“Səs” qəzeti demokratik dəyərlərin, söz, mətbuat azadlığının carçısına çevrilib

 

“Səs" qəzetinin 20 yaşa çatdığını eşitdikdə çox təsirləndim, həm də qarışıq hisslər keçirdim. Müstəqil Azərbaycanın yaradılması ilə ilk nəşrinə başlayan "Səs" qəzeti demokratik dəyərlərin, söz, mətbuat azadlığının genişləndirilməsi, soykökümüzə, milli adət-ənənələrimizə qayıdış, dilimizin, dinimizin qorunması, tarixi ədalətin bərpası kimi mütərəqqi ideyaların carçısına çevrildi. Qısa müddətdə xalqın trubunasına çevrilən qəzet müstəqillik illərində üzləşdiyimiz çətin, ağır prosesləri ümumxalq müzakirələrə çıxarılmasına nail oldu. Belə bir dövrdə bir qrup Azərbaycan ziyalıları "Səs" qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. "Səs" qəzetində həmin müraciət və Ulu Öndər Heydər Əliyevin bu müraciətə cavabı çap olundu. Torpaqları düşmən tapdağı altında qalan, dövlətçiliyi təhlükədə olan, əhalisinin böyük bir hissəsi didərgin düşən ölkəni xilas etmək üçün idarəçilik sükanı arxasına Ulu Öndər Heydər Əliyev kimi bir şəxsiyyətin keçməsi vacib idi. Ulu Öndər ən çətin anlarda tərəddüd etmədən xalqın səsinə səs vermişdi, Azərbaycanın azadlığı uğrunda, müstəqil dövlətçiliyimizin xilası naminə mübarizələri dəstəklədiyini bildirmişdi. Ömrünün qalan hissəsini də xalqına bağışlayan dahi lider vətənpərvər insanların çağırışını mətanətlə qəbul edib köməyə gəlirdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanda qurtuluş anı başlandı! 1993-cü il iyunun 15-i tarixə Qurtuluş Günü kimi yazıldı. Xaosdan, hərc-mərclikdən, özbaşınalıqdan qurtuluş... Tarix bir daha sübut etdi ki, Azərbaycan xalqı müdrik xalqdır və o öz dahi oğluna inamında yanılmayıb. Hələ 1990-cı il Qanlı Yanvar hadisələri zamanı Kremlin anti-Azərbaycan siyasətinə qətiyyətlə etiraz edən Heydər Əliyev həmişəki kimi yenə də xalqın yanında idi. Səhhətindəki problemlərə baxmayaraq, təkrarən böyük siyasətə qayıtmağa razı olan Ümummilli Lider vəhşi təcavüzə məruz qalan doğma yurda özü ilə ümid işığı gətirdi, əhalidə yaşamaq, işləmək, sabaha inam hissləri oyatdı. Təbii ki, bu oyanışın, milli vətənpərvərlik ruhunun yüksəlməsində "Səs" qəzetinin də böyük rolu, əməyi olub. Buna görə, "Səs" qəzetini müstəqil Azərbaycanın mətbuat flaqmanı adlandırmaq olar. Sizi yubileyiniz münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

 

 

Ağacan Abiyev

 

Səs.- 2011.- 11 yanvar.- S. 16.