Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xarici siyasətinin prioritet məsələsidir

 

2011-ci ildə münaqişənin ədalətli həlli ilə bağlı səylər daha da intensivləşəcək

 

Rasionallıq prinsipinə, mümkün alternativlərin səmərəli şəkildə qiymətləndirilməsinə əsaslanan, tarazlaşdırılmış, hərtərəfli ölçülüb-biçilmiş xarici siyasət xətti beynəlxalq münasibətlərin subyekti kimi Azərbaycan Respublikasının dövlətlərarası əlaqələrinin məhək daşı sayılır. Bu gün dünyanın müxtəlif dövlətləri ilə tarazlaşdırılmış, bərabərhüqüqlu əməkdaşlığa önəm verən Azərbaycan iqtisadi və geostrateji maraqlarının gerçəkləşdirilməsinə, vətəndaşların layiqli yaşayışının, yüksək həyat şəraitinin təmin olunmasına xüsusi diqqət yetirir.

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) xarici siyasət sahəsində 2010-cu ilin yekunları və 2011-ci ilin mümkün gözləntiləri ilə bağlı hesabat xarakterli məlumat yayıb. XİN-in mətbuat xidmətinin yaydığı müvafiq məlumatda göstərilir ki, 2010-cu ildə beynəlxalq münasibətlər müstəvisində inkişaf edən hadisələr getdikcə daha artmaqda olan qlobal problemlərin təsirinə məruz qalıb. Eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik, həmçinin, davamlı inkişafa qarşı yönələn qlobal problemlər, o cümlədən, kütləvi qırğın silahlarının yayılmaması, terrorçuluqla mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin dövriyyəsi, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, təbii fəlakətlər və iqlim dəyişiklikləri ilə bağlı kompleks məsələlərin həllinə əhəmiyyətli dərəcədə beynəlxalq səylər cəlb edilib. Bu səylərə fəal şəkildə töhfə verən Azərbaycan maraqların nisbi balansını təmin etməklə, ən mühüm ümummilli məsələmiz olan ölkənin ərazi bütövlüyünün bərpasında irəliləyişin əldə edilməsi, habelə, ölkənin mövqeyi və nüfuzunun güclənməsi, beynəlxalq aləmdəki etimadının artması və əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində apardığı xarici siyasət fəaliyyətini daha da artırıb. Bu, ümumilikdə, Azərbaycanın haqlı mövqeyinin getdikcə daha fəal şəkildə dəstəklənməsi ilə müşayiət edilib. XİN rəsmiləri müvafiq məlumatın təfərrüatlarını şərh edərkən, vurğulayırlar ki, Azərbaycan bu gün bütün sahələrdə beynəlxalq münasibətlərin fəal aktoru kimi çıxış edir. Bu baxımdan, xarici siyasətin milli maraqlara uyğun şəkildə, beynəlxalq hüququn ali prinsiplərinə istinad olunaraq, müəyyənləşdirilməsi və həyata keçirilməsi hər bir dövlət üçün prioritet xarakter daşıyır.

Bu baxımdan, 2010-cu il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilib. XİN-in yaydığı məlumatda ötən il danışıqların 2009-cu ilin dekabrında Minsk Qrupu həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparıldığı xüsusi qeyd edilir: "Aparılan danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış etmişdir". Burada öz əksini tapan faktlardan aydın görünür ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi nüfuzlu beynəlxalq qurumların və böyük dövlətlərin diqqət mərkəzində olub. Münaqişənin nizamlanması prosesində Rusiyanın vasitəçi kimi fəallıq göstərməsi, ümumilikdə, problemin həllində müsbət təmayüllərdən biri kimi özünü göstərib. Ötən il ərzində Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistan prezidenti S.Sarkisyan arasında 25 yanvar tarixində Soçidə, 17 iyun tarixində Sankt-Peterburqda və 27 oktyabr tarixində Həştərxanda üç görüş keçirilib. Son görüşün nəticəsində tərəflər ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə hərbi əsir və girovların, həmçinin, atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul ediblər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun cəsədlərinin vətənə qaytarmaqla, torpağa tapşırılması mümkün olub. Bu baxımdan, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin başçılarının cari ilin 26 iyun tarixində Kanadanın Muskoka şəhərində verdiyi birgə bəyanat hesab edilir. Müvafiq bəyanatda dövlət başçıları tərəfindən münaqişənin həlli üçün işğal edilmiş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyinin vurğulanması, mahiyyət etibarı ilə, Azərbaycanın milli maraqlarını təmin edir.

