Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri...
Bu, ölkəmizi Cənubi Qafqaz regionunda ən
nüfuzlu dövlətə çevirib
Prezident İlham Əliyevin son yeddi ildə hər bir vədini
konkret əməli işi ilə təsdiqləməsi, həyata
keçirdiyi siyasətin alternativsizliyi dünyanın
tanınmış siyasətçilərinin,
politoloqlarının, nüfuzlu araşdırmalar mərkəzlərinin
açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək
mükafatlara layiq görülür. Azərbaycan bu gün
bütün sahələrdə böyük uğurlara imza
atır. "Hakimiyyətin yeganə mənbəyi xalqdır"
söyləyən Prezident İlham Əliyev bildirir ki, hər
sahə üzrə proqramların mövcudluğu, həyata
keçiriləcək layihələrin xalq tərəfindən
dəstəklənməsi, birgə addımların
atılması gələcəyə daha böyük inamla irəliləməyə
stimul verir. Dünya dövlətlərini narahat edən qlobal
maliyyə böhranına baxmayaraq, iqtisadiyyatı sürətli,
dinamik və davamlı inkişaf yolu ilə irəliləyən
Azərbaycan aparılan məqsədyönlü islahatlar nəticəsində
qazandığı liderliyini qoruyub saxlayır. Müstəqil
Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi
və siyasi mövqeyini daha da möhkəmləndirməsi,
beynəlxalq qurumların hesabatlarında islahatçı
ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının
Azərbaycanın mövqeyini dəstəkləyən qərar
və qətnamələr qəbul etməsi bir həqiqəti
ortaya qoyur ki, ölkəmizin seçdiyi yol
düzgündür və bu yol bizi daha uğurlu gələcəyə
aparır.
Bir faktı qeyd etmək kifayətdir
ki, ötən il başlanan və hələ də dünyada
davam edən iqtisadi və maliyyə böhranı hər bir
ölkənin hansı potensiala malik olduğunu ortaya qoydu. Azərbaycan
uğurlu iqtisadi göstəriciləri ilə dünyanın
diqqətində oldu. Bu reallıq beynəlxalq ekspertlər tərəfindən
yüksək qiymətləndirildi və etiraf olundu ki, Azərbaycanın
bu sınaqdan şərəflə çıxmasına səbəb
digər sahələr kimi iqtisadi siyasətimizin də
düzgün əsaslar üzərində qurulmasıdır.
Azərbaycan dövlətinin düşünülmüş və
məqsədyönlü siyasəti nəticəsində
bugünkü uğurların təməli qoyuldu. Başqa
sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi
olduğu neft strategiyası Azərbaycanı regionda əsil
söz sahibinə çevirdi. Bu gün Azərbaycanın
iştirakı olmadan bölgədə hansısa iqtisadi və
siyasi layihələrin həyata keçirilməsindən
söhbət gedə bilməz. Gündən-günə daha da
qüdrətlənən ölkəmiz, eyni zamanda, bu
uğurların qazanılmasına əsas verən Prezident
İlham Əliyevin siyasəti barədə biri-birindən
maraqlı, diqqətçəkən fikirlər söylənilir.
Ümumi rəy budur ki, xalqın etimadını qazanan, hər
bir vədini konkret əməli işi ilə sübut edən
dövlət başçısına milyonların sevgisi
şəksizdir.
Ümummilli Liderin uzaqgörən
siyasətinin nəticəsi kimi dəyərləndirilən
Dövlət Neft Fondunun yaradılmasının əhəmiyyəti
də həyata keçirilən işlərin fonunda aydın
görünür. Fond dövlət siyasətinin prioritetlərini
müəyyənləşdirir. Hazırda fondun aktivlərinin
həcmi 29 milyard dollardan artıqdır. Fondun
qarşısında qoyulan əsas məqsədlərdən
biri neft gəlirlərinin gələcək nəsillər
üçün toplanaraq artırılması, digəri isə
bu gəlirlərdən ölkəmizin sosial
ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini
nəzərə almaqla, bugünkü nəsillər
üçün istifadə edilməsidir. Neft Fondunda
toplanmış neft gəlirlərindən əldə edilən
vəsaitlərin səmərəli istifadə olunmasına Azərbaycan
hökuməti tərəfindən göstərilən diqqətin
təzahürü kimi, Prezident İlham Əliyevin 27 sentyabr
2004-cü il Fərmanı ilə "Neft və qaz gəlirlərinin
istifadə olunması üzrə uzunmüddətli
strategiya" təsdiq edilmişdir. Bu strategiyada vəsaitlərin
aktiv şəkildə, o cümlədən, iqtisadiyyatın
qeyri-neft sektorunda, regionların, kiçik və orta
sahibkarlığın inkişafında, yoxsulluğun
azaldılması üzrə tədbirlərin həyata
keçirilməsində, "insan kapitalının"
inkişafında, ölkənin müdafiə qabiliyyətinin
gücləndirilməsində və digər bu kimi istiqamətlərdə
istifadə olunması nəzərdə tutulur.
