Lənkəran teatrı 120 illik yubileyini qeyd edir
1891-ci ildə, 120 il bundan əvvəl,
Nəcəf bəy Vəzirovun “Oddan alova və ya
yağışdan çıxdıq, yağmura
düşdük” pyesi əsasında hazırlanan tamaşa ilə
Lənkəranda teatrın əsası qoyulmuşdur.
Rusiyanın Sankt-Peterburq şəhərində təhsil
almış bir qrup Lənkəran ziyalısı 120 il bundan əvvəl
- 1891-ci il yanvarın 18-də rayondakı uşaq evində tərbiyə
alan valideyn himayəsindən məhrum olan uşaqlar
üçün həmin tamaşanı nümayiş
etmişdir. Hazırda Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrı, nəinki cənub bölgəsində,
o cümlədən, respublikada və xarici ölkələrdə
tanınır və sevilir. Bu gün teatrda iki nəfər xalq
artisti, bir nəfər əməkdar artist, bir nəfər əməkdar
incəsənət xadimi çalışır. Bu
yaxınlarda teatr truppası Türkiyənin paytaxtı Ankara
şəhərində keçirilmiş Beynəlxalq Teatr
Festivalında uğurla çıxış etmişdir.
Dünyanın müxtəlif ölkələrindən 185
teatr kollektivi bu incəsənət yarışmasına
tamaşalarını təqdim etsə də, onlardan yalnız
58-i, o cümlədən Lənkəran Dövlət Teatrı
festivalda iştirak etmək hüququ qazanmışdır.
Teatrın kollektivi türkiyəli sənətsevərlərə
macar dramaturqu Mikloş Xubainin “Şeytanın oyunları”
tamaşasını təqdim etmişdir. Bu il teatrın nəzdində
fəaliyyət göstərən gənclərdən ibarət
“Ümid” studiyasında Dünya Azərbaycanlıları
Konqresinin təşəbbüsü ilə “Aşıq Qərib”
xalq dastanı əsasında mimodrama (sözsüz tamaşa)
hazırlanacaq. Teatrda, həmçinin, M.F.Axundovun “Lənkəran
xanının vəziri”, Kamran Nəzirlinin “Şeytanın
işığı”, Rəhman Əlizadənin “Əbləhlərin
toyu” və digər əsərlərin tamaşaya qoyulması
nəzərdə tutulmuşdur.
Zümrüd
Səs.- 2011.- 14 yanvar.- S. 12.