Horadizin işğaldan azad edilməsinin 17 ili tamam olur

 

İlham Əliyev: "Artıq Horadiz şəhərinin abadlaşması hamımız üçün bir nümunədir"

 

17 il öncə uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun bir hissəsi erməni işğalından azad edilib. Bu, 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra ilk hərbi uğur idi.

Qeyd edək ki, Füzuli rayonu 1993-cü il, avqustun 23-də işğala məruz qalıb. İşğala qədər rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub. 1994-cü ildə isə Ermənistan işğalçı qoşunları ilə döyüşlərdə əks hücuma keçən milli ordumuzun şücaəti sayəsində Füzulinin bir hissəsi - 30 min hektar ərazi, bir qəsəbə və 21 kənd işğaldan azad olunub. Ən əsası isə bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi nəzarət altına alınıb.

Bu gün bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsində dağılmış evlər bərpa olunaraq 109 min məcburi köçkün yenidən öz ata-baba yurduna qayıdıb. Qısa bir müddətdə rayonda 5 qəsəbə salınıb.

Ən əsası isə ötən ilə noyabrın 11-də ölkə Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak etmişdir. Qeyd edək ki, Mərkəzin tikintisinə RNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılıb. Üç hektar ərazisi olan mədəniyyət ocağı Prezident İlham Əliyevin göstərişi ilə inşa olunub. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə, milli musiqi alətlərimizin şəkilləri asılıb. Mərkəzdəki 320 yerlik örtülü konsert zalı müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilib. Mərkəzin, həmçinin, 520 yerlik açıq yay zalı da var. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunub. Ətrafda geniş abadlıq işləri görülüb, gecə saatlarında müxtəlif rəng çalarlarına malik işıq lampaları ilə təchiz edilmiş fəvvarə quraşdırılıb, yaşıllıq zolaqları salınıb. Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Füzuli rayonunun Böyük Bəhmənli kəndində tibb mərkəzinin açılışında iştirakı zamanı bildirib ki, müxtəlif bölgələrdə diaqnostika, müalicə mərkəzləri tikilir: "İnsanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün belə mərkəzlər mütləq lazımdır... Mən çox istəyirdim ki, Füzulidə də belə gözəl, müasir mərkəz tikilsin. Bu, çox vacibdir. Burada yaşayanlar üçün vacibdir. Bütün Azərbaycanımız üçün lazımdır".

Ölkə Prezidenti İlham Əliyev çıxışı zamanı Azərbaycan Ordusunun qüvvəsi ilə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə və yenidənqurma-bərpa işlərinin aparılacağına əmin olduğunu da vurğulayıb: "Mən qeyd etmişdim ki, buralar hamısı işğal altında idi. Ermənilər bu bölgələri zəbt etmişdilər. Sonra Azərbaycan Ordusu bu torpaqları azad etdi, yenidənqurma-bərpa işləri başlandı... İşğaldan əvvəl Füzulidə belə gözəl xəstəxana olmamışdır, belə gözəl idman kompleksi, yaxud da ki, bu gün açdığım muğam evi, ümumiyyətlə, yox idi. Bütün bunlar memarlıq əsərləridir. Mən bilirəm, keçən dəfə də burada tikinti ilə tanış olarkən də, bu gün də məlumat verildi, indi baxacağam, burada ən qabaqcıl avadanlıq quraşdırılıb. İnkişaf etmiş ölkələrin əsas şəhərlərində hansı avadanlıq varsa, burada da vardır. Burada doğum şöbəsi də, dializ də vardır. Böyrək çatışmazlığından əziyyət çəkənlər hara getməli idilər? Ya başqa şəhərlərə, ya da ki, ümumiyyətlə, müalicəsiz qalırdılar. İndi burada müalicə olunacaqlar. Lap bir nəfər olsa belə, onun üçün biz burada şərait yaratmalıyıq. Çünki bu, indi elə xəstəlikdir ki, bunun müalicəsi vardır. Elə xəstəliklər var ki, həkimlər əlacsız qalırlar, amma elə xəstəliklər də var ki, müalicə oluna bilər. Sadəcə olaraq, ya dərman yox idi, ya da avadanlıq. İndi hər şey vardır. Burada doğum şöbəsinin yaradılması da çox vacibdir. Azərbaycanda, ümumiyyətlə, uşaq ölümünün səviyyəsi aşağı düşür. Bu, həmişə bizim üçün böyük problem idi. Veteran həkimlər bilirlər, Sovet İttifaqı zamanında həmişə bu göstərici əfsuslar olsun ki, Azərbaycanda yüksək idi. Amma indi şərait yaradılır, həm maarifləndirmə işləri aparılır, doğum şöbələri, müasir avadanlıq, həkimlərin təcrübəsi. Bizim üçün böyük dərəcədə çox ağır olan bu problem indi öz həllini tapıbdır. Yəni, burada bütün şərait vardır. O ki qaldı həkimlərə, tibb işçilərinə gərək xəstələrə yaxşı baxsınlar. Əminəm ki, belə də olacaqdır. Belə gözəl şəraitdə işləmək xoşdur. Mərkəzin xarici görünüşü də çox gözəldir.

