Bir mahnının izi ilə, yaxud qıpçaq qızı “Sarı Gəlin”

 

Anan ölsün, nənən ölsün, yoxsa Sinan ölsün “Sarı Gəlin”

 

(Əvvəli ötən saymızda)

 

Sarı Gəlinin sarı olması simvolikdir, yoxsa həqiqət?!

 

İzah edilməsi vacib olan düyün nöqtələrindən biri mahnıda təsvir olunan qəhrəmanın Sarı Gəlin adlandırılmasıdır. Niyə Sarı Gəlin. Burada sarı simvolik rəngdirmi, simvolikdirsə nəyi izah edir? Yoxsa elə qəhrəman sarışın olduğu üçün Sarı Gəlin adlandırılır. Araşdırmalarımız belə bir nəticəyə gəlməyə imkan verir ki, biz cəsarətlə, tərəddüd etmədən, Sarı Gəlinin ailəsinin qıpçaq ailəsi kimi qəbul edək. Qıpçaq yaxud poleves sözünün mənası da elə sarı deməkdir. Deməli, böyük ehtimalla sarı sözü elə Sarı Gəlinin dəri piqmentasiyası ilə (dərisinin rəngi) ilə bağlıdır. Bu versiyanı qüvvətləndirmək üçün bir daha hadisənin, hekayənin yaşandığı məkana üz tutaq. R.Altunay gəzdiyi obaların Corux çayı boyunca yerləşdiyini qeyd edir. Bəs Corux nə deməkdir? Onun qıpçaqlarla bir əlaqəsi varmı? Əvvəla qeyd etmək lazımdır ki, “Corux” bir hidronimdir. Yəni çay adıdır. Lakin bir qədər daha diqqətlə yanaşsaq, bu sözün əgər belə demək mümkündürsə, etno-hidronim olduğunu görə bilərik.

 

Corux, çorlar, şorlar və Azərbaycan toponimləri...

 

Tarixçilərin və türkoloqların ümumi qənaəti belədir ki, çorlar yaxud şorlar hun-qıpçaq tayfalarıdır. Bu tayfaların yəni, çorların yaxud şorların adı ilə bağlı istər Azərbaycanda, istərsə də Türkiyədə, istərsə də Sibirdə və Rusiya Federasiyasının ən müxalif yerlərində çoxlu sayda toponimlər var. Çor və şor sözünün fərqli tələffüzü isə oğuz qıpçaq ləhcəsindəki fonetik dəyişmə ilə bağlıdır. Məsələn, Azərbaycanın mərkəzində və şərqində oğuzlar üstünlük təşkil etdiyi üçün şüyüd kimi tanıdığımız bitkiyə elə şüyüd deyirlər. Qərbində yəni, Gəncəbasarda isə hun-qıpçaqların nəsilləri üstünlük təşkil etdiyi üçün şüyüdə çüyüd deyirlər. Bu canlı nümunədən də göründüyü kimi, Rus türkologiya elmində şorlar kimi tanınan və hazırda Novosibirskdə yaşayan və sayları 2 min olan şorlar özlərinə çor yaxud “çor kıjı” deyirlər. Deməli, Corux çayının adı da qıpçaq çorlarla bağlıdır. Azərbaycanda isə bu söz şor şəklində işləndiyi üçün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun adında və Şirvan mahalının adında kök olaraq iştirak edir. Yerli şərurlular öz rayonlarının adını Şəril (Şortil) kimi tələffüz edirlər. Bu şoreli (Şor El) mənasını verir və rayonun adı da etnonimdir. Şirvan sözündə də şor komponenti vardır. Burada da şor kök kimi iştirak edir. Şor+van (yəni Şirvan) burada şor yenə şorların etnik adı Van isə “Dədə Qorqud” dastanında işlədilən ban sözünün fonetik deformasiyaya uğramış formasıdır. Dastanda ağ-ban evlərdən bəhs edilir. Ban arxaik mənada yaşayış yeri, məskəni, hazırkı mənada isə evin örtüyü, üstü mənasında işlədilir. Şorlarla bağlı, başqa bir etnonim isə yuxarıda qeyd etdiyimiz R.Altunayın rast gəldiyi Əlinin mahalının adıdır. R.Altunay Əlinin Oxçu kəndindən olduğunu bildirir. Biz isə bu kəndin Tarixi Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Amasiya rayonunda olduğunu qeyd etmişdik. Amasiya rayonunda Şörəil adlı mahal var idi və bu mahal Kars vadisi ilə Ardahana bitişik ərazi idi. Elə Şörəil adı da şorlarla bağlı etnonimdir. Burada da eyni ilə Şəril etnonimində olduğu kimi, şor və el komponentləri birləşərək şor eli mənasını verir. Hər iki etnonimin leksik mənası və fonetik strukturu eyniyyət təşkil edir. Sözəmələgəlmə forması da eynidir. Bu izahatımızı çox uzatmadan Corux çayının da qıpçaqlarla bağlı olduğunu diqqətə təqdim etməyi lazım bildik. Deməli, ərazidə olan adlar, toponimlər, hidronimlər də qıpçaqlarla bağlıdır. Bu isə Sarı Gəlinin qıpçaq qızı olması ilə bağlı irəli sürdüyümüz iddianı daha da qüvvətləndirir. Sarı sözünün digər mənalarına gəldikdə isə bəzi araşdırmaçılar bunu günəşlə əlaqələndirməyə çalışırlar. Doğrudur, qədim türklərdə günəş, ay hətta qor (atəş) kultu olub, ancaq konkret halda yəni, bu mahnının mətnində sarı rəngi günəşlə birbaşa əlaqədar deyil. Bu barədə bir az sonra daha ətraflı danışacağıq.

