“Müstəqil Azərbaycan -20”

 

“Səs” qəzetinin redaksiyasında Azərbaycan dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada millət vəkilləri Adil Əliyev və Fazil Mustafa, tarix üzrə fəlsəfə doktoru Nazir Əsədov, Vəhdət Partiyasının sədri Tahir Kərimli, siyasi elmlər doktoru  Cümşüd Nuriyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, dosent Elman Nəsirov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu iştirak edirdilər.

 

(Əvvəli ötən sayımızda)

 

Dəyirmi masanı giriş sözü ilə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev açaraq, “Səs” qəzetinin hər zaman cəmiyyətdə baş verən ən aktual məsələlər, proseslərlə bağlı dəyirmi masalar təşkil etdiyini bildirdi. Bu gün ən aktual mövzulardan biri olaraq dövlət müstəqilliyinin 20 illiyi ərəfəsindəyik”-deyən B.Quliyev Azərbaycan Prezidenti İlham  Əliyevin müstəqilliyimizin 20 illiyinin qeyd olunmasına dair imzaladığı Sərəncamı xatırladaraq ölkənin hər yerində müxtəlif qurumlar, ictimai-siyasi təşkilatlar tərəfindən bu əlamətdar hadisə ilə bağlı tədbirlər keçirildiyini diqqətə çatdırdı: “Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul olunub. Məlum olduğu kimi, XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində bir əsrdə yaşadığı ikinci parlaq qələbə idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın təkidli tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. Belə bir əlamətdar hadisə Azərbaycan tarixinin əsasını təşkil edir. Bu gün tanınmış siyasətçilərin, tarixçilərin və millət vəkillərinin iştirakı ilə dəyirmi masanı təşkil etməkdə əsas məqsəd məhz 20 illik bir dövr ərzində Azərbaycan tarixinə qısa bir şəkildə də olsa nəzər salmaqdır”.

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM  ƏLİYEVİN FƏALİYYƏT DÖVRÜ AZƏRBAYCANIN TARİXİNDƏ XÜSUSİ MƏRHƏLƏDİR”

 

Elman Nəsirov:

- 2003-cü ildən Azərbaycanın inkişafında yeni bir mərhələ başlayır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövrünü əhatə edir. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin kursunu davam etdirməklə yanaşı, dəyişən dünyanın tələblərinə adekvat olaraq yeniliklər əlavə edib. Bu baxımdan Prezident İlham  Əliyevin fəaliyyət dövrü Azərbaycanın tarixində xüsusi mərhələdir. Mövcud mərhələdə ölkənin bütün sahələrini əhatə edən potensialı güclənmiş, dünyada Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlərin sayı artmışdır.

Dünya Azərbaycanlılarının III Qurultayı keçirilərkən cənab Prezident vurğuladı ki, son illərdə Azərbaycanın dünya ölkələrində olan konsul və səfirliklərinin sayı artmışdır. Bu gün dünya ölkələrində 416-dan çox diaspor təşkilatlarımız fəaliyyətdədir. Yaxın zamanlarda təxminən 8 ölkədə səfirlik fəaliyyətə başlayacaq. Biz bu gün demək olar ki, dövlətin maraqlarına uyğun olan bütün problemlərin həllinə nail olmuşuq.

Dünya iqtisadi böhran dövrünü yaşadığı zamanda Azərbaycanın daxili potensialının nəticəsi olaraq onun iqtsadiyyatına bir o qədər təsir göstərilmədi. Azərbaycanda 2009-cu ildən əvvəl 29-30 faiz artım olmuşdursa, həmin il 9,3 faiz iqtisadi artım müşahidə edildi. Prezident İlham  Əliyev bunun daha dəyərli bir faiz olduğunu qeyd etmişdir. Çünki dünya iqtisadiyyatı böhran şəraitini yaşadığı illərdə Azərbaycan iqtisadiyyatında qeyd edilən faiz artımı olmuşdur.

Azərbaycanın təkcə bir problemi - Dağlıq Qarabağ məsələsi həll olunmadan qalır. Hərbi-iqtisadi yüksəlişi siyasi iradəmiz məqsədyönlü bir şəkildə həyata keçirir. 20 illik müstəqilliyimiz dövründə bunların hansı formada təzahür olunduğunun şahidi oluruq.

 

“Səs” qəzetinin əməkdaşı:

- Müstəqillik illərinin ilk dövrü çətin, ziddiyyətlərlə müşahidə olunan bir zaman idi. Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanı düçar olduğu xaosdan, ictimai-siyasi fəlakətdən xilas edə bildi. Müxtəlif illərdə Azərbaycan müstəqilliyinə qarşı yönəlmiş dövlət çevrilişlərinə cəhdlər göstərilsə də Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkədaxili və xarici qüvvələrin əməlləri qarşısına sədd çəkildi. Adil müəllim, istərdik ki, bu dövrün ümumi xülasəsi ətrafında fikirlərinizi bildirəsiniz.

