“SƏS” xalqı düzgün yola səsləyib

 

Əvvəla, "Səs" qəzetinin 20 yaşı münasibətilə səmimi qəlbdən təbrik edirəm, uzun ömürlü olsun, oxucusu çox olsun, cəmiyyətdə həmişəki kimi gələcəkdə də sözü keçərli olsun. "Səs" qəzetinin bütün inkişafı mənim gözümün qabağında olub. İlk dəfə "Səs" qəzeti ilə təmasım, əlaqəm 1993-cü ilin iyun-iyul ayında olubdur. İyul ayında "Səs" qəzetində çıxan müsahibəm belə adlanırdı: "Azərbaycan, ya 21-ci əsrin möcüzəsi olacaq, ya da od-alov içərisində yanacaq". Mənim bu yazım çıxmamışdan əvvəl, Azərbaycan problemlər içərisində idi. Ölkəni böhran bürümüşdü, cəmiyyətin hansı istiqamətə getdiyi bilinmirdi. Xalqa düzgün yol göstərən yox idi və Azərbaycana xaricdən çoxlu müdaxilələr olunurdu. Mən də bir ziyalı kimi başa düşürdüm ki, əlimizə düşən azadlığı layiqincə qiymətləndirib istifadə edə bilməsək, həqiqətən də, od-alov içərisində yanacağıq. Buna görə də elə birləşib addımlar atmaq lazım idi ki, Azərbaycan XXI əsrin möcüzəsinə çevrilsin. Yuxarıda adını çəkdiyim məqalə ilə "Səs" qəzeti ilə mənim aramda əməkdaşlıq başladı. Azərbaycanda milli birliyə ehtiyac var idi. Bir qrup qüvvələr Azərbaycanı bir tərəfə, başqa bir qrup isə başqa bir tərəfə çəkirdi. Bu zaman "Səs" qəzetində mənim ikici məqaləm çap olundu. "Birliyin mayası haqq-ədalətdir" adlı bu məqalədə mən vurğulayırdım ki, əgər bizə milli birlik lazımdırsa, həmişə haqq-ədaləti gözləməliyik. Bu zaman mənim Yeni Azərbaycan Partiyasını təbliğ edən yazılarım da verilirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin bir illiyi münasibətilə bağlı yazılarım da müxtəlif qəzetlərdə dərc olunurdu. Bütün bunlardan sonra mən "Səs" qəzetinin üzvlərindən birinə çevrildim. O zamanki "Səs" qəzeti ilə bugünkü "Səs" qəzetini müqayisə edəndə görürük ki, çox böyük yeniliklər və uğurlar var. O vaxt "Səs" qəzeti balaca bir otaqda fəaliyyət göstərirdi. Bu otaq heç bəlkə 6 kv.m. olmazdı. Yadımdadır ki, qəzetin ilk baş redaktoru Ağabəy Əsgərov da, müxbirlər də bu balaca otaqda oturub işləyirdilər. İndi isə kollektiv də böyüyüb, şərait də yaxşılaşıb və "Səs" qəzeti müasir informasiya kommunikasiya texnologiyasından istifadə edir. "Səs" qəzetində yüksək təhsilli insanlar çalışır və bu qəzet cəmiyyətimizdə baş verən ictimai-siyasi hadisələrə dərhal reaksiya verir. Mənim yadımdadır ki, "Səs" qəzeti həmin vaxt ziyalıların ruporuna çevrildi. Ziyalıların isə əsas vəzifəsi o idi ki, xalqa düzgün yol göstərsin. Ən düzgün yol göstərsin. Ən düzgün yol Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsi idi. O zaman "Səs" qəzetində xalqın başına gətirilən oyunları və bu oyunların təşkilatçıları ifşa olunurdu, onlara qarşı həqiqi mənada mübarizə aparılırdı. Yazılarımızda Azərbaycanın başına gətirilən hadisələri və bu hadisələri kimlər idarə edirdi, ziyalılar ona görə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər ki, əvvəla, o sovet dövründə Azərbaycanın rəhbəri olmuşdu, zəngin dövlətçilik, idarəçilik təcrübəsi var idi, digər tərəfdən Azərbaycan torpağını, cəmiyyətini çox yaxşı tanıyırdı. 1995-ci ilin yarısına qədər Azərbaycanda tənəzzül gedirdi, lakin bundan sonra tərəqqi dövrü başladı. "Səs" qəzeti kütləvi informasiya vasitəsidir. Bu qəzet çox gözəl bünövrə üzərində qurulubdur. Bu gün "Səs" qəzeti dövlətimizin siyasətini çox gözəl təbliğ edir. Bu, çox yaxşı haldır. Mən “SƏS” qəzetinin kollektivinə uğurlar və tutduğu yolda əzmkar mübarizə arzulayıram.

 

 

Şahlar ƏSGƏROV

 

Səs.- 2011.- 11 yanvar.- S. 18.