“Yaxşıların yaxşısı” nominasiyasının qalibi

 

Uşaq dünyasını sevincsiz, gülüşsüz təsəvvür etmək olmaz. Dünyamızın sevinc payı da uşaqların səsi ilə bizlərə nəsib olur. Bu dünyanın hər bir varlığının düşüncəsi, baxışı səma tək aydın və günəşli olduğundan, onların fikirləri ilə tanış olmaq yaşından asılı olamyaraq, hər kəs  üçün maraq doğurur. Artıq yaradıcılığı ilə şeirləri vasitəsilə tanış olduğumuz Sənəm Təhməzli (Ramizqızı) dünyası da öz paklığı, əlvanlığı ilə bizləri özünə cəlb edib. Bir- birinin ardınca kitablarını oxucularına təqdim edən Sənəm olduqca səmimi misraları ilə dünyanın bir çox tərəflərini işıqlandırır. Məzmunlu şar parçaları ilə iç dünyasının təmizliyini, bakirəliyini bizlərə təqdim edir. Onun 12 yaşı var. Sənəm dərs əlaçısıdır. Onun şəkli məktəb - liseyin  foyesində əlaçı şagirdlərin şərəf lövhəsindən asılmışdır. Sənəm mütaliə etməyi, gəzintiyə çıxmağı, şəkil çəkməyi və şeir yazmağı çox sevir.Yaradıcılığa çox erkən başlamışdır. Mütaliə etməyi, Azərbaycan şifahi xalq ədəbiyyatını əxz etməyi sevdiyindən balaca dünyasının rənglər palitrası işıqlı, mənzərəli təsir bağışlayır. Mövzu baxımından qıtlığının olmaması elə balaca təxəyyülünün həddən artıq yükləməsindən irəli gəlir.

Təmsil, şeir, hekayə yazan Sənəmin ilk kitabı 9 yaşında ikən işıq üzü görmüşdür. “Bizi ayrı saldılar” ilk kitab müjdəsi ilə Sənəm Ramizqızı nailiyyətlərinə yol açdı. Şeir müsabiqələrində, inşa müsabiqələrində uğurlar ona yoldaş oldu.

Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Bakı şəhərində ibtidai siniflərin 4 - cüləri arasında 2009 - cu ilin yanvar ayında "Allaha dualarım" adlı inşa yazı müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə 5000-ə yaxın paytaxt məktəbliləri iştirak etmişdir. Sənəm bu müsabiqədə qalib gəlmişdir. Qaliblərin mükafatlandırılması mərasimində çıxış üçün "Allaha dualarım" şeirini yazdı və həmin mərasimdə söylədi. Həmin inşa və şeir 2009 - cu ilin mart ayında çapdan buraxılan "Qarabağ geri dönəcək" kitabında əksini tapmışdır.

Azərbaycan Prezidenti tərəfindən  2010-cu ilin Ekologiya ili elan edilməsi ilə bağlı müxtəlif sahələrdə tədbir görüldü. Eyni zamanda, təhsil sahəsində də bununla bağlı işlər görüldü. “Ətraf mühit və biz” mövzusunda 7 müxtəlif nominasiya üzrə keçirilən müsabiqədə Sənəmin “Təbiət kömək istəyir” şeiri ədəbi-bədii nominasiyanın qalibi olaraq diplom və hədiyyə qazandı:

 

Ağacları qırırlar, təbiət kömək istəyir,

Suları qurudurlar, təbiət imdad istəyir.

Meşəni yandırırlar, təbiət kömək istəyir,

Gülləri soldurular, təbiət imdad istəyir.

Çirklənmiş çaylarımız, bizdən yardım istəyir,

Zəhərlənmiş havamız, bizdən kömək istəyir.

 

2010-cu il noyabrın 9-u Bayraq Günü kimi tarixə salındı. Bununla əlaqədar bu günlərdə Səbail rayon Gənclər və İdman İdarəsinin “Mənim bayrağım” adlı məktəblilər arasında rəsm, inşa, şeirdən ibarət 3 nominasiya üzrə keçirdiyi müsabiqədə iştirak edən Sənəm Ramizqızı “Yaxşıların yaxşısı” nominasiyası üzrə “Bayrağım” şeiri ilə qalib olmuş, diplom və hədiyyə almışdır:

 

Paytaxtda ucalmışdır ən uca bayrağımız,

Rekordlar kitabında yer almış bayrağımız.

Səmavi rənglər ilə bəzənmiş bayrağımız

Sinəsinə ay-ulduz həkk etmiş bayrağımız.

    

Bu yaxınlarda Sənəm Təhməzli İdman və Gənclər Nazirliyinin keçirdiyi Bakı-2010 “Yaxşıların yaxşısı” nominasiyasında istedadlı şagird kimi diplom və hədiyyəyə layiq görülmüşdür. Sənəm uğurlara müvəffəq olduqca dünyası zənginləşir, yaradıcılıq axtarışlarını davam etdirir. Hazırda sayca 4-cü kitabını çapa hazırlayır. Qeyd edim ki, hər dörd kitabın redaktoru olan Jurnalistlər Birliyinin üzvü, filoloq Fazilə Əhmədovun Sənəmin yaradıcılığa cığır açmasında böyük zəhməti olmuşdur.  Ona uğurlar arzulayırıq.

 

 

Səs.- 2011.- 12 yanvar.- S. 12.