Faktaraşdırıcı missiya yenə də hesabatını gecikdirir

 

Fazil Mustafa: “Faktaraşdırıcı missiya Dağlıq Qarabağ münaqişəsini həll etməmək üçün yaradılıbdır”

 

Faktaraşdırıcı missiya yenə də öz ənənəsinə sadiq qalaraq işğal altında olan Azərbaycan torpaqlarında apardığı araşdırmaların hesabatının açıqlanmasını gecikdirir. Hər zaman haqdan, ədalətdən danışan ATƏT-in Minsk Qrupunun həmsədrləri özləri haqq və ədalətin kandarında qalıblar. Bu, bir reallıqdır ki, həmsədrlər tərəfli mövqe tutublar. Bu hesabatı hazırlayıb ictimaiyyətə təqdim etmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ən çoxu bir həftə vaxt lazım idi. Onlar isə, ənənəvi olaraq, bir həftə əvəzində çox uzun bir müddətdən sonra hesabatı təqdim edirlər. Həmsədrlərdən olsa, yəqin ki, onların bu hesabatı illərlə çəkər, yaxud da, ümumiyyətlə, heç təqdim etməzlər. Hesabatı nəyə görə gecikdirmələrinin də səbəbi aydındır. Erməni faktoru burada yenə də öz rolunu oynayır. Alnına UdilənçilikF titulu yazılan Ermənistan kimi bədbəxt ölkənin elə Sarkisyan kimi də bədbəxt də prezidenti var.  Faktaraşdırıcı missiya da bu bədbəxt prezidenti müdafiə etməkdən yorulmur. İşğalçı ermənilərin ərazilərimizi işğal etmələri nəticəsində 1 milyondan artıq məcburi qaçqın və köçkünlərimizin hüquq və azadlıqları ən kobud şəkildə pozulub. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuz düşmən güllələri nəticəsində yerlə yeksan olubdur və hal-hazırda da həmin torpaqlarda ağlagəlməz iyrənc əməllər, narkotika, silah alveri və s. kimi proseslər cərəyan edir. Əgər faktaraşdırıcı missiya, həqiqətən də, faktları araşdırırsa, faktlar əsasında addım atırsa, onda nəyə görə bütün dünyaya bu həqiqətləri çatdırmaqdan qorxur. Dünya birliyi, beynəlxalq təşkilatlar isə belə bir ədalətsizliyə hələ də göz yumur, sanki elə belə də olmalı imiş. Azərbaycan artıq o zamankı Azərbaycan deyil ki, dövlətimizi əzsinlər, haqq səsini deməyə imkan verməsinlər. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan Azərbaycan dövləti artıq öz haqlı mövqeyini həmişə hər yerdə göstərir və ən kəskin şəkildə tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çox uğurlu siyasəti mənfur erməniləri bir növ kapitulyasiyaya məruz qoyub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa da faktaraşdırıcı missiyanın fəaliyyətindən narazı olduğunu bildirdi: “Faktaraşdırıcı missiya bütün hallarda işğalçı, ziyanverici Ermənistanı töhmət altında saxlamamaq üçün bu cür müəyyən taktiki variantlara əl atır. Bu isə çox zaman Ermənistanın xeyirinə olan rəyin formalaşmasına gətirib çıxarır. Bundan əlavə, Ermənistanın son zamanlar atəşkəsi pozması ilə bağlı atdığı addımların üstündən çəpər çəkməyə çalışırlar. İşğal altında olan bölgələrimizdə mədəniyyət abidələrinin dağıdılmasına, Ağdamın adının dəyişdirilməsinə cəhd etməyə, orada hökm sürən qanunsuzluğa, özbaşınalığa, narkotika, silah-sursat alverinə göz yummağa çalışırlar”.

Millət vəkili onu da bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı dövlət ilə işğala məruz qalmış dövlət arasında sanki heç nə olmamış kimi bərabərlik işarələri qoymağa çalışırlar. Bu da ATƏT-in arxasında duran əsas böyük dövlətlərin maraqları üçün nəzərdə tutulan  taktiki variantlardan biridir.

 Astana Sammitinin Dağlıq Qarabağ üçün uğursuz nəticələrinə toxunan millət vəkili qeyd etdi ki, bu, bəlkə də Azərbaycana bir mesaj idi ki, özünüz probleminizi müəyyən etdiyiniz yolla həll edin. Çünki beynəlxalq birlik işğalçını işğal olunmuş ərazilərdən çıxarmaq iqtidarında və işğalçıya qarşı hər hansı bir ciddi addım atmaq niyyətində deyil. Çünki beynəlxalq birlik Ermənistana simpatiyayla yanaşır. Ermənistanın hər hansı bir şəkildə izolyasiyasına, işğalçı, terrorçu, faşist dövlət kimi tanınması da qətiyyən maraqlı deyil.

F. Mustafanın dediyinə görə, Azərbaycan dövləti də bütün  bunları əsas götürməli və gündən-günə güclənən ordu quruculuğunu daha da gücləndirərək, Dağlıq Qarabağ münaqişəsinin həllinə real addımlar atmağı düşünməlidir.

F. Mustafa vurğuladı ki, əslində, ATƏT-in üç həmsədr dövləti - Amerika,  Fransa və Rusiyanın regionda  əsas rolu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail olmaqdan ibarətdir, tərəfli mövqe sərgiləməkdən yox. Artıq nə az, nə çox, düz 16 ilə yaxındır ki, faktaraşdırıcı missiyanın dəfələrlə regiona səfərləri olub, görüşlər keçiriblər, bəyanatlar veriblər. Amma çox təəssüflər ki, həmsədrlərin verdiyi bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər heç bir əhəmiyyətli rol oynamayıb. Hətta terrorçu, işğalçı Ermənistan bütün var qüvvəsi ilə çalışır ki, UDQRF-in tanınsın. Üç super dövlətin həmsədrləri sərsəm Sarkisyanın nazı ilə oynamaqdan yorulmadılar. Əslində, faktaraşdırıcı missiya Dağlıq Qarabağ münaqişəsini həll etməmək üçün yaradılıbdır. Missiyanın ənənəvi ampluasından çıxış edərək, danışıqları uzadır, bəyanatlar, məsləhətlər verir.  Torpaqları işğal altında olmuş Azərbaycana isə, məsləhət vermək lazım deyil, bizə haqq, ədalətlə görülən real işlərin real nəticəsi lazımdır.

Millət vəkili onu da qeyd etdi ki, həmsədrlər, əslində, bütün reallığı, həqiqəti, nəinki bilir, hətta regiona səfərləri zamanı öz gözləri ilə görürlər də. Bütün bunları da ictimaiyyətə bəyan etmək o qədər də çətin bir proses deyil. Sadəcə olaraq, Sarkisyanın mövqeyini müdafiə etdiklərinə görə, reallığa tamamilə göz yumurlar və istənilən halda, Sarkisyanın mövqeyini müdafiə edirlər. Əgər müharibə olarsa, Azərbaycan dövləti ilə iqtisadiyyatı dağılmış Ermənistanın müharibə aparmağa qətiyyən gücü çatmaz. Ən qısa müddət ərzində Azərbaycan işğal altında olmuş torpaqlarını işğalçılardan azad etməyə qadirdir.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 14 yanvar.- S. 6.