GündəmXeyirxah insana ali
mükafat
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyeva "Türk dünyasına xidmət"
mükafatına layiq görülüb
Cəmiyyətdə nəcibliyin,
mərhəmət və xeyirxahlığın ali ünvanına
çevrilən, milli mənafelər baxımından
mühüm strateji layihələri qısa müddətdə
uğurla gerçəkləşdirən Heydər Əliyev
Fondunun çoxşaxəli fəaliyyəti xalqımız tərəfindən
çox yüksək qiymətləndirilir. 2004-cü il
mayın 10-da yaranan fondun ən müxtəlif sahələrdəki
fəaliyyəti milli intibah prosesinə öz dəyərli
töhfələrini verməkdədir.
Heydər Əliyev
Fondunun əsas məqsədi Ulu Öndərin zəngin
dövlətçilik irsinin öyrənilməsinə və
təbliğinə xidmət edən irimiqyaslı
proqramları himayə etmək, xalqın rifahının
yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri
dəstəkləmək, elm, təhsil, mədəniyyət,
incəsənət, səhiyyə və idmanın
inkişafını təmin edən layihələrə
yardımçı olmaqdır. Fond Ümummilli Liderin milli
ideyalarından çıxış edərək, ictimai həyatın
müxtəlif sahələrində fundamental layihələr həyata
keçirir, hər bir vətəndaşın zəruri istək
və arzularının gerçəkləşməsinə,
problemlərinin həllinə maddi-mənəvi dəstək
verir.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
xeyirxahlıq fəaliyyəti məhz yıxılanı
ayağa qaldırmaq, köməksizə əl tutmaq, çarəsizdə
ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və
qayğı istəyindən qaynaqlanır. Genişmiqyaslı
xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər
təşəbbüslərinə görə, 2004-cü ildə
YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri
adına layiq görülən, Dünya Səhiyyə Təşkilatının
İhsan Doğramacı Ailə Sağlamlığı
Fondunun mükafatı ilə təltif olunan Heydər Əliyev
Fondunun prezidenti üzərinə götürdüyü şərəfli
missiyanı uğurla davam etdirməkdədir.
Mehriban xanım Əliyevanın xeyirxah əməlləri
xarici ölkələrdə də hörmətlə qeyd
olunur
ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə Vaşinqtonda keçirilən toplantıda isə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələrin tərəqqisinə, ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına şəxsi dəstəyinə görə Mehriban xanım Əliyevaya "2006-cı ilin xoşməramlı səfiri" adı verilmişdir. Fondun nümayəndəliklərindən biri Rusiyada fəaliyyət göstərir. Ölkəmizin tanıdılması ilə bağlı layihələrə həmişə böyük diqqətlə yanaşan Mehriban xanım Əliyeva Azərbaycan və onun paytaxtını, ölkəmizin zəngin və qədim mədəniyyətini, ənənələrini və müasir nailiyyətlərini tərənnüm edən "Baku" jurnalının Moskvada keçirilən təqdimat mərasimində şəxsən iştirak etmişdir. Azərbaycanın birinci xanımının fəaliyyəti son dövrlər çoxlu nüfuzlu beynəlxalq mükafatlarla və fəxri adlarla qeyd edilmişdir. Mehriban xanım Əliyeva İSESKO-nun xoşməramlı səfiri adını və ölkəmizdə, eləcə də, onun hüdudlarından kənarda apardığı xeyriyyəçilik işlərinə görə, "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq fondunun Yaqut Xaç Ordenini almış ilk qadındır. 2007-ci ilin mayında Mehriban xanım Əliyevanın bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə, Moskvada "Qızıl ürək" mükafatı ilə təltif olunması onun təmənnasız əməyinə verilən layiqli qiymətlərdən biridir. Daha bir mükafatla Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunmuşdur. Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya "Heydər Əliyev Mükafatı"nı təqdim etmişdir.
Həmçinin, bu günlərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Türk Yazarlar və Sənətçilər Vəqfinin İdarə Heyətinin qərarı ilə "Türk dünyasına xidmət" mükafatına layiq görülüb. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə, türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülüb.
Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanın əsasən kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi ənənə halına çevrilib. Ölkəmizdə və onun hüdudlarından kənarda insanlar onu məhz xeyirxah, humanist və nəcib işlərinə görə sevirlər.
Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında daim dövlətimizin başçısını müşayiət edərək, Ona dəstək olmuşdur. Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə ictimai dəstəyin artırılmasına ciddi töhfələr verir. Mehriban xanım Əliyeva yaxın və uzaq xaricdə birinci ledilərlə şəxsi münasibətlər və dostluq əlaqələri yaratmaqla nümunə göstərir. Azərbaycanın birinci ledisi öz yüksək statusundan və təşkilatçılıq imkanlarından istifadə edərək, ehtiyacı olanların problemlərinin həllinə çalışır.
