Bir mahnının izi ilə, yaxud qıpçaq qızı “Sarı Gəlin”

 

Anan ölsün, nənən ölsün, yoxsa Sinan ölsün “Sarı Gəlin”

 

(Əvvəli ötən sayımızda)

 

Niyə Platon, niyə Xumar, yaxud H.Cavidin sirri nə idi?!

 

Bəs, nəyə görə əsərin qəhrəmanları səviyyəsinə yüksəltdiyi ata və qızın adlarını gürcü adları ilə vermirdi? Elə kilid nöqtə də burdadır. Hüseyn Cavid qəhrəmanların kimliyini ya dəqiq bilir, ya da heç olmasa onların gürcü olmadıqlarını dəqiq bilirdi. Ona görə də, bu obrazlara gürcü adı verməkdən imtina etmiş, onların kimliyinin araşdırılmasını gələcək nəsillərə vəzifə olaraq buraxmışdı.

Elə isə Şeyx Sənanın aşiq olduğu xristian Xumar və atası Platon kimlər idi. Yenə Hüseyn Caviddən sitat gətirməklə Platondan başlayaq. Platon əyyaş və içki düşkünüdür. Həyat yoldaşına etdiyi zülmlərdən sonra o dünyasını dəyişib. Kiçik yaşlı Xumar bunların şahidi olduğuna görə evlənməməyə, qərar verərək yarırahibə həyat tərzi keçirir. Platon isə xristian olmasına baxmayaraq, yerli əhali, hətta papaz tərəfindən də yad ünsür kimi qəbul edilir. Əsərdə bu ziddiyyət Simonla Serqonun dialoqunda aşağıdakı kimi tərif edilir:

 

Sən nə dərsin, şu dərbədər Platon

Şeyx Sənana qız verirmi?..

Simon....................!

O bir insan ki, pək firumayə

And içib Tanri oğlu İsayə

Basmış İncilə əl, inan verəcək...

Şu hərif pək inadçıdır gerçək

Qızı bədbəxt edib də öldürəcək

 

Aha...! Bizcə Hüseyn Cavid bilərəkdən, ya bilməyərəkdən qəhrəmanının sirrini burada açır. Birincisi Platonu gürcü Simon dərbədər adlandırır, ikincisi fürmayə (zatı qırıq), üçüncüsü inadkar. Birinci iki keyfiyyət Platona qarşı gürcü eqoizmidir. Çünki xristian olmasına baxmayaraq, o gürcü deyil, buna görə də, gürcülər tərəfindən aşağılanır. Üçüncü keyfiyyət isə Platonun milli-etnik kaloritidir, inadkar. Onda Platon gürcü deyilsə, erməni deyilsə, bəs kimdir?! Əlbəttə, xristian qıpçaqdır. Əlbəttə...!

 

İlkin mənbədən daha qədim mənbələrdə “Sarı Gəlin”

 

Elə buradaca araşdırmamızı bir az daha dərinləşdirərək bir neçə əsr önə aparaq. “Sarı Gəlin” mahnısının xristian-qıpçaq versiyasını tapmağa çalışaq. Bir araşdırmamızda qeyd etmişdik ki, xristian-qıpçaqlar Azərbaycana səlcuqlu-islam axınından sonra ucqarlara çəkilməyə başlamış, daha çox xristian toplumlara yaxın yerlərdə məskunlaşmağa başlamışdılar. Belə mühafizəkar xristian qıpçaqlardan biri də qıpçaq Platon idi. H.Cavidə görə hadisələr Tiflis ətrafında R.Altunaya görə isə Ardahan ətrafında baş vermişdi. Hər iki məkan xristianlıqla İslamın kəsişdiyi, yaxud iç-içə girdiyi ucqarlardır. İndi isə yuxarıda söz verdiyimiz xatırlatmaya qayıdaq. R.Altunayın nəql etdiyi hekayədə Sənan ilə, Sarı Gəlin bir kəndin uşaqları idi. Kəndin yarısı xristian, yarısı isə müsəlmandır. Deməli, bu kənddə yaşayan qıpçaq türklərinin bir qismi İslamı qəbul edib, daha mühafizəkar olan ikinci qismi, yaxud dindar elitası ənənəvi xristian dinində qalıblar. Ancaq buna baxmayaraq, qəbiristanlıqlarını hələ də ayırmayıblar. Eyni qəbiristanlıqda 100 il əvvəlki xristian türklərin müsəlman nəvəsi də dəfn olunub (yeri gəlmişkən, hazırda Gürcüstan Respublikası Dumanisi rayonunda belə bir qəbiristanlıq hələ də qalmaqdadır). Sən demə, xristian Platonun gürcü dindaşları tərəfindən xor görülməsinin, dərbədər və inadkar adlandırılmasının səbəbi onun qıpçaq olması ilə bağlı imiş...

