Azərbaycan idman ölkəsinə çevrilir

 

2011-ci ildə daha 11 Olimpiya Mərkəzi tikiləcək

 

Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə, digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmışır. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmış, 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmış, 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edilmişdir. Yalnız 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

 

Dövlətin idman siyasətinin həyata keçirilməsi Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra daha geniş vüsət almışdır. 1994-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır ki, bunu da respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyevin  Fərmanana  əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Ulu Öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".

Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasəti 2003-cü ilin oktyabrından Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir. Ölkə Prezidenti İlham Əliyevin bu sahədə gördüyü işlərin son 7 ildə məhdudlaşmadığı da xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, hələ 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açmışdır. MOK-un prezidenti cənab İlham Əliyev ölkədə olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda da işlər görüldü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə, gənclərin vətənpərvər və sağlam ruhda tərbiyə edilməsi məqsədindən irəli gəlirdi.

Cənab İlham Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində, ümumilikdə, 20-yə yaxın müasir tipli olimpiya kompleksi inşa olunub. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində  2010-cu ilin yekunlarına həsr olunmuş mərasimdəki çıxışında bildirib ki, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi artıq adi hala çevrilib: "Azərbaycan dünyada idman dövləti kimi tanınır, artıq bir neçə ildir ki, uğurlarımız qeyd edilir. Azərbaycan Beynəlxalq Olimpiya hərəkatında çox fəal iştirak edir və biz böyük hörmətə malik olan ölkəyik".

İl ərzində keçirilən yarışlar üçün Azərbaycanın imkanlarının gözəl şəraiti olduğunu bildirən ölkə Prezidenti İlham Əliyev idmançılarımızın böyük qələbələr əldə etdiyini deyib: "İdmanın inkişafı özünü müxtəlif istiqamətlərdə büruzə verir. Ancaq onların arasında ən vacib amil, əlbəttə ki, medalların sayıdır. 2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanıblar. Onlardan 206-sı Olimpiya idman növləri üzrə qazanılmış medallardır".

Dövlət başçısının sözlərinə görə, 2010-cu ildə bu uğurlarla bərabər, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ənənəvi olaraq vacib addımlar atılıb: "Bu il dörd olimpiya idman kompleksi istismara verilmişdir. Göyçay, Ağdaş, Balakən və Horadiz şəhərlərində müasir idman kompleksləri istifadəyə verilib. Müşfiqabad qəsəbəsində idman-təlim mərkəzi istismara verilib. Mingəçevirdə beynəlxalq avarçəkmə mərkəzi fəaliyyətini demək olar ki, daha da müasir keyfiyyətdə bərpa edib. Bildiyiniz kimi, Mingəçevir Olimpiya avarçəkmə bazası Sovet İttifaqında yaşamış idmançılara xidmət göstərirdi və o bazanın nadir iqlim şəraiti avarçəkmə ilə məşğul olanların hamısını ora cəlb edirdi. Uzun illər ərzində baza yararsız vəziyyətdə qalırdı və biz onun bərpası üçün müxtəlif imkanlar axtarırdıq, o cümlədən, xarici maliyyə dəstəyini cəlb etməyə çalışırdıq. Ancaq nəticədə Azərbaycan dövləti avarçəkmə bazasını dövlət büdcəsi hesabına ən müasir səviyyədə təmir etdi, onu demək olar ki, yenidən qurdu. Orada çox gözəl mehmanxana, idman qurğuları, üzgüçülük hovuzu, trenajor zalları yaradılıb, gözəl park salınıbdır. Bu, nəinki avarçəkmə idman növünün inkişafı üçün, eyni zamanda, turizm obyekti kimi öz gözəlliyi və funksional tərəfi ilə fərqlənən beynəlxalq avarçəkmə bazasıdır".

Ölkə Prezidenti İlham Əliyev görüşdə onu da bildirdi ki, 2011-ci ildə idman sahəsində  tikinti-quraşdırma işləri davam etdiriləcək: "On bir olimpiya mərkəzinin tikintisi nəzərdə tutulur. Onların bir hissəsinin açılışı gələn il olacaq. Bu proqram ardıcıl şəkildə icra edilir. Qeyd etmək istəyirəm ki, idmanla məşğul olan qurumlar - həm Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bu il fəal işləmişlər, birgə işləmişlər. Biz hamımız vahid məqsədə xidmət edirik. Bu da, ondan ibarətdir ki, Azərbaycanda idman sürətlə inkişaf etsin, idman uğurlarımız daha da artsın, idmançılara dövlət tərəfindən qayğı artsın, idman veteranları da yaddan çıxmasın. Son illər ərzində bütün bu istiqamətlərdə aparılan işlər, tədbirlər bugünkü reallıqları mümkün edib".

"Mən inanıram ki, 2011-ci il bu gözəl ənənələrin davam etdirilməsi üçün uğurlu il olacaq, o cümlədən, idman sahəsində"- deyən dövlət başçısının sözlərinə görə, 2011-ci il 2012-ci ilin Yay Olimpiya Oyunlarının hazırlanması üçün həlledici il olacaq. Çoxsaylı lisenziya turnirləri keçiriləcəkdir. Əlbəttə, biz bu amili nəzərə almalıyıq. 2011-ci ildə səylərimizi daha da gücləndirməliyik".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 13 yanvar.- S. 4.