin əsasını
təşkil edir. Bu gün tanınmış siyasətçilərin,
tarixçilərin və millət vəkillərinin
iştirakı ilə dəyirmi masanı təşkil etməkdə
əsas məqsəd məhz 20 illik bir dövr ərzində Azərbaycan
tarixinə qısa bir şəkildə də olsa nəzər
salmaqdır”.
“Səs”qəzetinin
əməkdaşı:
- Cümşüd
müəllim, istərdik ki, 20 illik bir dövrün canlı
şahidi olaraq həmin illəri xarakterizə edərdiniz. Eyni
zamanda, bu 20 illik bir dövr Azərbaycan tarixində hansı
nailiyyətlər, uğurlar, hadisələrlə yadda
qaldı?
Cümşüd Nuriyev:
- Mən, ilk növbədə,
“Səs” qəzetinin redaksiyasına belə bir mövzuda dəyirmi
masa keçirdiyinə görə təşəkkürümü
bildirirəm. Eyni zamanda, bütün xalqımızı bu
tarixi ərəfədə müstəqillik günü
münasibəti ilə təbrik edirəm. O illəri
yaşamış bir şəxs kimi deyə bilərəm ki,
SSRİ-nin saxlanılması ilə bağlı keçirilən
referendum əleyhinə səs verən Tahir Kərimli də bu
gün bu dəyirmi masada iştirak edir. Həmin siyahıda 43
nəfərin imzası var idi. Səs verənlərin
siyahısında Ümummilli Lider Heydər Əliyevin də
adı var. 1991-ci ilin mart ayının 20-də Azərbaycanın
müstəqil olması üçün bu addım
atıldı. Bundan əvvəl 1988-ci ildə Dağlıq
Qarabağla bağlı hadisələr gündəmdə idi
və xalq artıq ayağa qalxmışdı. Deyə bilmərik
ki, xalq bu addımı atmaqla ilin xalqı elan olundu. Bu
xalqın genetik yaddaşında müstəqillik
anlayışı vardır. Bu xalq kiminsə əsarətində
olmağı sevmir. 1988-ci ildə başlanılan hadisələr
1991-ci ildə qanuni müstəviyə keçdi. 1991-ci ilin
avqust ayında müstəqillik Bəyannaməsi
hazırladıq. Həmin ilin oktyabr ayının 18-də bu məsələ
artıq rəsmi şəkildə Milli Məclisə təqdim
olundu. Bu mövzu ətrafında mübahisələr gedir. Əslində,
mən bunun tərəfdarı deyiləm. Kimsə bu müstəqilliyi
öz adına çıxmaq iddiasındadır. Mən bunun qətiyyən
əleyhinəyəm. Bu, Azərbaycan xalqının
qazandığı tarixi qələbədir. Bu qanunun layihəsi
ayrı-ayrı millət vəkilləri tərəfindən
hazırlanmadı. Bu qələbənin əldə
olunması nə qədər qan bahasına başa gəlmiş
olsa da, bir o qədər də onun qorunub-saxlanılması, Ermənistan
və yaxud da Gürcüstan kimi kiminsə əlinin altında
olan dövlət olmamasına görə Azərbaycan xalqı
Heydər Əliyevə minnətdar olmalıdır. Qısa bir
müddət ərzində 1991-1993-cü illər ərzində
dörd prezident, bir baş nazir əvəzləndi. Mən digər
rəsmi dövlət nümayəndələrinin əvəzlənməsini
sadalamaq istəmirəm. Bütün bunlar sübut edir ki,
ölkə daxilində siyasi sabitlik mövcud deyildir.
1994-cü ilin may ayında Azərbaycan birtərəfli deyil,
ikitərəfli atəşkəsə nail oldu. Bu təklif Azərbaycan
tərəfindən irəli sürülmüşdür. Həmin
tarixi zamandan sonra Azərbaycan öz müstəqilliyini təmin
etməyə başladı. 1994-cü ildə mövcud olan
iqtisadi məsələlərə diqqət yönəltmək
istərdim. Azərbaycanın inflyasiya faizi 1800 idi. Ayrılan
kreditlər yalnız mövcud olan kreditləri bağlamağa
sərf olunurdu. Əmək haqqı fondu yox idi. Ölkənin
büdcəsi tamamilə dağıdılmış idi.