Misal üçün, bu gün mən üç gözəl açılışda iştirak edirəm - bu gözəl xəstəxana, muğam evi, idman kompleksi. Bu obyektlər ictimai, sosial, mədəni xarakter daşıyır. Bu obyektlərin tikilməsinə qoyulan sərmayə iqtisadiyyata qoyulan sərmayə deyil ki, sabah biz buradan gəlir gözləyək. Yox, qoyulan bu sərmayə, əslində, gələcəkdə əlavə vəsait tələb edəcəkdir. Çünki burada müalicə pulsuz olacaq və Füzuli rayon sakinləri bunu bilməlidirlər, gəlməlidirlər, diaqnostikadan keçməlidirlər. Hər bir vətəndaş, mən bir də deyirəm,- mən bunu demək olar ki, hər dəfə xəstəxanaların açılışlarında qeyd edirəm, amma bu, elə məsələdir ki, bunu nə qədər çox təkrarlasan, bir o qədər də yaxşıdır, - hər bir vətəndaş ildə bir dəfə gəlməlidir bu müalicə mərkəzlərinə, pulsuz müayinədən keçməlidir və bilməlidir onun sağlıq vəziyyəti necədir, harada nə etmək lazımdır, hansı müalicə almalıdır? Bax, bura, əlbəttə ki, pulsuz olacaq, ona görə, əlavə vəsait tələb edir. İdman kompleksi də, Muğam Mərkəzi də gəlirlə işləməyəcək, orada nə gəlir ola bilər?! Sadəcə olaraq, yerli uşaqlar, gənclər üçün şərait yaratmışıq. Yəni, bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır və Azərbaycan dövləti burada heç bir iqtisadi maraq güdmür. Misal üçün, yollardır, fabriklər, zavodlardır, əlbəttə, onlar qoyulan investisiyaları nə vaxtsa qaytaracaqdır. Bunlar isə yox, bu, sırf sosial xarakter daşıyan işlərdir. Bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları hər yerdə, hər bir bölgədə, bax, belə gözəl imkanlardan istifadə etsinlər. Azərbaycan vətəndaşları buna layiqdirlər. Dünyanın ən yaxşı təcrübəsi burada olmalıdır, buraya gətirilməlidir. İndi biz buna nail oluruq... Bəli, o gün də gələcəkdir. Füzuli şəhərində bundan da gözəl xəstəxanalar, binalar tikiləcəkdir. Artıq Horadiz şəhərinin abadlaşması hamımız üçün bir nümunədir. Çünki bu, onu göstərir ki, işğaldan azad olunan ərazilərdə belə gözəl şərait yaratmaq mümkündür. Bunu biz etmişik, Azərbaycan xalqı Azərbaycan dövlətinin imkanları hesabına edib. Bu, onu göstərir ki, bu gün işğal altında qalan torpaqlarımız azad olunandan sonra orada da belə, daha da gözəl şərait yaradılacaqdır. Biz Füzuli şəhərini də mütləq bərpa edəcəyik..."

Onu da vurğulamaq lazımdır ki, Ermənistan işğalçı müharibə nəticəsində Azərbaycanın 360 km-lik sərhədini pozmuş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 kilometrlik Azərbaycan-İran sərhədini nəzarət altına almışdır. Erməni işğalı nəticəsində Dağlıq Qarabağın 57 yaşayış məntəqəsində yaşayan 50 minədək azərbaycanlı öz yurdlarından qovulub çıxarılıb, Dağlıq Qarabağın ətrafında isə 7 rayon işğal edilibdir. Erməni işğalçıları Ermənistandan, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan 1 milyonadək Azərbaycan türkünü didərgin salmış, qaçqın və məcburi köçkünə çevirmişlər. İşğalçı Ermənistan müharibənin gedişində 890 şəhər, kənd və qəsəbəni, 102 min yaşayış evini, 7 min ictimai binanı, 693 ümumtəhsil məktəbini, 695 səhiyyə ocağını, 800 km uzunluğunda avtomobil yollarını, 160 körpünü, 23000 km-lik su kəmərini, 156 min ha əkin sahəsini, 464 tarixi abidə və muzeyləri zəbt etmiş, yandırmış, dağıtmışdır. Bundan başqa, Azərbaycanın civə, obsidan və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materilallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş ərazilərdə qalmışdır. Orada, həmçinin, 2 qoruq, 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir. İlkin hesablamalara görə, müharibə nəticəsində Azərbaycana 60 milyard ABŞ dolları həcmində zərər dəymişdir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 6 yanvar.- S. 4.