Mübariz Azərbaycanın qəhrəmanlıq tarixinin yeni səhifəsini yazdı

 

Azərbaycanın müstəqilliyi yolunda şəhid olmuş, milli qəhrəman adına layiq görülmüş oğulların keçdiyi yol hər zaman diqqətdə qalaraq, onların fəaliyyəti tədqiq olunur, öyrənilir, yeni-yeni qələm sahibləri tərəfindən əsərlər yazılaraq, yetişən nəslin ixtiyarına verilir. Bu gün Azərbaycanın mərdlik nümunəsi olan gənclərin yetişməsi və torpaq uğrunda fədakarlıq göstərərək, şəhid olması, həqiqətən də, tariximizdə qürurla adlarını çəkdiyimiz nəbilərin, koroğluların, babəklərin, eləcə də, mehdilərin, həzilərin olduğunu göstərən faktlardır. Təkcə son aylarda müşahidə etdiyimiz və şahidi olduğumuz olaylar, bizlərə onu da deməyə əsas verir ki, bu torpaq hər zaman qorunacaq, düşmən mövqeyini məhv edəcəkdir. Mübariz İbrahimov və Fərid Əhmədovun keçdiyi rəşadətli yol gənclərə bir nümunə və qürur mənbəyi oldu.

 

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbirdən biri də Salyan rayonunun Sarvan kəndində keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan diaspor mətbuatı olan "Vətən çağırır" qəzetinin baş redaktoru Gülsüm Adilqızı açaraq, Mübariz İbrahimovun cəsarətindən, mərdliyindən söz açdı. Qeyd etdi ki, Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçmiş, Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv etmişdir:"Düşmənin silahlarından özünə qarşı istifadə edərək, onlarla təkbətək döyüşmüşdü. Düşməni ağır itkilərə məruz qoyan qəhrəman qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur".

Gülsüm xanım onun keçdiyi rəşadəti, hünəri iştirakçıların diqqətinə bir daha çatdıraraq, Azərbaycan Prezidenti İlham Əliyev onun bu igidliyin yüksək qiymət verdi.  Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı ölümündən sonra verildi. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidməti olan qəhrəman cismən dünyasını dəyişib, ən ali zirvəyə yüksəlsə də, əməlləri ilə bizlərlə yaşayır və sevilir. Gülsüm xanım belə oğulların Azərbaycan tarixində rolu olduğunu diqqətə çatdırdı. Dövlət tərəfindən onun xatirəsini əbədiləşdirmək məqsədilə Biləsuvar rayonunun orta məktəblərindən birinə, eləcə də,  Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsi ilə bağlı qərar dövlətin vətən oğullarına diqqətini əks etdirir. Mübariz İbrahimovun adını daşıyacaq gəminin Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilməsi Mübariz İbrahimovun adını dünya sularında tanıdacaq. Gülsüm xanım Mübarizin bundan sonrakı həyatımızda gələcək nəsillərə örnək olduğunu vurğuladı. Düşməni şoka salan qəhrəmanımıza Allahdan rəhmət və onun valdeyinlərinə səbr dilədi. Məktəblilərə Mübariz kimi mübariz olmağı və torpaqlarımızın düşmən tapdağından azad olmasını arzuladı.

Sonra "Vətən çağırır" qəzeti tərəfindən silsilə şəkildə dərc olunan Gülsüm xanımın "Qərbi Azərbaycana gedən yol Qarabağdan başlayır" kitabının təqdim olundu. Bu, müəllifin qeyd olunan silsilədən sayca 18-ci kitabıdır. Kitabın mövzusu Ermənistanda yaşamış soydaşlarımızdan, Qarabağda canlarını qurban vermiş şəhid oğullardan bəhs edir.