Stabilləşmə fondu 1992-ci ilin avqust ayından elan olunsa
da, fonda yığılan pul ortada yox idi. Bütün
bunların fonunda Azərbaycanda proseslər gedirdi. 1995-ci ildə
Azərbaycan qeyri-adi bir addım atdı. Müasir
dövrümüzdə bu sahəni araşdıran mütəxəssis
kimi deyirəm ki, dünyada üç inkişaf modeli var:
klassik Qərb modeli, sıçrayışlı Şərq
modeli, aftogel Rusiya modeli. Azərbaycan ilk dəfə olaraq, dünyaya yeni bir model təqdim
etdi ki, bu paralel islahatlar modelidir. Artıq bütün dünya bu modeli qəbul
etməyə başlayıb. Bu ideyanı
gündəmə gətirən Ümummilli Liderimiz Heydər Əliyev
idi. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan
Dövlət Universitetinin konservatoriyasının
açılışında həmin məsələni dilə
gətirərək, bildirdi ki, Azərbaycan artıq paralel
islahatlar modelini qəbul etmiş dövlətdir. Siyasi və iqtisadi inkişaflarla yanaşı, Azərbaycanın
modern bir dövlət kimi konsepsiyasına uyğun olaraq
addımlar atması onun tam müstəqilliyinin təminatını
göstərən faktorlardır. Azərbaycan
xarici və daxili siyasətində digər dövlətlərdən
- Qafqaz ölkələrindən fərqli olaraq öz siyasətini
yürüdür. Bu, Azərbaycan müstəqilliyinə
və 20 illiyinə ən böyük hədiyyədir.
Azərbaycan torpaqlarının 20 faizi işğal altında
olmasına, beynəlxalq güclərin Azərbaycan strateji
mövqeyinə, resurslarına görə, bu gün də təsir
altında saxlamasına baxmayaraq, dövlətin başında
duran Prezident İlham Əliyev səriştəli bir diplomat
olduğundan Azərbaycanın inkişafı sürətlə
gedir. Bu gün müstəqillik tariximizi qeyd
etdiyimiz bir zamanda bu müstəqilliyi qoruyub saxlayanları da
unutmamalıyıq. Bu gün mövcud olan
müstəqillik dövlət statusunu alıb.
“Səs” qəzetinin
əməkdaşı:
- Nazir müəllim,
bugünkü müstəqilliyimizi cümhuriyyət
dövründə mövcud olan müstəqilliyin varisi,
davamçısı kimi qiymətləndirmək olar?
Nazir Əsədov:
- Mən ilk olaraq, demək
istərdim ki, Azərbaycan xalqının ruhunda müstəqilliyə,
azadlığa meyil olmuşdur. Bu xalq
özünün sərbəstliyi, azadlığı
uğrunda mübarizə aparmış və əksəriyyətində
də qalib olmuşdur. Azərbaycan xalqının
müstəqilliyə can atmasına, müstəqil dövlət
kimi tanınmasına hələ cümhuriyyət
dövründən çox-çox əvvəlki illərdə
başlanmışdır. Azərbaycanın
görkəmli ziyalıları müstəqil olmaq məkurəsi
ilə çıxış etmişlər. Bu məfkurə
və ideyaların nəticəsi olaraq 1918-ci ilin mayında Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması baş verdi.
Bu, Azərbaycan xalqının təfəkküründə
yetişmiş məsələ idi ki, özünü
büruzə verdi. Təbii ki, bu proses
cümhuriyyətin yaranması baş verdikdən sonra ilk tədbirləri
Azərbaycanın milli adət-ənənələrinin
qorunmasına, onun dünya xalqları arasında
tanınmasına, milli mədəniyyətin müstəqil
inkişafına həsr edilmişdir. Təəssüflər
olsun ki, həmin zamanda beynəlxalq münasibətlərin həddindən
artıq kəskin bir formada olması, eyni zamanda, Azərbaycan
Xalq Cümhuriyyətini təşkil edən Nazirlər
Kabinetinin daxilindəki müəyyən ziddiyyətlər, kənar
təzyiqlər Azərbaycan Xalq Cümhuriyyətinin uzun
müddət yaşamasına imkan vermədi. 1920-ci ili aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti
iflasa uğradı. Buna baxmayaraq, xalqın
içərisində olan milli ruhlu insanlar Azərbaycan müstəqilliyi
uğrunda yenidən mübarizəyə qoşuldular. Sovet hökuməti dövründə gizli şəkildə
təşkilat formasında müstəqilliyə doğru
öz ideyaları uğrunda mübarizə aparırdılar.