 

“BEYNƏLXALQ QÜVVƏLƏR, ELƏCƏ DƏ, ÖLKƏ DAXİLİNDƏ OLAN QÜVVƏLƏRLƏ MÜBARİZƏ APARMAQ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ÜZƏRİNƏ DÜŞƏN ƏN BÖYÜK MƏSULİYYƏT OLDU”

 

Adil Əliyev:

- Bu gün Azərbaycan xalqı bayram əhval-ruhiyyəsindədir. Çünki, müstəqilliyimizin 20 illiyi ərəfəsindəyik. Azərbaycan dövləti deyərkən, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin  hakimiyyətə qayıdışı və Onun ölkədaxili və xarici siyasətinin məntiqi olaraq dövlətin təməlinin möhkəmlənməsinə nəzər salmalıyıq. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinin qazanılması xalqın iradəsi, milli ruhunun məntiqi nəticəsidir. Müstəqilliyimizin əldə olunmasına qədər yüzlərlə vətən övladı şəhid oldu. Şübhəsiz ki, həmin şəhidlərin qanının tökülməsində ölkənin müstəqillik qazanmasına əngəl törədən  insanların - daxili qüvvələrin rolu da danılmaz bir faktordur. Azərbaycanda belə bir proses mövcud idibu çətin mərhələdə Ulu Öndər Heydər Əliyev bütün sədləri, maneələri öz iradəsi, siyasi əqidəsi ilə dəf edə bildi. Həmin ərəfədə Azərbaycanda Dağlıq Qarabağ savaşı gedirdi və dövlətin sərhədlərini qorumaq, onun qarşısını almaq üçün ciddi addımların atılması zəruriyyəti yaranmışdı. Dahi Öndər Heydər Əliyevin müdrik siyasəti ölkənin xaricidaxili sabitliyinin yaradılmasına gətirib çıxardı. Xaricdən dəstək alan qüvvələr ölkədə sabitliyin yaranmasına qarşı ciddi səylər göstərərək, təhlükəli situasiyanın yetişməsinə şərait yaratmağa çalışırdılar. Beynəlxalq qüvvələr, eləcə də, ölkə daxilində olan qüvvələrlə mübarizə aparmaq Ulu Öndər Heydər Əliyevin üzərinə düşən ən böyük məsuliyyəti oldu.

Unutmamalıyıq ki, müstəqillik əldə etdikdən sonra onu qoruyub saxlamaq, dövlətin mənafeyini müdafiə etmək vacib şərtlərdəndir. Qeyd edək ki, dünya təcrübəsindən bizə məlumdur ki, hansısa bir dövlət müstəqilliyini əldə etdikdən sonra xarici qüvvələr onun müstəqilliyinin möhkəmlənməsinə problemlər yaratmağa səylər göstərirlər. Belə bir ağır mərhələni Azərbaycan da keçib. Dövlət  müstəqilliyinin möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham  Əliyev tərəfindən bu kurs layiqli bir şəkildə davam etdirilir. Prezident İlham  Əliyevin apardığı siyasəti biz yeni əsrin nailiyyəti adlandırırıq. 2003-cü ildə cənab İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycanda yeni bir dövrün əsası qoyuldu. Azərbaycan qanununa, qanunvericiliyinə dəyişiklik və əlavələr olundu. Beynəlxalq qanunlarla Azərbaycan arasında olan səddin qaldırılması üçün işlər görüldü. Bütün bunlar Azərbaycanın dünyada tanınmasına, dünyaya inteqrasiya olunmasına gətirib çıxardı. Bu gün Azərbaycanla dünyada hesablaşırlar. Dünyadakı baş verən proseslərdə Azərbaycanın da səsi, yeri, mövqeyi var. Azərbaycan müstəqilliyini qoruyub saxlayır,  məqsədyönlü fəaliyyətini davam etdirirbunun müqabilində daha böyük zirvələrə yol açacaq. Azərbaycan böyük xalqların görmədiyi layihələri, yenilikləri həyata keçirməyə, nailiyyətləri yaşamağa qadir olan bir dövlətdir. Təbii ki, bundan sonrakı illərdə də öz daxili potensialımız və gücümüzlə dünyada sözümüzü deyəcəyik.

