Bir mahnının izi ilə, yaxud qıpçaq qızıSarı Gəlin

 

Anan ölsün, nənən ölsün, yoxsa Sinan ölsün “Sarı Gəlin”

 

“Sarı Gəlin” mahnısını dinləyən hər bir azərbaycanlı üçün bu mahnı olduqca doğmadır. Əvvəla, ona görə ki, mahnının sözləri oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda, bayatı janrında yazılıb. Cəmisi yeddi hecadan ibarət, olduqca sadə vəzndə yazılmış bu sözlər bayatı janrının bütün müsbət keyfiyyətləri, axıcılığı, sadəliyi, aydın ifadə tərzi və məhz xalq dili ilə yazıldığı üçün çox sevilir. Bayatı yalnız türklərə aid bir yaradıcılıq nümunəsidir. Bu üslub İraq türkmənləri və azərbaycanlıların ən çox istifadə etdiyi xalq yaradıcılığı nümunəsi olmaqla başqa heç bir xalqın şifahi yaradıcılığında rast gəlinməyən bir nümunədir.

Mahnının olduqca populyarlıq qazanmasının və sevilməsinin ikinci səbəbi isə onun məzmunu ilə bağlıdır. Mahnıda bir nakam eşq hekayəsindən bəhs edilir və bu hekayət olduqca təsirli sözlərlə təsvir olunur. Mahnını çox sevdirən üçüncü cəhət isə onun melodiyasının yenə xalq yaradıcılığının başqa bir nümunəsi olan aşıq sənətindən qaynaqlanmasıdır. İlk baxışdan hər nə qədər bu mahnının aşıq havaları ilə uyğunluq təşkil etmədiyi təsəvvürü yaransa da, mahnıya diqqətlə qulaq asdıqda onun melodiyasının alt qatlarından ən qədim aşıq havalarından olan “İrəvan çuxuru”nun ritmləri aydın sezilir. Sanki “İrəvan çuxuru” havası “Sarı Gəlin”də daha ləng, daha aramla, daha həzin və qəmli şəkildə səslənməklə bu eşq hekayətinin bitməsini istəmir, bu çarəsiz eşqə yas tutarcasına  həzin-həzin inildəyir. Bəs, təpədən-dırnağa istər sözləri, istər musiqisi və istərsə də qəmli məzmunu ilə türk ruhunun daşıyıcısı olan bu mahnıya niyə başqaları sahib çıxmağa çalışır?! Bu mahnının gerçək tarixçəsi varmı?! Varsa necədir?! Bu araşdırmamızda yuxarıdakı suallara cavab tapmağa çalışacağıq.

 

Xalq hekayəti Sarı Gəlin Hüseyn Cavid yaradıcılığında

 

Əvvəla, qeyd etmək lazımdır ki, “Sarı Gəlin” mahnısının mövzusu folklor nümunələrimizdən biri olaraq uzun müddət şifahi xalq ədəbiyyatımızda mövcud olub. Sonra musiqiləşib, daha sonra isə bu mahnının hekayəti böyük dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin süjetində qismən öz əksini tapıb. Şeyx Sənanda da, “Sari Gəlin”də də aşiq müsəlman, məşuqə isə xristiandır. Hər iki yaradıcılıq nümunəsi dramatik süjet üzərində qurulub və s. Lakin  oxşarlıq bununla bitmir. Ona görə , daha ətraflı izahata keçək.

Görünür dahi Hüseyn Cavid Şeyx Sənanı yazanda əsərin əsas süjet xəttinə o zamanlar el arasında şifahi folklor nümunəsi kimi mövcud olan hadisəni daxil edib. Əlbəttə, süjet Cavid intellekti, zəkası, elmi-fəlsəfi dünyagörüşü, parlaq istedadı mükəmməl ədəbi düşüncəsi ilə olduqca zənginləşdirilir. Oxucunu dini fəlsəfə ilə dünyəvi fəlsəfənin ziddiyyətləri, bəlkə , harmoniyası ilə üz-üzə qoyur. Ancaq eyni zamanda, bu zənginliyin içərisində sadə səmimi ana xətt, əzəli əbədi nakam eşq hekayəsi bir inci kimi parıldayır.

