“Ötən il Azərbaycan mətbuat tarixində uğurlu zəngin hadisələrlə yadda qaldı"

 

-  2010-cu il Azərbaycan mətbuatı üçün hansı əlamətdar və uğurlu nəticələrlə yadda qaldı?

- Ölkəmizdə mətbuata sistemli, fundamental dövlət qayğısı artıq ənənəyə çevrilib. Digər sahələr kimi mətbuatın da inkişafının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də bu siyasət uğurla davam etdirilir. Bu ənənə hər il özünəməxsusluğu ilə seçilir. Son illərə diqqət yetirək. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiqləndi. Sənədin  təsdiqlənməsi ilə milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyuldu. Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, KİV-lərin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi məqsədilə təsdiqlənən bu sənəddə qeyd edildiyi kimi, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Konsepsiyaya  uyğun olaraq ölkə Prezidentinin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. 22 may 2009-cu il  tarixli Sərəncama əsasən isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru və Müşahidə Şurasının üzvləri  təyin edildi. Bu kimi addımların atılmasında yeganə məqsəd  müstəqil mətbuatın inkişafını təmin etmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaqdır. Lakin ötən il mətbuat tarixində daha mühüm hadisələrlə yadda qaldı.

Belə ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  mətbuatımızın 135 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması, həmin ərəfədə Mətbuat Şurasının yeni binasının istifadəyə verilməsi və möhtərəm Prezidentimizin açılış mərasimində iştirakı, "Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında", "Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında", həmçinin,  milli mətbuatın inkişafındakı xidmətlərinə görə, 100-ə yaxın jurnalistin fəxri adlarla təltif olunması haqqında sərəncamları  bu qayğının davamlılığını təsdiqləyir. Bütün bunlar həqiqi qələm sahibləri üçün böyük mənəvi dividenddir. Onlar peşələrinə diqqətlə yanaşıldığını görür və bu amil, heç şübhəsiz, gələcək fəaliyyətlərinə müsbət təsir göstərir. Digər tərəfdən, jurnalistikanın cəmiyyətdə nüfuzu artır. Jurnalistlərin mənzil problemlərinin həlli ilə bağlı imzalanmış Sərəncam isə xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə ayrılmış 5 milyon manat məbləğində vəsait mətbuat tarixində müsbət mənada böyük bir hadisə idi. Ümumiyyətlə, dünyada analoqu olmayan bir hadisə idi. Qayğıya ehtiyacı olan  mətbuata heç bir ölkədə dövlət tərəfindən məhz belə miqyaslı mütərəqqi addımların atılmasına dair təcrübə yoxdur. Dövlət başçısı jurnalist ictimaiyyəti ilə görüşündə görülən işlərin yalnız başlanğıc olduğunu vurğuladı.

  Mətbuata dövlət tərəfindən qayğının bu səviyyədə  olduğu halda, onun dəyərləndirilməsi vacib məqamlardandır. Bu mənada,  "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin "Jurnalistlərin dostu" mükafatı ilə bağlı keçirdiyi sorğunu xüsusi  vurğulamaq lazımdır. Sorğunun nəticələri jurnalist ictimaiyyətinin obyektiv yanaşma tərzinin təsdiqi baxımından müstəsna səciyyə daşıdı. Keçirilən sorğunun nəticələrinə uyğun olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin "Jurnalistlərin dostu" nominasiyasının qalibi olması tamamilə təbii hal idi və hər bir sağlam düşüncəli jurnalistin ürəyindən olan bir istək idi. "Gülüstan" sarayında möhtərəm Prezidentimiz İlham Əliyev iştirakı ilə keçirilən təqdimetmə mərasimində bir daha qeyd etdi ki, hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. "Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Yüzə yaxın həftəlik, 30-dan çox gündəlik qəzet nəşr edilir, 8 ümumrespublika telekanalı fəaliyyət göstərir. Azərbaycanda internetin yayılması çox sürətlə gedir və əlbəttə ki, bu dövlət siyasəti olmasaydı, proses sürətlə getməzdi". "Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir" söyləyən dövlət Başçısı İlham Əliyev atılan addımların davamlı olacağını bildirdi: "Bir daha demək istəyirəm ki, aldığım bu mükafatdan asılı olmayaraq, mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm".

 Dövlət başçısının çıxışı media sahəsində daha böyük tədbirlərin gerçəkləşəcəyinə, yeni nailiyyətlərin olacağına bir mesajdır. Belə bir yüksək təminatın özü də çox böyük uğurdur.

- 2011-ci ildə mətbuat üçün gözləntiləriniz nədən ibarətdir?