 

“Sarı Gəlin”in Ukrayna, yaxud Dəsti-Qıpçaq versiyası

 

Yenidən qıpçaqlara və xristian qıpçaqlar arasında, özü də Azov dənizinin şimali-qərb sahillərində yaşayan xristian qıpçaqlar içərisində mövcud olan “Sarı Gəlin” mahnısının indiyə qədər bizə məlum olmayan versiyasını öyrənməyə çalışaq.

Adını bilərəkdən yazmadığımız müəllifin çox çətinliklə əldə etdiyimiz məxfi qrif adı altında qorunan əsərində mahnının orijinalı belədi:

 

Axız, sat`ın örmezler

Sen`i, ban`a bermezlər.

T`el, alayım, xaçayım

Xaranqılıx körmezler.

 

Axız, sat`ın set`iz xat

T`es birisin, bizqe sat

Anen-baben xail olsa

T`el böqeje bizqe yat.

 

İndi isə doğmaca dilimizdə olan bu kiçik şeiri hazırkı ədəbi dilimizə uyğun şəkildə təqdim edək və sonra təhlilə başlayaq. Şeir belə səslənir.

 

Ay qız, saçın hörməzlər

Səni mənə verməzlər.

Gəl, alayım, qaçayım

Qaranlıqdır görməzlər.

 

Ay qız saçın səkkiz qat,

Kəs birisin bizə sat

Anan-baban razı isə

Gəl bu gecə bizdə yat.

 

Bu şeiri qısaca təhlil etməklə biz “Sarı Gəlin” mahnısının sözlərinin məhz xristian qıpçaqlarına aid olduğunu isbat etməklə yanaşı, müasir dilimizdə səslənən mahnının sözlərinin məna tutumunun nə olduğunu da aydınlaşdırmış olacağıq. Çünki hələ də “saçın ucun hörməzlər” misrası ilə “səni mənə verməzlər” misrası arasında bir məntiqi əlaqə qura bilmirik. Yəni, “səni mənə verib verməməklə”, “saçın hörülüb-hörülməməsinin” nə əlaqəsi olduğunu bilmirik. Elə bilmədiyimiz üçün də mahnının nəqarətində səslənən “Vay Sinan ölsün Sarı Gəlin” misrasını da gah anan ölsün, gah da nənən ölsün Sarı Gəlin kimi oxuyuruq. Onsuz da Sarı Gəlinin anası ölmüşdü. Bu nakam eşqin baş tutmamasında onun heç bir rolu ola bilməzdi. Müəllif həm də aşiq, yəni, bu mahnını yaradan və oxuyan özü-özünü qarğayırdı. Vay Sinan ölsün deyirdi. Əslində, bu mahnının mətnində müəllif öz adını çox açıq şəkildə göstərib. Zaman-zaman mənasını başa düşmədikcə biz onu təhrif edərək oxumağa başlamışıq.

İndi isə qayıdaq mahnının mətnindəki digər, necə deyərlər “ziddiyyətlərə”.