Məqsədimiz əsərin bədii keyfiyyətlərini təhlil etmək olmadığı üçün elə buradacaŞeyx Sənanla” “Sarı Gəlinarasındakı əlaqənin ilə bağlı olduğunu aydınlaşdırmağa çalışaq.

 

İlkin yazılı mənbə doğrudan da ilkdirmi?!

 

Bu yarımbaşlığı təsadüfi seçmədik. Ancaq mövzumuzla birbaşa əlaqədar olduğu üçün indi istinad edəcəyimiz mənbəni şərti olaraq ilkin yazılı mənbə adlandıracağıq (Sonra isə daha qədim yazılı mənbəyə üz tutacağıq). Bu mənbədə “Sarı Gəlin” mahnısının tarix ilə bağlı olduqca maraqlı faktlar var. Mənbə kimi təqdim etdiyimiz əsər Osmanlı yazarı Ahmet Refik Altunayın “Kafkas yollarında” adlı xatirələr kitabıdır. Müəllif Birinci Dünya müharibəsi dövründə yüzbaşı rütbəsi ilə Osmanlı ordusunda xidmət etmiş bir hərbçidir. Müharibədən sonra İstanbul Dərülfünunda (universitetində) Osmanlı tarixi müəllimi olmuş və müxtəlif vəzifələrdə çalışmışdır. Birinci Dünya müharibəsindən sonra ermənilərin türklərə qarşı törətdiyi soyqırımı və cinayətləri yerindəcə təsbit etmək və dünyaya çatdırmaq məqsədilə İstanbulda xarici jurnalistlərdən ibarət bir heyət düzəldərək, 1918-ci ilin 17 aprel, 20 may tarixləri arasında Anadoluya səfər təşkil edir. Səfər çərçivəsində Karsa, Sarıqamışa, Ardahana, Artvinə, Batuma və s. qədər həmin heyətlə bərabər gəlib çıxır. Müəllif Anadolunu dolaşıb erməni vəhşilikləri ilə yanındakı nümayəndə heyətini tanış etməklə bərabər, bu faciə ilə bağlı yaranmış ağıları, folklor nümunələrini bəzi hallarda isə, ayrı-ayrı insanların şəxsi faciəsini qələmə almışdır. A.R.Altunay qeyd edir ki, Anadolunun ən ucqar nöqtələri olmasına baxmayaraq, burada yaşayan insanlar çox səlis türkcə danışırlar. Bu qeyddən sonra müəllifin verdiyi şeir və yazı nümunələrinə baxdıqda aydın olur ki, onun “səlis türkcə” kimi xarakterizə etdiyi dil Azərbaycan türkcəsidir. Ardahanın Mərdinik kəndində Əli adlı  bir şəxslə qarşılaşan Altunayın diqqətini  onun şəxsi faciəsi və oxuduğu mahnı çəkir. Əli əslən ermənilərin viran qoyduğu Oxçu kəndindəndir. Təxminimizə görə, bu kənd hazırda Ermənistan Respublikasının Amasiya rayonunun (Şörəil mahalı) Oxçuoğlu kəndidir... Kəndin əhalisinin bir qismi erməni-rus birləşmələri tərəfindən öldürülüb, bir qismi qaçqın düşüb. Tale Əlini Ardahanın Mərdinik kəndinə gətirib çıxarıb (Qeyd: Ardahanla Amasiya bitişik coğrafiya olduğu üçün əhalinin əvvəlcədən sıx dostluq və qohumluq əlaqələri olub). Əli şamlı dağlara, Koroğlu təpələrinə, oradan doğan səhər günəşinə baxaraq elə həzin türkülər oxuyur ki, elə bil ruhu eşqdən yanan bu mahnıları yaradan, qəlbinin kədərini (ələmlərini) həzin bir fəryadla ruhumuza ötürmək istəyən aşiq o özüdür. Bu fikri Əlini dinləyən Altunay söyləyir. Onun ən gözəl mahnısı isə “Sarı Gəlin”dir.