- Gözləntilərimiz çox böyükdür. Hesab edirəm ki, istər  dövlətin media siyasəti, istər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, istərsə də, Azərbaycan Mətbuat Şurasının fəaliyyəti daha ciddi uğurlara imza atılacağından xəbər verir. Deyəcəyim isə həm gözlənti, həm də arzudur. İstərdim ki, Azərbaycan mətbuatı 2011-ci ildə adına, tarixi ənənələrinə yaraşmayan neqativ ünsürlərdən azad olsun, mediamız, belə desək, alaq otlarından təmizlənsin, saf və təmiz adını tam mənada özünə qaytarsın. İnanıram ki, mövcud istiqamətdə həyata keçirilən kompleks fəaliyyət daha tutarlı nəticələr əldə etməyə imkan verəcək. Ölkəmizin sürətlə inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr dayanır. Azərbaycan mətbuatı da bu vəzifələri dövlətin yüksək səviyyədə diqqət və qayğısı nəticəsində  ardıcıl olaraq yerinə yetirir.

   Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi prioritet məsələlərdəndir.  Ötən il Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu aparıcı KİV-lərə maliyyə yardımları ayırdı. Şübhəsiz ki, bu, media orqanlarının fəaliyyətinə çox müsbət təsir göstərdi. Düşünürəm ki, reallaşdırılan tədbirlərin 2011-ci ildə davam etdirilməsi mövcud nəticənin qazanılmasına kömək edəcək, bunun üçün münbit zəmin formalaşdıracaq.

   - "Reket jurnalistika"ya qarşı mübarizədə Mətbuat Şurası nə kimi nəticələr əldə edib?

   - Əvvəla, qeyd edim ki, bu sahə ilə bağlı böyük dönüşə nail olunub. Uğurlu işlər göz qabağındadır. Ən başlıcası isə, ümumilikdə, aparılan bu işlərdə cəmiyyət tərəfindən Mətbuat Şurasına böyük dəstək var.

 Onu da qeyd etməliyəm ki, "Reket jurnalistika" ictimai bəladır və təəssüf ki, nəinki mediamız, ümumilikdə, cəmiyyətimiz ondan, hələlik, tam yaxa qurtara bilməyib. Amma mövcud istiqamətdə sistemli və ardıcıl iş aparılmaqdadır. Ötən ilin əvvəlinə diqqət yetirək. Mətbuat Şurası "reket nəşr"lərin bir qrupu tərəfindən məhkəməyə verildi. Bu, bir yandan şuranın işinə əlavə maneçilik yaratsa da, digər tərəfdən Mətbuat Şurasının lehinə olan obyektiv məhkəmə qərarları işimizin, eyni zamanda, hüquqi nöqteyi-nəzərdən doğru olduğunu, bir növ legitimliyini təsdiqlədi.  Mətbuat Şurasına inam dərinləşdi. "Qara siyahı"da yer alan digər KİV-lər də mətbuata təmiz adla qayıtmağın yeganə yolunun məhz şuradan, qurumun haqlı tələblərinə riayətdən keçdiyini anladılar.

- “Diffamasiya haqqında" qanunun qəbul edilməsi ilə bağlı təkliflər və fikirlər səslənir. Sizcə, hazırkı mərhələdə belə bir qanunun qəbuluna ehtiyac varmı?

- "Diffamasiya haqqında" qanunla bağlı tələskənliyə yol vermək doğru deyil. İlk növbədə, cəmiyyəti, xüsusən də, medianı diffamasiya mühitinə hazırlamaq zəruridir. Şəxsi qənaətim bundan ibarətdir ki, bu qanunun mövcud olmaması demokratik dəyərlərə etinasızlıq kimi başa düşülməməlidir. Çünki dünyanın bir sıra inkişaf etmiş ölkələrində, hətta belə bu qanun yoxdur. Buna görə də məsələyə həssas yanaşmaq lazımdır. Azərbaycan demokratik dəyərlərə hörmətlə yanaşan ölkədir. Mediamız da kifayət qədər Avropa mətbuatından fərqlənir. Bir daha vurğulayıram ki, ilk növbədə, mətbuat buna hazır olmalıdır. Amma çox təəssüflər olsun ki, bu gün bir sıra mətbuat orqanlarında insanların şərəf və ləyaqətini alçaldan, böhtan və yalanla dolu yazılar, insanın şəxsi və ailə həyatına müdaxilələr kifayət qədərdir. Düşünürəm ki, ilk növbədə, jurnalistlər bunu aradan qaldırmalıdırlar. Hər bir qələm sahibi yazdığı yazının, qeyd etdiyi faktın məsuliyyətini dərk etməlidir. Jurnalist öz məsuliyyətini dərk etdiyi halda, düşünürəm ki, bu növ ağır neqativ hallara da yol verməz. Amma çox təəssüflə qeyd etməliyəm ki, bu gün, hələlik, bu belə deyil.

