"Səs" qəzetinin kollektivinə

 

Azərbaycanın müasir tarixində ilk müstəqil mətbuat orqanlarından biri kimi fəaliyyət göstərən "Səs" qəzetinin çapa başlamasından 20 il ötür. "Səs" qəzetinin meydana gəlməsi o zaman Azərbaycan cəmiyyətində, sözün həqiqi mənasında, insanların ehtiyac duyduğu yeni bir səsin eşidilməsi demək idi. İlk sayı doğru sözün, haqqın və ədalətin müdafiəsinə kəskin ehtiyac düyulduğu bir zamanda - 1991-ci il yanvarın 11-də işıq üzü görən qəzet seçdiyi "Qoy ədalət zəfər çalsın" devizinə daim sadiq qalmış, mətbuat tariximizdə bu ali dəyərlərin ən mübariz carçısına çevrilmişdir.

Azərbaycanın müstəqillik məfkurəsinin obyektiv, qərəzsiz işıqlandırılmasında "Səs" qəzetinin əvəzsiz və müstəsna xidmətləri var. 20 il mətbu orqanın davamlı fəaliyyəti baxımından böyük göstəricidir. Bu müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında bir çox köklü dəyişikliklər baş vermiş, müstəqil dövlət quruculuğu sahəsində tarixi nailiyyətlər əldə edilmişdir. Mübaliğəsiz demək olar ki, "Səs" qəzeti 1991-ci ildən başlayaraq ölkədə cərəyan edən bütün siyasi proseslərin, Qarabağ mücadiləsinin, xalqımızın Vətənin bütövlüyü uğrunda ölüm-dirim savaşının, müstəqillik və demokratiya yolunda ardıcıl mübarizənin yalnız şahidi və yaşıdı deyil, həm də birbaşa iştirakçısı olmuşdur. Qəzet və onun yaradıcı kollektivi bu çətin və şərəfli mübarizələr yolunda mətinləşmiş, özünün fəaliyyətində daim milli mənafeləri, dövlət maraqlarını üstün tutmuşdur.

"Səs" qəzetinin Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri və əzəmətli xidmətlərindən biri Heydər Əliyev şəxsiyyətinin və ideyalarının Azərbaycan vətəndaşları arasında geniş şəkildə yayılması ilə bilavasitə əlaqədardır.

1991-1993-cü illərdə Azərbaycan öz tarixinin böhranlı dövrünü yaşayanda "Səs" qəzeti Heydər Əliyevin ümummilli lider obrazının təbliğində və bu zəmində cəmiyyətin onun ətrafında birləşməsində özünəməxsus xidmətlər göstərmişdir. Heydər Əliyevə qarşı qərəzli siyasi kampaniyaların, təqib və təzyiqlərin ifşa və dəf edilməsində "Səs" qəzetinin qələmi süngüyə çevirərək qızğın mübarizə aparması azad söz tariximizin şanlı səhifəsi kimi yadda qalmışdır.

1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyimizin dönməzliyinin təmin edilməsi, ölkədə vətəndaş sülhünün bərqərar olması, uğurlu neft strategiyasının həyata keçirilməsi, daxili və xarici siyasət sahəsində keyfiyyətcə əsaslı və ciddi nailiyyətlərin qazanılması barədə "Səs"in səhifələrində özünə yer alan analitik yazılar müasir tariximizin yaradılması prosesinin işıqlandırılması baxımından mühüm rol oynamışdır.

Bu gün "Səs" qəzeti Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın sürətli inkişafı, xalqın rifah halının yüksəlməsi, köklü islahatların həyata keçirilməsi sayəsində ölkədə yaranmış yeni reallıqların obyektiv mənzərəsinin cəmiyyətə olduğu kimi çatdırılmasında əvəzsiz xidmətlər göstərir.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinə, partiya quruculuğu prosesinə həsr olunmuş silsilə yazılar "Səs"in səhifələrində özünə həmişə layiqli yer tutmuşdur. Partiyanın ideyalarının təbliğ edilməsində qəzetin dəyişməz mövqeyi və göstərdiyi böyük xidmətlər partiya üzvləri və bütövlükdə cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.

20 ildir davamlı fəaliyyət göstərən, üslub və dəst-xəttini saxlayan "Səs" qəzeti mətbuat tariximizdə dərin iz qoyub. 

İnanırıq ki, "Səs" qəzeti Azərbaycanda bundan sonra da azad sözün keşiyində ləyaqətlə dayanacaq, söz, mətbuat, fikir azadlığının daha da inkişafı, müstəqil mətbuatın yeni-yeni nailiyyətlər əldə etməsi yolunda bundan sonra da öz peşəkar səviyyəsi, hadisələrə obyektiv və ədalətli yanaşması ilə bir çoxlarına örnək olacaq.

"Səs" qəzetinin yubileyi əslində milli mətbuatımızın bayramıdır. Bu günü bayram etməyə müstəqil mətbu orqanların hamısının mənəvi haqqı çatır. Biz də bu bayrama qoşularaq əlamətdar yubiley münasibətilə hamınızı təbrik edir, hər birinizə  yaradıcılıq uğurları, şəxsi həyatda xoşbəxtlik arzulayır, "qələminiz həmişə iti olsun" deyirik!

 

 

Səs.- 2011.- 11 yanvar.- S. 6.