 

Bir mahnının üç sirri...

 

R.Altunay mahnının mövzusu haqqında belə bir hekayə nəql edir. Bir türk gənci kəndində yaşayan bir xristian qızı sevir. Səhərlər tarlaya gedərkən arxasından onu izləyir, axşamlar sürülər ağıllarına dönərkən sevgilisinin gözəlliyini seyr edərək ruhunun atəşini təsəlli etməyə çalışır. Fikrən, hissən qıza o dərəcədə aşiq olur ki, bir bazar günü əlinə bir xaç alaraq səhər xristianlarla bərabər kilsəyə gedir. Bir küncdə durub sevgilisinin və onun dinindən olanların ibadətini seyr edir. Sonra isə yanıqlı və həzin səslə aşağıdakı mahnını oxumağa başlayır:

 

Vardım kilsəsinə baxdım xaçına

Mail oldum bölük-bölük saçına

Qız seni götürəm İslam içinə

Vay Sinan ölsün Sarı Gəlin

Ah, seni vermem dünya malına

 

Təəssüf ki, R.Altunay mahnının yalnız bir bəndini verir. Ancaq elə bu bir bənddəcə olduqca maraqlı informasiya var. Birincisi, mahnının tarixçəsindən bəlli olur ki, bir türk gənci öz kəndində yaşayan xristian sevgilisi üçün bu mahnını yazıb. İkincisi və ən önəmlisi odur ki, mahnının müəllifinin adı Sinandır. Üçüncüsü isə odur ki, xristianlar və müsəlman türklər eyni kənddə bərabər yaşayırlar. Bu nə deməkdir? Bu suala bir az sonra cavab verəcəyik. İndi isə biz artıq bilirik ki, mahnının müəllifi Sinan adlı bir müsəlman türkdür (müsəlman türk sözünü təsadüfi işlətmirik:-1). Biz həm də onu bilirik ki, Anadoluda Sinan kimi tələffüz olunan adı biz Sənan kimi ifadə edirik. Deməli mahnıdakı Sinan ilə Hüseyn Cavidin Sənanı eyni şəxsdir.

 

Şeyx Sənan fəlsəfəsi və məhəbbət

 

Böyük Cavid isə bu hekayəni fəlsəfi dramaya çevirmək üçün Sənanı Mədinəyə, Məkkəyə apararaq onu İslam dinində şeyx rütbəsinə qədər ucaldır. Sadə xristian qızını isə rahibəyə çevirir. Beləliklə, məsələni dramatikləşdirir, ona ümumi dini-fəlsəfi və dini ictimai kontekstdə yanaşır.  

Dini ayrı-seçkiliyin və mövhumatın insanlığa gətirdiyi bəlaları qabarıq şəkildə təqdim etməklə insanlara ibrət dərsi verməyə çalışır. Eyni zamanda, xristian və İslam dininin ümumi təkallahlılıq fəlsəfəsindən çıxış edərək Şeyx Sənanın humanist yanaşması ilə iki din arasında kəskin tənqidi mövqeləri yumşaldır. Şeyx Sənan qızın ona verilməsi müqabilində əvvəlcə şərab içməyi qəbul edir, ona rişxənd edən dostlarına bunun Allahın yaratdığı nemət olduğunu xatırladır, daha sonra xaç taxır və bunun da dinimizdə İsanın da peyğəmbər kimi qəbul edildiyi ilə izah edir. Sonra “Qurani-Kərim”i yandırır və buna etiraz edən üləmalara yandırılanın, sadəcə, kağız və mürəkkəb olduğunu, “Qurani Kərim”in isə ilahi hikmət kimi əbədi olacağını söyləyir. Daha sonra isə donuz otarmağı da qəbul edir və bunu isə sevgilisinə adi xidmət kimi təqdim edir. Beləliklə, sevginin, eşqin ən ülvi, ən ali hiss olduğunu sübut etməklə bu hissləri ona bəxş edən Allahın onu bağışlayacağına da əmin olduğunu bildirir. Bu bir möminin, ilahiyyət aliminin, şeyxin kamil imanından, mükəmməl dünya görüşündən, ali və humanist inancından doğan mövqeyidir. Bu mövqedə kiçik tərəddüdləri olan şeyx üzünü Allaha tutaraq şikayətlənir.

