Hüseyn Paşayev: “"Səs"
qəzeti bu gün də başladığı işi şərəflə,
ləyaqətlə yerinə yetirir”
- "Səs" qəzeti
hansı tarixi şəraitdə yaranmışdı və həmin
dövrdə Azərbaycanda nələr baş verirdi? Və həmin
dövrdə, yəni 1990-cı illərin əvvəllərində
cəmiyyətdə hansı ideologiya formalaşdırmaq
lazım idi ki, "Səs" qəzeti bu ideyanı təbliğ
edirdi?
- Ümumiyyətlə, 1990-1993-cü illər Azərbaycan tarixində çox qalmaqallı dövrdür. Bu gün də həmin dövrlə bağlı ziddiyyətli analizlər verilir. Həmin dövrdə Azərbaycanda dərəbəylik idi, xaos hökm sürürdü və yenicə yaranmış siyasi qüvvələr Azərbaycan xalqının mənafeyindən kənar bütün maraqlara uyğun addımlar atırdılar. Bu gün hər kəsə bəllidir ki, həmin dövrdə Azərbaycan uçurum qarşısına gətirilib çıxarılmışdı, Azərbaycan yox olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz belə bir dövrdə, 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin Moskvadan öz doğma vətəninə, Naxçıvana gəlməsi Azərbaycan siyasi həyatında canlanma yaratdı. Bu da insanları gələcəyə ümidli baxışlarla baxmağa təhrik etdi. 1991-ci ildə "Səs" qəzeti öz imzasını cəmiyyətə təqdim etdi. Bu vaxt Azərbaycanda çox az sayda olsa da, mətbu orqanlar fəaliyyət göstərirdi. Bu mətbu orqanlar adlarını müstəqil qoysalar da, onlar da dövrün ictimai-siyasi hadisələrinə uyğun olaraq müxtəlif klanlara, müxtəlif ictimai-siyasi maraqlara xidmət edirdilər. Yəni həmin dövrdə nəşr olunan az sayda qəzetlərin heç biri nə dövlət, nə də xalq maraqlarına xidmət etmirdilər. Məhz belə bir dövrdə "Səs" qəzeti yarandı. "Səs" qəzeti yaranması ilə Azərbaycan mətbuatına canlanma, yenilik gətirdi. "Səs" qəzeti həmin dövrdə müstəqil qəzet kimi fəaliyyətə başladı.
- Həmin dövrdə "Səs"
qəzetində gördüyümüz imzalardan
görünür ki, məşhur ictimai-siyasi xadimlər bu qəzetdə
öz imzalarını qoyublar. Və həmin dövrdə
onlar öz mövqelərini, ideyalarını ortaya qoyublar. Belə
demək mümkündürmü ki, Yeni Azərbaycan
Partiyasını yaradanların əksəriyyətinin "Səs"
qəzetində imzaları olubdur? "Səs"ə məktəb
demək mümkündürmü?
- Bəli, elədir.
"Səs" qəzeti Ulu Öndər Heydər Əliyevi
Azərbaycanda siyasi hakimiyyətə qaytarmaq istəyən və
bununla da ölkəni "ölüm, ya olum" vəziyyətindən
çıxarmaq istəyən ziyalıların tribunasına
çevrilmişdi. Yəni Azərbaycanın gələcəyini
düşünən, dövləti bu uçurumdan,
bataqlıqdan çıxarmaq istəyən hər bir
ziyalı öz sözünü yalnız "Səs" qəzeti
vasitəsilə deyə bilirdi. Ona görə də "Səs"
qəzeti cəmiyyətin müxtəlif təbəqələrini
təmsil edən insanların tribunasına çevrilmişdi.
Yəni bu insanlar cəmiyyətə, xalqa, eyni zamanda, digər
siyasi qüvvələrə də Azərbaycanı
parçalamaq niyyətində olan müxtəlif siyasi təşkilatlara
da öz mesajlarını yalnız "Səs" qəzeti
vasitəsilə deyirdilər. Mən xatırlayıram ki, həmin
dövrdə Ulu Öndər Heydər Əliyev
Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə
də tez-tez "Səs" qəzeti ilə əlaqə
saxlayırdı. Bu qəzetin redaksiyası Azərbaycanı bəladan
qurtarmaq istəyən ziyalıların baş qərargahına
çevrilmişdi. Zaman göstərdi ki, həmin ziyalılar
fikirlərində yanılmayıblar və Ulu Öndəri Azərbaycana
çağırmaqla Azərbaycanın ağır vəziyyətdən
çıxmasına böyük kömək ediblər. O
cümlədən, mən özüm də 1992-ci ildə
"Səs" qəzetində çalışan əməkdaş
kimi deyə bilərəm ki, həmin dövrdə
yazdıqlarıma bu gün də təəssüf hissi
keçirmirəm. Hesab edirəm ki, yazılarımı daha sərt
yaza bilərdim. Mən həmin dövrdə bir ildə
üç dəfə məhkəmələrə
çağrılmışam. "Səs" qəzeti bu
gün də başladığı işi şərəflə,
ləyaqətlə yerinə yetirir. Məhz bunun nəticəsidir
ki, artıq 20 yaşını qeyd etməyə
hazırlaşır. Bu gün bütövlükdə Azərbaycan
mətbuatında "Səs" qəzetinin öz dəsti-xətti
var. Mənim də jurnalist fəaliyyətim "Səs" qəzeti
ilə başlayıb. Bu gün də "Səs" qəzetinin
qazandığı hər bir uğuru mən öz uğurum
hesab edirəm, üzləşdiyi hər hansı problemi
öz problemim bilirəm. "Səs" qəzeti Yeni Azərbaycan
Partiyasının hər bir üzvünün qəzetidir. Mən
bu qəzetə uğurlar nailiyyətlər arzu edirəm.
Gün o gün olsun ki, bu qəzetin daha geniş yubileylərini
birlikdə qeyd edək. Belə hesab edirəm ki, nə qədər
ki, Azərbaycan var bu qəzet də yaşayacaq, öz
ideyalarını yayacaq.
Səs.- 2011.- 11 yanvar.- S. 21.