“Jurnalistlərin dostu"

 

“Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı  bu gün ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır. Son illərdə Azərbaycan dövləti tərəfindən söz, fikir və məlumat azadlığının bərqərar olması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının və maliyyə imkanlarının yaxşılaşdırılması, mətbuat işçilərinin fəaliyyətinə lazımi şərait yaradılması üçün xeyli tədbirlər görülmüşdür".

 

İlham Əliyev

 

Müstəqil kütləvi informasiya vasitələri cəmiyyətdə aşkarlığın bərqərar olunmasında aparıcı rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən əsas amillərdən sayılır. Müasir dövrdə əhəmiyyətinə görə söz və mətbuat azadlığı müxtəlif beynəlxalq konvensiyalarda da fundamental insan hüquqları sırasında təsbitlənmişdir. Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz bu sahədə liberallığın təmin edilməsindən ibarətdir.

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. Həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu fərmanla Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ("Qlavlit") ləğv edildi. Bundan əlavə, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması Nazirlər Kabinetinə həvalə edildi. Ümumiyyətlə, senzuranın ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətlə inkişafını, cəmiyyətin həyatında onların səmərəli rolunun artmasını təmin etdi.

2001-ci ilin 18 dekabrında aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli liderimiz Heydər Əliyev ölkə jurnalistikasının üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün müvafiq saziş və fərmanlar imzaladı. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2001-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülən ulu öndər Heydər Əliyev hər zaman ölkədə söz və mətbuat azadlığının qarantı kimi çıxış edirdi.

Bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı ölkədə azad sözün, mətbuatın qarantı kimi çıxış edir və bunu əməli işi ilə təsdiqləyir. Azərbaycan iqtidarı hər zaman azad sözün, mətbuatın təminatçısı kimi çıxış edir - siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq hər bir jurnalist və mətbuat işçisinin hüquqları dövlət tərəfindən qorunur. Bütün bunlar Azərbaycanda mətbuatın və media nümayəndələrinin problemlərinə dövlət səviyyəsində həssas münasibətin mövcudluğunu bir daha təsdiqləyir. Heç də təsadüfü deyildir ki, bu reallığı yüksək qiymətləndirərək "Ruh" Jurnalistlərin Müdafiə Komitəsi tərəfindən keçirilən sorğuda jurnalistlər cənab Prezidenti "Jurnalistlərin dostu" mükafatına layiq gördülər. Bu sorğunun nəticələri  bir daha təsdiqlədi ki,  Prezident İlham əliyev ölkədə azad sözün və mətbuat azadlığının qarantıdır.

Sözüz ki, müstəqil mətbuatın inkişafındakı yeni mərhələ Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev mətbuat və söz azadlığına, sahənin problemlərinin həllinə daim xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyev "Ruh" Jurnalistlərin Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimindəki  çıxışında da bir daha bunu vurğulaldı: "Bu gün Azərbaycanda, sözün əsl mənasında, müstəqil mətbuata böyük ehtiyac var. Azərbaycanda mətbuatın müstəqilliyi cəmiyyətin sifarişidir. Mən hesab edirəm ki, mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən çıxmalıdır və sözün əsl mənasında müstəqil olmalıdır. Biz çox şeyi Avropadan öyrənirik, Avropaya inteqrasiya edirik və bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Hesab edirəm ki, bu sahədə də öyrənməyə ehtiyac var".

Məlumdur ki, mətbuatın müstəqilliyinin ən mühüm şərti isə onun iqtisadi cəhətdən özünü yaşada bilməsindədir. Bu məqsədlə də Prezident İlham Əliyevin iradəsi ilə 2008-ci il iyulun 31-də "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"" hazırlanaraq təsdiq edildi. Bir il sonra - 2009-cu il aprelin 3-də isə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.

Dövlət mediaya öz dəstəyini qrantlı layihələrin gerçəkləşdirilməsi, jurnalistlərin fərdi yaradıcılıq müsabiqələrinin təşkili və qaliblərin mükafatlandırılması yolu ilə həyata keçirir. Ötən il bu məqsədlə dövlət büdcəsindən 1,3 milyon manat, bu il isə 2 milyon manatdan çox ayrılıb, gələn il isə daha artıq məbləğdə vəsait ayrılıb.

Həiçinin, 2005-2010-cu illərdə 300 nəfərə yaxın KİV əməkdaşı orden və medallarla təltif edilib, fəxri adlar alıb, Prezident təqaüdünə layiq görülüb. Təqdirəlayiq haldır ki, fəxri adlara layiq görülən jurnalistlər arasında "Səs" qəzetinin əməkdaşları da var.

Azərbaycan milli mətbuatının ötən il qeyd edilən 135 illiyi münasibəti ilə də bir sıra jurnalistlər təltif edildilər. Prezident İlham Əliyevin .ötən il iyulun 21-də imzaladığı sərəncamla 38 nəfərə "Tərəqqi"" medalı verildi, yenə 38 nəfər "Əməkdar jurnalist"", 15 nəfər "Əməkdar mədəniyyət işçisi"", bir nəfər isə "Əməkdar mühəndis"" fəxri adına layiq görüldü. Üstəlik, 40 gündəlik qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinin hərəsinə isə 10 min manat yardım göstərildi.

Həmçinin, ötən il Mətbuat Şurası üçün ayrıca bina verildi, yüksək səviyyədə təmir edildi, müasir mebel və avadanlıqlarla təmin olundu, idarə heyətinin, icra strukturunun, müraciət edənlərin və komissiya üzvlərinin normal fəaliyyətinə şərait yaradıldı. Milli mətbuatın yarandığı gün - Azərbaycan mətbuatının 135 illiyinin qeyd edildiyi gün cənab İlham Əliyev binanın rəsmi açılışına gəldi. Unudulmaz, tarixi bir görüş baş tutdu.

Prezident İlham Əliyev bu problemlərin hər biri ilə bağlı mövqeyini söylədi, onların aradan qaldırılması üçün təkliflərini bildirərək müvafiq addımlar atılacağını göstərdi. Eyni zamanda mətbuatın vətənpərvərliyi və mətbuatda vətənpərvərlik, vətəndaş jurnalist olmağın məsuliyyəti barədə maraqlı, gərəkli və səmərəli fikirlər söylədi. Müstəqil Azərbaycan dövlətinin müstəqil mətbuatının ən müqəddəs vəzifəsinin vətənə və xalqın mənafeyinə xidmət missiyasının olduğunu göstərdi.

Dövlət başçısı sözünün üstündə durdu. Görüşdən 5-6 saat sonra "Gülüstan" sarayı" nda keçirilən yubiley təntənəsində Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında"" sərəncamı səsləndirildi. Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Qəzetlərin rəngli çapa keçirilməsi üçün müvafiq avadanlıqlar alınaraq quraşdırılması, yeni nəşriyyatın istifadəyə verilməsi də Prezident İlham Əliyevin jurnalistlərə dəyərli hədiyyəsidir.

Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev həqiqətən də jurnalistlərin ən yaxın dostu və himayədarıdır".  Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz bu sahədə liberallığın maksimum təmin edilməsindən ibarətdir ki, artıq bu istiqamətdə  böyük uğurlara imza atılıb.

 

 

Səs.- 2011.- 11 yanvar.- S. 2.