2011-ci il mədəniyyət aləmində daha gərgin və məsuliyyətli il olacaq

 

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı- ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Məlum olduğu kimi, dövlətin mədəniyyət siyasəti də məhz milli dəyərlərin müasir dövrdə yeni bir formada inkişaf və təşəkkülünə yönəlmişdir. Belə ki, mədəniyyətin hər bir növü zaman-məkan çərçivəsində yüksəliş dövrünü yaşayır. Azərbaycanın mədəniyyət siyasəti haqda təsəvvür əldə etmək üçün, ilk növbədə, onun tarixi, təbii-coğrafi şəraiti ilə, eləcə də, həmin ölkədə ictimai və fərdi həyat sahələrində ümumi vəziyyətlə tanış olmaq lazımdır. Bu səbəbdən Azərbaycan Respublikasının, təbii ehtiyatlardan tutmuş sosial və beynəlxalq xarakteristikalara qədər, onun mədəniyyət siyasətinin obyektiv şərtlərinin məcmusunu təşkil edən cəhətlər haqda məlumatlar, milli sərvətlərimiz haqqında məlumatlar hər kəsi təmin edir. Hər il olduğu kimi, 2010-cu ildə də Azərbaycanda əldə olunan uğurların hər biri, nəinki xalqımız üçün, eləcə də, beynəlxalq aləmdə milli dəyərlərimizə olan maraq və diqqəti bir daha artırdı. Belə ki, tarixin bir səhifəsinə çevrilən 2010-cu ildə görülən işlər və reallaşan layihələr Azərbaycan mədəniyyətinə dövlət qayğısını bir daha nümayiş etdirdi. Sözsüz ki, bu möhtəşəm layihələr və həllini tapan məsələlər gələcəkdə Azərbaycan milli mədəniyyəti ilə bağlı bir sıra işlərin gerçəkləşməsinə də təsirini göstərdi. Başa vurduğumuz il Azərbaycanda uğurlarla yadda qaldı. Azərbaycanda çox vacib beynəlxalq və respublika miqyaslı hadisələr baş verdi. Statistik göstəricilərə əsasən, il ərzində Azərbaycanda mədəniyyət sahəsində 150 dövlət əhəmiyyətli tədbir reallaşmışdı. İncəsənət nümayəndələrimiz, nəinki Azərbaycanda, eyni zamanda, bütün dünya ölkələrində keçirilən mühüm tədbirlərdə fəal iştirak edərək ölkəmizi layiqincə təmsil etmişdilər. Belə ki, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günləri, eləcə də, dünya xalqlarının mədəniyyət günlərinin ölkəmizdə reallaşması beynəlxalq münasibətlərin artmasına və inkişafına təkan verən amillərdən biri olaraq il ərizində reallaşdı. 2010-cu il ərzində kitabxana şəbəkəsi təkmilləşdirildi, muzey, teatr işinin maddi-texniki bazası möhkəmləndi. Bu il Azərbaycanda turizmin inkişafına dair yeni Dövlət Proqramı qəbul edildi. Bu, bizi sevindirməyə bilməz. Bütün bunların əsasında isə dövlətin, şəxsən ölkə Prezidentinin Azərbaycan mədəniyyətinə və turizmin inkişafına göstərdiyi diqqət və qayğı durur. Təbii ki, Azərbaycanı hələ gələcəkdə daha da böyük nailiyyətlər gözləyir. Azərbaycan teatrının gələcək inkişafı naminə islahatlar aparılır. Azərbaycanda teatr sahəsində aparılan islahatların nəticəsini tezliklə görmək mümkün deyil. İslahatların nəticəsi olaraq Azərbaycan milli, peşəkar teatr özünə yeni bir qüvvə tapacaq, yeni bir formada nailiyyətləri ilə dünyaya səs salacaq. Gənc Tamaşaçılar Teatrı artıq ilkin mərhələ olaraq bu uğuru yaşadı. Belə ki, bir neçə teatr vahid halda birləşərək, yeni tamaşalarla yadda qaldı. Bu gün həmin teatr dolğun sənət həyatı yaşayır. Yaxşı əsərlər qoyulur, beynəlxalq tədbirlər keçirilir, teatrın kollektivi müxtəlif tədbirlərdə iştirak edir, bütün bunların hamısı islahatların nəticəsidir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında da bunu qeyd etmişdir. Dövlət Rus Dram Teatrında həyata keçirilmiş islahatlar uğurla nəticələndi. Nazir adı qeyd olunuan teatrda da islahatların aparıldığını, yeniliklərin həyata keçirildiyini bildirmişdir. Yeni tamaşalar qoyulur, xaricdən rejissorlar dəvət edilir. İslahatın real nəticəsi budur. Ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq, bu il ilk dəfə ölkəmizdə keçirilən beynəlxalq teatr konfransı artıq növbəti ildə də müxtəlif beynəlxalq səviyyəli tədbirlərin və layihələrin həyata keçirilməsinə təkan verəcək. Bu da teatrımızın beynəlxalq səviyyəyə çıxması istiqamətində atılan addımlardandır. Əgər teatr sahəsində islahatlar aparırıqsa, deməli, bu, uzunmüddətli, növbəti mərhələlərdə öz nəticəsini verə biləcək islahatlardır. "Euronews" Bakı Caz Festivalı Azərbaycan mədəniyyət tarixində ilin hadisələri sırasına daxil edib. