“Səs" qəzeti tarixə düşmüş qəzetdir

 

Bəhruz Quliyev: "Səs" qəzetinin ən layiqli qiymətini Ulu Öndər Heydər Əliyev verib"

 

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan "Səs" qəzetinin 20 yaşı tamam olur. Ötən 20 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? Bu suallara "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevlə müsahibədə aydınlıq gətirməyə çalışdıq.

- Bəhruz müəllim, Azərbaycanın müstəqilliyini bərpa etməsindən 9 ay öncə fəaliyyətə başlayan "Səs" qəzetinin yaranma zərurəti və keçdiyi yol haqda fikirlərinizi bilmək maraqlı olardı...

- "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüz minlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü.

Xatırlayırsınızsa, həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. O dövrdə Ulu Öndərə rəğbətin ifadə edilməsi olduqca təhlükəli idi.

Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər.

Təsadüfi deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək, Ümummilli Lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ulu Öndərimiz, əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz "Səs" qəzetində dərc olunub.

- "Səs" qəzeti YAP-ın fəaliyyətinin cəmiyyətə çatdırılmasında önəmli rolu olan bir qəzetdir. Qəzetin siyasi proseslərdə rolunu necə dəyərləndiririsiniz?

- "Səs" qəzeti həmişə Yeni Azərbaycan Partiyasının ideoloji təbliğat vasitəsi olub və təqdirəlayiqdir ki, qəzetimiz cəmiyyətdə məhz bu cür tanınır. Qəzet fəaliyyətə başladığı 1991-ci ildən etibarən daim Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə sədaqətlə xidmət edib.

Məhz buna görə Ulu Öndər YAP-ın 10 illik yubileyindəki çıxışında "Səs"i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: ""Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. "Səs" qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində, məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

- İndiki dövrdə "Səs" qəzeti öz fəaliyyət prinsiplərini hansı istiqamətlərdə həyata keçirir?

- Biz dövlətçilik və Heydər Əliyevin ideyaları qarşısında daim öz məsuliyyətimizi dərk edirik. Xalqın sosial sifarişini düzgün olaraq qiymətləndirməyə çalışırıq. Bilirik ki, Azərbaycan xalqı həmişə Ulu Öndərimiz Heydər Əliyevin yanında olmuş və bu gün də onun ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdədir.

Dövrün tələblərinə uyğun olaraq, "Səs" qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. 2 ildən çoxdur ki, qəzetin bazası əsasında yaradılmış "Səs" İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir interner resurs çevrilib.

Yaxın planda isə, "Səs" internet televiziyasının yaradılması nəzərdə tutulur ki, indiki informasiya və texnologiya dövründə bu layihənin böyük maraq və uğur qazanacağı gözlənilir. Şübhəmiz yoxdur ki, "Səs"in kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gələcək.

- Azərbaycanda medianın inkişaf meyillərini və mövcud durumu necə qiymətləndirirsiniz?

- Azərbaycan mediası öz tarixinin bütün dövrlərində proqresə meyilli, optimist əhval-ruhiyyədə və cəmiyyətdə avanqard rolu oynayan bir qüvvə olub. Həsən bəy Zərdabinin banisi olduğu "Əkinçi" qəzetindən üzübəri mətbuatımız şərəfli və çətin yol keçib.

Həqiqətən də, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda azad sözün, mətbuatın inkişafında böyük xidmətləri olub. Tam məsuliyyətlə demək olar ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı həqiqi azadlığa nail oldu.

- Azərbaycanda dövlət-media münasibətlərini necə qiymətləndirmək olar?

Ulu Öndər dəfələrlə dövlət məmurlarına mətbuata, qəzetlərə güzəştlər etməyin vacib olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azad sözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatın inkişafı üçün münbit şərait yaradıb.

Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borcları dondurulub, həmkarlarımız təltif olunublar. Məhz bunun nəticəsidir ki, hər ilin yekununda Heydər Əliyev KİV tərəfindən "Mətbuatın dostu" adına layiq görülüb. Bu həqiqətdir və real durumu əks etdirir.

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılandan sonra ölkə mətbuatında bir canlanma yaranıb. Fondun KİV-lərə verdiyi maliyyə yardımları, qrantlar mətbuatımızın inkişafına təkan verib. Jurnalistlər arasında keçirilən müsabiqələrdə hər il 30-40 nəfər 1000 manat məbləğində mükafatlandırılır. Mətbuat Şurasının fəaliyyəti də son vaxtlar xeyli təkmilləşib və ölkə mətbuatına öz töhfəsini verib.

Milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı cənab Prezidentin Sərəncamı ilə  mətbuatımızın inkişafında xidmətləri olan bir qrup jurnalistə fəxri adlar və sair mükafatlar verildi. Bundan başqa, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə jurnalistlər üçün yeni binanın tikilməsinə başlanıb və yaxın zamanda mənzilə ehtiyacı olan 100-dən artıq həmkarımızın evlə təmin olunması reallaşacaq.

İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin milli mətbuatımız inkişaf etmiş Avropa ölkələrindən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.

- Biz də "Səs" qəzetinin 20 illik yubileyi münasibətilə Sizi təbrik edir, işlərinizdə uğurlar arzulayırırq. Maraqlı müsahibəyə görə sağ olun.

 

 

Səs.- 2011.- 11 yanvar.- S. 22.