Böyük neft strategiyası zəfər
çaldı
“Azərbaycan neft gəlirlərindən
səmərəli istifadə edərək təkcə indiki nəslin
deyil, həm də gələcək nəsillərin firavan həyatını
indidən təmin edib”
Dünyada neft-qaz ehtiyatları ilə zəngin olan xeyli sayda ölkə var. Lakin zəngin neft-qaz resursları olmaq hələ zəngin və firavan həyat demək deyil. Dünyada belə acı təcrübəsi olan ölkələr var. Təbii ehtiyatlar ancaq ağıllı, düşünülmüş və səmərəli şəkildə istismar olunduğu halda ölkə insanına xeyir verir. Azərbaycan da məhz bu işin yüksək səviyyədə həyata keçirildiyi az sayda ölkələrdən biridir.
Strateji inkişaf
konsepsiyasının təməli
Bünövrəsi, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi”nin reallaşması üçün şərait yaratdı. Bunun nəticəsi olaraq dövlətimizin siyasi, iqtisadi və s. cəhətdən inkişafına önəmli təkan verəcək Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri istismara verildi.
Ötən dövrdə xarici ölkələrin neft şirkətləri ilə 25 neft sazişi imzalandı. Bu layihələrin nəticəsində ölkəmizin neft istehsalı 5 dəfə artdı, Azərbaycan böyük gəlirlər əldə etməyə başladı.
Beynəlxalq sazişlərdən sonra Azərbaycanın neft sənayesinin infrastruktur imkanları xeyli yaxşılaşdırılıb, Xəzər dənizinin dərinliklərində kəşfiyyat işləri aparmağa qadir olan üzən qazma qurğuları, ən müasir, dünya standartlarına cavab verən platformalar quraşdırılıb, sualtı neft kəmərləri çəkilib, xam nefti qəbul edib texnoloji emal prosesindən sonra ixrac sisteminə vurmaq üçün nəhəng terminal, alternativ nəql marşrutları yaradılıb.
Bütün bunlar Azərbaycanda rekord miqdarda neft və qaz hasilatına imkan yaradıb, ölkəmizin ixrac potensialının xeyli artmasına səbəb olub. Nəticədə Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib, ölkəmizin iqtisadi qüdrəti xeyli artıb.
10 il öncə 2 milyarda çatmayan dövlət büdcəmiz indi 15 milyardı keçib, strateji valyuta ehtiyatlarının həcmi 30 milyarda, ÜDM-in həcmi 40 milyarda çatıb. Neft gəlirləri hesabına ölkənin siması tamam dəyişib, qeyri-neft sektoru inkişaf edib, əhalinin gəlirləri artıb. Beləliklə də, böyük neft strategiyası zəfər çalıb.
Azərbaycanın neft strategiyası haqda Ümummilli Lider Heydər Əliyev demişdi: “Neft strategiyasının əsas prinsipləri ölkəmizin zəngin neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Hesablamalara görə, Azərbaycanın karbohidrogen ehtiyatları, bütün kateqoriyaları üzrə 4 milyard tondan çoxdur ki, bu da ölkəmizin dünyanın ən iri neft regionları sırasında olduğunu göstərir. Yaxın gələcəkdə Azərbaycanda neft hasilatının önəmli dərəcədə yüksəlməsi, 2010-2015-ci illərdə isə 65 mln. tona çatacağı proqnozlaşdırılır.
Beləliklə, Azərbaycan neft sektorunun sürətli inkişafı ilə böyük irəliləyişlər əldə edib ki, bu da ümumi iqtisadi tərəqqinin əsasını qoyub. Neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi isə yeni bir prosesə təkan verib. Bu, strateji inkişaf konsepsiyasıdır.
Azərbaycan həm də iri qaz
ixracatçısına çevrilir
Son elmi araşdırmalara görə, Xəzərin Azərbaycan sektorundakı qaz ehtiyatlarının həcmi təxmin edildiyindən də çoxdur. ARDNŞ-də isə hesab edirlər ki, hazırda yalnız “Azəri-Çıraq-Günəşli” yatağının çıxarıla bilən karbohidrogen ehtiyatları təxminən 1 mlrd. ton neft və 0,3 trilyon kubmetr qaz həcmindədir.