 

Sarı rəngi digər dastanlarımızda...

 

Hələliksə sarı rəngi ilə bağlı dastanlarımıza müraciət edək. Bütün türklərin ana dastanı olan “Dədə Qorqud” dastanımızda boylardan biri “Qanlı Qoca oğlu Qanturalı” boyudur. Elə buradaca tarixçilərimizə və ədəbiyyatçılarımıza bir irad tutmağı lazım bilirəm. Dastandakı boy Kanqlı Qoca oğlu Kanq Turalı adlandırılmalıdır. Elə orijinalda da belədir. Kanqlar isə türk boyudur və hazırda Azərbaycanda kəngərlilər kimi tanınırlar. Ancaq mən Almatı şəhərində özünü kanq kimi tanıyan canlı kanqla (posportunda qazax yazılıb) tanış olmuşdum. Dastanın qısa sujeti belədir. Qanturalın evlənmə vaxtı çatıb, o, türkmən qızına evlənmək istəmir, “mən incə-nazik türkmən qızının üstünə yıxılsam göbəyi partlayar. Mənə qılınc çalan, at çapan qız lazımdır” deyir. Üz tutur iç oğuza qız bəyənə bilmir. Sonra dış oğuza yenə axtardığını tapa bilmir. Nəhayət, qalın oğuzun sərhədlərini aşaraq Trabzonda, kafir elində sarı donlu Selcan xatunun sorağını alaraq oraya gəlir. Sarı donlu Selcan xatunu almaq üçün buğayla, buğrayla (nər) və aslanla savaşmalı olur. Və nəhayət, qızı alaraq Qalın Oğuza geri dönür. Göründüyü kimi, Selcan xatun sarı donludur, kafirdir (qeyri-müsəlman), bundan qalan digər məsələlərdə onun mənsub olduğu tayfa ilə Oğuz tayfaları arasında heç bir fərq, dil, mədəniyyət, məişət və s. yoxdur.  Deməli, sarı donlu Selcan xatun xristian qıpçaq qızıdır.

