Azərbaycan-Ermənistan: savaşa kim hazırdır?

 

Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan sülh prosesini həddən çox uzatdığından, artıq Azərbaycan tərəfindən başqa variantların nəzərdən keçirilməsi Yerevanda Bakının səbrinin daşacağı və torpaqları hərbi yolla azad edəcəyi haqda əndişələr yaradıb. Özünü itirmiş Ermənistan rəhbərliyi və qorxuya düşmüş erməni ictimaiyyəti situasiyadan çıxmaq üçün yollar axtarır.

 Azərbaycanın artıq güclü peşəkar ordusunun formalaşdığını və bu ordunun istənilən müharibəni aparmağa qadir olduğunu beynəlxalq araşdırma mərkəzlərinin ekspertləri də qeyd edirlər. Bəs Ermənistan ordusu hansı durumdadır? Ümumiyyətlə, Ermənistan savaşa hazırdırmı? İşğalçı ölkənin iqtisadi-maliyyə imkanları, maddi-texniki və insan resursları, ordudakı mənəvi-psixoloji durum Azərbaycanla müharibə aparmağa kifayət edirmi? Münaqişə tərəfi olan iki ölkənin hərbi-iqtisadi imkanları və müharibə potensialı ekstremal duruma nə dərəcədə cavab verir? Bu məsələlərə yazımızda aydınlıq gətirməyə çalışacağıq.

 

İqtisadi potensial və onun müharibədə vacib rolu

 

Hər hansı bir müharibəni apara bilmək üçün, ilk növbədə, güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. 1 milyondan artıq ac vətəndaşı olan Ermənistanın isə, nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.

Azərbaycanın apardığı siyasi və iqtisadi fəaliyyəti nəticəsində sonuncu işğalçı ölkə bir növ blokada durumuna düşərək, bütün regional və beynəlxalq enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu proses Ermənistanın durumunu daha da ağırlaşdırıb. İşğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Ən pis durum isə, Ermənistan ordusundadır.

Hərbi ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, hazırkı şəraitdə hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadiçökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər.

Ermənistanın cari dövlət büdcəsi 2,6 mlrd dollardır. Hərbi xərclər (450 mln$) Ermənistanın 2010-cu il üçün dövlət büdcəsində xərclərin 17%-ni, ÜDM-in isə 3,6%-ni təşkil edir.

2010-cu ildə Azərbaycanın dövlət büdcəsi 15 milyard, büdcədən hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2,5 mlrd. ABŞ dollarına yaxın olub. Göründüyü kimi, hər iki sahədə Azərbaycanın xeyirinə beşqat fərq var.

Bundan başqa, Azərbaycanın strateji valyuta ehtiyatları 30 milyard dollara çatıb. Ölkədə hərəsində bir neçə milyard dollar vəsait olan digər iri fondlar da var ki, bu fövqəladə hallarda ümumi fonda daxil edilə bilər. Strateji planda isə Azərbaycanın enerji və digər qlobal layihələrdən əldə edəcəyi gəlirlər yüz milyardlarla ölçülür.

Ermənistanda isə, onsuz da çox zəif olan maliyyə imkanları getdikcə daha da azalır. Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Belə ki, ÜDM-in həcminin rekord səviyyədə- azı 15%-ə düşdüyü artıq faktdır. Dünya maliyyə qurumları ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 8%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır.

Belə imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət olacaq. Müharibə cəmi 1 ay davam etsə, Ermənistan iqtisadiyyatı bunun öhdəsindən gələ bilməz və ermənilər sadəcə acından ölərlər. Hərçənd Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 ay qədər uzun müddətə uzanmamasına kifayət edir.

 

Canlı qüvvə faktorunun müharibədə rolu

 

Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Hazırda Ermənistan ordusu 60 min əsgərə və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. İldə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir.

Əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilir. Cəbhəyanı bölgələrin sakinlərinə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.

Faktdır ki, Yerevan Qarabağa canlı qüvvə göndərməkdə çətinlik çəkir. "Ermənistan Əsgər Anaları Cəmiyyəti"nin açıqladığı hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə isə "dedovşina", xəstəliklər, narkomanlıq, homoseksualizm baş alıb gedir.

Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır. Son aylarda erməni ordusunda yaşanan rüsvayçı olaylar durumu anlamağa yetəcək qədərdir.

Hərbi mənbələrin məlumatına görə, Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 20 min nəfərdir. Bu qüvvələr 3 ordu korpusunda cəmləşdirilib. Bu qüvvənin 75 faizi Azərbaycanın işğal olunmuş ərazilərinin ordumuzla təmas xətti üzrə cəmləşib.

Ermənistanla müqayisədə Azərbaycan Silahlı Qüvvələri isə daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə də Ermənistandakından azı 3 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyondan çoxdur. Çağırış planı, demək olar ki, 100 % yerinə yetirilir. Ordudan yayınma və fərarilik halları yoxdur. Peşəkar hərbçi kadr baxımından isə, ordumuzun imkanları xeyli yüksəkdir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.-6  yanvar.- S. 5.