“Səs" qəzeti Azərbaycan mətbuat tarixində qəhrəmanlıq səhifəsi açıb

 

Hikmət Babaoğlu: ""Səs" qəzeti daim ədalətin zəfər çalması uğrunda mübarizə aparıb"

 

- Hikmət müəllim, "Səs" qəzetinin 20 illik zəngin tarixi yolunu necə dəyərləndirirsiniz?

- "Səs" qəzeti Azərbaycan mətbuatında özünəməxsus yeri olan, zəngin inkişaf tarixi keçmiş bir qəzetdir. Müstəqil Azərbaycan mətbuatının formalaşmasında "Səs" qəzetinin xidmətləri danılmazdır və ölkə jurnalistikasının inkişafına xidmət göstərən bir qəzetdir. 20 illik fəaliyyəti dövründə daim milli mətbuat ənənələrimizə, milli dövlətçiliyimizə, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edən "Səs" qəzeti öz ətrafına çoxminli oxucu auditoriyası toplaya bilib. İstər müxalifətdə olduğu dövrdə istərsə də, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra iqtidar qəzetinə çevrilməsinə baxmayaraq, "Səs" qəzeti həmişə eyni maraqla, həvəslə oxunan qəzetlərimizdən biridir. Həm müxalifəti, həm də iqtidarı təmsil edərkən maraqla oxunmaq isə heç də hər bir qəzetə nəsib olan xoşbəxtlik deyil. Heç şübhəsiz ki, qəzetin bu gün maraqlı olmasında onun yaradıcı kollektivinin böyük xidmətləri olub.

Məlum olduğu kimi, "Səs" qəzeti ölkəmizin çox çətin bir şəraitində fəaliyyətə başlayıb. Ən azından, nəzərə almaq lazımdır ki, 1991-1993-cü illərdə söz demək, həqiqəti müdafiə etmək, ədalətin tərəfində durmaq, Heydər Əliyev tərəfkeşi olmaq az qalsın cinayət hesab olunurdu. Müəyyən qruplaşmalar var idi ki, Ulu Öndəri müdafiə edənlər onlar tərəfindən təzyiqlərə məruz qalırdı. O dövrün mürəkkəb siyasi prosesləri içərisində "Səs" qəzeti cəsarətlə sözünü dedi, mövqeyini ortaya qoya bildi, daim ədalətin zəfər çalması uğrunda mübarizə apardı. Eyni zamanda, Azərbaycan xalqının düşmənlərə qarşı birləşməsində, birlik yaranmasında bu qəzetin də rolu böyük olmuşdur. Mən hesab edirəm ki, bu da Azərbaycan mətbuatı tarixində bir qəhrəmanlıq idi.

- Bildiyimiz kimi, Siz də "Səs" qəzetində çalışmısınız. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu qəzet mənə də çox doğmadır. Mən də özümü bu qəzetin yetirməsi hesab edirəm. O dövrdə mən də sevə-sevə öz yazılarımı "Səs" qəzetinə verirdim. Jurnalist kimi qələmimin püxtələşməsində, şəxsiyyət kimi yetişməyimdə, siyasi dünyagörüşümün formalaşmasında bu qəzetin və onun ətrafında olan ideoloji mühitin böyük rolu olub.

Bu gün gözümüzü açıb hara baxsaq, vaxtilə "Səs" qəzetində çalışan, təcrübə qazanan, Heydər Əliyevçilik, Azərbaycançılıq ideologiyasını mənimsəyən, ölkəmizin milli maraqlarına xidmət etməyi öyrənən jurnalistləri görmək mümkündür. Bu, böyük bir ordudur.

Mən çox sevinirəm ki, "Səs" qəzeti işıq üzü gördüyü gündən bu günə qədər heç bir halda, heç bir məsələdə tərəddüd etməyib. Hər bir halda "Səs" qəzeti öz sözünü cəsarətlə deyib. Buna görə də, bu qəzet böyük hörmətə layiqdir. Çox sevinirəm ki, qəzet indiyə qədər inkişaf edib, bugünkü səviyyəyə çatıb. "Səs" İnformasiya Agentliyinin (SİA) simasında özünə qardaş qazanıb. Hesab edirəm ki, bu da qəzetin bir uğurudur. Mən "Yeni Azərbaycan" qəzetinin kollektivi adından "Səs" qəzetinin işıq üzü görməsində vaxtilə və indi də böyük zəhmət çəkən insanları qəzetin 20 illik yubileyi münasibətilə təbrik edirəm, gələcəkdə daha böyük uğurlar qazanmasını arzu edirəm.

 

 

Samir Feyruzov

 

Səs.- 2011.- 14 yanvar.- S. 6.