 

“Danışməndnamə” dastanında xristian qıpçaqlar

 

“Hər bir xalq öz milli mədəni yaddaşı qədər mövcuddur, yaxud Akdamar erməni kilsəsidirmi?” adlı məqaləmizdə Trabzonda çarlıq qurmuş xristian qıpçaqlardan bəhs etmiş onların hökmdarlarının adının Tadik olduğunu və bu ada Orxan Yenisey abidələrində, Göytürk mətnlərində də rast gəlindiyini vurğulamışdıq. Hətta “Danışməndnamə” dastanından sitat gətirərək bu xristian qıpçaqların yunanlarla bərabər Aybastı yaylasında (indiki Ordu şəhəri yaxınlığında, Türkiyədə) səlcuqlu sərkərdəsi Məlik Danışmənd Qaziyə qarşı vuruşduğunu, birləşmiş qıpçaq-yunan ordusuna rəhbərlik etdiyini bildirmişdik. Trabzon ətrafında qıpçaqların (caniklərin) məskunlaşma tarixini isə e.ə. III-IV əsrlərə başqa bir ehtimalla isə VII-IX əsrlərə aid olduğunu söyləmişdik. Əgər nəzərə alsaq ki, Dədə-Qorqud dastanında baş verən hadisələri də  tarixçilərimiz həmin dövrə aid edirlər (mən bu fikirlərlə qismən razıyam H.B.) onda sarı donlu Selcan xatunun da kral Tadikin mənsub olduğu qıpçaqlardan olması versiyasını irəli sürə bilərik. Deməli, artıq əlimizdə iki dəqiq mənbədən gələn iki qıpçaq qızı haqqında məlumat var. Hər iki halda onlar sarı rəngi ilə bağlıdırlar. Onda biz məsələni belə qoymalıyıq, ya qıpçaq qızları doğrudan sarışın gözəl idilər, ya da bütövlükdə sarı rəng ümumən qıpçaqları simvolizə edir.

 

“Oğuz Xan” dastanında qıpçaqların anası necə təsvir edilir?

 

Gəlin elə buradaca başqa bir dastanımıza müraciət edərək qıpçaq və sarı rəngi arasında olan bağlılığı aydınlaşdırmağa çalışaq. Bu mötəbər mənbə “Oğuz Xan” dastanıdır. “Dastanda qeyd edilir ki, bir gün Oğuz Xan meşədə ov edərkən birdən gölün ortasında bitmiş bar ağacın koğuşunda bir qız görür. Qızın gözü göydən daha göy, saçları sarı, dəniz kimi dalğalı, dişləri inci kimi idi. Oğuz Xan bu qızla evlənir. Dastanı davam etdirmədən dərhal mövzumuza aid olan məqamlara diqqət edək. Deməli, mavi gözlü, sarışın qız ağac koğuşunda oturmuşdu. Bu koğuş sözünün arxaik türkçəmizdəki forması “qopuçuq”dur. Bütün tarixçilər və türkoloqlar da qıpçaq sözünün məhz “qapucuq”, yəni koğuş sözündən törəndiyini mübahisəsiz qəbul edirlər. Deməli, ilkin mənbədən başlayaraq qıpçaqlar sarı rəngi ilə bağlı olublar. Çünki saçları və sifətləri sarışın idi. Elə ruslar da qıpçaqlar ilə rastlaşanda onları bu  keyfiyyətlərinə görə sarışın (poloveç) adlandırıblar. Sarı Gəlin də qıpçaq qızı olduğu üçün sarışın idi və mənsub olduğu kökün keyfiyyətlərini daşıyırdı. Yəni, burada abstarktizmə ehtiyac yoxdur. Sarı Gəlin Günəş zad deyil. Elə indi də türk kişilərinin çox sevdiyi sarışın gözəldir.

 

“Sarı Gəlin” ermənicə necədir?!