 

“Səs” qəzetinin əməkdaşı:

- Azərbaycan güclü, hüquqi bir dövlətdir. Belə bir dövlətin yaradılma prosesi çox çətin bir proses idi. Ulu Öndərimiz belə bir çətin prosesin dövlətin mənafelərini müdafiə edərək qarşısını alıb, onun inkişaf konsepsiyasını hazırladı. 20 il ərzində vətəndaş cəmiyyəti formalaşmış, hüquqi dövlət qurulmuşdur. Bu prosesin həlli istiqamətində görülən işlər necə xarakterizə edilə bilər?

 

“MÜSTƏQİLLİYİMİZİN SİYASİ, İQTİSADİ, HÜQUQİ ƏSASLARI YARADILDI VƏ BU ÜÇBUCAQ ÜZƏRİNDƏ MÖHKƏM DAYANAN AZƏRBAYCANIN İNKİŞAF MƏRHƏLƏLƏRİ BAŞLANDI”

 

Hikmət Babaoğlu:   

- Ölkə Prezidenti İlham  Əliyev Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə bağlı  Sərəncam imzalayıb. Bu Sərəncamın bir daha aktuallaşdırılması, ictimailəşdirilməsi məqsədilə “Səs” qəzeti tərəfindən dəyirmi masanın təşkil edilməsinə görə təşəkkürümü bildirirəm. 20 illik bir tarixin hesabatını veririk. Bu illər ərzində ölkəmizin sosial-iqtisadi, mədəni və digər sahələrində baş verən hadisələr müxtəlif yerlərdə keçirilən tədbirlərdə geniş bir şəkildə işıqlandırılır. Bir növ xalqımız özü qarşısında, eləcə də, dövlətimiz xalq qarşısında hesabatını verir. 20 illik bir dövrdə keçdiyimiz inkişaf yolu siyasi əqlin, zəkanın süzgəcindən keçirilərək saf-çürük edilməli, ictimai təfəkkürdə vahid, monolit, həmrəyliyi təmin edə biləcək şəkildə kristallaşmalıdır. Bugünkü tədbirimizin də məhz məqsədi bu məsələ üzərindədir. Azərbaycanın dövlət müstəqilliyinə qədər olan dövrlərlə bağlı bəzi fikirləri ifadə etmək istərdim. Tarixdən bəllidir ki, müstəql Azərbaycan dövlətçiliyi 1828-ci ildə süquta uğradı. Həmin ildə Türkmənçay sülh müqaviləsi imzalandı. Buna qədər 1813-cü ildə Gülüstan sülh müqaviləsinə imza atılmışdır. Bu müharibələr İran-Rusiya müharibələri kimi deyil, Azərbaycan-Türk-Rusiya müharibələri kimi xarakterizə olunmalıdır. Çünki Gülüstan sülh müqaviləsinin altında olduğu kimi, Türkmənçay sülh müqaviləsində də Abbas Mirzənin imzası var.

1918-ci ildə şərti olaraq Azərbaycan Demokratik Cümhuriyyəti quruldu və həmin dövrdən başlayaraq 1969-cu ilə qədər Azərbaycan ziyalılarının repressiyası davam etdi. Azərbaycan dövlətinin təhlükəsizliyini təmin edə biləcək təhlükəsizlik orqanları anti-azərbaycançılıq mərkəzləri idi. Məhz Heydər Əliyev Milli Təhlükəsizlik Komitəsinə Sədr təyin olunduqdan sonra Azərbaycana qarşı repressiya törədən azərbaycançılıq mərkəzləri dağıdıldı. Müstəqilliyimizin ilkin əsasları da həmin dövrdən sonra formalaşmağa başladı. Biz fəxarətlə deyirik ki, 1988-ci ildən başlayaraq Azərbaycan milli azadlıq hərəkatı baş qaldırdı. Bu, Bakı Heydər Əliyevin yaratdığı milli Bakı olmasaydı, bu hərəkat baş verə bilməzdi. Bu, 60-cı illərin Bakısı idi. 1969-cu ildən başlayaraq, Bakının sənaye şəhərinə çevrilməsi rayon və kəndlərdən gənclərin Bakıya axınının təmin edilməsi və onların məskunlaşdırılması Bakını imperiya şəhəri statusundan çıxarıb ona milli status verdi. Eyni zamanda, Azərbaycanda yaradılan hüquqi baza, 1978-ci ildə Azərbaycanda qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və digər uğurlar, Azərbaycanın 14 keçici bayraq alması, üzümçülüyün və şərabçılığın, pambıqçılığın inkişafı Azərbaycanı müstəqilliyə hazırlayan milli-sosialiqtisadi əsaslar idi. Eyni zamanda, demoqrafik əsaslar idi. Bu gün müstəqilliyimizdən danışarkən, sözsüz ki, bu məqamlara diqqət yetirməliyik. Bütün bunlar, əslində, Heydər Əliyevin fəaliyyətinin məntiqi olaraq sonrakı mərhələlərdə də özünü büruzə verdi.

