Yola saldığımız 2010-cu
il siyasi və iqtisadi baxımdan Azərbaycan üçün
uğurlu oldu
Prezident İlham Əliyev: “2010-cu ildə ölkə
qarşısında duran bütün vəzifələr şərəflə
yerinə yetirildi”
2010-cu ildə Azərbaycan
iqtisadi göstəriciləri ilə regionda yenidən liderlik
tempini saxladı. 2010-cu ildə ölkə
qarşısında duran bütün vəzifələr şərəflə
yerinə yetirildi. ÜDM-in artım tempi 5 faiz, əhalinin pul gəlirləri
12 faiz artdı, inflyasiya isə cəmi 5,7 faiz təşkil
etdi. Ölkəmizə 15 milyard dollar sərmayə qoyuldu, valyuta
ehtiyatlarımız 20 milyard dollardan 30 milyard dollara qalxdı.
"2010-cu il ölkəmiz
üçün, Azərbaycan üçün uğurlu il
olmuşdur. Baxmayaraq ki, 2010-cu ildə dünyada iqtisadi və
maliyyə böhranı hələ də davam edirdi, Azərbaycan
2010-cu ildə böyük uğurlara nail olub"- Azərbaycan
Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
Azərbaycan xalqına təbriki zamanı bəyan edib.
"Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir, bir sözlə, 2010-cu ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirildi. İqtisadiyyatımız təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artmışdır, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir.
Ölkəmizə 15 milyard dollar sərmayə qoyulmuşdur, bizim valyuta ehtiyatlarımız 20 milyard dollardan 29 milyard dollara qalxmışdır. Bütün bunlar, bu nəticələr onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, Azərbaycanın seçdiyi yol tərəqqi və inkişaf yoludur,"- o, qeyd edib.
Qeyd edək ki, 2010-cu ilin 11 ayı ərzində ÜDM artımı 4,5 faiz təşkil edib. Bu göstərici Avropanın bir sıra ölkələrində və ABŞ-da olduğundan çoxdur. Qeyri-neft sektorunda ÜDM artımı 5,9 faiz, neft sektorunda isə 2,6 faizdir. Bu, onun bariz sübutudur ki, Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır.
2010-cu ildə Bakıda böyük gəmiqayırma zavodunun tikintisi başlanıb. Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi başlanıb, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatdırılıb.
2010-cu ildə iqtisadiyyatımızın aparıcı sahəsi olan neft-qaz sektorunda da böyük uğurlar əldə edilib. Ölkəmizdə 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib. 2010-cu ildə Azərbaycan böyük qaz ölkəsinə çevrilib. Azərbaycanda kəşf edilən böyük qaz yatağı - "Ümid" yatağı dünyada böyük səs salıb və Azərbaycanın enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün bu hadisənin böyük önəmi olacaq. Burada 200 milyard kubmetr qaz və 30-40 milyon ton kondensat var. İlkin məlumata əsasən, ümumi ehtiyatlar 250 milyard kubmetr təşkil edir.
Bununla yanaşı, 2010-cu ildə ölkənin xarici iqtisadi fəaliyyəti Xəzər dənizindən karbohidrogenlərin nəqlinin diversifikasiyasına da yönəlib. Belə ki, cari ilin iyununda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli üzrə anlaşma memorandumu imzalanıb. 2010-cu ildə prezidentlər səviyyəsində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"ni qeyd etmək lazımdır.
Ötən il Azərbaycan
Prezidenti 17 xarici səfər edib. Prezidentin gündəliyində
Ermənistan-Azərbaycan münaqişəsi prioritet məsələ
olaraq qalıb. Beynəlxalq tədbirlərdə ölkəmizin
mövqeyi daha çox dəstək qazanıb və Ermənistan
diplomatik dolanbaca salınıb.