 

F.A.Nikolayevin acı və çarəsiz etirafı

 

Əvvəla, onu qeyd edək ki, “Sarı Gəlin” mahnısının qıpçaq versiyası 1800-cü illərin sonunda Ukraynada yaşayan F.A.Nikolayev adlı xristian qıpçağın dilindən qeydə alınıb. Eyni zamanda, həmin vaxt F.A.Nikolayevin kifayət qədər yaşlı olduğu məlum olur və o da məlum olur ki, F.A.Nikolayev ondan sonra kimlərinsə bu dildə (“öz tilimiz” adlandırdığı qıpçaq dilində) danışacağına ümidini itirdiyini bildirir. Deməli, mahnının tarixi bir az daha uzaqlara gedib çıxır. O vaxtlara ki, Qafqaz qıpçaqları ilə Dəsti-qıpçaq qıpçaqları arasında sıx mədəni, mənəvi, sosial-iqtisadi və s. əlaqələr mövcud idi. Yəni, Cənubi Qafqazda danışılan bir hekayət, yaxud oxunan bir nəğmə şifahi şəkildə yayılaraq Ukraynaya, Dnepr sahillərinə, hətta bəlkə Dunay sahillərinə qədər yayıla bilirdi. Əks halda bu mahnının sözlərinin Azov ətrafında yaşaması mümkün olmazdı. Beləliklə, ortada isbata ehtiyacı olmayan bir həqiqət, aksioma var. “Sarı Gəlin” bir qıpçaq türküsüdür! Buraya qədər söylədiklərimiz də dediklərimizi sübut edir. Ancaq biz yenə də araşdırmamıza davam edərək detalları aydınlaşdırmaqla bir də mahnının mətnini özümüzə, yəni daxili auditoriyamıza izah edək.

 

Saçın ucun hörməzlər nə deməkdir?!

 

İlkin olaraq mahnının birinci misrasından başlayaq. Hər iki versiyada demək olar ki, birinci misra eynidir.

“Saçın ucun hörməzlər” Azərbaycan versiyası

“Axız sat`ın örmezler” qıpçaq versiyası.

Qədim türklərdə insanların ictimai mənşəyi, sosial statusu ilə bağlı olduqca maraqlı zahiri təzahürlər var idi. Bunlar özünü geyimdə, saç düzümündə, silahda, məişət əşyalarında və s. büruzə verirdi. Əslində indi də belədir. Üzük taxmağın, hətta onu hansı barmağa taxmağın, yaxud qadınların qaşlarını necə düzəltmələrinin və s. öz xüsusi mənası var. Sosial-ictimai mənşəyi və statusu müəyyənləşdirən belə ünsürlərdən biri də saç idi. Qədim türklər həmişə uzun saç saxlayarlardı. Uşaqlar yeniyetmə yaşlarına çatdıqda isə qızlar oğlanlardan fərqlənsin deyə qızların saçlarını hörərdilər. Hətta bəzi hallarda qızla-oğlanı “deyikli” elan etmək üçün valideynlər uşaq vaxtı onların saçlarının ucunu bir-birinə hörər, bir növ talelərini bir-birinə bağlamış olduqlarını bildirərdilər. Bu, əslində, indi də Azərbaycanda mövcud olan filankəsin qızı ilə filankəsin oğlu deyiklidir, yaxud beşikkəsməsidir ənənəsinin qədim variantı idi. Konkret halda, yəni tədqiq etdiyimiz mahnının mətnindən də görünür ki, aşiqin məşuquna qovuşmaq ümidi yoxdur. Məşuqə onun üçün əlçatmazdır. Onların saçı heç vaxt bir-birinə hörülməyəcək, tale ulduzları heç vaxt birləşməyəcək. Mahnıdakı həzin kədər və ürək sızıldadan qəm də elə bu ümidsizlikdir.

