Kamil Əliyev – 90
Azərbaycanın görkəmli
portret-xalı sənətkarı
"Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaqlar və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqlar" Heydər Əliyev
Azərbaycanın xalçaçı-rəssamı olaraq tarixə iz salmış Kamil Əliyev şaxəli və orijinal üslubu ilə milli mədəniyyətimizə töhfələrini vermişdir. Bu il 90 illik yubileyini qeyd edəcəyimiz sənətkarın Azərbaycan rəssamlıq sənətində, xüsusilə də, xalçaçılıqda məxsusi yeri var. 1921-ci ildə Oğuz yurdu Qərbi Azərbaycanda, İrəvan xanlığının mərkəzi İrəvan şəhərində Əliyevlər ailəsində anadan olan sənətkar uşaq yaşlarından bu sənətə meyil göstərir və bunun nəticəsi olaraq, Bakı Rəssamlıq Məktəbində, tanınmış rəssam Əzim Əzimzadədən dərs alır. O, 3 il burada dekorasiya şöbəsində oxuyur və müəllimlərinin məsləhəti ilə "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır. Kiçik yaşlarından başlayaraq, onu təqib edən uğurlar peşəkar sənətkar olaraq yetişməsinə təsirini göstərir. Həyat və sənət yolu müxtəlif məqamlardan keçən və bu illər yaradıcılıq dünyasına ştrixlər əlavə edir. Belə ki, Kamil Əliyev Böyük Vətən müharibəsində iştirak etmiş, Vətənə 22 orden və medalla qəhrəman kimi dönmüşdür.
Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam müəllifi kimi özünü təsdiqlədi. Bununla da, bədii sənət üzrə fəxri fərmanın da, respublikanın tətbiqi incəsənət ustası adının da ilk sahibi oldu. Elə bu uğur onun növbəti sənət sevinclərinə və Azərbaycan xalçasının milli ornamentlərlə dünyada tanınmasına gətirib çıxarır. Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni yüksəkliklərə qaldıran, xalça sənətinin incəliklərini qoruyub-saxlayaraq, onu daha da zənginləşdirən, xalçada rəngarəng milli naxışlar, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaradan görkəmli bir sənətkardır. Qeyd etdiyimiz kimi, Kamil Əliyev milli mənliyimizi təmsil edən bu sahəyə hələ gənc yaşlarından gəlmişdir. O, 1930-cu illərdə Bakı Rəssamlıq Məktəbində təhsil alarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmışdır.
İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirir. Bir müddət o, Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı Zərgərlik Fabrikində direktor vəzifəsində çalışır. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin, qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirir. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. Məlumdur ki, xalçaçılıq rəssamdan hərtəfərli istedad və zəhmət tələb edir. Rəsmin xalçada təcəssüm tapması həm də xalçanın texniki hazırlığından asılıdır. Bəzən kiçik bir səhv xalçadakı rəsmin dəyişməsinə gətirib çıxarır. Kamil Əliyevin, xüsusilə, son illərdə yaratdığı xalçalardakı texniki mükəmməllik, yüksək səviyyəli rəsm duyumu, ürəkaçan kolorit, bütünlükdə xalçanın estetikası insanı heyran edir. Rəssam həmişə təsviri sənətin ifadə vasitələri ilə yaratdığı əsərlərin mövzusuna öz münasibətini bildirir, öhdəsinə düşən vəzifəni yüksək professionallıqla həll edir. Xalça sənətimizi və klassik Azərbaycan ədəbiyyatı xəzinəsini xalqımızın "Kitabi-Dədə Qorqud" kimi ilk görkəmli abidəsi şöhrətləndirirsə, dünya xalçaçılıq sənətini Azərbaycan xalçaları misilsiz dərəcədə rövnəqləndirir. XIX yüzildən başlayaraq, mahir xalça ustalarımız əsərlərində klassik Azərbaycan ədəbiyyatına müraciət etmiş, xalçaların bədii tərtibatında ədəbi obrazlardan geniş istifadə etmiş, klassik ədəbiyyatımızın ən görkəmli nümayəndələrinə xalçalar ithaf etmişlər. Kamil Əliyev də sələflərinin yolu ilə getmişdir. O, portret xalçalarının bir silsiləsini Azərbaycan ədəbiyyatının korifeyləri olan Nizamiyə, Füzuliyə, Nəsimiyə həsr etməklə, xalqımızın poetik irsinə olan məhəbbətini büruzə vermişdir. Dünyada portret-xalçaların ən yaxşı nümunələrini Kamil Əliyev yaratmışdır. Bu sahədə ilk işi "Füzuli" xalçası olmuşdur. Kamil Əliyev ornamentdən istifadə edərək, şair və mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq, tamaşaçının mənəvi dünyasına təsir göstərir. Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edilən xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırır. Bu xalı, xalq sənətimizin qiymətli bir incisi kimi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilmişdir. Xalının uğuru rəssamı o qədər ruhlandırır ki, o, bir müddət keçəndən sonra, İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərmiş və məqsədinə nail olmuşdur. Hazırda Bakıda Azərbaycan Xalça Muzeyində nümayiş etdirilən Nizami Gəncəvi xalısının iki başqa variantı da var. Onlardan birini müəllif Kiyevdə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində özbək xalqına bağışlamışdır. Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunmuşdur.