Repressiya dövründə Azərbaycanın
sayseçmə övladlarının məhz hədəfə
çevrilməsi və sovet imperiyasının buxovlarından
xilas olma cəhdlərinin “qarşısının
alınması” Azərbaycanda gedən azadlıq mübarizəsinə
qarşı olan təxribat idi. Sovet
dövründə yaşamağımıza baxmayaraq, Azərbaycanda
müstəqilliyə doğru addımlar atılırdı.
1980-ci illərin sonundan başlayaraq, Azərbaycanda
yenidən müstəqillik uğrunda xalq fəallaşmağa
başladı. Bunun səbəblərindən
biri də Dağlıq Darabağ məsələsinin meydana gəlməsi
oldu. Bu, əsas səbəb deyildi. Xalqın ruhundakı azadlıq meyillərinin meydana
çıxması kimi dəyərləndirmək olar. Dağlıq Qarabağ məsələsi bu meyillərin
güclənməsinə təkan oldu. 1969-cu
ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə
irəli çəkilən Ulu Öndər Heydər Əliyev
həmin zamandan başlayaraq, həyata keçirdiyi tədbirlər
xalqın gələcək taleyinin müqəddəratında
müstəsna rola malikdir. Heydər Əliyevin
hakimiyyətə qayıdışı artıq vaxtı ilə
qoyduğu bünövrənin inkişafına təkan oldu.
Müstəqillik dövründəki Azərbaycandakı
inkişaf Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin
məntiqi nəticəsi idi.
“Səs” qəzetinin
əməkdaşı:
- Bildiyiniz kimi, 1988-ci ildən
etibarən, xalq hərəkatı başlandı. Sovet rejiminə qarşı olan bu hərəkat
müstəqil dövlətin yaranması yönümündə
ardıcıl olaraq mübarizəyə qoşulmuşdu.
Bu hərəkatlara rəhbərlik edən liderlər
yaranmışdı ki, həmin simalardan biri də Tahir Kərimlidir.
Bildiyiniz kimi, o illərdə 1993-cü ilə qədər
Azərbaycanda ictimai-siyasi böhran hökm sürürdü və
Azərbaycan iqtisadiyyatı tam iflic vəziyyətində idi.
Həmin illəri necə
xatırlayırsınız?
Tahir Kərimli:
-
Yaşadığımız həmin dövr Azərbaycan
tarixinə ağır illər kimi həkk olunub. Azərbaycanda baş verən ictimai-siyasi proseslərin
fövqündə xalqın fədakarlığının,
mübarizə ruhunun yüksək bir formada olması hər kəsə
bəlli oldu. Dünyada baş verən
xarici faktorlar, eyni zamanda, daxili amillər SSRİ-nin
dağılma prosesini sürətləndirirdi. Pribaltikada, Estoniyada və digər ölkələrində
ictimai-siyasi proseslər baş verirdi. Azərbaycan
xalqını fərqləndirən cəhət bu idi ki,
heç kim inana bilməzdi ki, xalq bu şəkildə
ayağa qalxmaq iqtidarında ola bilər. Torpaq,
müstəqillik uğrunda aparılan mübarizə ilə
heç kəs barışa bilmirdi. Riqada,
Tbilisidə 5-10 nəfər həlak olardı ki, bunu
bütün dünya yazır, müzakirə olunurdu. Amma Azərbaycanda 20 Yanvar faciəsində yüzlərlə
insan şəhid olduğu halda, ona münasibət fərqli
idi. Heydər Əliyevin Moskva şəhərində
keçirdiyi konfransdan sonra Azərbaycana olan informasiya blokadası
yarıldı. Milli Azərbaycan hərəkatına dəstək
az idi. Kimlərinsə bu məsələlərdə
marağı var idi. O illərdə Naxçıvan
xüsusilə blokada şəraitini yaşayırdı. Burada onların məlumatlandırılması məqsədilə
qəzet və jurnalları göndərirdik. Pribaltikada və Gürcüstanda hərəkat
zamanı olan dövlət dəstəyini Azərbaycanda
görmüş olsaydıq, inanın ki, bu illər ərzində
biz bu qədər çətin illəri yaşamaz, bəlkə
də heç 20 Yanvar hadisəsi də baş verməzdi.
Haqq-ədalət uğrunda SSRİ-nin tərkibində olan,
müstəqilliyi uğrunda mübarizəyə qoşulan
respublikaların deputatları daim inadkarlıq göstərirdilər.