Tədbirdə rayon rəhbərlərindən təhsil şöbəsinin müdiri, rayon ağsaqqallar şurasının sədri, şəhid atası Hacı Beydulla və başqaları iştirak edirdilər. Tədbirdə çıxış edən şair Mürvət Qədimoğlu, Cəbrayıl rayonunun Qumlaq kəndinin ziyalısı, Qarabağ münaribəsi veteranı Umud Quliyev və başqaları Qarabağ həqiqətlərindən, zamanın haqsızlıqlarından, şəhid olmuş oğulların qəhrəmanlığından danışdılar. Umud Quliyev gözləri qarşısında cərəyan edən erməni vəhşiliklərindən söz açaraq, vətən deyib snayper gülləsinin yağışında şəhid olan oğulların xatirəsini yad etdi. Ən müasir silahlarla silahlanan erməni xəyanətkarlarının atdığı mərmilərin kölgə kimi hər yerdə ona yoldaşlıq və şahidlik etdiyini söylədi.  Artıq bu gün imperiyanın zəncirindən azad olmuş müstəqil Azərbaycanın güclü ordusu, texnikası oduğunu diqqətə çatdırıb, düşmən üzərində qələbəyə hazır olduğumuzu bildirdi. O dedi ki,heç zaman aldığı güllə yaralarının, qəlpələrin ağrısının fərqinə varmadan, bu gün də müsəlləh əsgər olmaq, Cəbrayılını xəyanətkar düşməndən almaq arzusu ilə yaşayır. U.Quliyev bu gün vətən yolunda şəhid olmağı bacaran Mübariz İbrahimov kimi oğulların qəhrəmanlıq yoluna də nəzər saldı.

Tədbirin davamı şəhid Rövşən Bədirovun adını daşıyan Biləsuvar rayon rəsm qalereyasında keçirildi. Qalereyanın direktoru Zülfüqar Əliyev çıxış edərək, Mübariz İbrahimovun keçdiyi şücaətlərlə zəngin həyat yolundan danışdı. Qalereyaya "Qərbi Azərbaycana gedən yol Qarabağdan başlayır" kitabı təqdim olundu. Kitabda Rövşən Bədirovun həyatı öz əksini tapmışdır. Qalereyanın direktoru bildirdi ki, Rövşənin ailəsi rayonda sadə və vətənpərvər ailədir. Mən hesab edirəm ki, bu cür ailənin belə də cəsur oğlu olmalı idi. Bizim rayonun məktəbliləri, eləcə də, rayon camaatı Rövşənin xatirəsini hər zaman uca tutur və şagirdlərimiz Rövşənə bənzəməyə çalışırlar.

Söz Biləsuvar rayon mədəniyyət şöbəsinin müdiri Rəfiqə Cəfərovaya verildi. O, rayonda keçirilən müxtəlif tədbirlərin gənclərimizin maariflənməsində rolu olduğunu bildirdi: "Heç də təsadüfi deyil ki, qalereyaya təqdim olunan gənclərin əl işləri arasında milli qəhrəman Mübariz İbrahimovun da şəkillərini görürük. Əlbəttə, bütün bunlar bizləri sevindirir".

Kitabın müəllifi Gülsüm xanım ilk öncə dəvətə görə təşkilatçılara minnətdarlığını bildirdi: "Biləsuvar rayonu qəhrəmanlar şəhəridir desəm, yanılmaram. Bu şəhərin Mübariz kimi oğlu var. Mübariz qəhrəmanlığı və şücaəti ilə bütün türk dünyasına bəyan etdi ki, Azərbaycanın belə cəsur oğlu var. O oğul nə qədər sakit görünsə də, qəlbindəki vətən hissini dildə deyil, əməli ilə göstərməyi bacarmışdı. Bir gecədə bütün Ermənistanı təkbaşına qorxuya salan, bu oğul, bax, bu torpağın oğludur və o oğul Biləsuvar torpağından, Şamama ananın südündən güc almışdır. Bu rayonun gəncləri xoşbəxtdir ki, onlar Mübarizin doğulduğu torpaqda doğulublar. Mübarizin valideyinlərini və onun doğulduğu torpağı ziyarət etmək üçün uzaq məsafə qət edib gələnlər bir daha Mübarizin doğulduğu torpağa qayıtmaq arzusu ilə ayrılırlar".

Tədbirdə rəssam Firudin Bağırovun Mübarizə yazdığı şeirdən parçalar söylənildi:

 

Köksünə vətənin bayrağın taxıb,

Göylər tək gurlayıb, şimşək tək çaxıb.

Ölümün gözünə mərdanə baxıb,

Behişt dərgahına enən Mübariz!

 

Qeyd edim ki, tədbir iştirakçıları həmin gün daha xeyirxah missiyanı həyata keçirdi. Belə ki, Tovuz rayonun Aşağı Ayıblı kəndində erməniyə qarşı mübarizədə tankda diri-diri yandırılan şəhid Rövşən Alıyevin büstünün "Vətən çağırır" qəzetinin təsisçisi Saleh Qurbanov və qəzetin baş redaktoru Gülsüm Adilqızı tərəfindən açılışı oldu.

 

 

Zümrüd

 

Səs.- 2011.- 13 yanvar.- S. 12.