İlham Əliyevin diaspor siyasəti 2010-cu ildə uğurla həyata keçirildi

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində əsaslı dönüş yaratmışdır. Ümummilli Liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Zaman keçdikcə diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi   haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm   ideologiyanın   gerçəkləşməsinə istiqamətlənmişdir. Qurultay Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. Qurultay milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli Lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.

Ümummilli Lider Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir. Ötən dövrün ən mühüm hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.

    Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Azərbaycan diasporunun məskunlaşma  coğrafiyasının miqyası sonsuzdur. Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın  bu qitəyə  axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Digər Qərb  ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Sözsüz ki, bu qədər sayda həmvətənmizin xarici ölkələrdə məskunlaşması Azərbaycan həqiqətləri ilə bağlı reallıqların keniş bir şəkildə diqqətə çatdırılmasında rola malikdir. Bu günlərdə ölkə Prezidenti İlham  Əliyevin dünya azərbaycanlılarına müraciətində deyilir ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir.

Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi diaspor siyasəti uğurla həyata keçirilir. Başa çatan 2010-cu ilin yekunları bunu bizə deməyə əsas verir. Belə ki, 2010-cu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə, diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Reallıqlara söykənərək deyə bilərik ki, Türkiyənin Ankara şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Qurultayı, Stokholmda 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı, Almaniyanın Bonn şəhərində Dünya Azərbaycanlıları Konqresinin XI Qurultayı, "20 Yanvar" faciəsinin 20-ci ildönümü, Xocalı soyqırımının 18-ci ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, İslam Konfransı Təşkilatının (İKT) üzvü olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya ədalət" (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində 2010-cu il ərzində dünyanın bir çox ölkələrində etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlər həyata keçirilmişdir. Eləcə də, 2010-cu ilin mart ayında Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın baş naziri Qordon Braunun rəsmi internet saytında Böyük Britaniya vətəndaşlarının da imzalamağa çağırıldığı müraciətdə Xocalı qətliamının qınanılmasına çağırışla çıxış etmişdir. Müraciəti Böyük Britaniya parlamentinin və Erkən Gün Hərəkatının üzvü olan 32 parlamentari imzalamışdır. 2010-cu ildə Azərbaycan diaspor təşkilatlarının nəzdində yeni kütləvi informasiya vasitələri təsis edilmiş, eyni zamanda, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-lərdə Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər görülmüşdür. Bundan başqa, 2010-cu il fevralın 2-də Çexiyanın Lidise İcra Hakimiyyəti Lidise qəsəbəsində yeni salınan küçələrin birinə Xocalı adı vermək qərarı qəbul etmişdir. Mart ayının 1-də isə Xocalı Şəhər İcra Hakimiyyəti ilə "Lidise Xatirə Kompleksi" arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır. AAKM tərəfindən internet vasitəsilə Bundestaqa və Almaniya siyasi partiyalarının fraksiyalarına, ictimai qurumlarına, mətbuat və informasiya vasitələrinə, qeyri-dövlət qurumlarına, diaspor təşkilatlarına, mədəniyyət və elm nümayəndələrinə Xocalı faciəsinin həqiqətlərini əks etdirən müraciət məktubu yayımlanmışdır.

 

 

Nəzakət

 

Səs.- 2011.- 6 yanvar.- S. 3.