Prezident İlham Əliyev
çıxışında bunu belə ifadə edib:
"Bizim dostlarımızın, Azərbaycanla əməkdaşlıq
etmək istəyən ölkələrin sayı artır. Biz
həm ikitərəfli müstəvidə, həm regional
formatda, həm çoxtərəfli formatda uğurlu xarici
siyasət aparırıq. Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz
artıq oturuşmuş əlaqələrdir,
qarşılıqlı hörmət, qarşılıqlı
inam, qarşılıqlı maraqlar üzərində
qurulmuş münasibətlərdir".
Azərbaycan xarici siyasət
sahəsində 2010-cu ildə böyük uğurlara nail olub.
2010-cu ildə Avropa Parlamenti Ermənistan-Azərbaycan
münaqişəsinə dair çox önəmli və ədalətli
qətnamə qəbul edib.
Dövlət
başçısı işğal olunmuş ərazilərimizlə
bağlı bildirib: "Bizim ərazi
bütövlüyümüzün bərpası mütləq
baş verməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə
barışmayacaq, heç vaxt bizim əzəli
torpağımız olan Dağlıq Qarabağda ikinci erməni
dövlətinin yaradılmasına icazə verməyəcəkdir.
Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan
dövləti tarixi Azərbaycan torpaqlarında
yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur
mahalı, digər bölgələr bizim tarixi
torpaqlarımızdır. İkinci erməni dövlətinin
Azərbaycan torpağında yaradılmasına Azərbaycan
dövləti və Azərbaycan xalqı heç vaxt icazə
verməyəcəkdir. Bu münaqişə yalnız beynəlxalq
hüquq normaları əsasında, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Dağlıq Qarabağda yaşayan
əhali və ora qayıdacaq azərbaycanlılar muxtariyyət
statusu çərçivəsində yaşayacaqlar və bu,
məsələnin həlli üçün yeganə
variantdır".
Məlum olduğu kimi, Azərbaycan
Prezidentinin təşəbbüsü ilə 2010-cu il
"Ekologiya ili" elan edilmişdi. Bu çərçivədə
ətraf mühitin qorunması, ekoloji sağlamlığın
təmin edilməsi üçün xeyli iş
görüldü. Təkcə onu demək kifayətdir ki,
ötən il ölkə ərazisində 5 milyondan çox
ağac və kol bitkisi əkilib ki, bu, tarixi rekorddur.
Azərbaycanın iqtisadi
potensialı bu gün ölkə vətəndaşının
həyat fəaliyyətini, rifah səviyyəsini təkmilləşdirməyə
imkan verir. Belə ki, təkcə 2010-cu ildə Azərbaycan
Prezidenti regionlara 20-dən çox səfər edib və
arasında müəssisə və digər infrastruktur obyektlərinin
olduğu 100-dək çox açılışda iştirak
edib.
Demokratikləşmə və
son 10 ildə həyata keçirilən uğurlu xarici siyasətin
davam etdirilməsi, Azərbaycan vətəndaşlarının
rifah səviyyəsinin yaxşılaşdırılması,
regional inkişaf proqramının həyata keçirilməsinin
davam etdirilməsi, ekoloji durumun stabilləşdirilməsi və
təkmilləşdirilməsi əsas prioritetlərdən
olub.
2010-cu ildə Azərbaycanda
siyasi proseslər də müsbət istiqamətdə
inkişaf edib. Azərbaycanda demokratiyanın inkişafı
yolunda böyük və uğurlu addımlar atılıb.
2010-cu ildə Azərbaycanda parlament seçkiləri şəffaf,
ədalətli şəkildə keçirilib. Azərbaycan
xalqının iradəsi parlament seçkilərinin nəticələrində
tam şəkildə öz əksini tapıb.
2010-cu ildə ölkəmizin
paytaxtında çox əlamətdar hadisə baş verib.
Bakıda Dövlət Bayrağı Meydanı yaradılıb
və dünyanın ən böyük, ən hündür
bayrağı Bakıda ucaldılıb. Başqa sözlə,
ötən il bütün sahələrdə inkişaf Azərbaycan
bayrağı kimi ən yüksəkdə dayanıb.
Elçin Bayramlı
Səs.- 2011.- 7 yanvar.- S. 3.