Qeyd edək ki, Azərbaycanın təbii qaz ehtiyatları 2 trilyon kubmetr həcmində qiymətləndirilirdi. Lakin son vaxtlar yeni kəşfiyyat məlumatları bu proqnozların daha artıq ola biləcəyini ortaya qoyub.
Belə ki, ötən ay Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizində yeni qaz yatağı aşkara çıxarıb. “Ümid” adlandırılan yatağın ehtiyatları 200 mlrd kubm həcmində qiymətləndirilir. Prezident İlham Əliyevlə görüşdə şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, əgər Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.
Bundan başqa, DNŞ rəsmisi qeyd edib ki, şirkət digər bir yataqda- “Babək”də azı 400 milyard kubm qaz ehtiyatının olmasına şübhə etmir. Beləliklə, Azərbaycanın 2 trln kubm təsdiqlənmiş, 2 trln kubm də perspektiv qaz ehtiyatı var ki, bu da olduqca böyük rəqəmdir.
Qeyd edək ki, uzun müddətdir ki, “Nabucco” layihəsinin reallaşmasına əngəl törədən bəhanələr bununla da puça çıxdı. Qeyd olunurdu ki, Azərbaycanın “Nabucco”nu doldurmağa yetəcək qədər qazı yoxdur. Lakin təkcə “Ümid yatağında 200 milyard kubm qazın olması bu kəmərin 7 il doldurmağa kifayət edər.
Ekspertlər hesab edirlər ki, Azərbaycan həm “Nabucco”, həm BTƏ, həm də digər marşrutları qazla təmin edə bilər. Perspektivdə “Şahdəniz” yatağından qaz hasilatının 2015-ci ildə 22 mlrd. kubmetrə, yatağın tam miqyasda işlənilməsini həyata keçirilməsi nəticəsində isə 35 mlrd. kubmetrə çatdırılması proqnozlaşdırılır.
Azərbaycan üzrə, bütövlükdə, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Ümid”, “Babək”, eləcə də, Xəzərin Azərbaycan sektorunda açıla biləcək qaz-kondensat yataqlarının imkanlarını nəzərə alaraq, qaz hasilatının həcminin 2015-ci ildə 50 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. İşin gedişi göstərir ki, bu məqsədə çatmaq üçün heç bir əngəl olmayacaq.
Beləliklə, Azərbaycan dünyada ən böyük qaz ixracatçılarından birinə çevrilməkdədir. Bu da ölkəmizin beynəlxalq mövqelərini önəmli dərəcədə möhkəmləndirir.
Neft gəlirləri xalqın
rifahına sərf olunur
“Əsrin müqaviləsi” imzalanan ərəfədə Azərbaycanın neft ehtiyatlarının təxminən 30 illik olduğu proqnozlaşdırılırdısa, indi vəziyyət dəyişib. Bəzi ekspertlər Azərbaycanın hələ 100 illik neft-qaz ehtiyatlarının olduğunu güman edirlər. Onu da nəzərə almaq lazımdır ki, ölkənin təkcə Abşeron yarımadasında və Xəzərin Azərbaycan sektorunda deyil, həm də bir sıra bölgələrdə də neft-qaz ehtiyatları var.
Nəzərə alsaq ki, perspektiv yataqlar və hələ kəşf olunmamış ehtiyatlar da az deyil, o zaman Azərbaycanın dünya enerji sistemində nə dərəcədə mühüm rol oynayacağını təxmin etmək mümkündür.
Dünya iqtisadi sistemində neftin və qazın nə dərəcədə ciddi rol oynadığına nəzərə salanda Ümummilli Lider Heydər Əliyevin nə üçün neft strategiyasını Azərbaycanın strateji inkişaf konsepsiyasının əsası hesab etdiyini dərk etmək olur. Ölkəmiz bu strategiyanın bəhrələrini yaşamaqdadır.
“BP”-nin hazırladığı proqnozlara görə, neftin bir barrelinin qiyməti 50-60 dollar olarsa, Azərbaycan neftdən 250 milyard dollar gəlir götürəcək. Ümumiyyətlə, qarşıdakı illərdə neftin orta illik qiymətinin ən azı 70-90 dollar aralığında dəyişəcəyi gözlənilir.