 Jurnalistlərin və cəmiyyətin diffomasiya mühitinə hazırlığının vacibliyini vurğuladım. Düşünürəm ki, Azərbaycan Mətbuat Şurasının ötən il ATƏT-in Bakı ofisi ilə birgə layihəsi bu baxımdan əhəmiyyətli oldu. Mövzu ilə bağlı dəyirmi masalar, sonda isə beynəlxalq konfrans təşkil edildi. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmil variantı hazırlandı ki, bu da media nümayəndələrinin məsuliyyət növlərinə yeni baxış kimi müəyyən mənada əlamətdar səciyyə daşıdı.

- Mətbuat-cəmiyyət, mətbuat-dövlət əlaqələrinin qurulmasında Mətbuat Şurasının fəaliyyətini necə qiymətləndirərdiniz?

   - Hesab edirəm ki, buna ən doğru qiyməti ölkə Prezidenti möhtərəm İlham Əliyev verdi. Dövlət başçısı Mətbuat Şurasının fəaliyyəti ilə bağlı fikirlərini qurumun idarə heyətinin üzvləri  ilə görüşündə, eyni zamanda, "Jurnalistlərin dostu" mükafatının təqdimatındakı nitqində diqqətə çatdırdı, məsələyə kifayət qədər fundamental əsaslarla toxundu. Mətbuatın ictimai yolla tənzimlənməsindən, özünütənzimləmədən geniş bəhs edən möhtərəm Prezidentimiz Mətbuat Şurasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdi. Qısa zamanda belə bir statusa yiyələnmək, məncə, sıradan məsələ deyil və hər bir təşkilat üçün şərəflidir.

  İkincisi, Mətbuat Şurasının 2010-cu ildəki iş planına diqqət yetirsək, qurumun ictimai həyatın, demək olar ki, bütün istiqamətlərinə nüfuz etdiyini söyləmək mümkündür. Müxtəlif sahələrdə birgə konfrans və dəyirmi masaların təşkili, dövlət qurumları ilə qarşılıqlı fəaliyyət - bunlardan  qazanan ölkə mediası və jurnalistlərdir.

 Üçüncüsü, Mətbuat Şurası özünün başlıca missiyasına uyğun olaraq cəmiyyətin bütün üzvlərinin media ilə bağlı şikayətlərini araşdırır, qərar və rəylər çıxarır. Az öncə "reket jurnalistika"dan danışdıq, şura cəmiyyət üzvlərinin, hətta aparıcı KİV-lərdə gedən materiallarla bağlı haqlı narazılıqlarını nəzərdən keçirir, qəzetin və ya jurnalın yol verdiyi nöqsanı tərəflərin hər birinin mənafeyini qorumaq şərtilə diqqətə çatdırır. Bilirsiniz, bu formada uzlaşmaya nail olmaq elə də asan deyil, gərgin zəhmət, bəzən saatlarla, günlərlə müzakirələr tələb edir. Mətbuat Şurasının hər il bu istiqamətdəki fəaliyyətinə mühüm yeniliklər əlavə olunur. Bu isə mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinə  daha etibarlı təminat yaradır.

   - Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu jurnalistlərin maddi, məişət, sosial problemlərinin həlli üçün ümumi istəkləri həyata keçirə bildimi?

-  KİVDF heç iki il deyil ki, fəaliyyətdədir. Bu müddət qısa olsa da, qurum kifayət qədər mühüm nailiyyətlər əldə edə bilib. KİV-lər və jurnalist təşkilatları üçün layihə, jurnalistlər üçün fərdi yazı müsabiqələri və s. təşkil edib. Media orqanlarına birdəfəlik maliyyə yardımları ayırıb. Bütün bunlar KİV təmsilçilərinin sosial problemlərinin həllinə də müsbət təsir göstərir. Fondun əsasnaməsində kifayət qədər əhatəli fəaliyyət nəzərdə tutulur. Qurum hər il sənəddə əksini tapan məqsədlərin tam mənada gerçəkləşməsinə doğru inamlı addımlar atır.

 Ümumən KİVDF-nin 2010-cu il üçün fəaliyyətini yüksək qiymətləndirirəm və inanıram ki, 2011-ci ildə də bu fəaliyyət çoxşaxəliliyilə diqqət çəkəcək, həm fondun Əsasnaməsindəki, həm də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"ndakı tələbləri daha əlamətdar səciyyə daşıyacaq.

 

 

Gülyanə AĞAKƏRİMOVA

 

Səs.- 2011.- 14 yanvar.- S. 7.