 

Novobeşevli qıpçaq Trandafilovun dedikləri

 

İzahımızı gücləndirmək üçün yenə 1800-cü illərdə Ukraynanın Novobeşev (Novobeşev- rusca yeni və qıpçaqca beş ev söz birləşməsindən əmələ gəlmiş toponimdir) məntəqəsində yaşayan xristian qıpçaq İ.L.Trandafilovun dilindən qeydə alınmış bir şeiri diqqətə təqdim edək.

 

Todora edim de, - oldum Todur,

On et`i yıl da çoban yürdüm.

Siya sat`ımı ördürmedim,

Xızlığımı da bildirmedim.

 

Şeirin müasir ədəbi dilimizə uyğunlaşdıraq:

 

Todora idi, oldum Todur.

On iki il çoban getdim

Qara saçımı hördürmədim,

Qız olmağımı bildirmədim.

 

Şeir hansısa səbəbdən mərhumiyyətlərə düçar olmuş Todora adlı bir qızın dilindən yazılıb. Bu qız özünü Todur kimi təqdim edərək çoban işləyir və bu illər ərzində saçlarını oğlan kimi kəsdirir, onu hördürmür ki, qız olduğu bəlli olmasın. Bu şeir yuxarıda saçla bağlı dediyimiz sosial-mədəni statusun bir sübutudur. Deməli, saçın ucunun hörülməsi, yaxud, ümumiyyətlə, hörülüb-hörülməməsi ilə bağlı aşiqin narahatçılığı əsaslı imiş. Eyni zamanda, “saçın ucun hörməzlər” misrası ilə “səni mənə verməzlər” misrası arasında birbaşa əlaqə var imiş. Mahnının illərlə bizə gizli qalan sirlərindən birini beləcə açmış olduq. İkinci sirr isə mahnının qıpçaq versiyasının ikinci bəndinin birinci misralarındadır.

 

“Sarı Gəlin”in başqa bir sirri, yaxud nə üçün səkkiz qat...

 

Axız, saçın set`iz xat

T`es birisin, bizqe sat.

Yəni,

Ay qız, saçın səkkiz qat

Kəs birisin bizə sat.

 

Bu nə deməkdir? Niyə məhz səkkiz qat, böyük ehtimalla qat dedikdə səkkiz hörük nəzərdə tutulur. Bəs bu səkkiz nədir? Niyə indi də bəzi kəndlərimizdə hələ də qızların saçını səkkiz hörük hörürlər. Şüuraltı yaddaşla bizə bunu diqtə edilən bu adəti hələ də qorumağa bizi vadar edən nədir?!

Səkkiz hörük və ya səkkiz qata keçmədən öncə elə bayrağımızdakı səkkizguşəli ulduzdan başlayaq. Lap elə istəyirsinizsə, xalı və kilimlərimizdə olan səkkizguşəli naxışlara diqqət edək. Bunların hamısının bir mənası var. Bu da Oğuz xanın 24 oğuz boyuna dünyanı zəbt etmək üçün verdiyi xəritənin koordinatları, istiqamətləridir. O gündən bu günə qədər yaşayaraq nəhayət bayrağımızda özünə yer tapıb. Bu səkkiz istiqamət 4 cəhəti şərq, qərb, şimal, cənub və bunlar arasında olan 4 yarımcəhəti simvolizə edir. Dolayısı ilə türklərin dünya üzərində hakimiyyətini simvolizə edir. Bu səkkiz qat, yaxud səkkiz istiqamətin məhəbbət müstəvisinə transfer edilməsinin mənası isə sevdiyinin ürəyinə hakim olmaq mənasındadır. Yəni, sənin qəlbinin tək hakimi mən olmaq istəyirəm. Burada məndən başqa heç kəsə yer olmamalıdır, mənasındadır. Göründüyü kimi, sevdiyi qızın saçları aşiqin məhəbbət dünyasıdır və bu dünyanın təkbaşına hakimi olmaq da onun arzusudur.

 

 

(Ardı gələn sayımızda)

 

Hikmət BABAOĞLU

 

Səs.- 2011.- 13 yanvar.- S. 8.