Xalqın haqq səsinə çevrilən qəzet

 

Bu gün Azərbaycanın ilk müstəqil mətbuat orqanı olan "Səs" qəzetinin yaranmasının 20 illik yubileyidir. 1991-ci il yanvarın 11-dən nəşrə başlayan "Səs" qəzeti daim dövlət və milli maraqlardan çıxış etmiş, Ulu Öndərimiz Heydər Əliyev siyasətinin fəal təbliğatçısı olmuşdur. Hər bir oxucu tərəfindən böyük maraqla oxunulan "Səs" qəzeti 20 il ərzində keşməkeşli bir yol keçib. Bu yol yaddaqalan, tarixi hadisələrlə zəngin xatirələrlə dolu bir yoldur. Belə ki, "Səs" Vətənimizin ən ağır günlərində fəaliyyətə başlasa da, ətrafında peşəkar, səriştəli, vətənpərvər yazarlar toplayaraq, xalqın haqq səsini bütün dünyaya çatdırmaqla az vaxt ərzində tələbkar oxucularının rəğbətini qazanmışdır.

Bu gün də bu kursu uğurla davam etdirən "Səs" qəzeti geniş oxucu kütləsinin istək və maraqlarının təminatçısına çevrilmiş, hər çətinliyə sinə gərmişdir. Oxucularına hər bir informasiyanı olduğu kimi çatdıran "Səs" qəzeti 20 il bundan öncə və bu gün də vicdanla öz sözünü deməyi bacarır. 1991-1992-ci illərdə Azərbaycanın ağır günlərini yaşadığı, xalqımızın və ziyalılarımızın üz tutacağı, dərdini bölüşdürəcəyi bir mətbuat orqanı olmadığı bir məqamda 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciətin "Səs" qəzetində dərc olunması bu qəzetin böyük cəsarətə malik olduğunu bir daha sübut etdi. Və həmin gündən "Səs" qəzeti ziyalılar üçün əsil tribuna məkanına çevrildi. Əgər vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev "Səs" qəzeti haqqında yüksək fikirlər söyləyibsə, deməli bu qəzetin kollektivi Azərbaycan mətbuatında ən xoşbəxt kollektivdir. Eyni zamanda, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi  fikirlər ən yüksək qiymətdir: "Səs" qəzeti yarandığı ilk gündən  Azərbaycan xalqına xidmət edir, həmçinin, özü də günü-gündən inkişaf edir."

Bir həmkar kimi böyük məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu gün də qəzet ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanı güclü, qüdrətli, zəngin dövlətə çevirmək istiqamətində həyata keçirdiyi böyük siyasətə hərtərəfli dəstək verir və bu siyasəti xalq içərisində təbliğ edir. Eyni zamanda, ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyasının siyasi xəttini öz səhifələrində ardıcıl şəkildə təbliğ və təşviq edir.

Əziz "Səs"çilər, qəzetinizin 20 illik yubileyi münasibətilə bir daha Bəhruz müəllim, Sizi və Sizin şəxsinizdə redaksiyanızın bütün kollektivini təbrik edirəm. Arzu edirəm ki, daim qələminiz iti, sözünüz kəsərli olsun !

 

 

ŞƏMSİYYƏ KƏRİMOVA

 

Səs.- 2011.- 11 yanvar.- S. 18.