Azərbaycan regionda Avropa
İttifaqının etibarlı tərəfdaşıdır
İlham Əliyev: “Bu gün isə biz enerji
inkişafımızın yeni bir mərhələsindəyik
və Avropa təsisatları ilə münasibətlərimiz
bizim üçün çox əhəmiyyətlidir”
Dünən Prezident İlham Əliyev ölkəmizdə
rəsmi səfərdə olan Avropa Komissiyasının sədri
Xose Manuel Barrozu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, enerji sahəsində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulandı. Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev avropalı qonağın səfərinin böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, bu fakt bizim münasibətlərimizin səviyyəsinin və keçmişdə apardığımız əməkdaşlığın göstəricisidir. Ölkə Prezidenti qeyd edib ki, bu səfər Avropa təsisatları ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq: “Münasibətlərimizin artıq yaxşı tarixi və səmərəli gələcək perspektivləri vardır. İkitərəfli gündəliyimiz çox genişdir və bu gün ətraflı şəkildə müzakirə etdiyimiz bir çox sahələri əhatə edir. Səmimi müzakirələrə və açıq söhbətə görə çox minnətdaram. Bu, çox faydalı və səmərəli oldu. Əminəm ki, bu ilin yaxşı başlanğıcı bütün məqsədlərimizin həyata keçirilməsinə zəmin yaradacaqdır. Bu baxımdan enerji təhlükəsizliyi, siyasi və iqtisadi islahatlar kimi məsələlər nəzərdə tutulubdur. Bildiyiniz kimi, Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri vardır. Ona görə hesab edirik ki, bu səfər münasibətlərimizi irəliyə doğru aparacaq və gələcəkdə biz bir çox müsbət nəticələrin şahidi olacağıq.” Avropa Komissiyasının sədri Xose Manuel Barrozu da çıxışında qeyd edib ki, bu səfər Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyədə olan münasibətlərin daha da genişləndirilməsi üçün fürsətdir: “Azərbaycan bizim bu regiondakı etibarlı tərəfdaşımızdır. Biz bunu əvvəllər də bəyan etmişdik, indi isə bir daha bunu əyani şəkildə görürük. 2008-ci ildə ölkənizdə nümayəndəliyimizi, indi isə səfirliyimizi açmışıq. Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, artım tempiniz çox yüksəkdir. Deyərdim ki, bu, dünyada ən yüksək tempdir. Bilirəm ki, cəmiyyətiniz də çox dinamik cəmiyyətdir.Mən bunu alqışlayıram. Eyni zamanda, Azərbaycanın beynəlxalq məsələlərdə, xüsusən də terrorçuluğa qarşı mübarizədə oynadığı mühüm rolu yüksək dəyərləndirirəm. Azərbaycan müəyyən ölkələrdə davam edən münaqişələrin qarşısının alınmasına da öz töhfəsini verir. Sizin bu məsələlərdə tutduğunuz mövqe xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, enerji münasibətlərimizin təməl daşıdır. Biz bu məsələləri də müzakirə edəcəyik. Lakin aydın şəkildə onu da bəyan etmək istəyirik ki, münasibətlərimiz təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır. Biz ümumi maraq doğuran məsələlərə əsaslanan daha geniş münasibətlər qurmaq əzmindəyik.” Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”ni imzaladılar. “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu”nu, “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu” nu Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia imzaladılar.
“Azərbaycan etibarlı tərəfdaşdır
və Azərbaycanın neft əməliyyatlarının uzun
tarixi var”
Sənədlərin
imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti
İlham Əliyevin və Avropa Komissiyasının Sədri
Xose Manuel Barrozunun mətbuat konfransı olub. Prezident İlham Əliyev
və Sədr Xose Manuel Barrozu bəyanatlarla
çıxış etmiş, jurnalistlərin suallarına
cavab veriblər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaşdır
və Azərbaycanın neft əməliyyatlarının uzun
tarixi var. Dünyada ilk dəfə Azərbaycanda neft hasil
edilmiş, o cümlədən sənaye üsulu ilə dənizdə
neft hasilatı dünyada ilk dəfə məhz Azərbaycanda
baş verib: “Müstəqil ölkə olaraq biz öz enerji
siyasətimizi 1990-cı illərin ortalarından bu günə
qədər aparırıq və bu baxımdan Azərbaycanın
siyasəti çox açıq, səmimi, şəffaf
olmuşdur. Biz milyardlarla dollar xarici sərmayə cəlb edə
bildik və bu gün artıq bizim müxtəlif
marşrutlarımız vardır. Bizim 7 boru kəmərimiz
mövcuddur. Bu infrastruktur neft və qaz yataqlarımızdan
enerji resurslarımızı müxtəlif istiqamətlərdə
nəql etməyə imkan yaradır. Biz çoxlu maliyyə
resursları əldə etmişik və bu, bizim enerji siyasətimiz
nəticəsində mümkün olmuşdur. Bu gün isə
biz enerji inkişafımızın yeni bir mərhələsindəyik
və Avropa təsisatları ilə münasibətlərimiz
bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi
məsələsi, enerji təchizatının şaxələndirilməsi
hasilatçılar, istehlakçılar, tranzit ölkələr