Heydər Əliyev Fondu və onun
prezidenti Mehriban xanım Əliyeva uğurlu layihələrə
imza atır
Qeyd edək ki, 1995-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır. Bu illər ərzində fondun himayəsi altında müxtəlif müsabiqələrdən, bədii sərgilərdən tutmuş xeyriyyə konsertlərinə və musiqi festivallarına qədər çoxsaylı layihələr həyata keçirilmişdir. Müxtəlif dövrlərdə icra olunmuş bütün bu layihələri birləşdirən əsas məram isə Azərbaycan xalqının mənəvi irsinin yüksək səviyyəsini qoruyub saxlamaqdır. Fondun gördüyü işlər dünya ictimaiyyəti tərəfindən də layiqincə dəyərləndirilir. Çünki Heydər Əliyev Fondu digər ölkələrin problemlərinə də biganə qalmır. Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılan məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən tikilib. Bu məktəb zəlzələdən sonra ölkədə inşa olunan 5 min məktəb arasında ən yaxşısı və ən nümunəvisidir. Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanan, köməyə, yardıma ehtiyacı olanların hər zaman yanında olan Heydər Əliyev Fondu Ulu Öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı mühüm layihələrə imza atmışdır. Ulu Öndərin adını daşıyan fond Ümummilli Liderin arzu və istəklərinin, Onun ideyalarının həmişəyaşarlığını əks etdirən əsas mərkəzdir. Bununla belə, Heydər Əliyev Fondunu xalqımıza daha çox sevdirən onun fəlsəfəsidir. Bu fəlsəfənin əsasında çox sadə bir ideya və amal durur: insanlara yaxşılıq etmək.
Bu proqram paytaxtla
yanaşı, regionlarda da icra olunur. Fond hər yeni tədris
ilində silsilə aksiyalar keçirməklə bu sahədə
bir sıra problemlərin aradan qaldırılmasına əhəmiyyətli
töhfə verir.
Azərbaycan xalqının mədəni
irsinin keşiyində duran Mehriban xanım Əliyevanın fəaliyyəti
sayəsində incəsənətimizin bir çox sahələri,
xüsusilə də, muğamlarımız Azərbaycan sərhədlərini
aşaraq, dünya miqyasında sevilir. Mehriban Əliyevanın
səyi ilə muğam YUNESKO-nun dünya qeyri-maddi mədəni
irs siyahısına daxil edilibdir. Mehriban Əliyevanın təşəbbüsü
ilə görkəmli muğam ustalarının "dəyirmi
masa"ları keçirilib. Bakıda Beynəlxalq Muğam Mərkəzinin
yaradılması qərara alındı. Heydər Əliyev
Fondunun muğam sənətinin qorunması və
inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən
biri "Azərbaycan muğamları" layihəsi çərçivəsində
"Qarabağ xanəndələri" musiqi albomunun tərtib
edilməsi oldu. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında
Azərbaycan Televiziyasının keçirdiyi "Muğam
televiziya müsabiqəsi-2007" də bu sahədə atılan
addımlardan biri oldu. İndi əminliklə demək olar ki, mədəniyyətimizin
hamisi olan Mehriban xanım Əliyeva bu sənətin
yaşamasını təmin edən ənənənin təməlini
qoymuşdur.
Azərbaycanın ən
gözəl guşələrindən birində - Qəbələdə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Beynəlxalq Musiqi
Festivalı keçirildi. Festivala dünyanın ən
tanınmış musiqiçiləri gəlmişdilər. Əsl
musiqi bayramına çevrilən bu tədbir çərçivəsində
pianoçuların müsabiqəsi, musiqinin müxtəlif
janrlarına aid konsertlər, ustad dərsləri keçirildi.
Azərbaycan mədəniyyətinin təbliğinə yönələn
bu festival həm də ölkəmizin musiqi ənənələrinin
dünyada tanıdılmasına xidmət etmişdir.
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan
üçün çox işlər görmüşdür.
Amma onun siyasətçi və ictimai xadim kimi potensialı
bununla tükənmir. Əsas dəstək isə onu sevən
adi vətəndaşlardan və təbii ki, ailəsindən gəlir.
Çoxşaxəli, həmçinin, gərgin ictimai fəaliyyətinə
baxmayaraq, Mehriban xanım Əliyeva dövlətimizin
başçısının ən yaxın silahdaşı
kimi xalqımızın rifahı naminə çətin və
gərəkli yoldadır. Bu yol Azərbaycanımıza yeni
uğurlar gətirəcək zəfər yoludur.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 7 yanvar.- S. 4.