 

Yandım Allah, nədir bu işgəncə?

Həm dəhşətli, datlı əyləncə

Atəşi eşq bir şəadət imiş

Bu da bir başqa dürlü cənnət imiş,

Bəndə yox iştika, fəqət yarəb!

Yokmudur səndə mərhəmət ya rəbb!

Gəliyor həp bu hiylələr səndən,

Bəni bilməm niçin yaratdın sən?!

 

Şeyxin bu tərəddüd şikayətlərinə isə ilahi tərəfindən göndərilmiş bir mələk cavab verir.

 

Hiç mərak etmə, möhtərəm Sənan

Səni əsla unutmamış Yaratan

Sana xaliq olub yeganə pənah,

Həm şəfaətçidir Rəsulüllah.

Səni təqdis edər mələklər, inan,

Heç təlaş etmə, gəl, böyük Sənan

 

Bu ilahi sözlərlə böyük şeyxin təlaş intizarına son qoyulur. Allahın onun yanında olduğu bildirilir. Dolayısı ilə onun eşq uğrunda atdığı addımlara bəraət verilir. Buna görə , Şeyx Sənanı da Sinanı Sarı Gəlini əbədiyaşar edən məhz eşqdir. Bu hekayənin dildən-dilə düşərək, nəsildən-nəslə ötürülməsi , bu mahnının insanların qəlbini riqqətə gətirməsi Allahın təqdiridir.

 

Adlar deyir?!

 

İndi isə yenidən mövzuya qayıdaq. Çox maraqlıdır ki, Hüseyn Cavid dram əsərindəki gürcü obrazlarının adını gürcü adlar ilə məsələn Serqo, Simon, Nino, ərəb obrazlarını ərəb adları ilə, məsələn, Zəhra, Əzra, Sədra, Əblülüla, Mərvan, azərbaycanlı obrazlarının adlarını azərbaycanlı adları ilə, məsələn, Oğuz, Özdəmir s. şəklində verir. Bu müəllifin obrazların milli xarakterinə hətta adlarının seçiminə belə qədər diqqətlə yanaşdığını, bu məsələdə xüsusi həssaslıq nümayiş etdirdiyini göstərir. Belə olan halda ilk baxışda xristian gürcü kimi görünən qızın adının Xumar, atasının adının isə Platon olması təəccüb sual doğurur. Görəsən, dahi Hüseyn Cavid gürcücə 3-4 addan başqa ad bilmirdi?! Yoxsa bilərəkdən, düşünərəkdən xristian qızın adını Xumar, atasının adını isə Platon kimi verirdi. Əlbəttə, İstanbulda təhsil alan, dəfələrlə Bakıdan Batumiyə oradan isə gəmi ilə İstanbula gedib-gələn Hüseyn Cavid onlarca, yüzlərcə, gürcü adı bilirdi. Bəlkə elə gürcü dilini az-çox bilirdi.

 

 

 Hikmət Babaoğlu

Yeni Azərbaycan

qəzetinin baş redaktoru

 

(Ardı gələn sayımızda)

 

Səs.- 2011.- 8 yanvar.- S.8.