Göründüyü kimi, neft hasilatı və ixracı ildən-ilə artır. Hökumətin bundan istifadə edərək qeyri-neft sektorunu inkişaf etdirmək cəhdləri beynəlxalq iqtisadi və maliyyə təkilatları tərəfindən təqdir olunur.
Ümumi daxili məhsulun artımında və MDB-də investisiya qoyuluşu məsələsindəki birincilik özünü sosial inkişafda, əhalinin sosial vəziyyətinin həmin artımlara uyğun yaxşılaşmasında göstərir. Əgər hökumət neft sektorundan qazanılan pulları qeyri-neft sektorunun, yerli istehsalın inkişafına yönəltməsəydi, bu özünü yeni iş yerlərinin açılmasında, orta əməkhaqqının yüksəlməsində, əhalinin yaşayış səviyyəsinin qalxmasında göstərməzdi.
Dünyada neftin qiymətinin sürətlə artması və buna paralel olaraq ölkədə neft istehsalının sürətlə yüksəlməsi Azərbaycana külli miqdarda vəsaitlər qazandırır. Bu vəsaitlər isə, ölkə qeyri-neft sektorunun inkişafına, ölkədə müasir infrastrukturun yaradılmasına və xalqın sosial müdafiəsinin gücləndirilməsinə sərf olunur. Bununla bağlı təkcə onu demək kifayətdir ki, dövlət büdcəsinin 1/3-i sosial xərclərə ayrılıb ki, bu da dünya ölkələrində ən yüksək göstəricilərdən sayılır.
Gələcək nəsillərin
əmanəti
Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan məsələlərdən biri də neftdən əldə olunan gəlirlərin Azərbaycan vətəndaşları arasında ədalətli şəkildə bölünməsi, ölkə iqtisadiyyatının sonrakı inkişafında rol oynaması və gələcək nəsillər üçün bir əmanət kimi saxlanılmasıdır.
Neft gəlirlərindən bugünkü və gələcək nəsillərin mənafeyi naminə səmərəli istifadə olunması məqsədi ilə yaradılmış Dövlət Neft Fondunun fəaliyyəti tam şəffaflıq prinsipləri üzərində qurulub. Dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Neft Fondunun fəaliyyətindəki şəffaflığı daha yüksək qiymətləndirərək, 2007-ci ildə Şərq və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk dəfə olaraq “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görüb.
Dünya mütəxəssisləri Azərbaycan Dövlət Neft Fonduna vəsaitlərin toplanması ilə yanaşı, həmin vəsaitlərin idarə edilməsindən də kifayət qədər gəlir əldə edilməsini yüksək qiymətləndirirlər.
Dövlət Neft Fondunun vəsaitlərinin xərcləndiyi ünvanlara diqqət yetirərkən Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı yada düşür: “Azərbaycanın karbohidrogen ehtiyatları və digər təbii sərvətləri, bütövlükdə, xalqın hər bir fərdinin sərvətidir. Ona görə də neft gəlirlərinin idarə edilməsi və xərclənməsi zamanı dövlət yüksək səviyyədə ədalət nümayiş etdirməlidir və bu yolu tutmuşuq”.
Məhz ədalət yolunu tutan Azərbaycan dövləti neft gəlirlərinin toplandığı Dövlət Neft Fondunun vəsaitlərini, ilk növbədə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının içməli su təminatı ilə bağlı yaranmış problemlərin həllinə, ölkənin meliorasiya- irriqasiya sisteminin inkişafına, “Bakı- Tbilisi-Qars dəmir yolu” layihəsinin tikintisinə və humanitar layihələrə sərf edib.
Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsində imzaladığı çoxsaylı layihələr, xüsusən, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” da məhz Neft Fondu tərəfindən maliyyələşdirilir.
Neft gəlirləri təkcə bugünkü nəslin deyil, həm də gələcək nəslin firavan həyatını təmin etməyə qadirdir. Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılmış Neft Fondunda yığılır ki, bu da ölkəmizin gələcək inkişafının qarantıdır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan artıq təkcə hazırkı nəslin deyil, həm də gələcək nəsillərin firavan həyatını indidən təmin edib.
Elçin Bayramlı
Səs.- 2011.- 6 yanvar.- S.8.