XİN-in mətbuat xidmətinin yaydığı məlumatda o da bildirilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi və müvafiq hüquqi-siyasi qiymətləndirilməsinə nail olmaq istiqamətində həm ikitərəfli əsasda, həm də ATƏT, BMT, NATO, Avropa Birliyi, Avropa Şurası və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində iş davam etdirilib: "2010-cu ilin 19-20 noyabr tarixlərində Lissabonda keçirilmiş NATO-nun Zirvə görüşünün yekun Bəyannaməsində regional ölkələrin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş və regional münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinə çağırılmışdır". Burada 1-2 dekabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilmiş ATƏT-in 7-ci Sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsini də ayrıca qeyd etmək gərəkdir. Astana sammitində Azərbaycan tərəfinin ümidləri tam doğrulmasa da, bütövlükdə, sammitin yekunlarını Azərbaycan üçün uğurlu saymaq mümkündür. Belə ki, müvafiq bəyannamədə ATƏT məkanında həlli uzanan münaqişələrin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş normalar əsasında həlli öz əksini tapıb. Eyni zamanda, sammit çərçivəsində ATƏT Minsk Qrupunun Həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları və Azərbaycan və Ermənistan prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Minsk Qrupu həmsədr dövlət başçılarının 2009-cu il İtaliya və 2010-cu il Kanadada keçirilmiş G-8 Zirvə toplantıları çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanıb ki, bu da, ümumilikdə, Azərbaycan tərəfini qane edir.

Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesinin Ermənistanın danışıqlarda qeyri-səmimi və destruktiv mövqe tutması ucbatından uzanması, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan tərəfini qətiyyən razı sala bilməz. Bu baxımdan, münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetini təşkil edir.

Regionda militarizm, təcavüzkarlıq siyasəti həyata keçirən, özünü faydalı əməkdaşlıq təşəbbüslərindən, enerji-kommunikasiya layihələrindən təcrid edən forpost Ermənistandan fərqli olaraq Azərbaycan bu gün tam müstəqil daxili və xarici siyasət yeridir. Müəyyən mərhələdə rəsmi Bakıya müxtəlif vasitələrə göstərməyə çalışan dövlətlər də artıq bunun yersiz olduğunu anlayaraq, respublikamızla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər.

Bu gün Azərbaycan, faktiki olaraq, işğalçı Ermənistanla müharibə vəziyyətindədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Belə şəraitdə müdafiə məsələlərinə xüsusi diqqət yetirilməsi zərurət kimi meydana çıxır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bunun miqyası daha da genişlənəcək. Bu mənada, dövlətimizin başçısının son illər ərzində apardığı danışıqlar, nümayiş etdirdiyi qətiyyətli mövqe, verdiyi bəyanatlar kifayət qədər effektli olub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı aparılan danışıqlarda rəsmi Bakının siyasi-psixoloji üstünlüyünü təmin edib.

Ümumilikdə, qeyd edilməlidir ki, 2010-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirilib. Bu da 2008-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən imzalanmış bəyanatda bilavasitə öz əksini tapıb. Təqdirəlayiq məqamlardan biri də budur ki, ötən il Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də, onun ətrafındakı ərazilərin işğalı altında olması faktı bir daha öz təsdiqini tapıb. Müvafiq qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarılması, öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb edilir. Digər tərəfdən, Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması və müvafiq qiymətləndirilməsi məqsədi ilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfərinin təşkil edilməsinə nail olması münaqiqəşnin həlli istiqamətində əldə edilmiş diplomatik müvəffəqiyyətlərdən sayıla bilər.

Beləliklə, Azərbaycanın dəqiq hədəflərə hesablanmış uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirməkdədir. Ölkəmizin beynəlxalq miqyasda ildən-ilə artan nüfuzu xarici siyasət prioritetlərinin uğurla gerçəkləşdirilməsini şərtləndirir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində qısa vaxt ərzində həll ediləcəyinə inamı artırır.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2011.- 12 yanvar.- S. 11.