Kamil Əliyev sənətinin gücünü göstərən digər nümunələrdən biri Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin portreti toxunmuş xalçadır. O, xalçaçı-rəssamın bu işini görərkən heyrətini gizlədə bilməyərək demişdi:"Bu, Süleyman Dəmirəldir, onda bəs mən kiməm?"
Rəssamın anası Xanımın, Mir Mövsüm Ağanın, Atatürkün, ABŞ-ın eks-prezidenti Klinton və xanımının, İndira Qandinin, Şota Rustavelinin, Puşkinin portret-xalçaları yaxın-uzaq ölkələrdə yüksək dəyərləndirilmişdir. Bu xalçaları birləşdirən ən mühüm cəhət həm portret cizgilərinin, həm də xarakterlərin ilmələrə düzgün köçürülməsidir.
Kamil Əliyev istifadə etdiyi bütün rəngləri topladığı bitki və ağaclardan özü alar, ipləri də özü boyayardı. Bir də deyərmiş ki, xalçanı ya divardan asırlar, ya da üstündə namaz qılıb Allaha dua edirlər, gərək bu müqəddəsliyi qoruyub gözləyəsən.
Ustad sənətkarın əsərləri onun yadigar qoyub getdiyi xalça muzeyində toplanmışdır. Qədim İçərişəhərdəki bu muzeyə gələn qonaqlar Azərbaycan xalq sənətinin zirvəsi olan xalçaçılığın sirli-soraqlı nümunələri ilə tanış olarkən, şübhəsiz ki, qədim el sənətimiz və onun vurğunu Kamil Əliyev haqqında daha ətraflı məlumat ala biləcəklər. Bir məqamı da diqqətə çatdıraq ki, rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə yaxından tanış olur, İndira Qandinin portert-xalçasını yaratmaq üzərində düşünür. Vətənə qayıtdıqdan sonra uzun müddət xalçanın çeşnisi üzərində işləyir. Uzun axtarışlar və hind incəsənətinin incilərilə tanışlıq müəllifə bu işdə kömək etmişdir. Kamil Əliyev Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəmxəsus surətdə ustalıqla istifadə etmişdir.
Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də, neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.
Mənbələrdə göstərilir ki, Fransada yaşayan İran rəssamı Məlik Cahan Xəzayi bir qəzetdə yazıb: "Ustad Kamil Əliyev haqqında çox eşitmişəm. Onun "Atatürk xalısı"nın şəklini Türkiyə qəzetlərində görmüşəm. Kamil bəy o tay, bu tay Azərbaycanın ən görkəmli portret-xalı sənətkarıdır".
Qeyd etməliyik ki, portret təsvirli xalılar, adətən, "Türkbaf" ilməsi ilə toxunur. Bu da rəsmin dəqiq, real təsvirini təmin edir. Bu xalılar çox sıx toxunulmaları ilə də səciyyəvidir. Texniki cəhətdən portret xalçalığı yüksək professionallıq tələb edir. Bütün bunlar, xalçalardakı portretlərin orijinala oxşamasına da böyük təsir göstərir. Ömrünü-gününü xalqına həsr etmiş, öz xalqının taleyində əbədi iz qoymuş böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyevin tərəfindən 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də belə əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi. Ümummilli Liderimiz Heydər Əliyev öz portreti toxunmuş xalçaya baxarkən susmuş, əlini ilmələrə sürtərək demişdi ki, Kamil, sənin xalçaların dil açıb danışır, insanı söhbətə çağırır. Həqiqətən də, bu xalçada Ulu Öndərimizin müdrikliyi, qətiyyəti, qüdrəti ən müxtəlif rəng çalarları fonunda elə məharətlə ifadə olunmuşdur ki, tamaşa edən hər kəsi heyrətləndirir. Kitabın dahi siyasətçi ilə xalça dahisi arasında səmimi dostluq münasibətlərindən bəhs edən səhifələrindəki məlumatlar da olduqca ibrətamizdir. Ümummilli Lider onun bu sənətini yüksək qiymətləndirmişdir. Kamil Əliyevin yaradıcılıq irsini diqqətə çəkən Heydər Əliyev belə demişdir:"Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaqlar və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqlar".
Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilərək, tamaşaçıların hüsn-rəğbətini qazanmışdır.
Kamil Əliyevin böyük və zəngin yaradıcı əməyi xalqımız tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının "Xalq rəssamı" adına, ölkənin ən yüksək mükafatı olan "İstiqlal" ordeninə layiq görülmüşdür. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib. Görkəmli sənətkarımızın yaradıcılığına bu münasibət respublika rəhbərliyinin xalq incəsənətinin inkişafına göstərdiyi qayğının əyani sübutudur.
Xalqımız onun sənətini hər zaman yüksəkdə tutur və Azərbaycan xalçaçılıq sənətinin klassiki, rənglər və ilmələr sehrkarı Kamil Əliyevin vaxtilə yaşadığı evin qarşısında xatirə lövhəsi və ev muzeyi açılmışdır. Xatirə lövhəsində bu sözlər yazılmışdır: "Azərbaycanın xalq rəssamı, professor Kamil Əliyev bu evdə yaşamışdır: 1921-2005".
Kamil Əliyevin
həyatı naxışlarda əbədiləşən
ömürdür.
Səs.- 2011.- 7 yanvar.- S. 12.