Azərbaycan səhiyyəsində
görülən işlər Dövlət Proqramına
uyğun olaraq reallaşır
Son illər ölkədə gedən iqtisadi inkişaf
səhiyyə sahəsinə töhfələrini verməkdədir
Hazırda Azərbaycan səhiyyəsi, bütün
xüsusiyyətlərinə görə, özünün yeni
inkişaf mərhələsini yaşayır. Bu gün ölkəmizdə
səhiyyə sahəsində qəbul edilmiş dövlət
proqramlarının icrası uğurla davam etdirilir. Bunun nəticəsi
olaraq, yola saldığımız 2010-cu il ərzində səhiyyə
sahəsində görülmüş işlərin sayı
yetərincədir və bir sıra həyata keçirilən
layihələr Azərbaycanda tibb sahəsində yenilik olaraq
yadda qalıb.
Belə ki, il ərizində
45 iri səhiyyə müəssisəsində təmir-tikinti
işləri aparılmış, tibbi müəssisələr
avadanlıqla təchiz olunmuşdur. Fərəhləndirici
haldır ki, səhiyyənin prioritet sahələri olan şəkərli
diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki
böyrək çatışmazlığı, vərəm,
yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə
növbəti beş ili əhatə edən yeni proqramlar
hazırlanaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
təsdiq edilmişdir. Dövlətin dəstəyi ilə həyata
keçirilən tədbirlər nəticəsində tibbi xidmətin
səviyyəsi xeyli yaxşılaşmış, ölüm
hallarının sayı ötən illərlə müqayisədə
azalmışdır.
Yola saldığımız il Azərbaycan
səhiyyəsində nailiyyətləri ilə yadda qaldı. Bakı
Baş Səhiyyə İdarəsinin həkim-mütəxəssisi
Gülnarə Muxtarova Azərbaycan səhiyyəsindəki
uğurları tibb sahəsinin nailiyyətləri kimi qiymətləndirdi:
"Azərbaycan səhiyyəsində görülən
işlər, bütövlükdə, respublikamızda
davamlı olaraq reallaşır. Ölkənin hər bir yerində
abadlıq, yenidənqurma işləri Dövlət
Proqramına uyğun şəkildə həyata keçirilir.
Son illər ölkədə gedən iqtisadi inkişaf səhiyyə
sahəsinə töhfələrini verməkdədir. Yenidən tikilib və ya əsaslı
təmirdən sonra istifadəyə verilən tibb müəssisələrinin
sayı bu gün də artmaqdadır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman
və sərəncamları, ölkə səhiyyəsində
islahatlar aparılması ilə bağlı göstərişləri
və səhiyyə müəssisələrində təmir,
tikinti və abadlaşdırma işləri, əldə olunan
bütün nailiyyətlər ölkə
başçısının diqqət və
qayğısının bariz nümunəsidir. 2010-cu ilin son
günləri səhiyyə sahəsində, xüsusilə, əhəmiyyətli
oldu. Əsaslı təmir və yenidənqurma işlərindən
sonra istifadəyə verilən akademik M.Topçubaşov
adına Elmi Cərrahiyə Mərkəzinin
açılışı dövlət
başçısının ölkə səhiyyəsinə
verilən ən yüksək qiymətinin bariz nümunəsidir.
Azərbaycan səhiyyəsinə göstərilən diqqət
davamlı olaraq həyata keçirilir. Belə ki, Prezident
İlham Əliyevin iştirakı ilə Ə.Qarayev adına
2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı
təmir və yenidənqurma işlərindən sonra istifadəyə
verildi. Daha sonra 15 saylı uşaq Poliklinikasının
açılış mərasimi oldu. 20 mindən artıq əhaliyə
xidmət edəcək poliklinikada uşaqların
diaqnostikası üçün bütün lazımi şərait
yaradılmışdır. Tibbi müəssisə müasir
avadanlıqlarla təmin olunmuşdur. Maştağa qəsəbəsindəki
1 saylı Ruhi Əsəb Xəstəxanasının 4
qadın və bir qəbul şöbəsi dünya
standartlarına uyğun şəkildə istifadəyə
verildi. Bu gün əhalinin sağlamlığının
qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu
prioritet istiqamətlərdən biridir. Son illərdə səhiyyə
sisteminin inkişafı, bu sahənin maddi-texniki
bazasının, kadr potensialının gücləndirilməsi
və infrastrukturun yeniləşdirilməsi üçün
mühüm addımlar atılır. Prezident İlham Əliyevin
təşəbbüsü ilə bu sahədə həyata
keçirilən tədbirlər Azərbaycan səhiyyəsinin
işinin daha yaxşı təşkilinə geniş imkanlar
açmışdır. Azərbaycanda səhiyyə sisteminin
yenidən qurulması, əhalinin
sağlamlığının daha yaxşı təşkili,
bu sahədə yeni texnologiyaların tətbiqi və yeni kadr
potensialının hazırlanmasını özündə əks
etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini
yüksəltmişdir. Ümummilli Lider Heydər Əliyevin
adını daşıyan fond bu xeyirxah tədbirlərə
böyük dəstək verir.