 

 Yaxşı bəs “Sarı Gəlin”ə sahib çıxmaq istəyən ermənilər heç özlərinə sual vermirlərmi ki, nəyə görə bu mahnını türkcə yazıblar?! Axı hər xalqın yaradıcılıq nümunəsi öz dilində olur. Bu suala qoy ermənilər və onları müdafiə edənlər cavab versinlər. Çünki bu cavab necə olsa da sadəcə absurd olacaq.

Biz isə ermənilərin əvəzindən də zəhmət çəkib onların dilində Sarı Gəlinin necə olduğunu dəyərli oxucularımızın diqqətinə çatdıracağıq. Ermənilər (haylar) sarıya- “değn” deyirlər, gəlinə isə “hars”. Əgər çox xoşları gəlirsə, gedib özlərinə “değn hars” mahnısı yaratsınlar.

 

“Sarı Gəlin” isə bizimdir!

 

Elə indi də mahnılarımız təhrif edilir

Əslində bu gün də mahnılarımızın sözləri müğənnilərimiz tərəfindən çox hallarda təhrif olunaraq oxunur. Təəssüflə qeyd etməliyik ki, “İrəvanda xan qalmadı” adlı xalq mahnımız əvvəllər İrəvanda xal qalmadı şəklində təhrif edilirdi. İndi isə çox hallarda “Qarabağda xal qalmadı” kimi oxunur. Bu qətiyyən yolverilməzdir. Çünki xalq mahnıları konkret tarixi şəraitdə yaranmaqla dövrün hadisələrini özündə lokalizə edir və informasiya mənbəyi rolunda çıxış edir. Məsələn, “İrəvanda xan qalmadı” mahnısı İrəvan xanlığının süqutunu və oradakı dəhşətli köçü özündə əks etdirir. Sonralar da bir başqa aşıq sevgilisinin köç etməsini, özü üçün şəxsi müstəvidə faciə sayaraq onu İrəvan köçünün faciəsinə bənzədir. “Gilavar” havası üstündə aşıqlarımızın oxuduğu mahnının sözləri aşağıdakı kimidir:

 

Ay ağalar, gedənə bax, gedənə

Məni gözü yaşlı qoyub yar gedir.

Yüklənibdir qəflə, qatır  barxana

Elə bil ki, külli İrəvan köçür.

 

Bütün bunlar olduqca maraqlı və xüsusi tədqiqat tələb edən mövzulardır. Ona görə də, milli-mədəni sərvətlərimiz olan, mənəvi dünyamızın bütün atributlarına, o cümlədən, mahnılarımıza olduqca həssas yanaşmalı, onları təhrif etməməli, yeri gəldikcə izahedici fikirlər söyləməklə yaddaşımızı təzələməliyik. Əks halda “Sarı Gəlin” mahnısını izah etmək üçün xüsusi tədqiqat apardığımız kimi digər mahnılarımızın da bizə aid olduğunu isbat etmək üçün bu zəhmətə qatlaşmalı olacağıq. O da özümüzdə fədakarlıq və milli təəssübkeşlik tapsaq.

Qeyd: Bu araşdırmanı tamamlamaq üçün dörd ölkənin Türkiyənin, Qazaxıstanın, Ukraynanın və Azərbaycanın arxiv materiallarından istifadə etməli oldum. Qazaxıstanın Ekonomika və Konsoltinq Universitetinin kitabxanasından qazax dostlarım mənə dəyərli məlumatlar göndərdilər. Ancaq bununla yanaşı, axtardığım mənbələri tapmağıma məncə “Sarı Gəlinin ruhu” kömək oldu. Əks təqdirdə illərlə axtarsan belə bəzən lazımi məlumatı əldə edə bilmirsən. Bu dəfə isə sanki axtardıqlarımın özü gəlib məni tapırdı. Ruhun şad olsun qıpçaq qızı “SARI GƏLİN”!

 

 

Hikmət BABAOĞLU

 

Səs.- 2011.- 14 yanvar.- S. 8.