Amma çox təəssüflə qeyd edək
ki, bizim deputatlar SSRİ rəhbərlərinin
qarşısında acizlik göstərirdilər. Bu ağrılı bir məsələ idi. O
illərdə başımız çox ağrılar çəkib.
Hətta 18 oktyabr müstəqillik aktının
qəbulu ilə bağlı olan məsələdə mən
könülsüz olaraq səs vermişəm. Biz 43 nəfər daim təqib olunurduq. Həmin gün mən Milli Məclisdən
çıxarkən hərbçilər tərəfindən
həbs olundum. Məni hara aparmaları belə
məlum deyildi. 18 oktyabrda slavyan dövlətlərinin
birliyi yaranandan, Moskvada bəzi ictimai-siyasi olaylar baş verdikdən
sonra Azərbaycan rəhbərliyi cəsarətləndi. Azərbaycan rəhbərliyinin bu cəsarəti 259 nəfərin
müstəqilliyə səs verməsinə səbəb oldu.
Bu böyük bir hadisədir, bunun tarixi qiyməti
verilib.
“Səs” qəzetinin
əməkdaşı:
- O illərdə
mümkün idimi ki, Dağlıq Qarabağ məsələsi
öz həllini tapsın və bu gün bizə böyük
bir problem yaradan məsələ vaxtında
çözülsün?
Elman Nəsirov:
- O illərdə Azərbaycan
xalqı arasında iqtidarla müxalifət arasında ortaq məxrəcə
gəlmək mövcud olsaydı, müstəqillik ideyası
uğrunda mübarizə bahəm aparılsaydı,
böyük bir birliyə nail ola bilərdik.
Moskva özü ölkə daxilində problemin
yaşanmasına maraqlı idi. Bu
baxımdan ki, xaos, özbaşınalıq yaranan zaman idarəetmə
üçün vasitədir. Hər kəsin bir hədəfə
doğru irəliləməsi bizi yaşadığımız
itkilərin daha az miqdarda baş verməsi
ilə nəticələnərdi.
Yaşadığımız 20 ili
bugünkü prizmadan analiz edərkən biz ona üç mərhələdən
yanaşmalıyıq. Birincisi 1991-ci ildən
formal bir şəkildə elan olunan müstəqilliyimiz
dövrüdür. Müstəqillik elan
olunub, amma dövlətçiliyin özü
formalaşmayıb. 1991-1993-cü illərdə
müstəqillik dövrünü yaşasaq da, amma əsil
dövlətçilik istiqamətində ciddi bir addım
atılmamışdı. Bu dövr daha çox ziddiyyətlər,
çəkişmələr, vətəndaş müharibəsi
cəhdləri və s. xoşagəlməz hallarla yadda
qaldı. Bu xaotik dövr məhz bu çərçivədə
qiymətləndirilir. İkinci dövr isə
1993-cü ildən 2003-cü ilə qədər olan bir
dövrdür. Bu Ümummilli Lider Heydər
Əliyevin hakimiyyətə qayıdışı və rəhbərlik
etdiyi dövrdür. Bu dövr bizə miras
qalmış ən ağır faciələrə - 1828-ci ildən
müstəqillik dövrünə qədər olan tarixi
çətinliklərin aradan qaldırılmasında məhz
həmin 10 illik çərçivəsində addımlar
atıldı. Bu çərçivədə
çox faktları Azərbaycanın inkişafına zəmin
yaradan amilləri diqqətə çəkmək olar. Amma ən əsası bu müstəqilliyin möhkəmlənməsinə
xidmət edən 1994-cü ilin 20 sentyabr tarixində imzalanan “Əsrin
müqaviləsi”nə diqqət yetirmək istəyirəm.
Bundan sonra Ümummilli Lider 1996-cı ildə
iyunun 6-da “Şahdəniz” yatağının işlənməsi
ilə bağlı müqavilənin imzalanmasıdır.
Bu iki rəsmi sənəd bizim dövlətçiliyin
möhkəmlənməsinə xidmət edirdi. Bizim hərbi büdcəmizin artması, neft fondunun vəsaiti
bu və ya digər faktlar nəticə etibarı ilə Azərbaycanın
güclənməsinə xidmət edir.
(ardı
var)
ZÜMRÜD BAYRAMOVA
NƏZAKƏT
ƏLƏDDİNQIZI
Səs.-2011.- 29 sentyabr.- S. 8-9.