Cəmiyyət dindən vasitə kimi istifadə olunmasının əleyhinədir...

 

Mübariz Qurbanlı: "Ona görə də Azərbaycanda islamın siyasiləşməsi haqda deyilənlərin heç bir əsası yoxdur"

 

Son günlər Azərbaycanda islamın siyasiləşməsi və islam təmayüllü qüvvələrin fəallaşması ətrafında müzakirələr aparılır. Bəzi siyasi ekspertlər hesab edir ki, son dövrlər dinin siyasiləşməsi meylləri artıb və bu, dünyəvi demokratik qüvvələrin siyasi səhnədən sıxışdırılması ilə nəticələnə bilər.

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Mübariz Qurbanlı "Media forum" saytına açıqlamasında deyib ki, Azərbaycan müsəlman ölkəsidir və Azərbaycanda islam dininə həmişə hörmətlə yanaşılıb: "Hətta sovet dövründə qadağalara baxmayaraq Azərbaycan xalqı öz inancını, inamını qoruyub saxlayıb. Müstəqillik əldə olunandan sonra Azərbaycanda islamın və islam ənənələrinin yayılması üçün əlverişli şərait yaranıb. Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin məscidlərin bərpası, tikilməsi, dini inanc yerlərinin yenidən qurulması, onların saxlanması üçün vəsait ayrılması istiqamətində gördükləri işlər hamıya bəllidir. O cümlədən Azərbaycanda islamın daha geniş formada öyrənilməsi, tədrisi üçün tədbirlər görülüb. Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi, dini məktəblər açılıb. Qafqaz Müsəlmanları İdarəsinə dövlət xüsusi diqqət göstərib. Bütün bunlar göstərir ki, Azərbaycanda hakimiyyət millətimizin mənsub olduğu dinə böyük ehtiramla, inamla yanaşıb, onu daim diqqət mərkəzində saxlayıb və saxlamaqdadır. Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva dəfələrlə müxtəlif dini mərkəzləri, dinlə bağlı olan yerləri ziyarət ediblər, həmin yerlərin bərpası üçün vəsaitlər ayrılıb.  Konstitusiyaya görə, Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır. Amma istər islam, xristianlıq, buddizm, iudaizm, istərsə də lokal xarakterli olan və məhdud ərazilərdə yayılan digər dinlərdən zaman-zaman müxtəlif məqsədlər üçün istifadə olunmağa cəhdlər edilib. Dini dövlət yaratmağa cəhdlər edilib. Tarixdə buna dair çoxlu misal var. Bu gün də teokratik, dini aparıcı element kimi götürüb buna uyğun dövlət idarə üsulu yaratmış xalqlar var. Hazırda demokratiya, azadlıq, insan hüquqları, fərdi azadlıq kimi dəyərlər üstündür. Belə dəyərlərin aparıcı rol oynadığı, üstün olduğu və Azərbaycan Konstitusiyasında belə dəyərlərin böyük yer tutduğu bir vaxtda dindən vasitə kimi istifadə olunmasına cəhd göstərilməsi cəmiyyət tərəfindən etirazla qarşılanır. Bu etiraz cəmiyyətin dinə bir inanc yeri kimi baxması ilə əlaqədardır. Cəmiyyət dindən vasitə kimi istifadə olunmasının əleyhinədir. Ona görə də Azərbaycanda islamın siyasiləşməsi haqda deyilənlərin heç bir əsası yoxdur. Hesab edirəm ki, bəzi şəxslərdə bu cür düşüncənin yaranması müəyyən yerlərdə dini yaymaq, dini dünyagörüşü təbliğ etmək əvəzinə din pərdəsi altında başqa işlər görülməsinin, bundan sui-istifadə olunmasının nəticəsidir. Amma Azərbaycan xalqı öz dünyagörüşünə görə dünyəvidir. Biz dünyəvi prinsipləri qəbul edirik və dinimizə hörmətlə yanaşırıq. Azərbaycanda dinin siyasi prosesə müdaxilə edərək kütləvi formada siyasiləşməsi mümkün deyil. Bunun üçün Azərbaycanda zəmin yoxdur. Azərbaycan xalqının keçdiyi tarixi yol, dünyagörüşü, ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-psixoloji durum buna imkan vermir. Ona görə də Azərbaycanda din yalnız din, dini təşkilat onu yayan qüvvə kimi fəaliyyət göstərə bilər. Dinin siyasi proseslərə müdaxiləsi bütün hallarda yolverilməzdir və bu istiqamətdə cəhdlər uğursuzluğa düçar olacaq".

 

 

Səs.- 2011.- 13 yanvar.- S. 5.