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet production"un təşkilatçılığı ilə bu ilin oktyabrında keçirilən Bakı Beynəlxalq Caz Festivalı Avropanın ən mühüm mədəniyyət hadisələri sırasına daxil edilib. Bu statistika "Euronews" kanalı tərəfindən aparılıb və Bakı Caz Festivalı siyahıda yaddaqalan tədbirlər sırasında yer alıb. Ötən il Strasburqda Avropa Şurasının qərargahında 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işçi qrupunun iclası keçirilmişdir. İclasda YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəhbər şəxsləri, Avstriya Federal Mədəniyyət və Təhsil Nazirliyinin şöbə müdiri Norbert Riedl və müstəqil ekspert Robin Vilson iştirak etmişdir. Müzakirələr nəticəsində forum çərçivəsində keçiriləcək ayrı-ayrı sessiyaların, tədbiri dəstəkləyən beynəlxalq qurumlar tərəfindən təşkili və müvafiq moderatorlarla təmin etmələri, həmçinin, tədbirin konsepsiya sənədinin sistemli şəkildə hazırlaranaq iştirakçılara göndərilməsi razılaşdırılmışdır. Bununla yanaşı, forum çərçivəsində Avropa Şurasının "Mədəniyyətlərarası şəhərlər" proqramının qlobal bir layihə kimi təsis edilməsi və həmin şəhərlərin rəhbərlərinin ayrıca görüşünün təşkil edilməsi, həmçinin, Azərbaycanın bir şəhərinin mədəniyyətlərarası şəhər seçilməsi üçün təqdim edilməsi, habelə, Avropa Şurası Şimal-Cənub Mərkəzinin Avropa think-thank görüşünün təşkili barədə ümumi razılıq əldə olunmuşdur. İclasda forumun təşkili və sənədlərin hazırlanması istiqamətində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək bütün tədbirlərin cari ilin yanvar ayının sonuna kimi yekunlaşdırılması və fevral ayının əvvələrində işçi qrupun növbəti iclasında təqdim edilməsi qərara alınmışdır. Bakı şəhərində "Türkdilli xalqların musiqi alətləri" mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi də Azərbaycanın mədəniyyət ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Tədbir, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, yeni yanaşmalar və qiymətləndirmələr və ifaçılıq məsələlərinin müzakirəsi, yox olmuş alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləri və pedaqogika idi. Simpoziumda TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda, Amerika, Avropa və Asiyanın bir sıra alim və filosofları iştirak edirdilər. Daha bir əlamətdar hadisə Avropa Birliyinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasında təmsil olunan Avropa Birliyinə (AB) üzv ölkələrin səfirlikləri ilə birgə Bakı şəhərində Avropa Film Festivalı keçirildi. Festival AB ölkələri və Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, kino sənəti vasitəsilə Avropa dəyərlərinin və mədəniyyətinin daha yaxşı qavranılmasına yönəlmişdir. Avropa Film Festivalının proqramı çərçivəsində Azərbaycanda təmsil olunan 14 Avropa Birliyi ölkəsindən olan filmlər nümayiş etdirildi. Q.Qarayev adına pianoçuların beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı reallaşdı. Bu tədbirlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 2011-ci ildə keçiriləcək 90 illik və akademiyanın Orta İxtisas Musiqi məktəb-studiyasının cari ildə keçirilən 30 illiyinə həsr olunmuşdu. Bu nüfuzlu və qeyri-adi forumda 10 ölkədən 40 pianoçu iştirak etdi. Hər iki tədbir 2010-cu ili Mədəniyyətlərin Beynəlxalq Yaxınlaşması ili elan edən YUNESKO-nun himayəsi altında keçirilirdi. Respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə ikinci respublika müsabiqəsinə yekun vuruldu. Müsabiqədə respublikanın müxtəlif rayon və şəhərlərinin uşaq musiqi və incəsənət məktəblərindən 598 şagird iştirak etmişdir. Azərbaycanda "Nova Gorica" adlı yeni kino mərkəzi yaradıldı. Mərkəzin yaradılmasında məqsəd, gənc rejissorların yaradıcılıq imkanlarının reallaşdırılmasına geniş meydan verməkdir. Qeyd edək ki, kino mərkəzinin ilk məhsulunun istehsalına - İlham Tumasın "Sərçələrin payı" ssenarisi əsasında eynadlı bədii qısametrajlı filmin çəkilişlərinə artıq başlanılıb. Bütün bunlarla yanaşı, Azərbaycan mədənyyətinin inkişafında rolu olan simalar dövlət tərəfindən fəxri adlara, mükafatlara layiq görüldülər. Gələn il bizim üçün olduqca məsuliyyətli bir il olacaq. Qeyd etdiyimiz kimi, aprel ayında ilk dəfə olaraq, Azərbaycan paytaxtında mədəniyyətlərarası dialoqa həsr olunan beynəlxalq forum keçiriləcək. Bu foruma, nəinki Avropa və islam dünyası, bütün qitələrin nümayəndələri qatılacaqdır. Forum bu sahədə Azərbaycanın yeni bir imicinin formalaşması üçün mühüm başlanğıc olacaq və yeni layihələrə təkan verəcək.

 

Səs.- 2011.- 6 yanvar.- S. 12.