Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Televiziya Muğam Müsabiqəsi-2011"

 

Müsabiqənin seçim turu başa çatıb, yarışmada iştirak edəcək iyirmilik müəyyənləşib

 

Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan muğama diqqət müasir dövrümüzdə bu sənət növünü dünyada yüksək səviyyədə təbliğinə yol açmışdır.

Azərbaycan milli musiqisinin incilərindən olan muğamın qorunması, inkişaf etdirilməsi və təbliği, muğamın gözəlliyinin, onun dərin fəlsəfəsinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Təsadüfi deyil ki, Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də milli-mənəvi dəyərlərimizin, o cümlədən, muğamlarımızın qorunması və təbliği ilə bağlıdır. Son illərdə bu sahədə uğurlu addımlar atılmış, muğamın təbliği ilə bağlı görüşlər, muğam axşamları keçirilmiş, "Muğam-İrs" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəfis şəkildə buraxılmışdır. YUNESKO-nun dəstəyi ilə dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzi inşa edilmişdir.

Fondun təşəbbüsü ilə muğam sənətinin tanınmış ifaçılarının iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili bütün sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıqla qarşılanır, bu ənənə yüksək dəyərləndirilir. Ürəkaçan haldır ki, gənc xanəndələrimiz də bu işə öz töhfəsini verirlər. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş layihələr əsasında xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi isə, bütövlükdə, onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Görülən işlərin nəticələri Azərbaycan milli musiqisinin dünyaya yol açmasında da rola malikdir. Bu işlərin davamı olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsinə start veriləcək. Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi başlayacaqdır. Artıq müsabiqənin seçim turu başa çatmış, yarışmada iştirak edəcək iyirmilik müəyyənləşdirilmişdir. Seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılmışdır.

Üçüncü dəfə keçiriləcək müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalmışdır. Buraya xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, habelə, Nadir Axundov daxildirlər.

Bundan əvvəl keçirilən müsabiqələrdə olduğu kimi, növbəti müsabiqədə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə tam şəffaflıqla aparılacaqdır. Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaqdır.

Xatırladaq ki, Muğam Televiziya Müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilmişdir. Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilmiş və "Space" televiziyasının keçirdiyi "Televiziya Muğam Müsabiqəsi-2005" də gənc iştirakçılar uğurlu çıxışları ilə tamaşaçı rəğbəti qazandılar, muğam sənətinin gözəlliyi bir daha nümayiş olundu. Xatırladaq ki, müsabiqə başlanmazdan xeyli əvvəl, 2005-ci il fevralın 2-də Mehriban xanım respublikamızın adlı-sanlı muğam ustalarını Heydər Əliyev Fonduna dəvət edərək, qədim muğam sənətimizin qorunub-saxlanması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi naminə çox dəyərli layihələr irəli sürmüşdür. "Space" Müstəqil Teleradio Şirkəti də bu təşəbbüsə qoşularaq, Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş Muğam Televiziya Müsabiqəsi keçirməyi qərara almışdır. Muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçı dinləmiş və onların içərisindən 20 iştirakçı seçmişlər. Birbaşa efirdə yayımlanan müsabiqə 100 saatdan artıq yayımlanmışdır. Final mərhələsinə çıxan ifaçıların iştirakı ilə Şamaxıda, Lənkəranda, Qəbələdə, Gəncədə, Yevlaxda, Sumqayıtda, Abşeron və Əzizbəyov rayonlarında konsertlər təşkil olunmuşdur.

İştirakçıların seçilməsində, onlara yol göstərilməsində, ifalarının obyektiv və peşəkarlıqla qiymətləndirilməsində münsiflər heyətinin üzvləri - xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Quliyev, Mənsum İbrahimov və Möhlət Müslümovun, əməkdar incəsənət xadimi, professor Ramiz Zöhrabovun, şair, füzulişünas Həkim Qəninin və Muğam Televiziya Müsabiqəsinin layihə müəllifi Nadir Axundovun əvəzsiz əməyi olmuşdur.

Tamaşaçıların və münsiflər heyətinin səsverməsinin yekununa görə, Bayramov Təyyar, Əhmədov İlkin, Niftəliyev Babək qalib elan olundular. Bu ənənə şəklini aldığından iki il sonra yenidən müsabiqənin keçirilməsi reallaşdı. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə üç aydan çox davam edən "Televiziya Muğam Müsabiqəsi-2007" Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri olduğunu bir daha təsdiqlədi. Muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondu dah bir addım atmış oldu. Bundan əvvəlki Televiziya Muğam Müsabiqəsinin iştirakçılarının sədası indi təkcə Azərbaycan səhnəsindən deyil, dünyanın möhtəşəm səhnələrindən, beynəlxalq musiqi məclislərindən gəlir. 160 nəfər arasından seçilmiş 20 nəfərin 3 aydan çox davam edən muğam yarışmasında 6 nəfər finala çıxmışdır. Bu, təkcə musiqi yarışması deyildir. Bu müsabiqə Azərbaycan muğamlarına yeni nəfəslər, yeni ifalar gətirmişdir. Belə bir nəcib layihənin reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqımız qarşısındakı xidmətlərini xüsusi qeyd etmək vacibdir. İncəsənət adamlarına, xanəndələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan muğamının səsi dünya ölkələrindən eşidilir.

Bu gün də Azərbaycan muğam sənətində yeni səslər axtarışına başlanılmışdır. Üçüncü dəfə keçiriləcək müsabiqəyə qatılacaq və qalib olan gənclər Azərbaycan muğam sənətinin  keşiyində layiqincə duracaqlar.

 

 

Səs.- 2011.- 12 yanvar.- S. 12.