"Biz siyasətimizi elə
aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur.
İqtisadiyyatın bütün sahələri, ilk növbədə,
qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla
biz Azərbaycanı hərtərəfli inkişaf etmiş
ölkəyə çevirə bilərik". Yeddi il əvvəl
proqnoz kimi səslənən bu istək artıq
reallığa çevrilib. Müasir dövrün tələblərindən
biri yüksək ixtisaslı kadrların
hazırlanmasıdır. Avropaya inteqrasiya siyasətini həyata
keçirən Azərbaycan dövləti dünyanın
qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə
və tətbiqinə xüsusi maraq göstərir. Dövlət
başçısı İlham Əliyev yüksək
ixtisaslı, yeni texnologiyaların tətbiqini bacaran gənc
mütəxəssislərin yetişdirilməsini
qarşıya ən ümdə vəzifə kimi qoyur. Prezident
İlham Əliyevin Fərmanı ilə "2007-2015-ci illər
üçün Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil almaları ilə bağlı Dövlət
Proqramı"nın təsdiqlənməsi və uğurla
icrası da bu məqsədə xidmət edir.
Dövlət Proqramında
qeyd olunduğu kimi, respublikamızda elm və təhsilin
maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr
ərzində formalaşmışdır. Son illər ölkə
iqtisadiyyatı ilə yanaşı, elmi, təhsili və mədəniyyəti
də geniş inteqrasiya proseslərinə cəlb olunub. Elm və
təhsil sahələrində alim, müəllim və tələbələrin
mübadiləsi geniş vüsət alıb. Təbii ki,
müasir mərhələdə ölkəmizin iqtisadi
qüdrəti gənclərimizin yeni bilik, informasiya və
texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə
bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi
ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər,
xarici ölkələrdə kadr hazırlığı məsələsini
aktuallaşdırır, xarici dilləri mükəmməl bilən,
informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və
beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən
yüksək hazırlıqlı mütəxəssislərə
olan ehtiyacın ödənilməsini tələb edir.
Dövlət
Proqramının əsas məqsədi ölkədə rəqabətqabiliyyətli
iqtisadi sistemin formalaşdırılması və davamlı
inkişafın təmin edilməsi baxımından ölkənin
müasir tələblərə cavab verən kadrlara
ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin
ümumbəşəri dəyərlər əsasında
layiqli ali təhsil almaları üçün lazımi şəraitin
yaradılması, istedadlı gənclərin dünyanın
aparıcı ölkələrində təhsil almaq
imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi
və səmərəliliyinin artırılmasını təmin
etməkdən ibarətdir.
Dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə çevrilən təhsilin,
elmin inkişafı sahəsində görülən işlər
davamlılığı ilə diqqəti çəkir. Təhsilin
inkişafı ilə bağlı müxtəlif istiqamətləri
əhatə edən 16 Dövlət Proqramının qəbul
olunması və uğurlu icrası, ən ucqar kəndlərdə
belə məktəb tikintisi, onların maddi-texniki
bazasının möhkəmləndirilməsi və s. buna əyani
sübutdur. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət
Proqramı"nın təsdiqlənməsi də bir daha
dövlətimizin elmin, təhsilin inkişafına xüsusi
diqqət və qayğısının bariz nümunələrindəndir.
Bütün bunlar, onu deməyə
əsas verir ki, neft siyasətinin uğurla həyata
keçirilməsi Azərbaycanın maliyyə
imkanlarının möhkəmlənməsinə, digər sahələrin
inkişafına geniş imkanlar açır. Prezident İlham
Əliyev bildirir: "Neft-qaz Tanrıdan verilən böyük
nemətdir. Biz bundan uğurla və məharətlə istifadə
edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək
və bilik, zəka, səviyyə isə ölkəmizin
dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin
edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq, görərik ki, o ölkənin
inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil,
bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Biz də
buna hazırıq".
Beləliklə, ölkəmizin
sosial-iqtisadi imkanları getdikcə artır. Kadr
hazırlığının bu səviyyəyə
uyğunlaşdırılması istiqamətində
mühüm addımlar atılır. "Biz elə etməliyik
ki, ölkəmiz, sözün əsl mənasında,
müasir ölkə olsun" söyləyən dövlət
başçısı İlham Əliyev kadrların
hazırlanmasını ümumxalq işi olduğunu diqqətə
çatdırır. Uğurlu neft stretegiyasının davam
etdirilməsi üçün bu amilin rolu xüsusi
vurğulanır.
Rövşən RƏSULOV
Səs.- 2011.- 13 yanvar.- S. 7.