üçün eyni dərəcədə vacibdir. Zənnimcə,
maraqların kombinasiyası və səylərin bir araya
yönəldilməsi və bunun bir növ
sinxronlaşdırılması bizim planlarımızın
uğurla həyata keçirilməsi üçün əsas
ilkin şərtdir. Azərbaycan
əvvəldən Cənub enerji dəhlizinə dəstək
vermişdir. Əslində, bu, elə Azərbaycanın
başladığı layihəyə yönəlir:
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru
kəmərləri - məhz bunlar bu istiqamətdə həyata
keçirilən ilk təşəbbüs olmuşdur. Bundan
sonra isə biz nəql dəhlizləri üzərində
işləməyə başladıq, çünki bilirik ki,
bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu
istiqamətdə apardığımız ciddi bir işdir. Zənnimcə,
bu gün imzaladığımız Birgə bəyannamənin
yaxşı gələcəyi vardır. Əminəm ki, gələn
aylar ərzində biz bir çox mühüm hadisələrin
şahidi olacağıq. Bu baxımdan enerji tərəfdaşlığı,
Avropa İttifaqı, Avropa təsisatları ilə Azərbaycan
arasında olan bu əməkdaşlıq uğurla davam edəcəkdir. Bu gün biz Azərbaycanda siyasi və
iqtisadi islahatlara aid vəziyyəti də müzakirə etdik və
bu, çox açıq, səmimi və dostluq şəraitində
keçdi. Bu söhbət dostlar arasında idi və biz
bir-birimizi etibarlı tərəfdaş və dost hesab edirik.
Biz, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi məsələsini müzakirə
etdik. Fakt ondan ibarətdir ki, artıq uzun illərdir, Azərbaycanın
əraziləri Ermənistanın işğalı
altındadır. Təbii ki, bu, Azərbaycanda bir çox
narahatlıqlar doğurur. Bu, regional təhlükəsizliyə
potensial hədədir. Biz beynəlxalq təsisatlara, xüsusən
də Avropa Parlamentinə çox minnətdarıq ki, ötən
il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə aid qətnamə qəbul etdilər.
Bu qətnamə əvvəl qəbul olunmuş qətnamələrə
tamamilə uyğundur. BMT-nin, Avropa Şurasının və
ATƏT-in qətnamələrinə uyğundur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tezliklə həlli nəinki bizim qaçqın
və məcburi köçkünlərimizi öz yerlərinə
qaytaracaq, həm də bütün dünya tərəfindən
tanınmış ərazi bütövlüyümüzü
bərpa etməyə gətirib çıxaracaq, habelə
regiona proqnozlaşdırma, təhlükəsizlik gətirəcəkdir.”
“Avropa
İttifaqı Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən islahatları dəstəkləyir”
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu isə özə çıxışında Prezident Əliyevlə görüşdə müzakirə olunan məsələlər barədə danışdı. O bildirdi ki, müzakirə olunan məsələlər həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətlidir:
“Biz Azərbaycan ilə Avropa İttifaqı arasında olan tərəfdaşlığı əhatə etdik və bir meyil kimi bu tərəfdaşlıq artıq reallıqdır. Eyni zamanda, mən bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdaram. Avropa İttifaqı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir. Bu gün Prezident bildirdi ki, o, Avropa İttifaqının “Şərq tərəfdaşlığı”nda üstün tutulmuş dəyərlərini ölkəsinin inkişafı üçün bir ilhamlandırıcı amil kimi qəbul edir. Bu, əlbəttə ki, həm də bizim prinsiplərimizin aliliyini nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab Prezidentlə müzakirə etdik və bildirdik ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma - bunlar da bizim münasibətlərimizdə vacib bir məqamdır. İkitərəfli tərəfdaşlığımıza gəldikdə, bildiyiniz kimi, yeni Assosiasiya Sazişi mövcuddur ki, bununla bağlı artıq danışıqlar başlanıbdır. Məqsəd bizim strateji əlaqələrimizi daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdən ibarətdir. Eyni zamanda, mən böyük məmnunluqla bildirirəm ki, biz vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlayacağıq. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini daha da asanlaşdıracaqdır. Hesab edirəm ki, bu, olduqca əhəmiyyətli məsələdir ki, insanlar arasında təmaslar daha da sıx olsun.
Eyni zamanda, Avropa İttifaqı siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə əzmlidir. Hesab edirik ki, gələn illər ərzində münasibətlərimizdə bu kimi məsələlər də vacib hesab olunacaqdır. Bu baxımdan Azərbaycan öz töhfəsini verir.
Eyni zamanda, hesab edirik ki, bizim enerji sahəsində əməkdaşlığımız çox yaxşı qurulubdur. Burada, mənim nümayəndə heyətimdə cənab Günter Ottinger də var, o da xüsusi olaraq məhz həmin məsələlərlə məşğuldur. Mən Prezident İlham Əliyevlə ikitərəfli dialoq apardım. Azərbaycan bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Əslində, Azərbaycan şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. Çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir.” Dünən Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun şərəfinə şam yeməyi verilib.
Səs.- 2011.- 14 yanvar.- S. 2-3.