Bu il səhiyyə sahəsində yaddaqalan əlamətdar hadisələrdən biri də əsaslı təmir işlərinə 2008-ci ildə başlanılmış Səhiyyə Nazirliyinin yeni binasının istifadəyə verilməsi oldu. Ümumi sahəsi 12 min kvadratmetr olan inzibati binada nazirliyin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ikinci mərtəbəsində Bakı şəhər Baş Səhiyyə İdarəsi yerləşir. Təxminən 100 il bundan əvvəl inşa olunan və indiyədək Musa Nağıyev adına təcili yardım xəstəxanası kimi fəaliyyət göstərən binada əsaslı təmir işləri aparılmışdır.
Qeyd edim ki, bu bina 1913-cü ildə milyonçu xeyriyyəçi Musa Nağıyev tərəfindən inşa edilmişdir. 1992-ci ildən xeyriyyəçinin adını daşıyan bina bu gün, bütövlükdə, səhiyyə mərkəzinə çevrilib. Səhiyyə Nazirliyinin yeni binası yüksək zövq və müasir dizaynla qurulmuşdur. Nazirlik ən qabaqcıl texnologiya və avadanlıqla təchiz edilmişdir. Qeyd edək ki, səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri də tibbi təhsil və kadr islahatıdır". Gülnarə xanımın sözlərinə görə, ölkə daxilində bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilir.
Azərbaycanda səhiyyə sektorunun təşkilati strukturunun təkmilləşdirilməsi, keyfiyyətinin artırılması və səmərəliliyini yüksəltməyə yönəlmiş islahatlar davam etdirilir: "Bildiyiniz kimi, artıq bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılmış və 2011-ci ilin ilk günlərində sertifikasiya prosesinə başlanılmışdır. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinə ilk imtahanlar keçirildi. Bunun da gələcəkdə Azərbaycan səhiyyəsini daha da yüksək səviyyədə inkişafına öz töhfələrini verəcəyi istisna deyil. Eyni zamanda, tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq islahatlar davam edir. Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də təqdirəlayiqdir. Respublikanın regionlarında kadr çatışmazlığının aradan götürülməsi, gənc mütəxəssisləri işlə təmin etmək məqsədilə məzunlar iş yerlərinə təyinat alaraq, səhiyyə idarələrinin nəzdinə yox, bilavasitə vakant yerlərə, əsasən, tibb müəssisələrinə göndərilirlər. 2010-cu ildə məzunların əksər qisminə bölgələrə təyinat verilmişdir. 2011-ci ildə də Azərbaycan səhiyəsində görüləcək işlər çoxdur. Bildiyimiz kimi, ötən il Prezident cənab İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Bakı Sağlamlıq Mərkəzi"nin yaradılmasına dair Sərəncam imzalamışdır. "Bakı Sağlamlıq Mərkəzi"nin istifadəyə verilməsi respublika əhalisinin sağlamlığının qorunması, ölkəmizin şəhər və rayonlarında tibbi müəssisələrin müasir avadanlıqlarla təchiz olunması məqsədini daşıyır. Yeri gəlmişkən, onu da deyim ki, 2008-2012-ci illəri əhatə edən müddət üçün ölkədə "Səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiqi konsepsiyası"nın icrası davam etməkdədir. Əvvəlki illərlə müqayisədə Azərbaycanda səhiyyə sektoruna çəkilən xərclər əhəmiyyətli dərəcədə artmışdır."
Mütəxəssis-həkim səhiyyə sahəsində son illər ərzində qazanılmış nailiyyətlərin nəticəsi olaraq Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb olduğunu da diqqətə çatdırdı. Təsadüfi deyil ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Səhiyyə Nazirlərinin birinci iclası Bakıda keçirildi və iclasda Bakı Deklarasiyası qəbul olundu. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin növbəti sessiyası 2011-ci ildə Bakıda keçiriləcək. Bu da səhiyyəmizin bir uğurudur.
Səs.- 2011.- 14 yanvar.- S. 5.