Bir məqama diqqət yetirmək istərdim. 1991-ci il avqustun 29-da Rusiya Federasiyası müstəqilliyini elan etdi. Bundan sonra digər respublikalar da öz müstəqilliklərini elan etdilər. Sentyabrın 21-də dövlətçiliyi olmayan Ermənistan özünün müstəqilliyini elan etdi. Türkmənistan da bizdən əvvəl öz müstəqilliyini bəyan etdi. Azərbaycan isə oktyabrın 18-də bu müstəqilliyə nail oldu. Buna səbəb onun təşkilatlanmaması idi. Xalqın vətənpərvərliyi, milli ruhu olsa da, təşkilatlanma prosesinin zəifliyi onun müstəqilliyini qeyd etdiyim dövlətlərdən sonra qazanmasına səbəb oldu. Bu təşkilatlanmanı, milli gücü, birliyi, enerjini toplayan xalqı bir istiqamətə yönəldən məhz Ulu Öndər oldu. O illərdə Azərbaycanın dövlətçiliyinin milli ideoloji, siyasi-iqtisadi əsasları formalaşmalı idi. Heydər Əliyev Azərbaycançılıq ideologiyasını irəli sürdükdən sonra bu, ümummilli formulaya çevrilərək, Azərbaycanın ideoloji əsaslarını təşkil təmin etdi. Bu formula qısa bir zamanda xalq tərəfindən mənimsənildi. İdeyanın ideologiyaya çevirilməsi Heydər Əliyev tərəfindən reallaşdı. Bu mənada, Ümummilli Lider Heydər Əliyev böyük istedada malik politoloq, pedaqoq, böyük sosioloq, dövlət xadimi, dahi şəxsiyyət idi. Azərbaycanın müstəqilliyini əldə etmək üçün, ilk növbədə, iqtisadi müstəqilliyini əldə etmək lazımdır. Bu iqtisadi müstəqilliyi təmin edə biləcək hüquqi əsasların yaradılması vacibdir. Ulu Öndər addım-addım bunların hər birini həyata keçirib.

Azərbaycan xalqının yaddaşında qalan ən böyük hadisələrdən biri 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsidir. 1994-cü il sentyabrın 20-dən “Əsrin müqaviləsiimzalanmışdır. Amma yenə Konstitusiyaya yeniliklər dəyişikliklər əlavə olunurdu. Əsas hüquqi-siyasi sənəd yox idi. Bu hüquqi-siyasi sənəd Azərbaycan dövlətinin həm iqtisadi, həm siyasi, həm strateji istiqamətlərini, hüquqi əsaslarını müəyyənləşdirdi. Bəlli oldu ki, Ulu Öndər balanslaşdırılmış siyasət həyata keçirir. Bu siyasət dövlətçilik xarici siyasətin əsas prioriteti kimi götürüldü. Dağlıq Qarabağ bu məsələnin həlli birinci prioritet məsələdir. Müstəqilliyimizin siyasi, iqtisadi hüquqi əsasları yaradıldı bu üçbucaq üzərində möhkəm dayanan Azərbaycanın inkişaf meyilləri başlandı. Müasir dövrümüzdə Heydər Əliyevin ideologiyası, siyasi kursu Prezident İlham  Əliyev tərəfindən həyata keçirilir. 20 illik müstəqillik tarixindən söz açarkən İlham  Əliyevin söylədiyi fikirləri sitat gətirmək istərdim. O, Azərbaycanda keçid dövrünün başa çatdığını qeyd edib. Azərbaycan iqtisadiyyatında keçid dövrü sona yetib. Bu yaxınlardakı çıxışında Azərbaycanın artıq possovet ölkəsi olmadığını da vurğuladı. Bu gün Azərbaycanın iqtisadi münasibətləri hüquqi sənədlərə əsaslanır. Azərbaycan possovet məkanı deyildeməklə artıq ölkənin siyasi münasibətlər sistemində müstəqil ideologiyasının təmin olunması nəzərdə tutulub. Biz yeni bir nəsil yetişdiririk, yeni bir təfəkkürə, düşüncəyə malik insanlar müstəqil Azərbaycan vətəndaşı olmaq etibarilə regionda baş verən proseslərdən tam müstəqil şəkildə iştirak edirlər. İstər Azərbaycan politoloqlarının, istərsə elm xadimlərinin müzakirə edəcəyi əsas məsələlərdən biri budur. Hər iki tezis özündə ciddi elmi əsasları ehtiva etməklə gələcək inkişafımızın əsasında duracaq əsas ideoloji prinsiplərdir. 

 

(Ardı var)

 

 

ZÜMRÜD BAYRAMOVA

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 30 sentyabr.- S. 8-9.